Anamın bir rəfiqəsi vardı...
Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.
Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Məhbub xanım indi bizə tez-tez gəlirdi və həmişə də o gələndə, türk zabiti Tofiq bəy olduqları evin bağçasında görünürdü.
Məhbub xanım gülə-gülə anama nə isə deyər və zabitə baxardı. Əlbəttə, mən bütün bunların nə demək olduğunu aydın dərk eləməsəm də, onların arasında nə isə bir hiss yarandığını duyurdum. Bu mənə fövqəladə dərəcədə gözəl görünürdü. Mən eyni hissləri qızılgüllər açılanda bağçamıza gəlib təzə yarpaqların arasında şənliklə qışqırışan bülbüllərin, sığırçınların səsində də duyurdum. Yəni mənim dil ilə ifadə eləyə bilmədiyim gözəlliyi duyurdum. Məhbub xanımın gözəl təbəssümü, anamın gözəlliyi, bağçamızın gözəlliyi mənim ruhi aləmimdə, elə bil ki, ayna kimi əks olunurdu. Atam indi başqa şəhərlərə tez-tez getdiyi üçün mən çox vaxt öz evimizdə olurdum. Ancaq gündə bir neçə dəfə bağlardan keçərək Fatma nənəmə dəyməyi unutmurdum. Fatma nənəm eyvandakı ağac taxtın üstündə əyləşərək Bayram babamın qardaşı Eyvaz əmi haqqında öz-özünə daha qəzəbli danışırdı. Mən yanında dayanaraq qulaq asıb eşidirdim ki, Eyvaz əmi Kürdobadan çölləmə yolla tez-tez Bayram babamın naçalnik olduğu qəzaya gedir, babam da ona hər dəfə ya bir at, ya bir dəvə, ya da başqa bir şey verib xeyli sovqatla yola salır. Nənəm yenə də ona görə hirslənirdi ki, nə üçün babam əlinə düşən hər şeyi qardaşına verir? Niyə öz evinə heç nə göndərmir? Niyə gözünün ağı-qarası bircə oğlu olduğunu nəzərə almır?
... Bir gün də anam atama xəbər verdi ki, hamamçı Məşədi Həbibin qızı Məhbub xanım həmin türk zabiti Tofiq bəyə qoşulub qaçıb.
Bu əhvalatdan bir neçə gün sonra anam Məhbub xanımın görüşünə gedəndə məni də özü ilə apardı. O, Məhbub xanımdan xoşum gəldiyini bilirdi, hətta bir dəfə bunu onun özünə deyib məni utandırmışdı da. Ancaq mən özüm də bilməmişdim ki, niyə utanıram?! İndi Tofiq bəy bizim qonşuluğumuzda deyil, ayrı binada yaşayırdı.
Anam Məhbub xanımın boynunu qucaqlayıb, üzündən öpdü. Sonra ona baxıb:
– Ay qız, – dedi, – sən öl, ərə getmək sənə yaman düşüb. Əvvəlkindən də qəşəng olmusan...
Sonra mən eşitməyim deyə, əyilib onun qulağına nə isə dedi və hər ikisi qəhqəhə ilə güldü. Həqiqətən, mənə elə gəlirdi ki, bu qəşəng gəlini təzə görürəm. Mən onun sevincinin, fərəhinin yerə-göyə sığmadığını hiss edirdim və qəribə idi ki, bu, mənim özümü də sanki xoşbəxt edirdi. Məhbub xanım təzə ərinin onu necə istədiyini zərif təbəssümlə anama danışırdı.
Sonra çox yaraşıqlı bir zabit olan Tofiq bəy gülümsəyə-gülümsəyə pəncərənin qabağından keçərək o biri otağa getdi. O vaxtlar qadının yad kişiylə danışmağı məqbul olmadığı üçün Tofiq bəy anamla salamlaşmadı, ancaq bizim gəldiyimizdən xoşhal olduğunu təbəssümlə hiss etdirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-anamin-bir-refiqesi-vardi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Tufandan sonrakinonovella*Xorla oxunan qədim bir Azərbaycan mahnısı sıldırımlı dağlardan axıb dərələrə töküldü...
Yusif və EsfirCavan və istedadlı sənətkar dostum*Mikayıl Mirzəyevə ithaf edirəm.*
Məhv olmuş gündəliklərİştirak edirlərGövhər – həkim, 42 yaşında*
Стихи других поэтов
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
BuBeylə ki, bir könül olmaz,Acizü binəvadır bu.