Страница 5 из 39 · 10%

Biz eyvanda, alma ağacının sərin kölgəsində oturub çay içdiyimiz zaman iki oğlan gəldi. Onların əsl adlarını mən sonralar da bilmədim. Lakin Qulu Kəhrizli balaca çıxıq gözlərini gizli bir təbəssümlə oynadaraq, birini İmi, digərini isə Cimi deyə mənə təqdim etdi. İkisi də bir yaşda idi (iyirmi dörd-iyirmi beş yaşlarında). İkisi də ortaboylu idi. İkisinin də əynində bənövüş trikodan kostyum, ayaqlarında ağ çəkmə var idi. İkisi də narıncı köynəyin üstündən mavi zanbağa bənzər qalstuk bağlamışdı. İkisinin də başı açıq, saçları səliqə ilə yana daranmışdı. Lakin İminin saçları geriyə doğru xeyli azaldığından, alnı daha geniş görünürdü. İkisinin də üzü tərtəmiz taraş edilmişdi. Ciminin kömür kimi qara, qəşəng bığı var idi. İmi isə, bığsız idi. İkisinin də sifəti, bədən quruluşu mütənasib və yaraşıqlı idi.

İmi kimsəyə baxmadan ağır və təmkinli hərəkətlə papiros çəkir, Cimi isə, qəribə bir narahatlıqla tez-tez onun-bunun üzünə baxırdı.

– Belə erkən xeyir ola? – deyə Nəriman əmi Cimidən soruşdu.

– İmi yaxşı bir təşəbbüs qaldırıb, – Cimi əllərini ovuşdurdu. – İstəyirik...

Qərənfil bacı, birdən özündən çıxaraq, oğlanın sözünü ağzında qoydu.

– Təşəbbüs, təşəbbüs! Gündə bir təşəbbüs qaldırırsınız, içindən də bir qara qəpiklik şey çıxmır.

İmi yerində qurcalanaraq, papirosuna dərin bir qullab vurdu və kimsənin üzünə baxmadan kirpiklərini tez-tez qırpmağa başladı.

– Qərənfil xala, – deyə Cimi nəyə isə acıyırmış kimi üz-gözünü qəribə bir mərhəmət ifadəsi ilə bürüşdürdü. – Əvvəlcə qulaq asın, sonra acıqlanın.

– Qulaq asın!

– Qərənfil, bəsdir. Qərənfil, qoy görək nə deyirlər, – deyə Nəriman əmi bu dəfə nazik səslə dilləndi.

– İmi yaxşı bir təşəbbüs qaldırıb, Nəriman əmi. İstəyirik sovxoza gedən şosedən ayrılıb kəndə girən yolu sizin qapıya qədər asfalt eləyək.

Nəriman əmi təəccüblə soruşdu:

– Bizim qapıya qədər?

– Hələlik sizin qapıya qədər. Sonra imkanımız olanda...

İmi göz qapaqlarını qaldırıb sədrə baxdı. Ahəstə və inandırıcı bir səslə:

– Bilirsən, Nəriman əmi, – dedi, – biz Cimi ilə fikirləşdik ki, Hümmət də ispalkom olub. Tez-tez kəndə gedib-gələcək. Buranın da ki, torpağını bilirsən. Göydən bir damcı düşdü – palçıqdan tərpənmək olmur. Bizim üçün ayıb olar ki, ispalkomun maşını kəndin ortasında lehməyə batıb qalsın.

Qərənfil bacı gəlib onun qabağında durdu:

– Bura bax görüm, Hümmətdən qabaq ispalkom yox idi? Bir də, düz adamsınız, niyə raykomu demirsiniz. Hümməti devirsiniz?

[Mənbənin skanında burada mətn itib.]

İmi ağayana əda ilə gülümsədi:

– Hörmət lazımdır, ya yox?

Məzəli adamın üzü ciddi ifadə alanda çox qəribə görünür. Qərənfil bacı danışdıqca, Qulunun balaca qara bəbəkləri tez-tez o yan-bu yana qaçaraq, gah İmi ilə Ciminin, gah da Nəriman əminin üzünə zillənirdi.

– Gedin özünüzə iş axtarın. Sədrin sizin bu canfəşanlığınıza ehtiyacı yoxdur, – deyə Qərənfil bacı sözü İminin üzünə çırpdıqda, Qulunun da daxilindəki gərginlik son nöqtəyə çatdı:

– Düzdür, – deyə o, əlini havada tovladı. – Özünüzə iş tapın! Yekə adamsınız, belə şey olmaz. Bax, sədrin yanında deyirəm: nə qədər təşəbbüs qaldırırsınız qaldırın, bundan sonra sizə bir çet də əməkgünü yazmayacağam. Bitdi havayı gəzmək!

Qulu axırıncı sözləri deyərkən, özünü çəkərək, qürurla mənə baxdı.

İmi çox ləyaqətlə gülümsəyərək:

– Ay Qulu, – dedi, – sədr olan yerdə sən yuyulmamış çömçə kimi nahaq özünü ortalığa atırsan.

Mühasib ayağının birini irəli, birini geri qoyub, sinəsini qabartdı:

– Özümü ortalığa atacağam! Bəli, atacağam! Bəsdir yağ yeyib, yaxada gəzdiyiniz!..

– Qulu dayan!

– Qulu dayanmayacaq, Nəriman əmi, Qulu deyəcək! Qulu müftəxorları ifşa edəcək! Qulu heç vaxt havayı söz danışmamışdır! Qulu realistdir!

– Qulu nədir? – deyə Nəriman əmi təəccüblə soruşdu:

– Realistdir!

O, təşəxxüslə mənə baxdı:

Qulu hər gün çotka vurub, haqq-hesab edir ki, görsün bu gün kim özündən başqa, kolxoza neçə manatlıq xeyir verib. Manatlıq!

O, şəhadət barmağını qaldırıb şax tutaraq gah sədrə, gah da mənə baxdı:

– Nəticədə məlum olur ki, İmi ilə Cimi nəinki camaata xeyir veriblər, əksinə, özləri xırıd qurdu kimi daraşıblar kolxozun böyrünə.

İmi nəzakətlə gülümsədi:

– Qulu, biz səni tanıyırıq. Ancaq burada yad qonaq var.

Mühasibi od götürdü:

– Əvvəla, Qulunun nəyini tanıyırsınız? İkincisi, xeyr, hələ tanımırsınız!

Sədr yenə də astadan:

– Qulu, bəsdir!

Lakin Qulu yaman qızışmışdı:

– Siz Qulunu hələ bundan sonra tanıyacaqsınız! And olsun vicdanıma, budur deyirəm: mən necə ki, realist, gördüyünüz işi öz əlimlə yoxlamasam, sizə, bayaq dedim, bir çet də əməkgünü yazmayacağam. Lap istəyir nazir özü desin, yazmayacağam. Bitdi avara gəzmək.

Həmin bu gərgin dəqiqələrdə Ciminin çöhrəsi sədrin hər hərəkətini təəccüblü bir həssaslıqla əks etdirirdi. Elə bil, bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İmi isə, ləyaqətlə susaraq, kimsənin üzünə baxmırdı, lakin sədr acıqlanıb üz-gözünü turşutduqda, İmi də yerində qımıldanır, ya burnunu çəkir, ya papiros çıxarıb yandırırdı.

Sədr, Quluya heyranlıqla baxır, sanki onun bəlağətindən vəcdə gəlirdi. Nəhayət, o, ayağa qalxaraq, heç bir şey olmamış kimi, mülayim səslə dedi:

– Qulu, mən çölə gedirəm, sən bacıqızını apar mədəniyyət sarayına.

O mənə müraciətlə əlavə etdi:

– Get bax. Hər nə lazım olsa, kömək edərik. Təki sən bircə oranı işə sal. Hər dəfə qapısını bağlı görəndə, düzü, dilxor oluram.

O, İmi-Cimiyə tərəf döndü:

– Siz də yol məsələsini qatlayın qoyun bir qırağa. Kənd yolunun hamısını asfalt eləmək lazımdır, təkcə mənim qapıma gələn hissəsini yox!

Qərənfil bacı qalxıb, əsəbi addımlarla eyvanın aşağı tərəfinə getdi. Sədr onun ardınca baxaraq, cüssəsinə uymayan nazik və mehriban bir ifadə ilə:

– Asta yeri, Qərənfil! – dedi.

Sonra qaşqabağını tökərək, üzünü İmi-Cimiyə çevirdi:

– Axı, siz bilirsiniz ki, arvadın ürəyi xəstədir...

İmi gözlərini qırparaq gülümsədi:

– Məndə yaxşı ürək dərmanı var.

Nəriman əmi dərhal yumşaldı:

– İmi, İmi, amanın bir günüdür, sən Allah, ondan bir az Qərənfil üçün gətir.

İmi təmkinlə cavab verdi:

– Onu elə Qərənfil xala üçün gətirmişik. Bakıda bir dostum var, o göndərib.

– Təşəkkürlər, – deyə sədr başını azca əydi.

Cimi üz-gözünü mərhəmətlə bürüşdürdü:

– Əşi, vallah, bu kənddə İmidən çox sizin dərdinizi çəkən yoxdur, – dedi.

Sədrin üzü ciddiləşdi:

– Bəh-bəh, axşamacan İmi Cimini tərifləyir, Cimi də İmini. Hər şeyi qoyun bir tərəfə. Hamamı tikin qurtarın...

İmi heç bir söz demədən əlini gözünün üstünə qoydu.

Cimi isə ilhamla dedi:

– Söz veririk ki, iki aydan sonra sədr öz xüsusi nömrəsində çimsin.

Nəriman əminin üzündə mülayim təbəssüm göründü:

– Kultliçnost yaratmayın, ə, qoyun oturaq yerimizdə, – dedi. – Hamamı təkcə mənim üçün tikmirsiniz (sonradan öyrəndiyimə görə, Nəriman əmi Nikolay vaxtı rus-tatar məktəbində oxuyubmuş).

Qulu ilə mən kəndin ortasından keçən geniş küçə ilə mədəniyyət evinə tərəf yönələrkən, o hələ də tutqun idi.

– Bu İmi ilə Cimi harada işləyirlər? – deyə mən maraqla soruşdum.

– Guya, İmi təftiş komissiyonunun sədridir, Cimi də tikinti briqadiri... Di gəl ki, zalım uşağı arı yeyib, namusu da atıblar dallarına...

– Sədriniz işgüzar adama oxşayır, nə əcəb onlara bir söz demir?

– Sədrin azarı var.

– Nə cür?

– Nə cürü budur ki, iki daşın arasında, bir də görürsən Cimini oturdub böyründə, “Segah” oxudur. Yaman musiqibazdır.

– Bəyəm, Cimi elə oxuyandır?

– Oxuyan olmağına oxuyandır, düzü, elə mənim özümün də onun səsinə xoşum var. Di gəl ki, zalım oğlu, bu tikinti briqadirliyində heç bir iş görmür. Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda, utanıb tər tökmüyüm. Camaatın üzünə şax baxım.

– Savadı nədir?

– Doqquzuncudan çıxıb. Qaldı İmi. O da ki, əsər yazır.

– Əsər yazır?!

Qulu başını tərpədərək pıqqıldadı:

– Amma qırx ildir yazır, heç qurtarmır.

– Axı, nə yazır?

– Guya, Güney qışlaq kəndinin tarixini. Əsərinin qəhrəmanı da bizim sədrdir. Nə bilim, əvvəllər Güney qışlaqda yaşıl ağac tapılmazdı. Evlərin hamısı yerin altında tikilmiş qara damlardan ibarət idi. Sonra necə oldu ki, kolxoz quruldu. Nəriman əmi qolçomaqlarla necə mübarizə apardı. Yelli gədikdə qaçaq Əsədullayla necə atışdı. Sonra Söyüdlü arxı necə çəkdirdi. Qərəz, bir dastan. İndi sədr inanıb ki, doğrudan da, İmi bunları yazıb bir yana çıxaracaq.

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов