Страница 2 из 39 · 3%

– Niyə burada oturmusunuz, bacı? – deyə təəccüblə soruşdu.

Mən onun səsini eşidib, Ay işığında şəvə kimi parlayan iri, qara gözlərini görərkən diksindim: “Ax, leytenant... Mənim cavan leytenantım, sən haradan gəlib çıxdın? Yoxsa, bu, yuxudur?”

O, motosiklin dayağını salıb, mənə bir az da yaxın gəldi:

– Niyə dinmirsiniz? Yoxsa, sizə bir şey olub?

“Ax, leytenant, böyürtkən kolu üzümə kölgə saldığı üçünmü məni tanıya bilmirsən? Yoxsa, mən o qədər dəyişilmişəm, o qədər xarab olmuşam ki...”

– Mənə heç bir şey olmayıb. Dincimi alıram, – deyə, nəhayət, dilləndim.

– Hara gedirsiniz?

– Güney qışlağa...

– Bəs, piyada nə üçün?..

– Avtobusa çata bilmədim.

“Nə üçün sənə yalan deyirəm? Nə üçün həqiqəti söyləmirəm?”

– Nahaq yerə piyada gəlmisiniz, – dedi. – Stansiyadan Güney qışlağa otuz kilometrdir. Tərkimdə otura bilərsiniz?

O, papiros çıxartdı, kibritin sarımtıl alovu onun üzündə titrədi.

“Gərək ki, sən onda papiros çəkmirdin. O zaman sənin bu nazik qara bığların da yox idi. Çöhrən də indiki qədər arıq, solğun deyildi.”

– Tərkimdə otura bilərsinizmi? – deyə o, sualını təkrar etdi.

– Otura bilərəm. Ancaq qorxuram sizə əziyyət ola.

– Nə əziyyət... Gecə vaxtı bu çölün ortasında qalmayacaqsınız ki. Şeylərinizi verin bura.

Mən yalnız indi ayağa durmaq lazım olduğunu dərk etdim, qalxıb motosiklə yanaşdım. O, papirosunu tullayıb toqqasını açdı, çamadanla bağlamanı bir-birinə çal-keçir edərək, cəld hərəkətlə götürüb motosiklin üstünə aşırdı. Sonra motosiklə minib üzünü mənə tutdu:

– Gəlin əyləşin!

“Sən o zaman belə sərt, belə amiranə danışmazdın.”

Mən qalxıb onun tərkində oturdum.

– Bərk tutun, maşın çuxura-zada düşəndə qorxmayın.

– Qorxmaram.

Yola düşdük. Mən onun nazik belindən bərk-bərk yapışmışdım. Ay işığında onun qara qıvrım saçlarını küləyin necə oynatdığına tamaşa edirdim.

O, daim qabağa baxaraq sürürdü. Mən ona olan bu yaxınlığımın səadəti ilə sərməst idim. Bir dəfə maşın nəyin isə üzərindən tullanaraq bizi bərk silkələdikdə, dodaqlarım onun kürəyinə toxundu... Mən istərdim ki, bu yol uzansın, uzansın. Biz əbədi olaraq elə beləcə gedək...

Lakin, biz, tezliklə Ay işığında gümüşü rəngə çalan söyüdlərin altı ilə səssiz-səmirsiz axaraq, sanki qurbağaların hay-küyünü dinləyən arxa çatıb körpünü keçdik. Burdan o yana kənd başlayırdı. O, motosiklin sürətini azaldaraq, geriyə çevrilmədən soruşdu:

– Kimin evinə gedəcəksiniz?

– Bilmirəm, – deyə təqsirkar ifadə ilə cavab verdim. – Mən bura birinci dəfə gəlirəm.

O, elektrik fənərləri ilə işıqlanmış küçənin ortasında motosikli saxladı və biz düşəndən sonra:

– Görünür, – dedi, – siz bura iş üçün gəlmisiniz?

Mən anlaşılmaz qorxu içində onun baxışlarından qaçaraq:

– Bəli, mədəniyyət evində işləməyə gəlmişəm, – deyə cavab verdim.

Lakin, onun mənə çox diqqətlə nəzər saldığını hiss edərək, qeyri-ixtiyari başımı qaldırdıqda:

– Siz Nuriyyə deyilsiniz? – deyə heyrətlə soruşdu.

– Deyəsən, özüdür.

– Bəs, niyə bayaqdan tanışlıq vermirdiniz?

Dinmədim. Ağlayacağımdan qorxduğum üçün dinmədim. O mənim buza dönmüş soyuq əlimdən tutub:

– Bu nə qəribə təsadüfdür, Nuriyyə, – deyə pıçıldadı. – Siz hara, bura hara?

Mən onun Ay işığında qara kölgə ilə haşiyələnmiş gözlərinə baxaraq, əlimi iri, cod və gözəl əlindən çəkmədən susurdum.

– Siz məni yolda görəndə tanıdınız?

“Bəli” mənasında başımı tərpətdim. O, dərindən nəfəs alaraq, əlimi buraxdı.

– Yaxşı, indi siz dincəlməlisiniz, – dedi. – Gedək.

Biz yavaş addımlarla irəliləyib, qalın bağla əhatə olunmuş bir evin darvazasında dayandıq.

– Bura kolxoz sədrinin evidir, – deyə o, astadan izah etdi. – Özü də, arvadı da çox yaxşı adamlardır. Hələlik ev-zad düzəldənəcən burada qalarsınız.

O, darvazanı döydü. Evdən kişi səsi soruşdu:

– Kimdir?

– Mənəm, Nəriman əmi..

Çox çəkmədi ki, ayaq səsləri eşidildi. Sonra darvazanın balaca qapısı cırıltı ilə açıldı. Nəriman əmi qəddini əyərək papaqsız, qırxıq başını uzadıb bizə baxdı və məni görcək dərhal bayıra çıxaraq:

– Xoş gəlmisiniz, – deyə əl verdi.

Darvazanın baş tərəfinə vurulmuş elektrik çırağı onun üzünü işıqlandırmışdı. Bu, ucaboylu, yoğun bir kişi idi. Ucları altdan yuxarı burulmuş qumral bığları onun tərtəmiz təraş edilmiş qırmızı yanaqlı çöhrəsinə gümrah və cəsur görkəm verirdi. Sonradan öyrəndiyimə görə, yaşı altmışı ötmüşdü, lakin ona əllidən artıq yaş vermək olmazdı. Ayaqlarında uzunboğaz çəkmə, əynində sürməyi yun parçadan köynək-şalvar var idi. Belini enli qayışla qıs-qıvraq bağlamışdı.

Məni başdan-ayağa süzərək:

– Buyurun içəri, – dedi və çamadanımı oğlandan aldı.

Biz motosikli bayırda qoyub, bağçaya girdik və ağacların arası ilə gedib böyük kürsülü evin eyvanına çıxdıq.

Əynində güllü xalat, başında ağ haşiyəli bənövüş kəlağayı, qırx beş-qırx altı yaşlarında balacaboy, yumru bir qadın qabağımıza yeriyərək mənə “xoşgəldin” elədi. Sonra qolumdan tutub, çəhrayı abajurlu elektrik çırağının altına qoyulmuş ağ örtüklü stola tərəf çəkdi:

– Gəlin əyləşin.

– Murad, bacıqızı hansı qohumlardandır? – deyə Nəriman əmi soruşdu.

– Nuriyyə xanım mədəniyyət evində işləməyə gəlib.

– Yoxsa, bacıqızı artistdir?

Murad, Nəriman əmiyə cavab verməyərək, mənə baxdı.

– Bəli, artistəm, – dedim və Muradın baxışlarındakı təəccübü hiss edərək, daha ciddi görkəm aldım.

– Ay, bir də xoş gəlmisən, – deyə Nəriman əmi nəşə ilə səsləndi.

– Neçə dəfə zəng eləyib nazirə demişdim. Əşi, o boyda mədəniyyət sarayı tikdirmişik, qalıb ağzı bağlı... Hə, deməli, artistsən. Çox gözəl, çox gözəl...

Murad zarafatyana onu məzəmmət elədi:

– Nazirə zəng vurub artist istəyirsən, amma artistin qabağına bir maşın da göndərmirsən. Nuriyyə xanım stansiyadan pay-piyada gəlirdi. (Nə üçün o mənə xanım deyirdi? Nə üçün sadəcə adımı söyləmirdi.)

– Təqsir özündə olub, bir teleqramdan-zaddan vursaydı, nəinki stansiyaya, lap Bakıya maşın göndərərdim.

– Sağ olun, elə göndərmişkən varsınız, – dedim.

– Bakıda hansı teatrda işləyirdin?

– İşləmirdim, oxuyurdum. Bu il teatr institutunu qurtarmışam.

Nəriman əmi birdən qəddini elə gümrahlıqla düzəltdi ki, elə bil farağat komandasında duracaqdı:

– Əşi, Güney qışlaq hara, institut qurtarmış artist hara?! Qərənfil, niyə durmusan, tez ol, gör nə qayırırsan.

– Bu saat, bu saat, – Qərənfil bacı quş kimi səkərək, eyvanın aşağı başına, kürəyə tərəf getdi.

Murad Nəriman əmiyə baxıb gülümsündü:

– Yaxşı da, görək bu institut qurtarmış artist üçün necə şərait düzəldəcəksən.

“...Sənin mənə göstərdiyin qayğıda hiss etdiyim bu yadlıq haradandır? Elə bil, mənə acıyırsan.”

Nəriman əmi ovurdlarını şişirdərək, əlini bığına çəkib, məzəmmətlə Murada baxdı:

– Bilirsən ki, Nəriman düzəldər!

Qərənfil bacı stəkan-nəlbəki, qənd, mürəbbə gətirib stolun üstünə düzərək:

– Ay Murad, – dedi, – bizim kişinin yanını yerə qoymaqla işi yoxdur. Sən niyə ayaq üstündə durmusan? Otursana.

– Yox, gedirəm.

Murad qaşlarını çatdı, üzü birdən-birə tutqunlaşdı. Gözləri kədərli bir ifadə aldı:

– Nuriyyə xanım, – dedi – buranı öz eviniz hesab eləyin. Hər nə sözünüz olsa, Nəriman əmiyə, Qərənfil bacıya deyin, çəkinməyin.

O bu sözləri elə deyirdi ki, elə bil, əziz bir adamını qoyub uzaq səfərə gedirdi.

– Otur, bir stəkan çaydan-zaddan iç, – deyə Nəriman əmi ona təklif etdi. – Qorxma, bizdə olmağına arvad bir söz deməz.

Mən bu axırıncı sözləri eşidərkən diksindim. Sonra özümdə qəribə halsızlıq hiss elədim. Elə bil, bütün gücüm bir anda məni tərk edib getdi. Murad, Nəriman əminin zarafatına cavab vermədi, tutqun və sərt ifadə ilə:

– Xudahafiz, – deyib tələsik eyvandan düşdü.

Darvazadan çıxıncaya qədər gözlərimi ondan çəkmədim. Mənə elə gəldi ki, onu təkrar itirdim. Elə bil ki, bu bir saatın içində yenidən qayıdan ümid və arzularım, səadətim, motosiklin səsi ilə birlikdə gecənin sükutuna qarışaraq, yox olub getdi.

Mən gülümsəyərək Nəriman əmi ilə Qərənfil bacıya baxdım. Görünür, mənim bu təbəssümümdə, nə isə, qeyri-adi bir hal var idi. Qərənfil bacı bilmirdi ki, mənim daha gülümsəməkdən başqa ayrı çarəm qalmamışdır.

Qərənfil bacı bilmirdi ki, mənim qəlbim heç zaman mənə şikayət etməmişdir. Ata-anamın vəfatından sonra səkkiz yaşında ikən əmimin öhdəsində qaldım. İnsafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib, səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırırdı. Lakin mənim balaca qəlbim səssiz, lal nəğmələr oxuyaraq, məchul bir ümidlə yaşadı; səhər günəşin doğmasını, bahar çiçəklərinin açılmasını, isti yay axşamı dağlardan əsən sərin yelləri sevinc və heyranlıqla qarşıladı. Sonra kənd məktəbində bizə dərs deyən qoca müəllimimiz əmim arvadının mənə nə divan tutduğunu bilərək, qəzetə yazdığı üçün, məni onlardan alıb uşaq evinə verdilər. Neçə vaxt orada heç bir yaxın adam və qohum üzü görmədən yaşadım. Həmişə məktəb müsamirələrində güldürücü rollar oynayardım.

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов