Страница 3 из 39 · 5%

İnstitutda oxuduğum zaman rəfiqələrim gündə təzə paltar geydikləri halda, mən bütün ili bir donla başa vurdum, lakin qəlbim sıxılmadı. O, yəni, qəlbim yalnız iki dəfə bərk məyus olaraq, sarsılaraq mənə əzab vermişdir. Bunun birisi, beş il qabaq, Gəncədə orta məktəbin son sinfində oxuduğum zaman olmuşdu. Bizim məhəllədə kiçik bir klub var idi. Biz, onuncu sinif şagirdləri, istirahət günlərində ora rəqs etməyə gedərdik. Bizdən başqa həmin kluba tələbələr, gənc zabitlər də gələrdilər. Bir istirahət günü dörd-beş qız dayanıb rəqsə dəvət olunmağımızı gözləyirdik. Birdən oğlanların arasında iyirmi iki-iyirmi üç yaşlarında ucaboy, qaragöz, məğrur duruşlu bir oğlan görüb diksindim. Mənə elə gəldi ki, bu gənc leytenantı haradansa tanıyıram. Haradasa görmüşəm. O, özü kimi gənc bir leytenantla danışdığından, mənim baxışlarımdan xəbəri yox idi. Onun duruşunda, danışığında qayğısız, şən bir hal var idi. Saçları da gözləri kimi qapqara idi.

Nəhayət, onlar söhbətlərini kəsib bizə sarı döndükdə nəzərlərimiz qarşılaşdı. (Nə üçün onun gözləri birinci olaraq məhz mənim baxışlarıma rast gəldi?..) Ürəyim şiddətlə çırpındı. Ani bir qorxu içində hər şeyi – özümü, bütün ətrafımdakıları unutdum. Elə bil ki, onun iri qara gözləri bir sehrlə bütün varlığıma hakim oldu. Yanaqlarım od tutub yandı. Xoş bir yarıbayğınlıq içində gözlərim dumanlandı. O gülümsəyirdi... Sanki mən, on yeddi illik ömrümdə gənc qız olduğumu ilk dəfə hiss edirdim. (Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur...) Mən onun dəvətini qeyri-şüuri bir itaətkarlıqla qəbul etdim. Rəqs zamanı aramızda, sanki çalınan musiqinin ahənginə uyğun, belə bir söhbət oldu:

– Adınız nədir?

– ...

– Nə üçün gülümsəyirsiniz?

– Adım Nuriyyədir. Bəs, sizin adınız nədir?

– Murad. Yadınızdan çıxmaz ki?

Mən başımı buladım.

– Eviniz hansı küçədədir?

– Evimiz yoxdur.

– Bəs, harada olursunuz?

– Uşaq evində.

Mən gözlərimi yarıqapayaraq gülümsəyirdim. Mən onun keçmişlərə toxunmasını istəmirdim. O daha heç nə soruşmadı. Rəqsdən sonra:

– Bəlkə bir az havaya çıxaq, – deyə o təklif etdi, – bura çox istidir.

Etiraz etmədim.

Küçə ilə gedərkən mənə elə gəlirdi ki, hamı nəyə isə sevinir, nə isə fərəhli bir iş üçün tələsir. Mən hərdən göz qapaqlarımı qaldırıb ona baxır, yavaş və həyəcanlı səslə onun suallarına cavab verirdim.

– Siz buralısınız? – deyə, nəhayət, mən də ondan soruşdum.

– Xeyr, – dedi, – uzaq bir kənddənəm...

Elə bu zaman qabaqdan gələn ortayaşlı bir polkovnik Murada baxıb xəfifcə gülümsədi və əlini gözünün üstünə qaldıraraq, oğlanın salamına cavab verib keçdi. Gənc leytenantın polkovniki görərkən qızarıb özünü yığışdırması mənə həm gülməli, həm də olduqca xoş təsir bağışladı. Bəlkə də, bu kiçik təsadüf ucundan mən ondan kəndlərinin adını soruşmağı unutdum...

Mən onun varlığından, onun baxışından, danışığından başqa heç nə hiss etmirdim. Duyğuların, yaz seli kimi, birdən başlamış axını fikrimin bir nöqtədə qərar tapmasına imkan verməyərək, məni hey irəliyə, hər anı mənim üçün bihuşedici dərəcədə gözəl və yeni olan bir aləmə sövq edirdi. Mən, təzəcə qanad bağlayaraq, pərvaz etməkdən sevinib özünü unutmuş quş balası kimiydim.

Biz qırıq-qırıq, rabitəsiz sözlər danışa-danışa şəhərdən çıxmışdıq. Yanımızdan tez-tez yük və minik maşınları gəlib keçirdi. Yoldan burulub sakit çölə düşdük. İl yağıntılı keçdiyindən, mayın qurtarmasına baxmayaraq, düzlər yamyaşıl idi. Orada-burada ağ, çəhrayı, sarı çiçəklər görünürdü. Qaramtıl bir bulud parçası qüruba əyilən günəşin qabağını tutduğu üçün çölün biz olan hissəsinə kölgə düşmüşdü, qalan yerlər isə, qızılı ziya içindəydi.

– Bilirsiniz, bu səhər yuxudan duranda özümü elə şad hiss edirdim ki, elə bil, mənə nə isə böyük bir xoşbəxtlik üz vermişdi. Sən demə, doğrudan da...

O, cümləsini bitirməyərək susdu. Mən onun qoluna girmək üçün özümdə şiddətli bir arzu hiss etdim. Elə bil ki, bu ona əyan oldu və icazə almadan qolumdan tutdu.

Hər tərəf geniş, hər tərəf sakit... Çölün gün düşən yerlərindəki çiçəklərin rəngi daha parlaq görünürdü. Gecikmiş balaca, sava lalələr yaqut kimi şəfəq saçırdı.

O, başını azca mənə tərəf əyərək:

– Nuriyyə, – dedi, – biz heç vaxt bir-birimizdən ayrılmayacağıq... Elə deyilmi?

“Vaxta ki, sən deyirsən, demək, elədir. Mən sənin səsində elə bir mərdlik hiss edirəm ki...”

– Siz onilliyi bitirərsiniz... Sonra...

– Sonra nə?!

Bu zaman başımız üzərindən həyəcanlı səslər çıxara-çıxara bir dəstə quş uçurdu...

– Ancaq... Siz niyə danışmırsınız?

Mən əlimi onun əlinin üstünə qoyaraq heç bir söz demədim. Mən ata-ana, bacı-qardaş ünsiyyəti görməmiş bir qız idim... İndisə, budur, dünyada mənim üçün ən əziz, ən qiymətli olan adamı tapmışdım. Mən ondan heç nə soruşmurdum. Biz bir-birimizə bu qədər yaxın, bu qədər doğma ikən mən ondan nə soruşa bilərdim?! Mən onun sözünə necə təəccüb edə bilərdim?!

“Mənim əzizim, cavan leytenant, sən də məndən heç nə soruşma, heç nə. Sən hər şeyi bilirsən... Sən hiss etməyə bilməzsən. Doğrudur, biz bir-birimizi cəmi iki-üç saatdır ki, tanıyırıq. Ancaq mənim üçün zaman öz hökmünü vermişdir. Mənə elə gəlir ki, səni tanıdığım, sənə bağlandığım, sənin boy-buxununla, mərdanə görkəminlə fəxr etdiyim tam bir əsrdir. Bir əbədiyyətdir. Elə bil, min ildir ki, mən sənin səsindəki nəcibliyə arxalanıram!”

– Siz Nizaminin məzarını görmüsünüz? – deyə əlimi xeyli aralıdakı tənha türbəyə uzatdım.

– Bir neçə dəfə yanından keçib getmişəm.

– İçərisinə baxmamısınız?

– Xeyr, necə məgər?

– Elə-belə soruşuram. İstəyirsiniz birlikdə gedək.

– Gedək.

Yol uzunu mən çoxlu çiçək dərdim. Murad yerdən, boy atmış uzun bir qatırdırnağı üzdü və çiçəkləri məndən alıb dəstə bağlayaraq, “uşaqlıqda quzuqulağı-zad yığanda belə edərdik” deyə yenə də özümə qaytardı.

Biz Nizaminin türbəsinə çatarkən, yuxarı dağların zirvəsindən qapqara bir bulud parçası qopub, günəşin qabağını tutan buludla birləşdi...

...Neçə gün bundan əvvəl kim tərəfindənsə şairin məzarı üstünə qoyulmuş qızılgüllər quruyub xəzəl olmuşdu. Mən də gətirdiyim təzə çöl çiçəklərini onların yanına qoydum: “On dörd yaşımdan başlayaraq, hər il, anadan olan günümdə iki-üç qız yoldaşımı dilə tutaraq sənin türbənə gələrdim. Lakin heç kəs mənim bura gəlişimin əsl səbəbini bilməzdi. Heç kəs bilməzdi ki, mən məhz anadan olduğum gün bura gəlirəm. Çünki o gün mənim ürəyim çox dolu olurdu... Mən bu barədə kimsəyə bir söz demirdim... İndisə mən tək deyiləm. Mən sənin türbənə həyatımın ən xoşbəxt günündə gəlmişəm. Mən sənin tərənnüm etdiyin böyük məhəbbətin qüdrətini duyaraq gəlmişəm...”

Türbənin içi getdikcə qaranlıqlaşdığından, mənim gətirdiyim təzə çiçəklər yavaş-yavaş öz rəngini itirib, əvvəlki qurumuş güllərdən seçilmirdi.

Başımı qaldırıb Murada baxdım, elə bu zaman bayırda şiddətlə göy guruldadı, şimşək parladı.

Mən uşaqlıqda həmişə göy gurultusundan qorxardım.

– Gedək, Murad.

– Gedək.

Lakin biz bayıra çıxana qədər göy bir də eyni şiddətlə gurladı. Dalbadal şimşək çaxdı və sonra yağış şırıldadı. Biz qalxıb türbənin üstündəki taxtapuşlu meydançada dayandıq. Birdən göy elə qəzəblə şaqqıldadı ki, elə bil yuxarıda, başımız üzərində bizə məlum olmayan hansı bir aləmsə dağılıb tar-mar oldu. Eyni anda ildırım çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. Sonra hər şey boz bir qaranlıq içində itib-batdı. Mən qeyri-şüuri bir hərəkətlə Muradın böyrünə qısıldım. O, qolunu kürəyimdən gətirib çiynimdən tutaraq:

– Yoxsa, qorxursan! – dedi.

Mən dinmirdim. Mən üşüyürdüm. Mən gözlərimi qapayaraq, onun gənc bədəninin hərarətini duya-duya tufanın qorxulu səsini dinləyirdim.

Mən tək deyildim!

– Yağış bu saat kəsəcək... yuxarı ayazıyır.

Mən gözlərimi açdım. Guruldayan qaranlıq yağış tufanı arasından göyün işıqlı bir hissəsi görünürdü.

– Hələ ertə imiş ki... Mən də elə bilirəm gecə düşüb... – deyə ruh yüksəkliyi ilə dikəlib saçlarımı düzəltdim. Sonra özüm Muradın qoluna girdim.

Yağış kəsdi. Göyün qara səthi bir neçə yerdən parçalandı. Buludlar tələsirlərmiş kimi aşağılara – üfüqə doğru sürətlə uzaqlaşdı. Onlardan qırılıb qalan tünd-bənövşəyi bulud parçası günəşin son şüaları ilə işıqlanmışdı.

Biz islanmış otları ayaqlaya-ayaqlaya düzənlikdən keçib asfalt yola çıxdıq.

– Deyirlər, sabah yaxşı film göstəriləcək... Bəlkə gedək...

– Yox, Murad, birisi gün riyaziyyatdan imtahan verəcəyik. Bir az hazırlaşmaq lazımdır.

– Görürsənmi... İmtahanların başlandığı heç ağlıma gəlməyib... Qorxmursan ki?

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов