Страница 6 из 8 · 63%

Fəridə (məyus bir əlacsızlıqla)

Əlvida nə üçün?

Savalan (şeylərini götürərək)

Çünki biz bir daha görüşməyəcəyik.

Sanki Fəridənin bütün ruhu bir anda uçub gedir.

Fəridə (eyni halsızlıqla)

Niyə?

Savalan

Ona görə ki, sən bizə tamam yad olmusan. Sən bizim tanıdığımız, sevdiyimiz Fəridə deyilsən. (Ani pauza. Mehriban bir ifadə ilə) Mənim sözlərimdən incimə, Fəridə.

Fəridə (güclə eşidilən səslə. Onun üzünə baxmadan)

İncimirəm..

Savalan (eyni mehribanlıqla, mütəəssir)

Sağ ol, Fəridə. (Zarafatla) İşdir, dünyadır, əgər, bir şey üçün sənə lazım olsaq, saçlarından iki tük qoparıb, bir-birinə toxunduraraq, bizi səsləyərsən. O saat yanında hazır olarıq.

Çıxır. Fəridə bir neçə saniyə donmuş kimi dayanır. Həyəcanla pəncərəyə yaxınlaşır. Sonra, bir təsəlli kimi, gündəliyini çıxarıb yazmağa başlayır.

Fəridənin daxili səsi

Mən öz ərimin xahişini yerinə yetirərək, Savalanın mənim portretimi çəkməsindən imtina etdim. O, həmişəlik çıxıb getdi. Mənə elə gəldi ki, onunla birlikdə bütün səmimi dostlarım, gəncliyimin əziz günləri də məni əbədi olaraq tərk eləyib getdi. Özümü soyuq, məyus bir yalqızlıq içində hiss edirəm. Mən özümə yer tapa bilmirəm.

Bayırda maşın səsi. Fəridə gündəliyi götürüb yeşiyə qoyur. Ədalət gəlir. Onun əlində balaca sumka və plaş vardır. Fəridə onun üstünə atılır. Uzun illərin həsrəti kimi ərini qucaqlayıb öpür...

Ədalət

Nə yaman qəribsəmisən.

Fəridə

Səfərin necə keçdi?

Ədalət

Əla! (Sumkasına işarə ilə) Sənin üçün qiymətli hədiyyə almışam. Mavi brilyant! (Külqabında siqaretin kötüyünə işarə ilə zarafatyana) Bu lap macəra romanına bənzəyir... Kim gəlmişdi?

Fəridə

Savalan.

Ədalət

Rəssam?

Fəridə (qəribə bir dalğınlıqla)

Məncə, biz ikimiz də ancaq rəssam Savalanı tanıyırıq.

Ədalət (ani bir diqqətlə)

Elədir. (Gülümsəyərək) Nə oldu, portretin çəkilişinə başladınız?

Fəridə (eyni dalğınlıqla gülümsəyir)

Sən ki, razı deyildin, necə başlaya bilərdik...

Ədalət (Fəridə üçün imtina etməyin çox ağır olduğunu hiss edir. Lakin üzə vurmur)

Təşəkkür edirəm.

Fəridə (birdən qeyri-adi bir qətiyyətlə)

Mən işləmək istəyirəm, Ədalət!

Ədalət

Necə yəni işləmək?

Fəridə

Öz ixtisasım üzrə. Sənin gəlməyini gözləyirdim. Sabah gedəcəyəm nazirliyə.

Ədalət (zarafatla)

Yoxsa, pulsuzlamısan?..

Fəridə (cavab onun xoşuna gəlmir)

Məgər, məsələ yalnız puldan ibarətdir?

Ədalət

Darıxırsan?

Fəridə (sərt)

Yox!

Ədalət (onun əlindən tutaraq zarafatyana)

O... mənim ceyranım əsəbiləşib ki...

Fəridə

Bəsdir... Sənə demişəm ki, mənə ceyran demə.

Ədalət

Dilim öyrənib. Axı, ceyran heyvanların ən qəşəngi, ən məsumudur.

Fəridə

Nə olsun? Mən ki heyvan deyiləm. (Ədalət bərkdən gülür)

Ədalət

Yaxşı, axı, sən nəyə görə mütləq işləmək istəyirsən?

Fəridə (hərarətlə)

Ona görə ki, mən on altı il oxumuşam. Ona görə ki, anam, yoldaşlarım mənə bir cür baxırlar. Mən keçən gecə Qənimətin ad gününə getmişdim.

Ədalət (bərk alınır, lakin üzə vurmur)

Qənimətin?

Fəridə

Bəli, mən orada özümü o qədər pis, o qədər yabançı hiss edirdim ki... Özüm özümə lazımsız bir əşya kimi görünürdüm.

Ədalət (təəccüblə)

Məgər, mənim varlığım sənin üçün bu qədər əhəmiyyətsizdir?

Fəridə

Ancaq bir adam üçün yaşamaq çətindir.

Ədalət (zarafatla)

Elə bilirdim ki, mən sənin üçün tamam bir aləməm...

Fəridə

Sən mənim üçün bir aləm olmaqla bərabər, eyni zamanda, içində yaşadığımız cəmiyyətin bir üzvüsən. (Gülümsəyir) Axı, mən fizikəm. Bütün molekullar bir-biriləri ilə bağlı hərəkət elədikləri kimi, biz insanlar da bir-birimizə bağlıyıq. (Qısa pauza)

Ədalət

Nə üçün sən mənə deməmiş o məclisə gedirdin?

Fəridə

Sən burda yox idin.

Ədalət

Yox idim – demək, getmək lazım deyildi. Mən bilirəm ki, sənin ürəyində ona qarşı heç bir şey yoxdur və ola da bilməz. Mən özümü hər yetənlə müqayisə etmək fikrində də deyiləm... Lakin...

Fəridə (alınaraq)

Yox, Ədalət, Qənimət “hər yetən” deyil. O da, Savalan da çox dəyərli oğlanlardır. Əgər, sən onları tanıyıb qiymətləndirmirsənsə...

Ədalət (soyuq)

Mən görürəm ki, bizim söhbətimiz çox arzuolunmayan yerə gedib çıxa bilər. Ona görə də, burda nöqtə qoyaq. (Zarafatyana) Arzu eləyək ki, sən öz ərindən xəbərsiz heç bir məclisə getməyəsən.

Fəridə

Olsun. Ancaq mən işə gedəcəyəm!!

Ədalət (sərt və qəti)

Yox, Fəridə, sən işə getməyəcəksən. Çünki bu saat bizim buna ehtiyacımız yoxdur; qaldı yoldaşlarının sənə bir cür baxması, məncə, bu da səbəb ola bilməz. Çünki sən, birinci növbədə, mənim bu işə necə baxmağımla hesablaşmalısan. Ümumiyyətlə, mən sənin əvvəlki student yoldaşlarınla oturub-durmağının tərəfdarı deyiləm.

Fəridə

Nə üçün?

Ədalət (sərt)

Çünki onlar bizim səviyyəmizdə adamlar deyillər.

Fəridə

Dedim ki, onlar çox ləyaqətli adamlardır!

Ədalət (səbrsiz)

Başa düş, Fəridə, sənin belə hərəkətlərin mənim hörmətimi korlaya bilər.

Fəridə

Başa düşmürəm. (Öz-özü ilə danışır kimi) Mən tamam bir anlaşılmazlıq içindəyəm.

Ədalət

Qəribədir... (Siqaret yandırır)

Fəridə (sanki özü öz fikirlərinə cavab verir)

Yox... Mən mütləq işə getməliyəm. Mən özümü pis hiss edirəm. Mən adamların arasında olmaq istəyirəm.

Ədalət (əsəbini gizlətməyə çalışır)

Məgər, biz adamlar arasında deyilik? Məgər, sən hər gecə qonaqlıqlara, konsertlərə getmirsən? Məgər, bizə tanışlar, dostlar gəlmirlər?

Fəridə

Mən heç bir zaman sənin dostlarının, tanışlarının məclisində özümü sərbəst hiss eləyə bilmirəm.

Ədalət

Axı, nə üçün?

Fəridə

Bilmirəm... Mənə elə gəlir ki, onlar heç bir zaman öz ürək sözlərini demirlər... Heç bir zaman əslində düşündükləri kimi danışmırlar... Mən onları tanıya bilmirəm... Elə bil ki, maska taxırlar. Mən onlardan qorxuram.

Ədalət (özünü saxlaya bilməyərək)

Bəsdir, Fəridə! Sən bununla məni də təhqir eləyirsən.

Fəridə

Qətiyyən. Mən yalnız hiss etdiklərimi deyirəm. Doğrusunu bilmək istəyirsənsə, mən özüm də onların yanında dönüb ayrı cür oluram. Süni, qeyri-səmimi...

Ədalət

Axı, belə olmağa səni nə məcbur edir?

Fəridə

Yəqin ki, ümumi vəziyyət. Ümumi mühit, maskarada girən gərək maska taxsın! Mən yalandan gülürəm, yalandan şənlik edirəm.

Ədalət

Məgər, mənim dostlarımın məclisində həqiqi səmimiyyət yoxdur?

Fəridə (ürəkdolusu)

Yoxdur! (Qısa pauza) Ah, Ədalət, sən bircə bilsəydin ki, o qızıl dişli yaltaqların süni gülüşləri, süni tərifləri məndə nə qədər dərin nifrət doğurur... Mənə elə gəlir ki, onlar daldada baş kəsirlər.

Ədalət

Demək, həqiqi səmimiyyət ancaq qara camaatdadır...

Fəridə (təəccüblə)

Qara camaat? Məgər, indi belə termin var?

Ədalət (əsəbi)

Mən adi adamları nəzərdə tuturam.

Fəridə

Mənim üçünsə adi və qeyri-adi adam yoxdur. Həqiqi, mərdanə insanlar var.

Ədalət

O da ancaq sənin dostlarındır!

Fəridə

Sən nahaq istehza eləyirsən. Onlar nə üçün yaşadıqlarını bilirlər.

Ədalət

Bəlkə, sən məni də qeyri-səmimi, mənasız bir adam hesab edirsən?

Fəridə (sanki bunun, həqiqətən də, belə olduğundan qorxaraq, ani bir vahimə içində ərinə diqqətlə baxır, sonra bu şübhələrini özündən rədd edirmiş kimi həyəcanla)

Yox... yox, əgər, elə olsaydı, mən səni sevməzdim. Sənin arvadın olmazdım. Sən elə deyilsən. Onlar hamısı sənə yaltaqlanan rəzillərdir. Nə üçün sən onların başını-gözünü əzib qovmursan! Qoy cəhənnəm olsun onların hədiyyələri də, özləri də! (Bu zaman kimsə bərkdən gülür və nə üçünsə Fəridənin gözünə skelet kişinin dəhşətli üzü görünür. Qız qorxaraq bir addım geri çəkilir. Kişinin xəyalı yox olur. Fəridə eyni vahimə içində öz-özü ilə danışırmış kimi pıçıldayır) Bəlkə iş üçün lap bu saat getmək lazımdır?! Bəlkə Qənimətə zəng eləyim? O, gedib danışsın?

Ədalət (qətiyyətlə)

Sən heç bir yerə getməyəcəksən, Fəridə!

Fəridə

Necə, mən işə girməyəcəyəm?

Ədalət

Yox! (Qışqırır) Burax bu Qənimətləri! Hələ məlum deyil, sənin dostların yaxşı adamlardır, yoxsa mənimkilər.

Fəridə (dərin anlaşılmazlıq içində)

Doğrudanmı, sən onların alçaqlığını görmürsən, Ədalət? Doğrudanmı, hər ay gəlib səndən pul alan skeletin dəhşətini hiss eləmirsən?

Ədalət

Rica edirəm, mənim işlərimə qarışmayasan! (Fəridə təəccüblə ona baxır. Telefon zəngi. Ədalət əsəbi hərəkətlə dəstəyi götürür. İşıq eyni zamanda telefon xəttinin o biri ucunda olan Anjelin üzərinə düşür) Eşidirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 мин
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 ч 25 мин
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 мин
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 мин

Стихи других поэтов