Ağabəyim ağa və Saday bəy.

Ağabəyim ağa

Saday bəy, biz səni dübarə təbrik edirik. Çox şadam ki, sənə birinci dəfə mən Saday bəy deyirəm.

Saday bəy

Təşəkkür edirəm, Ağabəyim ağa. Ancaq mən əlahəzrət xanı və ailəsini düşməndən mühafizə edərkən, «bəylik» rütbəsi barədə düşünməmişəm.

Ağabəyim ağa

Saday bəy, mənim bacım da, hətta Hüseynqulu xan da bilirlər ki, mən səni öz atlılarınla Balakənə – bizim köməyimizə gəldiyin vaxtdan qabaq tanıyıram. Onda sən bəy deyildin.

Saday bəy

Rica edirəm, mənə bəy deməyin, sadəcə, adımı deyin.

Ağabəyim ağa

Yox. Deyəcəyəm. Uca, sarp qayalar arasında düşmənlərlə vuruşa-vuruşa bu gözəl Şuşa qalasını tikdirən Xan babam Pənah xanın da əvvəli Qarabağın Sarıcallar obasından çıxmış adi-sadə igid bir oğlan idi. O da xanlıq rütbəsinə gedən çətin yolları öz qılıncı ilə açmışdır. Sən də o adı öz igidliyinlə almısan.

Saday bəy

Pənah xanın igidlikləri haqqında bizim Qaradağ mahalında da əfsanələr danışırlar.

Ağabəyim ağa

Saday bəy, böyük bir dəstə Qaradağ atlısı Balakənə – bizim köməyimizə gələndə, mən eyvanda durub tamaşa edirdim. Qabaqda gələn ucaboylu, boz atın üstündəki arıq oğlanın dəstənin sərkərdəsi olduğunu biləndə, əvvəl nə üçünsə təəccüb elədim... Sonra birdən-birə mənə elə gəldi ki, bu oğlanı harada isə görmüşəm... Və sevmişəm...

Saday bəy

Siz şahlara layiqsiniz, Ağabəyim ağa.

Ağabəyim ağa

Saday bəy, sən mənim nişanlım olmaq istərdin?

Saday bəy

Ağabəyim ağa, siz dünyanın ən nəcib xanımısınız. Xan atanız, bizim hökmdarımız sizi adi bir tərəkəmə oğluna verməz. Bunu bildiyim üçün mənim böyük məhəbbətim qəlbimin dərinliklərində taleyinə tabe olub.

Ağabəyim ağa

Danış, Saday bəy. Mənim səadətim olan bu hissin sənin qəlbinə haradan, necə daxil olduğunu danış.

Saday bəy

Keçən yay siz Topxana meşəsində dincəlirdiniz. Mən bir dəstə atlı ilə Qaradağ xanından hökmdarımız İbrahim xana hədiyyə gətirirdim. Siz də böyük ipək çadırın qapısında uca palıdın kölgəsində dayanıb fikirli-fikirli Kirs dağlarına baxırdınız. Siz o qədər gözəl görünürdünüz ki, mən Peyğəmbərimiz Rəsul Allahın «Əhsənülxaliqin» sözlərini bilaixtiyar təkrar etdim.

Ağabəyim ağa

Peyğəmbər əleyhissalam sonra Ayişə ilə izdivac etdi. Demək...

Saday bəy

Dedim ki, siz şahlara layiqsiniz, Ağabəyim ağa.

Ağabəyim ağa

Sən indi adi bir tərəkəmə oğlu deyilsən. Sən hökmdarın ailəsini və özünü üç dəfə ölümdən qurtarmış igidlər igidi Saday bəysən. Mən yolda sənin düşmən nəfərlərilə necə qılınclaşdığını gördüm. Mənə elə gəlirdi ki, sən bizi xilas etmək üçün Allah tərəfindən göndərilmiş fövqəlbəşər bir məxluqsan.

Saday bəy

Mən son nəfəsimə qədər sizin keşikçiniz olacam.

Ağabəyim ağa

Yox. Sən mənim nişanlım olacaqsan. Xan atasının əziz xələfi olan Ağabəyim ağanın iradəsi belədir. (Uzaqlara baxaraq). O nə karvandır? Bizim yerlilərə oxşamırlar.

Saday bəy (diqqətlə baxaraq)

Tehran karvanına oxşayır.

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов