Страница 14 из 39 · 33%

– Eh, yaxşı deyiblər ki, uşaq atasından güclü adam bilməz.

– Qulu, uşaq nə oldu? – deyə Ağabəyim bacı bir qədər sərt səslə soruşdu.

Qulu ehtiyat eləyən kimi oldu:

– Heç nə, sözdür danışırıq də.

Murad xəfifcə gülümsəyib, Quluya işarə ilə mənə göz vurdu və papiros qutusunu götürüb cibinə qoyaraq ayağa qalxdı. Qaşlarını çatıb hələ işıq olan uzaq üfüqlərə baxdı. Sonra mənə ani və mükəddər bir nəzər salaraq:

– Hələlik, sağ olun, – deyib pilləkəni düşdü.

Həyət qapısından çıxana qədər gözlərimi onun enli kürəyindən çəkmədim. Bu dünyada hər səadətin, hər xoş dəqiqənin bir sonu vardır. Bayaq aləmi gur işığa qərq edən günəş artıq batmamışdırmı?

Mən mühasibə tərəf çöndüm:

– Ay Qulu qardaş, siz əməllicə oxuyurmuşsunuz.

Ağabəyim etiraz elədi:

– Sən Allah, tərifləmə. Sonra Qulunun qabağında durmaq olmaz.

Qulu güldü:

– Nuriyyə xanım, musiqi ruhun qidasıdır.

Ağabəyim bacı başını yana əyib məzəmmətlə ərinə baxdı:

– Qulu, yenə başladın? Elə danış, camaat başa düşsün nə deyirsən!

– Yəni, deyirəm bu dünya musiqisiz nəyə lazımdır? Ağabəyim, sən mənim canım, belədir, ya yox?

Ağabəyim bacı “ah” çəkərək başı ilə təsdiq etdi.

Gecə Qulu “mən bir Murada dəyim” deyib getdi. Mən, Ağabəyim bacıyla tək qaldıqda, söhbəti hərləyib Səadətin üstünə gətirərək, onun gözəlliyini ürəkdən təriflədim. Ağabəyim bacı əvvəl dinmədi. Sonra:

– Bilirsən, bacı, – deyə sözləri uzada-uzada cavab verdi. – Gözəl olmağına gözəldir. Ancaq di gəl ki, yazıq oğlanın gününü göy əsgiyə düyüb.

– Niyə axı?

O, başını irəli uzadaraq pıçıldadı:

– Qəlbiqaradır.

– Necə bəyəm?

– Necəsi yoxdur ki. Kişinin ayağı dəyən yerdən də qısqanır. Bir dəqiqə gözündən uzaq qoymaq istəmir. Deyirəm, ay bacı, neçə il elm oxumusan, Bakıda ali məktəb qurtarmısan. Uşaqlara ingilis dərsi deyirsən. Niyə kişini qoymursan işini-gücünü görsün?

– Ağabəyim bir neçə saniyə susub, nə isə, tərəddüd etdi. Sonra səsini alçaldaraq soruşdu:

– Bayaq onun hərəkətlərinə fikir verdin?

– Deyəsən, indi nəyə görə isə bir az acıqlı idi.

– Sənə bir söz deyəcəyəm, ancaq sən əzizləriyin canı burada qalsın.

– Arxayın ola bilərsən.

– Sənin əlindən zəncir çeynəyir. Bilsəydi bizdəsən, nə özü gələrdi, nə də Muradı qoyardı gəlsin.

– Axı, mən ona neyləmişəm?

– Heç nə. O İmi ilə Cimi belləri qırılmış, bunu rayonda görüb, xəbər veriblər ki, Murad səni gecə motosikllə kəndə gətirib. İndi odu-budu halı özüylə deyil. Deyirəm, ay evi tikilmişin qızı, bəs, o necə kişi olardı ki, gecə vaxti zənən xeylağını düzün ortasında qoyub gedəydi?

– Bəs, nə cavab verir? – deyə mən maraqla soruşdum.

– Cavabı o olur ki, “düz deyirsən, Ağabəyim”. Ancaq beş dəqiqədən sonra yenə həmən sudur, həmən dibək. Neçə dəfə Qulu yazıq, bax, bu evdə and içib, aman eyləyib ki, ay Səadət, o, sən düşünən adamlardan deyil. Ancaq kimə deyirsən? Onun hərəkətlərinə Muraddır ki, dözür. Yoxsa, ayrı adam bir gün də tab gətirməzdi.

Mən daha Ağabəyim bacını dinləmirdim. Mən öz halıma da yanmırdım. Vaxt gələr, Səadət şübhələrinin əbəs olduğunu anlar. Məni düşündürən Muradın həyatı idi. O həyat mənim üçün bu dünyada hər şeydən əziz idi. Mən o həyatın səadəti üçün özümü qurban verirdim. Buna görə də, onu indi xoşbəxt görməməyim məni yandırırdı. Mən Güney qışlağa gələn gündən Muradın, nə isə, gizli bir dərdi olduğunu hiss eləmişdim. Halbuki o ən böyük səadətə layiq idi. O mənə heç bir pislik etməmişdi. Məgər, bu dünyada hamı öz arzusuna çatır?

“Doğrudanmı, o xoşbəxt deyil?” deyə mən yüz dəfə fikrimdən keçirirdim. Eyni zamanda, hiss edirdim ki, onun mənə qarşı bu qədər haqsız kin bəsləyən gözəl xanımı ilə xoşbəxt olmaması qəlbimin uzaq dərinliklərində məni sevindirir, mənə ümid verir. Lakin bu nə dəhşətli hissdir? Bu nə dəhşətli ümiddir? Birdən sanki mən pis, biabırçı bir yuxudan diksinib oyandım. Öz-özümdən utanaraq, əllərimlə üzümü qapadım. Ağabəyim dedi:

– Bacı, bacı, sən Allah, ürəyinə salma. Biz çörəyi burnumuza-qulağımıza yemirik ha. Görmürük sən nə cür adamsan? Düzü, heç Səadət özü də pis gəlin deyil. Ancaq di gəl ki, o xasiyyət yazığı bədbəxt eləyib qoyub ora.

O gecə mən Nazxanımdan yüz manat borc alıb geri qayıtmaq haqqında düşündüm. Lakin hara qayıdacaqdım? Geriyə yol yox idi. Yoxsa, əzablardan qorxurdum? Mən qorxaqlara nifrət edirəm. Mən heç bir zaman öz taleyimdən şikayət etməmişdim. Qorxaqlıq isə, bədbəxtlikdir.

Səhər tezdən Almurad gəlib Qulu ilə məni apardı. Biz həyətdən çıxarkən, bir qədər aralıda qırmızı taxtapuşlu ikimərtəbəli evin pəncərəsi qarşısında ucaboy, başıaçıq bir adamın dayanıb papiros çəkdiyini görəndə, dərhal gözümü çəkdim. Maşın sürətini artırıb tezliklə Quzey qışlaqdan çıxdı.

Nazxanım məni toy-bayramla qarşıladı:

– Həmişə gəzməkdə, qonaqlıqda!.. Ağabəyimin kefi necədir? Düzünü de, məndən qeybət elədi?

– Nə üçün qeybət eləsin ki?

– Məni görməyə gözü yoxdur, elə bilir Quluya aşiq olmuşam.

Başını dala ataraq, şaqqıldayıb güldü. Sonra biləklərini çirməyib, tamaşa zalını yuyub çiçək kimi tərtəmiz elədi. Stulların tozunu sildi. Axırda da qollarını qaldırıb səhnədə süzə-süzə oxudu:

Qulu, Qulu, ay Qulu,
Başına bir daş, Qulu.
Sən mənimsən, mən sənin,
Neynirsən pulu-mulu.

– Yaxşı, – dedim, – kitabxananı düzəltdik. Səhnəni rahatladıq. “Arşın mal alan”dakı Əsgər demişkən, bundan nə çıxsın? Nə vaxtacan özümüz çalıb, özümüz oxuyacağıq?

– Yəni, deyirsən neyləyək?

– Deyirəm bir camaatın da qabağına çıxaq.

– Nə cür çıxaq?

– Yaxşı bir konsert düzəldək.

– Biz ha?

– Bəli, biz.

– Yəni, nə cür düzəldək?

– Mən piano çalaram, Səriyyə oxuyar.

– Bəs, mən neyləyərəm?

– Sən də elə indicə göstərdiklərini təkrar edərsən.

O şaqqıldayıb gülərək:

– Onda gərək, – dedi, – mənə kişi də tapasan. Səhnədə bir sevgilim olsun, ya yox?

– Sevgilin – Qulu!

– Oy, necə ürəyimdən xəbər verdin, – deyə o, qaşlarını yuxarı dartıb, gözlərini yarı qapayaraq, qəşəng, dolu bədənini əsdirdi.

– Canınacan, Nazxanım, – deyə Səriyyə güldü. – Nabələd adam deyər, bəs, doğrudan da, Qulunun dərdindən ölür.

O günü axşam Nəriman əmigildə Quludan xahiş elədim ki, sabah vaxtı olsa, zəhmət çəkib mədəniyyət evinə gəlsin. Onunla məsləhətləşmək istəyirəm. Ciddi bir görkəmlə əlini altdan yuxarı saçına çəkib:

– Nə zəhməti var, – dedi, – mədəniyyətə xidmət borcumuzdur. Düz on ikidə sizin qulluğunuzdayam.

O, düz vaxtında gəldi. Mən konsert barədəki fikrimi ona dedim. Balaca qara bəbəkləri gah mənim, gah da Nazxanımla Səriyyənin üzündə gəzib, nəhayət, bir nöqtədə qərar tapdıqda o, qəfil şəhadət barmağını yuxarı qaldırdı:

– Lap əla fikirdir!

– Ancaq gərək sən özün də iştirak edəsən. (Mən qeyri-şüuri olaraq, artıq ona “sən” deyə xitab edirdim.) – Məsələn, nə cür?

– Məsələn. “Məşədi İbad”dan kiçik bir səhnə göstərəcəksən. Deyirlər, oynamısan.

– Rayon mərkəzində işləyəndə, həvəskarlarla birlikdə bir-iki dəfə oynamışam, – deyə Qulu cavab verib narahat bir ifadə ilə Nazxanıma baxdı.

Nazxanım şaqqıldayıb güldü. Elə bil, onun bu gülüşü ilə Quluya bir qətiyyət gəldi. Şəhadət barmağını yuxarı qaldıraraq:

– Oldu! – deyə təntənə ilə cavab verdi.

– Mən də pianoda sizi müşayiət edərəm, – deyə gülümsədim.

O, eyni ciddiyyətlə təkrar etdi:

– Oldu!

– Qulu, Qulu, saqqal da qoyacaqsan? – deyə Nazxanım ona sataşdı.

Lakin mən işi ciddi axına salmaq üçün işgüzar bir ifadə ilə:

– Hələlik saqqalsız da olar, – dedim.

Sonra Quluya müraciətlə soruşdum:

– Olmazmı ki, biz konsertimizdə Cimidən də istifadə eləyək? Axı, sən deyirdin onun yaxşı muğamat oxumağı var.

– Cimi? – Qulu sanki diksinərək təəccüblə üzümə baxdı.

Sonra nəzərlərini məndən çəkib məchul bir nöqtəyə dikərək bir neçə dəfə təkrar etdi:

– Cimi... İmi ilə Cimi.

Birdən qəti qərarla başını qaldıraraq cavab verdi:

– Oldu! İmi ilə Cimidən istifadə etmək mümkündür.

– İmidən də?

– Bəs, İmisiz Cimi olar? Cimi oxuyanda, gərək İmi də çalsın.

– Doğrudan? İmi bir şey çalır?

– Yaxşı tar çalır, – deyə Səriyyə cavab verdi.

Mən sevinclə səsləndim:

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов