Страница 17 из 39 · 41%

– Ə, Qulu, özünü nə mazamata qoyursan?

“Məşədi İbad” təkrar səhnəyə qayıdıb bu dəfə ayrı bir parçanı ifa etdi. Nəhayət, qurtarıb gedəndən sonra:

– Yorulmamısınız ki? – deyə tamaşaçılardan soruşdum.

– Yox, yox, – deyə onlar yüz yerdən səsləndilər.

Mən məzəli bir tərzdə qulaqlarımı əllərimlə bərk-bərk tutub, gözlərimi yumdum və dedim:

– Azərbaycan bəstəkarı Ağabacı Rzayevanın “Oxuma, gözəl” mahnısı. Oxuyacaq Nuriyyə, pianoda müşayiət edəcək Nuriyyə.

Əvvəllər dediyim kimi, mənim səsim o qədər güclü olmasa da, təsirli idi. Çalmağım da pis deyildi.

“Oxuma, gözəl, Gürcüstanın qəmli nəğmələrindən...”

Mən kimsədən çəkinmədən, tamamilə azad oxuyurdum. Çünki, indi nəsibi qəmli mahnılar olan o qızdan başqa kimsə haqqında düşünmürdüm. İndi hər şey, hər kəs məndən bir əbədiyyət qədər uzaq idi. Mən özüm üçün oxuyurdum. O qız mənim qəlbimdə idi. O qız mən özüm idim. Mən kimsədən şikayət etmədən, öz taleyimdən narazı olmadan oxuyurdum. Mən demək istəyirdim ki, həyatın əzəli və əbədi gözəllikləri, fərəh və səadəti içində pərişan bir qızın qəmli mahnısı eşidilirsə, bundan inciməyin. Çünki o, hamının və sizin xoşbəxtliyinizi istəyir.

Mən son akkordu vurub, ayağa qalxdıqda, gənclər qızğınlıqla əl vurur, yaşlı adamlarsa hörmətlə susurdular. Doğrusu, mən öz müvəffəqiyyətimdən ziyadə, yeni üslubda yazılmış bir mahnının belə xoşa gəldiyinə sevinirdim. Çünki bizim kənd camaatı, əsasən, aşıq havalarını və muğamatı sevir. Mən alqış sədaları altında gülümsəyir və baş əyirdim. Mən yalnız bayaqkı iki nəfərin oturduğu tərəfə baxa bilmirdim...

Konsertdən sonra biz artistlər qrim otağına yığışıb bir-birimizi sevinclə təbrik edir, öz müvəffəqiyyətlərimizdən danışırdıq. Nazxanım “canınacan, Qulu” deyə-deyə tez-tez təkrar edirdi. Bu zaman Hümmət, Murad, Nəriman əmi və Qərənfil bacı içəri girdilər.

Rayon icraiyyə komitəsinin sədri:

– Hamınız qiyamət elədiniz. Çox sağ olun, – dedi.

Sonra mənim əlimi sıxaraq əlavə etdi:

– Nuriyyə xanım, bu sizin ilk, böyük müvəffəqiyyətinizdir. Elə bil, filarmoniyanın konserti idi. Siz özünüz nə yaxşı çalıb-oxuyurmuşsunuz!

Nəriman əmi də Ciminin bu dəfə “Segah”ı lap İslam kimi yanıqlı oxuduğunu söyləyirdi. Təkcə Murad susurdu. Bu ümumi şənlik içində mən onun nə cür nəfəs aldığını belə eşidirdim və ya mənə elə gəlirdi. Mən onun susmağından incimirdim. Əksinə, bu sükut üçün ürəyimdə ona təşəkkür edirdim. Mənə elə gəlirdi ki, o, bu dəqiqələrdə dinib-danışsa, mənə tərifli bir söz desə, dünyanın ən zalım, ən xudpəsənd adamı olardı. Bu sükut üçün, gözlərindəki bu lal kədər üçün mən ona min dəfə təşəkkür edirdim. Mən onun qarşısında sevincli göz yaşları tökmək, öz sonsuz minnətdarlığımı bildirmək istəyirdim.

Lakin mən heç nə etmirdim. Heç nə büruzə vermirdim. Mən rayon icraiyyə komitəsinin sədrinə xitabən ciddi, işgüzar ifadə ilə:

– Bizə bəzi vacib şeylər lazımdır, – deyirdim, – ancaq bilmirəm kolxoza müraciət edək, yoxsa, rayon təşkilatlarına?

– Məsələn, nə kimi şeylər lazımdır?

[Mənbənin skanında burada mətn itib.]

– Hər nə lazımdır, siyahısını tut ver, qoyaq heyətə.

– Baş üstə, ancaq bizim ayrı dərdimiz də var. Bayaq zalda gileylənirlər ki, uşaqlarımız tar çalmağı öyrənmək istəyir, öyrədən tapmırıq.

Rayon icraiyyə komitəsinin sədri:

– Bu çox çətin məsələdir, Nuriyyə xanım, – dedi, – iki ildir çalışırlar, rayon mərkəzinə bir piano müəlliməsi gətirə bilmirlər. Musiqi məktəbini qurtaranlar şəhərdən kənara çıxmırlar.

– Heç olmasa, yerli qüvvələrdən istifadə etmək lazımdır, – dedim. – Məsələn, bizim İmi. Məncə, onun həvəsi olsa, uşaqlara tar öyrədə bilər.

Qulu tələsik təsdiq etdi:

– Özüm ölmüyüm ki, yaxşı sözdür. Onsuz da, səhərdən axşamacan kəndin ortasında Cimiynən boş-bekar hərlənirlər.

Ciminin üzü narahat bir ifadə aldı. İmi kirpiklərini tez-tez qırparaq, etiraz eləmək istədi. Mən zarafatyana:

– Görürəm, – dedim, – Qulu, arteldə bizim İmi və Cimi ilə düz sarımır. Ancaq biz onlarla mədəniyyət evində məmnuniyyətlə işləyərdik. İkisinin də gözəl qabiliyyəti var.

Qulu təəccüblə mənə baxdı:

– Yəni, deyirsiniz tamam keçsinlər mədəniyyət evinə?!

– Bəli.

– Yaxşı fikirdir. Özüm ölmüyüm, neyləyirsən elə, lap istəyirsən şəxsi tənqid olmasın, zor olsun, güc olsun, yenə də İmi ilə Cimidən təsərrüfata xeyir dəyən deyil. Çünki həvəsləri yoxdur. Xəmirləri ayrı cür yoğrulub.

Nəriman əmi Quluya elə təəccüblə baxırdı ki, guya, onu birinci dəfə görürdü.

Qərənfil bacı söhbətə qarışdı:

– Düz sözə nə demək? Həvəsləri yoxdur, işləmirlər.

Nəriman əmi bu dəfə başını aşağı saldı. İmi ilə Cimi haqqında deyilənləri ürəyində təsdiq etdiyi hiss olunurdu. Hümmət üzünü İmi ilə Cimiyə tutdu:

– Yaxşı, siz özünüz bu sözə nə deyirsiniz?

Cimi üz-gözünü bürüşdürdü:

– Qulu vicdanla danışmır...

– Qətiyyən! – İmi dərhal dostunun sözünü təsdiq etdi. – Biz çox gözəl təşəbbüslər də qaldırmışıq, işləmişik də. Bunlar bir kənara. Tutaq ki, keçdik büsbütün mədəniyyət evinin sərəncamına, bəs, bizə çörəyi kim verəcək?

Hümmət bu dəfə ciddiyyətlə dedi:

– Artelin ixtiyarı var ki, mədəniyyət evində işləməyinizə görə, sizə əməkgünü versin.

– Hərəmizə nə qədər?

– O baxır idarə heyətinin qərarına. Elə deyilmi, dayı?

Nəriman əmi kimsənin üzünə baxmadan:

– Bilmirəm, fikirləşərik, – deyə qeyri-müəyyən cavab verdi.

Hümmət bizi ruhlandırmaq istəyirmiş kimi:

– Nuriyyə xanım, – dedi, – siz çox gözəl bir kollektiv düzəltmisiniz. Nəriman dayım da köhnə teatr həvəskarıdır. Sizə kömək edəcək.

Murad bayaqdan bəri birinci dəfə dilləndi:

– Ancaq, Nuriyyə xanım, kasıbları da yaddan çıxarmayın. Biz quzeylilər neçə vaxtdır belə konsertlərə həsrətik.

– Baş üstə. Əgər, bizim çıxışlarımız sizi maraqlandırırsa, tez-tez gələrik.

“Bizim çıxışlarımız sizi maraqlandırırsa!” Bu nə deməkdir?! Mən özümü nəzərdə tuturdum?

Nəriman əmi qapıya sarı yönəldi:

– Yaxşı, gecdir. Gedək.

Bayırda hava ilıq və sakit idi. Göydə ulduz ulduzu çağırırdı. Söyüdlü arxda yenə qurbağalar haray salmışdı. Nəriman əmi, Hümmət, İmi, Cimi və Qulu qabaqda, Muradla mən isə arxada gedirdik. Bu nə cür olmuşdu ki, belə düşmüşdü? Bilmirdim. Lakin onunla yanaşı getmək, qurbağaların Söyüdlü arxdan gələn şən səs-küyünü onunla birlikdə eşitmək...

O, addımlarını yavaşıdırdı. Hiss edirdim ki, mənimlə danışmaq istəyir. Lakin bizim danışacaq nə sözümüz var idi? Mən addımlarımı yeyinləşdirdim. İmi ilə Cimi qabaqda getsələr də, bir qulaqları dalda idi.

– Əlimərdan kişi, Səadət bacı necədirlər? – deyə mən bərkdən soruşdum.

– Yaxşıdırlar, çox sağ olun.

– Keçən gecə səhərə qədər Əlimərdanı yuxuda görmüşəm.

O dinmədi.

– Xeyir olsun, – deyə Qərənfil bacı cavab verdi.

– Mənim yuxum həmişə xeyir olur, – deyə qaranlıqda Murada baxaraq gülümsədim.

Onun iri qara gözləri ulduzların ziyasını şəvə kimi əks edirdi.

– Yoldaş Hümmət, – mən bəhanə ilə irəliləyib qabaqda gedənlərə qoşuldum, – məgər sizin rayonda səyyar kino yoxdur?

– Nə üçün yoxdur, var.

– Heç bura gəlmir.

– Gec-gec gəlir. Kəndlərimiz çoxdur.

Bu, öz-özlüyündə mühüm məsələ idi. Lakin nə gizlədim, bütün fikrim, xəyalım arxada gələn ayaq səslərində idi. Nəhayət, özümü saxlaya bilməyərək, başımı döndərib geri baxdım. Nəzərlərimiz qarşılaşdı. Belə anlarda mənim keçirdiyim halları heç bir qıza arzu etməzdim. Bu, yalnız ümidsiz bir eşqin doğurduğu ruhi iztirab deyildi. Bu, eyni zamanda, fiziki bir əzab idi. Onun gözləri qapqara bir atəş idi. Onun baxışları nəhayətsiz dərəcədə mükəddər idi...

Mən o gecə yata bilmədim. Çarpayıda o üz-bu üzə çevrilir, sürəkli və müztərib baxışlardan xilas olmağa can atırdım. Lakin bu mümkün deyildi. Dərin zülmət içində parlayan bir cüt göz bütün varlığıma hakim olur, bədənim yanırdı.

Nəriman əmigil mənə nə qədər hörmət eləsələr də, özüm üçün balaca bir yuva düzəltməli idim. Ona görə də, səhər çay içdiyimiz zaman (Hümmətlə Murad gecəykən getmişdilər) mədəniyyət evindəki balaca otaqlardan birində olmağa Nəriman əmidən icazə istədim.

– Mədəniyyət evinin ixtiyarı səndədir, – dedi, – ancaq bizdən nə pislik gördün ki, gedirsən?

Qərənfil bacı da söhbətə qarışdı:

– Vallah, bu az vaxtda üz-gözümüz sənə elə öyrənib ki, elə bilirəm doğma balamsan.

Hər ikisi birdən-birə mənə qocalmış kimi göründü. Ürəyim sıxıldı.

– Onsuz da hər gün görüşəcəyik, – dedim, – ancaq mədəniyyət evində olmağım yaxşıdır. Tez-tez məşq eləmək, kitabxana ilə məşğul olmaq lazım gələcək...

Nəriman əmi köksünü ötürdü və dedi:

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов