İkinci pərdə
Страница 4 из 8 · 38%
Fəridə
Salam, ana. Neçə vaxtdır səni bura gətirə bilmirik.
Gövhər
Vaxt tapa bilmirəm. İndi də bir dəqiqəliyə gəlmişəm. Yay isti keçir. Uşaqları qarın xəstəliklərindən-zaddan qorumaq lazımdır.
Fəridə
Biz də hazırlaşırıq Kislovodskiyə... (Qısa pauza)
Gövhər
Yaxşı olar. Ancaq məni bir şey yaman narahat edir.
Fəridə
Nədir o, ana?
Gövhər
Sən işləmək istəmirsən?
Fəridə (tutulur)
Doğrusu, mən istəyirdim. Ancaq Ədalət razı olmadı. Deyir, sənin işləməyinə bizim ehtiyacımız yoxdur.
Gövhər
“Bizim”, yəni, kimlərin?
Fəridə
Yəni, öz ailəmizin.
Gövhər
Bəs, onda, sən nə üçün on altı il oxuyub mühəndis olurdun? (Qısa pauza. Mehriban ifadə ilə) Bəlkə də Ədalət səni çox istədiyindən elə deyir. Ancaq sən onu razı salmalısan. O hiss etməlidir ki, yaxşı bir mühəndis olanda həyatın daha da fərəhli keçər. Biz başqa zamanda yaşayırıq. İndi bu bərli-bəzəkli otaqlarda işsiz-gücsüz oturub xanımlıq etməklə xoşbəxt olmaq mümkün deyil. Bu sizi bir-birinizdən də təngə gətirər! Mən anayam! Mən istəyirəm ki, sən öz ailəni, ərini sevməklə yanaşı, həm də müstəqil, ləyaqətli bir insan olasan! (Gülümsəyir) Yadındadırmı, uşaqlıqda sənə vəznəli-çuxalı oğlan paltarı geyindirərdim...
Fəridə
Yadımdadır... (Gülümsəyir) Sən mənə gəlinciklərlə bərabər, tapança da alardın...
Gövhər
Mənim oğlum yox idi. Mən arzu edirdim ki, sən gələcəkdə həqiqi kişilər kimi cəsarətli, mərd olasan. (Qalxır)
Fəridə
Otur, ana.
Gövhər
Yox, hələ bir neçə evə də dəyməliyəm. Ümid edirəm ki, ananı başa düşərsən. Hələlik.
Gedir. Fəridə anasının ardınca uzun bir nəzər salır. Baxışları anlaşılmaz və qəmgin bir ifadə alır. Sonra o, nəzərlərini çəkərək, divardakı qiymətli xalıya baxır, sonra qəribə bir maraqla hər tərəfi nəzərdən keçirir. Sanki bunların hamısını indicə görür. Sonra oturub gündəliyini yazır.
Fəridənin daxili səsi
Anam hiss etdirməməyə çalışsa da, mənim bu zəngin, bu qayğısız həyatımın onu sevindirmədiyini duyuram... O, özünün dediyi kimi, nə isə, gizli bir narahatlıq içindədir.
Qapı zəngi. Fəridə açır. Qəribə bir tip kağıza bükülü bir şeyi ona verir. Fəridə açıb baxır, qalın tüklü xəzi görəndə qorxub yerə salır.
Tip (qəribə bir təəccüblə)
Niyə qorxdunuz, xanım? (Əyilib xəzi yerdən götürür) Bu nadir tapılan bir dəridir.
Fəridə (yalnız indi özünə gələrək)
Kim göndərib?
Tip
Yoldaş Sərkarov.
Fəridə (fikri dağınıq)
Yoldaş Sərkarov kimdir?
Tip
Hi-hi... tanımırsınız?
Fəridə (sərt)
Yox.
Tip
Yoldaş Sərkarov Qaplan Qəhrəmanoviç, mextorqun direktorudur da...
Fəridə
Bəs, siz niyə hırıldayırsınız?
Tip
Hi-hi... Mən hırıldamıram, xanım, gülürəm.
Fəridə
Nə üçün?
Tip
Dedim, bəs, zarafat edirsiniz, çünki sizin kimi böyük xanımlardan Sərkarovu tanımayan yoxdur. (Xəzi sığallayaraq) Bu çox qiymətli şeydir, əldə, azı, min beş yüz qiyməti var.
Fəridə
Necə yəni “əldə”?
Tip
Hi-hi... yəni bazarda. Çasnı satışda.
Fəridə
Yaxşı. Bəs, pulu?
Tip
Nə pul?
Fəridə (sərt)
Bura bax, deyəsən, axı, siz təlxəklik eləyirsiniz? Necə nə pul? Bunu bizə müftə verirlər?
Tip
Mən kiçik adamam, xanım... Onu yoldaş Sərkarov bilər.
Fəridə (qəribə bir həyəcanla)
Aparın! Tez!
Tip (təəccüb içində)
Nə danışırsınız, xanım? Bəs, mən yoldaş Sərkarova nə deyim?
Fəridə (hücumla)
Aparın!
Tip (qorxmuş halda götürülür)
Qəribədir... Qəribədir...
İşıq sönür, yananda Qənimətin otağı görünür. Anjel, Qənimət və Savalan tez-tez o biri qapıdan girib-çıxaraq stolun üzərinə cürbəcür yemək şeyləri-filan düzürlər.
Savalan
Bəh... Bəh... Nə gözəl stoldur! Sağ ol, Anjel xanım! Anjel, bu tortu da özün hazırlamısan?
Anjel (acıqla)
Yox, konditer tutmuşam.
Qənimət
Sən də... əlbəttə, özü hazırlayıb.
Savalan
Bağışla, Anjel.
Anjel
Bağışlamıram. Kim məni qiymətləndirmirsə, o, mənim düşmənimdir.
Savalan
Allaha şükür ki, biz səni qiymətləndiririk. Sən bizim ən əziz qonağımızsan.
Anjel (inciyir)
Düzəltdin.
Qənimət
Anjel nə üçün qonaq olur?
Bütün bu müddətdə Anjel süfrə ilə məşğuldur.
Anjel
Yaxşı, biz buraya Anjelin kim olduğunu müzakirə eləməyə yığışmamışıq. Anjel sizin yağlı təriflərinizi çox eşidib.
Qənimət
Bizim?
Anjel
Siz oğlanların, nə təfavütü var...
Savalan
Vallah, mənim sözümdə heç bir yağ-zad yoxdur.
Anjel
Yaxşı, bitdi. (Birdən şənlənərək) Stol hazırdır, ağalar.
Qənimət (stola nəzər salaraq)
Deyəsən, içkimiz lap azdır. Mən qaçım bir şüşə şampan alım.
Savalan
Qoy mən gedim. Sən bu gecə bəysən... (Qapıya yönəlir)
Qənimət
Dayan! Mən müasir bəyəm. Ona görə də özüm gedəcəyəm. (Yüyürərək çıxır)
Savalan
Anjel...
Anjel
Yenə də məndən danışacaqsan?
Savalan
Əgər, sənin barəndə danışmaq mənim üçün xoşdursa?
Anjel
Müəyyən vaxta qədər.
Savalan
Səhv edirsən. (Qısa pauza)
Anjel (papiros yandıraraq)
Fəridə mənim barəmdə sizə nə danışıb?
Savalan
Heç bir şey. Nə üçün soruşursan ki?
Anjel
Elə-belə.
Birdən Savalanın gözü qızın sumkasındakı kitaba sataşır.
Savalan
O nə kitabdır?
Anjel
Səttarxan haqqındadır.
Savalan
Doğrudan?
Anjel
Nə üçün təəccüb edirsən ki?
Savalan
Axı, sən...
Anjel (onun cümləsini tamamlayır)
Savalan dağının harda olduğunu bilmirdin. İndi necə olub ki, Səttarxanla maraqlanırsan? (Zarafatla) Hər şey axır... Hər şey dəyişir.
Savalan
Zarafatı burax, mən ciddi soruşuram... Yoxsa, elə-belə bekarçılıqdan oxuyursan?
Anjel
Yox, Cənubi Azərbaycanın taleyi ilə maraqlandığım üçün oxuyuram.
Savalan (təhdidlə)
Anjel!
Anjel
Nə var?
