Birinci pərdə
Страница 4 из 4 · 75%
Anjel
Heç belə çuvaklarla da darıxarlarmı?
Fəridə (qəhqəhə ilə gülərək)
Düz sözə nə demək olar? Rica edirəm, yaxın əyləşin.
Anjel (süfrəyə baxaraq)
Bəs konyak?
Fəridə
Doğrudan?
Anjel
Əlbəttə.
Fəridə
Bizdə içən olmadığı üçün evdə saxlamırıq. Bu saat gedim alım.
Ədalət (Fəridəyə)
Dayan, şofer gedər. (Pəncərəyə yaxınlaşmaq istəyir)
Anjel (Ədalətə)
Lazım deyil, daha içəsi olmadım.
Fəridə
Nə üçün?
Anjel
Sən içmədiyin üçün həvəsim qaçdı.
Fəridə
Nə olsun? Ədalətlə içərsiniz.
Anjel
Başqasının adamı ilə içməyə marağım yoxdur. Öz çuvakım olsaydı, ayrı məsələ. (Fəridə bərkdən gülür. Anjel qəhvəsini içərək qalxır) Mən getdim.
Fəridə
Anjel, hara tələsirsən? Biz heç bir doyunca danışmadıq da...
Anjel
Eybi yoxdur, ay var, gün var...
Fəridə
Demək, sən hələ buradasan? (Anjel başı ilə təsdiq edir) Yəqin ki, toyda olacaqsan.
Anjel
Mütləq. Sizin kimi xoşbəxt çiftin toyunda iştirak etmək özü də bir səadətdir. (Fəridəni öpür, Ədalətə) Zənn edirəm ki, sizi öpməmək də olar. Hələlik. (Çıxır)
Fəridə
Uşaqlıqdan belə ürəyiaçıqdır. Zarafatla həmişə ona deyərdim ki, “qorxuram bu ürəyiaçıqlığının ucundan bir gün tora düşəsən”. Doğrudan da düşdü. Biz instituta girən il eşitdim ki, bir oğlana vurulub. O da yazıq qızı bədbəxt eləyəndən sonra yoxa çıxıb. Bu, çox dəhşətli bir vicdansızlıqdır, elə deyilmi?
Ədalət
Kim bilir, əhvalat necə olmuşdur? Yəqin ki, oğlan qızı məcbur eləməyib.
Fəridə (dərindən nəfəs alaraq)
Yəqin ki... Ancaq nə deyirsən, de, mən oğlanı təqsirkar hesab eləyirəm. Qız ona inanıb. Etibar eləyib.
Ədalət
Əksərən qız üçün belə təmizəçıxarma hallarını adamlar özləri uydururlar. Bəlkə qız özü o dəqiqələrdə heç bir etibar-filan haqqında düşünmürmüş...
Fəridə
Demək istəyirsən ki, qız özü də eyni dərəcədə təqsirkardır?
Ədalət
Bəlkə də, artıq.
Fəridə (başını onun sinəsinə söykəyərək)
Kaş dünyada heç bir yalan, heç bir saxtakarlıq olmayaydı... Romanlarda oxuyursan, dəhşətə gəlirsən. (Nişanlısına daha bərk qısılaraq) Bizim bir-birimizin qarşısında həmişə alnımız açıq olacaq... Mən indiyə qədər neyləmişəmsə, hamısını sənə danışmışam, zənn edirəm ki, sənin də həyatında məndən gizlin heç nə yoxdur...
Ədalət (yavaş səslə)
Elədir.
Fəridə (onun çətinliklə cavab verdiyini hiss edərək, gülümsəyir)
Sən nə qədər də olsa, kişisən... (Zarafatyana) Bəlkə də, bəzi şeylər olub, eybi yoxdur... Günahından keçmək olar.
Ədalət (onu bərk-bərk öpür)
Sən nə qədər yaxşı qızsan, Fəridə!
Fəridə
Bəs sən?! (Öpür) O günü bir kitabda oxuyurdum ki, indiki gənclər vəfa, sədaqət, əbədi məhəbbət kimi sözlərə dəbdən düşmüş bir şey tək baxırlar. Yalandır. Sən mənim üçün əbədi sevgisən, sədaqətsən, vəfasan. Biz bir-birimizi ölənəcən istəyəcəyik. Elə deyilmi?
Ədalət
Elədir.
İşıq sönür. Yanında vağzal. Gövhər və yol paltarında olan Fəridə. Ədalət tələsik onlara yaxınlaşır.
Ədalət (Fəridəyə)
Hər şey öz qaydasındadır... Danışdım, kupedə ancaq ikimiz olacağıq. Gövhər xanım, salamat qalın...
Gövhər
Gedin, yaxşı istirahət edin. Toy səyahəti insanın həyatında bir dəfə olur.
Fəridə
Hara çatsaq, sənə teleqram, məktub göndərəcəyik.
Gövhər (mütəəssir)
Mən gələcəkdə sənin alnına kölgə salacaq heç bir hərəkətə yol verməmişəm. Heç bir vaxt iş tutmamışam, qızım. Mən həmişə, hər dəqiqə sənin xoşbəxt olmağını arzu eləmişəm. Qoy həyat sənə yar olsun. (Fəridəni öpür. İşıq azalır. Qatar yola düşür. Gövhər pıçıltı ilə) Ananın əvəzindən də xoşbəxt ol, qızım!
Gövhər ağır addımlarla yerindən tərpənir. Sonra həyəcanla yüyürüb gələn Qəniməti görürük. O gecikmişdir. Qatar artıq uzaqlaşmaqdadır.
Qənimət
Bizim aramızda hər şey bitdi-getdi, Fəridə... Kim bilir, bir də bir-birimizə rast gələcəyikmi... Əlvida, mənim gözəl arzularımın, gözəl xəyallarımın yoldaşı. Sən dünyalara dəyən bir qız idin... Mən bütün əzabların, bütün iztirabların, bütün çəkişmələrin fövqündə dayanmış həqiqi insan hisslərinin nə demək olduğunu səninlə duydum. Sən, əyninə geyməyə bir yönlü kostyum tapmayan kimsəsiz tələbənin ürəyini şahların tacından yüksəyə qaldırdın. Öz insanlıq ləyaqətimi mənə hiss etdirdin. Buna görə də, mən bütün ömrüm boyu sənə minnətdar olacağam. Hər gün, hər saat səni xatırlayacağam. Sağ ol, Fəridəcan. Qoy bu izdivac sənə yeni xoşbəxtlik gətirsin!
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-mehv-olmus-gundelikler-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Doktor İvan Sergeyeviç QuliyevƏn çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi: