Страница 8 из 8 · 88%

Ədalət

Bəlkə... bir kömək-zad...

Anjel

Gedə bilərsən!

Ədalət

Bəlkə... bir az pul...

Anjel (qışqırır)

Rədd ol! (Ədalət çıxır. Bayırda maşın səslənib, uzaqlaşır. Anjel siqaret yandırıb bir-iki qullab vurur. Sonra o biri otağa keçir. Səhnə bir neçə saniyə boş qalır. Qapı zəngi. Anjel səhnədən keçərək qapını açır. Fəridə daxil olur. O, gərgin əhvali-ruhiyyədədir. Anjel bayaqkı əhvalatdan sonra özünü ələ almağa çalışaraq) Nə olub?

Fəridə

Heç nə...

Anjel

Yenə də...

Fəridə

Mən səninlə söhbətə gəlmişəm, Anjel.

Anjel

Nə barədə?

Fəridə

Özüm barədə.

Anjel (gülümsəyərək)

Sənin kimi xoşbəxt xanımın özü barədə söhbəti maraqlıdır.

Fəridə

Yox, Anjel. Mənim xoşbəxtliyimdə nə isə çatışmır.

Anjel (siqaretindən dərin bir qullab alaraq, ciddi)

Səncə, çatışmayan nədir?

Fəridə

Bilmirəm. (Qısa pauza) Anjel, sən məndən təcrübəlisən. Çox yerlər gəzmisən... Çox adamlar görmüsən... Ona görə də, mən səninlə məsləhətləşmək istəyirəm.

Anjel

Mən səni dinləyirəm, Fəridə... (Qısa pauza)

Fəridə (çətinlikla)

Sən bilirsən ki, mən ərimi çox sevirəm.

Anjel

Hiss edirəm.

Fəridə

Ancaq onda bəzi xasiyyətlər meydana çıxır ki, bu, məni yaman narahat edir.

Anjel

Məsələn?

Fəridə

Məsələn, Savalan mənim portretimi çəkmək istəyirdi, o razı olmadı.

Anjel

Sən də güzəştə getdin.

Fəridə

Bəli... Sonra mənim Qəniməti təbrik eləməyə getməyim onu çox acıqlandırdı... O, mənə onlarla görüşməyi qəti qadağan etdi... Mən bütün yoldaşlarımdan, bütün mənə tanış həyatdan ayrılmışam. Mən özümü qızıl qəfəsə salınmış quş kimi hiss edirəm. Sonra ən pisi də budur ki, o mənim işə girməyimə razılıq vermir. Deyir, sənin işləməyinə bizim ehtiyacımız yoxdur.

Anjel (gülümsəyir)

Doğru deyir də... Hər gün o qədər qiymətli hədiyyələr gələn bir ailənin...

Fəridə (hərarətlə)

Axı, nəyə görə bizə o qədər qiymətli hədiyyələr gəlməlidir? O hədiyyələri gətirənlərin özləri o qədər pulu hardan alırlar?

Anjel (qəsdən)

Onun sənə dəxli yoxdur. Sənin borcun yaxşı geyinmək, yaxşı yeyib-içmək və öz sevimli ərini razı salmaq, əyləndirməkdir.

Fəridə (heyrətlə)

Anjel!

Anjel

Nə var?! Sən ki, onu sevirsən?

Fəridə

Nə olsun! Məgər, sevmək bütün həyatdan ayrı düşmək, kölə olmaq deməkdir?

Anjel (öz-özü ilə danışırmış kimi)

Bizim faciəmiz ondadır ki, öz səhvimizi sonradan başa düşürük.

Fəridə (həyəcanla)

Anjel, mən səndən məsləhət, təsəlli almağa gəlmişəm.

Anjel

Mənim verəcəyim məsləhət qorxuram sənin üçün ağır olsun, Fəridə.

Fəridə

Nə üçün?

Anjel

Çünki sənin ərin çox mahir bir fırıldaqçıdır.

Fəridə (qışqırır)

Sən nə ixtiyarla onun haqqında belə sözlər danışırsan?

Anjel (eyni soyuqqanlılıqla)

Əlbəttə, ixtiyarım olmasaydı, danışmazdım.

Fəridə

Yalandır! O, namuslu adamdır!

Anjel

Ş...ş... Sakit! Siqaret istəyirsən?

Fəridə

İstəmirəm. (Anjel onun qolundan tutaraq o biri otağa çəkir)

Anjelin səsi

Necə oğlandır?

Fəridənin səsi (acıqlı)

Çox qəşəngdir... Kimin uşağıdır.

Anjelin səsi

Mənim.

Fəridənin səsi

Bəs, niyə indiyə qədər deməmisən?

Anjelin səsi

Onun səbəbini sonra biləcəksən... Gözlərinə, alnına, ağzına diqqətlə bax! (Qısa pauza) Kimə oxşayır!

Fəridənin səsi (həyəcan, qorxu içində)

Yox... Ola bilməz!

Anjel (amiranə qışqırır)

Kimə oxşayır?!

Fəridə əlləri ilə üzünü tutmuş olduğu halda dəhşətlə səhnəyə daxil olur. Anjel də onu təqib edir.

Fəridə

Ola bilməz! (Qısa pauza. Anjel siqaret yandırır. Fəridə birdən ona sarı dönərək, tamam taqətdən düşmüş halda) Bəs, sən nə üçün bunu məndən gizlədirdin, Anjel?

Anjel

Çünki sən ərini sevirdin... Sən göyün yeddinci qatındaydın. Əgər, o, bir az bundan əvvəl, burada, mənim qarşımda öz günahını etiraf eləyib uşağı familiyasına yazdırmağa razılıq versəydi, mən yenə də sənə heç nə deməzdim. Lakin o, öz doğma oğlundan da imtina etdi. Sən isə, məndən onun haqqında məsləhət almağa gəlmisən.

Fəridə sanki birdən canlanaraq, möhkəm addımlarla otaqdan çıxır, Anjel siqaret yandırır. Sonra telefona yaxınlaşaraq zəng edir.

Anjel (telefona)

Alo, rica edirəm qonşuluğunuzdan Savalanı çağırasınız. (Qısa pauza) Alo! Savalan! Mən Fəridənin anasının telefonunu bilmirəm. Tez ona zəng elə, qoy getsin Fəridəgilə... heç nə olmayıb... Fəridə bərk əsəbiləşib. Sonra deyərəm. Yaxşı olar ki, sən də gedəsən. Gecikməyin.

Dəstəyi asaraq özü də yüyürür. İşıq bir an sönüb yenə də yanır. Fəridə öz evinə daxil olaraq, gündəliklərini yandırır. Gövhər, Ədalət, sonra isə Qənimətlə Savalan gəlir. Ədalət o biri otağa keçmək istəyərkən skelet kişi ilə qarşılaşıb dayanır. Fəridə çamadanını götürərək Gövhərlə ağır-ağır gedir. Qənimətlə Savalan dayanıb baxır. Anjel həyəcanla yüyürərək daxil olur. Fəridəgilin ardınca baxır. Sonra qabağa gələrək zala müraciət edir.

Anjel

Siz elə güman etməyin ki, mən Ədalətdən intiqam almaq üçün belə etdim... Yox! Mən bayaq dedim ki, o, mənim üçün də, oğlum üçün də bir heçdir. Lakin mən Fəridə kimi yaxşı bir qızın bu heçə qurban getməsinə dözə bilmədim. (Sonra pərdə Anjelin sözsüz mahnısı altında ağır-ağır enir)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 мин
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 ч 25 мин
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 мин
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 мин

Стихи других поэтов