Savalan
İstehza edirsən?
Anjel
Axmaq! (Hücumla) Mən sənin düşündüyün qədər də düşüb itmiş adam deyiləm. Mən bilirəm ki, öz xalqına gülmək alçaqlıqdır.
Savalan (günahkar kimi, həyəcanla)
Axı, sən dünənə qədər o xalqı tanımırdın.
Anjel
Tanımırdım, çünki onun haqqında mənə heç nə deyən olmamışdı.
Savalan (əsəbi bir həyəcanla)
Doğrudur! (Öz-özünə danışırmış kimi) Demək, bizi ondan məhrum etmək olmaz. Biz son mənzilin harada olduğunu bilirik və bir gün o mənzilə çatacağımıza inanırıq... Əgər, ata-baba ənənələrindən ayrı düşən Anjel bu gün Səttarxanı bir qəhrəman kimi sevib qiymətləndirirsə, demək, yaşasın ideya! Yaşasın bizim idealımız! Anjel, icazə ver, səni öpüm.
Anjel (əlini qabağa uzadaraq)
Sakit. Bəlkə sən elə bilirsən ki, mən Səttarxan haqqında sənə xoş gəlmək üçün oxuyuram?
Savalan (eyni hərarətlə)
Əlbəttə, yox! Mən hiss edirəm ki, sən təbiətən yaxşı qızsan. Necə deyərlər, naturalsan, dürəklərdən deyilsən!
Anjel
Dürək nədir?
Savalan
Lətifəsi səndən uzaq olsun, dürək... nə isə, xarici təsirlərə uyub əslini itirən, nə ondan, nə bundan olan xırda adamlara biz öz aramızda “dürək” deyirik...
Anjel (bərkdən gülərək)
Əcəb sərrast söz tapmısınız.
Savalan (həqiqi heyranlıqla)
Sən nə gözəl gülürsən, Anjel.
Anjel (mehribanlıqla)
Yaxşı... Sarı simə keçmə.
Savalan (zarafatyana)
Demək, sən tarın sarı simini unutmamısan!
Anjel (dərindən nəfəs alaraq, divanın üstündəki tara işarə ilə)
Bunu sən çalırsan, yoxsa Qənimət?
Savalan
Mən.
Anjel
Götür bir az çal, qulaq asaq.
Savalan
Məclis qızışanda...
Anjel tarı götürüb bir-iki mizrab vuraraq dinləyir... Sonra yavaş-yavaş “Segah” çalıb asta, dərdli bir səslə oxuyur. Savalan dərin heyrət içində qulaq asır. Lakin Anjel sanki onu görmür. Anjel öz kədərinə dalaraq, bu dünyadan ayrılmışdır.
Anjel (oxuyur)
Yad eylədikcə vəslini, ey mahi tələtim,
Ağlar gözümdə qanə dönür eşq həsrətim...
Savalan (özünü saxlaya bilməyərək qışqırır)
Anjel!
Anjel tarı yerə qoyur. Savalan qarşısıalınmaz bir həyəcanla onu öpür.
Anjel (onu özündən kənar edərək)
Lazım deyil, Savalan.
Savalan (eyni həyəcanla)
Anjel! Mən səni yalnız indi tanımağa başlayıram!
Anjel (kədərli təbəssümlə)
Gecikmisən.
Savalan
Yox, gecikməmişəm. Mən həmişə hiss edirdim ki, sən göründüyün kimi deyilsən.
Anjel (eyni kədərli təbəssümlə)
Göründüyün kimi deyilsən!
Birdən qəti hərəkətlə qalxıb güzgünün qarşısında gözlərini silərək canlı və gümrah bir görünüşlə saçlarını düzəldir. Savalan yaxınlaşıb güzgüdə ona baxır, nə isə demək istəyir. Qənimət daxil olur.
Qənimət
Bu da şampan! (Savalana) Niyə tərpənmirsən?
Savalan (Anjelə baxmaqda davam edərək)
Hipnoz olmuşam!
Anjel (onun qoluna girərək)
Mənim gözəl rəssamım, gəl əyləşək. Bizim bir-birimizi olduğu kimi tanımağımız mümkün deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-mehv-olmus-gundelikler-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,