Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və Bayram bəyin Qarabulağa gəlməsi
İndi sənə kimdən danışım, Kamırxan qarıdan...
Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatyana deyərdilər: «Filankəs Nadiri taxtda görüb». Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yəni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular. Kənd Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı nağıl eləyirdi ki: «Mən nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı Nadir qoşun çəkib, gəlib Qarabağın üstünə, kəndləri dağıdır, adamları qılıncdan keçirir. Biz də ayın-oyunumuzu ata-eşşəyə yükləyib qaçdıq Ərgünəş meşəsinə. Mənim babam ağır xəstə idi. O bizə dedi ki, hamısı birdi, mən sizinlə gedə bilməyəcəm. Yanıma bir bardaq su, bir az da çörəkdən-zaddan qoyun, gedin.
Biz də naəlac qalıb onun yanına bir bardaq su, bir tabaq da çörək qoyub qaçdıq. Neçə müddət Ərgünəş meşələrində qaldıq. Nadirin qoşunu çəkilib gedəndən sonra gəlib gördük ki, damın qapısı qoyub getdiyimiz kimi örtülüdü. Amma qoca yoxdu. Kişilər gedib meşələri, çölləri qarış-qarış gəzdilər ki, bəlkə babamdan əsər-əlamət tapsınlar, amma heç nə tapmadılar. O vaxt ağsaqqallar fikirləşib dedilər ki, kişi Allahın mömin bəndəsi olduğu üçün mələklər gəlib onu aparıblar göyə.
Kamırxan qarının neçə qızı, neçə oğlu olmuşdu. Ancaq mən qızı Xəlsə barədə demək istəyirəm.
Xəlsə tez-tez danışan, bir yerdə duruş gətirib dayanmayan bir qız idi. Onu aldılar Qarabağda hamının tanıdığı, hamının hörmət elədiyi Abdulla Əfəndinin qardaşı Ağa Məhəmməd Əfəndiyə.
Xəlsə nənənin dörd oğlu, bir qızı oldu. Ancaq uşaqlar lap körpə ikən Ağa Məhəmməd Əfəndi vəfat etdi, cavan, gözəl-göyçək bir gəlin olan Xəlsə də, Kürdobadakı Səkinə kimi, Alyanlı meşələrindəki Xanım kimi, dünyanın bütün zövq-səfasından gözünü çəkərək ərə getməyib, başladı uşaqlarını böyütməyə. Güneylərdə oturan qocalar başlarını ağır-ağır tərpədib onun haqqında dedilər:
– Sağ olsun, kişi qızıymış...
Nə qədər uşaqlar körpə idi, qonşu kişilər:
– Qorxma, bacı, – deyirdilər. Yerini şumlayıb əkirdilər. Hov eləyib taxılını biçib döyürdülər.
Ortancıl oğlu Abdulla çox fərasətli, zirək uşaq olduğu üçün əmisi Abdulla Əfəndi məsləhət gördü ki, onu Güney Güzdəkdən səkkiz kilometr aralıdakı Qarğabazar kəndində açılan beşillik rus-tatar məktəbinə qoysunlar.
Abdulla hər gün qarda, tufanda səkkiz kilometrlik Qarğabazar kəndinə ayaq döyüb bu məktəbi qurtardı.
Yaşda özündən böyük bacısı Şirinin əri Əbdüləziz Qarabulaq kəndində tikinti şeyləri satan böyük mağaza açmışdı, gödək, savadsız bir kişi idi. Güclə qol çəkə bilirdi, amma biclikdə şeytana papış tikərdi. Abdullanı götürdü öz mağazasına satıcı. Abdulla rus dilini bildiyi üçün Moskva, Xarkov kimi şəhərlərdən mal alıb gətirməyə yeznəsi onu göndərirdi. O da, çox cavan olsa da, bu cür işləri böyük məharətlə yerinə yetirirdi. Bilmirəm, necə oldusa, üç-dörd ildən sonra Abdulla mağazaya şərik çıxdı. Sonra yeznəsindən ayrılıb özü o cür mağaza açdı. Az zamanda əli elə gətirdi ki, yeznəsini sıxışdırıb bazardan çıxardı. Ona görə də yeznəsi Əbdüləziz Abdulla ilə oldu həmişəlik düşmən.
Söhbəti yenə də hərləyək kürdobalı Bayram bəyin üstünə. O, bir müddət Şuşada qulluq eləyəndən sonra onu Qarabulaq şəhərinə pristav təyin elədilər.
Bayram bəy oğlu Nurunu gimnaziyaya götürüb qoydu ki, poçt naçalniki olan dostu İvanovun evində qalıb oxusun. Arvadı Fatma xanımla qızı Yaqutu da götürüb gəldi Qarabulaq şəhərinə. Arazboyuna səs düşdü ki, kürdobalı Səkinənin oğlu Bayramı Qarabulağa pristav göndəriblər. Obalardakı dövlətli ağsaqqallar dəstə-dəstə bəyin görüşünə gəlirdilər, özləri də, əlbəttə ki, əliboş gəlmirdilər, bahalı-bahalı sovqatlarla gəlirdilər. Kimi at, kimi dəvə, kimi qiymətli xalı... Bayram bəy də atları, dəvələri verirdi qardaşı Eyvaz aparıb Kürdobada qatırdı öz dövlətinə. Buna da Fatma xanımın acığı tutmağa başlayırdı:
– Ay kişi, – deyirdi, – hər şeyi verirsən qardaşına, bəs fikirləşmirsən ki, axı bizim də oğlumuz, qızımız var?
Bayram bəy də arvadına acıqlanıb deyirdi:
– Sənin borcuna qalmayıb, arvadsan, otur arvad yerində.
O vaxtdan da Fatmanın ürəyində ərinin anasına, qardaşına qarşı bir kin düyümləndi. Səkinənin Fatma ilə arası olmasa da, tez-tez oğlunun görüşünə gəlirdi, hər gələndə də Bayram bəy onu payla, sovqatla yola salırdı.
Bayram bəy istəyirdi ki, qardaşının qoyunu, atı, dəvəsi o biri dövlətli tərəkəmələrinkindən əskik olmasın, el yaylağa, arana gedəndə Məşədi Gülməmməd oğlu Eyvazın köçü o birilərinkindən kasıb görünməsin. Çox çəkmədi ki, Bayram bəyin hörməti-izzəti lap naçalnikin özündən də artıq oldu.
Bunun bir səbəbi də o idi ki, Arazboyundakı adlı-sanlı qaçaqlar kürdobalı Bayram bəyi öz adamları hesab edirdilər, onun başına and içirdilər. Çünki Bayram bəy onların öz içindən çıxmışdı, yəni onlar kimi rəiyyət oğlu idi, özü də cins nəsildən idi. Bir dəfə belə bir əhvalat oldu. Qəzaya Volkov adlı təzə naçalnik gəlmişdi. Bir az keçəndən sonra o gördü ki, camaatın bütün işi-sözü pristav Bayram bəylədi, onu heç sayan yoxdu. Başladı Bayram bəyi burunlamağa. Xəbər getdi çatdı Qaçaq Süleymana. Qaçaq Süleyman padşahdan qaçmışdı. Camaatla işi olan deyildi. Kasıblara, əlsiz-ayaqsızlara kömək eləyərdi, igidliyi də Qaçaq Nəbi kimi dillərdə dastan olmuşdu. Qaçaq Nəbi Aynalı tüfəngin zamanında ad almışdı, Qaçaq Süleyman da onatılanın...
Bir gecə naçalnik evində əyləşib xanımı ilə şıdırğı söhbət elədiyi zaman qapı taybatay açıldı, Qaçaq Süleyman əlində onatılan içəri girdi. Naçalnikin arvadı qışqırdı. Süleyman tapançasını qobura qoyub arvada dedi:
– Qorxma, xanım, biz adamyeyən deyilik.
Xanım bu solğun, sarıbəniz, arıq oğlanın nə dediyini başa düşməsə də, onatılanı qobura qoyduğunu görüb sakit oldu. Qaçaq Süleyman naçalnikə dedi:
– Qospadin komandor (o, poqonlu çar naçalniklərinin hamısını «komandor» adlandırırdı), əgər bu mahaldan sağ-salamat getmək istəyirsənsə, kürdobalı Bayram bəylə işin olmasın!
Naçalnik azərbaycanca yaxşı bilməsə də, Qaçaq Süleymanın nə demək istədiyini başa düşüb dedi:
– Yaxşı... yaxşı!
Qaçaq Süleyman naçalnikə dedi:
– Komandor, dediklərimi yaddan çıxarsan, yaxşı olmayacaq!
Sonra naçalnikin cavan arvadına:
– Bağışla, xanım! – deyib qapıdan çıxdı.
Bu əhvalatdan sonra naçalnikin yanında Bayram bəyin bir sözü iki olmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-nadiri-taxtda-gormus-kamirxan-qarinin-ehvalati-ve
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.
Bayram babama güllə atılması və qoca qaçaqAtamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Стихи других поэтов
Elin ağsaqqalıdır, şairimiz etsə qəbul.*Şerimi töhfə kimi sadə o insana verin.*
Şuşanın şəhər bağındaXan Şuşinskinin xatirəsinə*Burda qəlyanını tüstülədərdi,
AyrıldımMüjdə deyin düişənlərə,Bu gün mən yardan ayrıldım.
Pərişan etmişəm zülfü-pərişanı, ağan camPerişan etmişəm zülfü-pərişanı, ağan cam,Pərişan etmək olmur hiç dünyam, ağan cam.