Söyüdlü arx
Страница 32 из 39 · 79%
Qulu mənə yaxınlaşıb həmişəki təki şən və gümrah görünüşlə:
– Nuriyyə xanım, – dedi, – tufan olacaq.
– Nə var ki?
– Ağabəyim deyir, əgər, sən o Nazxanımla bir yerdə teatr versən, dünyanı dağıdacağam.
– Nə üçün? Yazıq Nazxanım ona nə pislik eləyib? – deyə əsəbi halda soruşdum.
– Elə onu deyin...
Mənim dalğın olduğumu hiss edərək, söhbəti dəyişdi:
– Eybi yoxdur, əşi, birtəhər sovuşdurarıq. Bağışlayın, bu gün məşqimiz saat neçədədir?
– Altı tamamda.
– Demək, hələ qırx beş dəqiqə var. Mən bir elektrik stansiyasına dəyim gəlim. Deyirlər nə isə xarab olub.
Bu sözlərdən sonra o, yel kimi getdi. “Bu da qəribə adamdır, – deyə eyni əsəbiliklə düşünürdüm, – sən mühasib babasan. Sənin elektrik stansiyası ilə nə işin var? Maşın xarab olur, qoy onunla, kim lazımsa, o məşğul olsun, sənə nə dəxli var?”
Lakin bu fikirdən sonra özüm özümə o qədər kiçik, o qədər xəbis göründüm ki, bilaixtiyar əllərimlə üzümü qapadım.
...“Əlli yaşında cavan” musiqili komediyasının məşqləri qızğın getməkdəydi. Qulu tez-tez şəhadət barmağını yuxarı qaldıraraq:
– Sizi inandırıram ki, – deyirdi, – bu Nazxanım istedaddır.
Nazxanım isə, gah küsür, gah hirslənib Quluya hücum edir, gah da həqiqətən elə istedad göstərirdi ki, mən özüm də heyran qalırdım.
Hamısından maraqlısı o idi ki, Nazxanımla Qulunun rolları bir düşmüşdü.
...Gözlənilən axşam gəlib çatdı. Mədəniyyət evinin tamaşa zalı ağzına qədər dolu idi. Quzeylilərdən də xeyli adam var idi. Mən güman etmişdim ki, Murad gəlməyəcək. Lakin gəlmişdi. Bunun üçün ürəyimdə ona min dəfə təşəkkür edirdim. Elə bil, bütün dünyanı mənə vermişdilər. Elə bil, nişanlım bizə qonaq gəlmişdi. (Bu özü özlüyündə çox kədərli bir hiss idi.)
Nazxanımın səhnəyə ilk çıxışı çox maraqlı oldu. Əvvəlcə tutulub sözü yadından çıxartdı. Mən pərdə arxasından pıçıldayan kimi, elə bil, ona birdən-birə cəsarət gəldi. Dərhal rola girərək oynamağa başladı. O, getdikcə elə sərbəst, elə şən oynayırdı ki, sevincimdən ürəyim döyünürdü. Qabaq cərgədə oturmuş Ağabəyimin matı-qutu qurumuşdu. O, Nazxanımın oyununa elə tamaşa edirdi ki, elə bil, möcüzə görürdü. Nəriman əmi də qəribə bir təəccüblə baxırdı. Qərənfil bacı hey gülümsəyirdi və elə oturmuşdu ki, sanki bütün bədəni ilə rəqs edirdi.
Ümumiyyətlə, operetta çox gözəl təsir bağışlayırdı. Hamı gülürdü. Hamının üzündə şən ifadə var idi. Qulu lap qiyamət edirdi. Onun roldakı adı da Qulu olduğundan, çox məzəli çıxırdı. Bir yerdə Nazxanım ona (yəni, səhnədəki sevgilisinə) müraciətlə oxuyurdu:
Qulu, Qulu, ay Qulu,
Başına bir daş, Qulu,
Sən mənimsən, mən sənin,
Neynirsən pulu-mulu.
Elə bunu yenicə deyib qurtarmışdı ki: “Başına da daş, hələ bir az da o yana” deyə Ağabəyim yerindən səsləndi. Kərəm və başqaları bərkdən gülüşdülər. Nəriman əmi dönüb Ağabəyimə acıqlandı: “Bu, səhnədir, başa düş!” Sonra yerbəyerdən pıçıldadılar: “Hişş”. Oyun davam etdi. Nazxanım qətiyyən pərt olmayaraq, daha da cəsarətlə oynayırdı. Onun müvəffəqiyyəti bizi o qədər sevindirmişdi ki, uçmağa qanadımız yox idi. Tənəffüs zamanı hamımız Nazxanımın başına yığışıb onu təbrik edirdik.
Nazxanım isə:
– Dayanın hələ, – deyirdi, – o Ağabəyimin acığına gərək elə oynayım ki, lap Bakının özündən gələnlərin də ağzı açıla qalsın.
Qulu da bir gözü qapıda olduğu halda:
– Sən mənim canım, incimə. Burjuaziya qalığıdır, – deyib Nazxanımı dilə tuturdu.
Elə bu zaman bir oğlan bizim qrim otağına girərək mənə dedi:
– Səadət bacı sizi görmək istəyir.
Elə bil, ürəyimi qırıb yerə saldılar. Çünki Səadət tamaşa zalında yox idi. Demək, indi gəlmişdi. Bu vaxt onun mənimlə nə sözü ola bilərdi? Tez qapını açıb gördüm ki, dayanıb arakəsmədə. Gülümsəyə-gülümsəyə yaxınlaşdım.
– Xoş gördük, Səadət bacı, – deyə əl uzatdım.
Cavab vermədi, alt dodağını dişləri arasına sıxıb, xəncər kimi kəskin nəzərlərlə gözlərimin içinə baxdı. Sonra dalbadal üzümə iki sillə çəkdi:
– Dərələrin iti! Şəhərdən bura ev dağıtmağa gəlmisən?! Əliuşaqlı ananı ərindən eləmək istəyirsən?! İki kəndin arasına qan salırsan?! (Səadət Güney qışlaqdan idi.) Sən yönlü adam olsaydın, bura gəlib çıxmazdın.
Səs-küyə hamı tökülüb gəlmişdi. Səadəti tuturdular, tutulmurdu. Bu incə gəlində nə yaman güc varmış! Qulu qrimli-qrimli onun qabağını kəsdi:
– Səadət! Səadət! Axı, mən də, Ağabəyim də sənə dedik ki, səhv edirsən, Nuriyyə xanım elə adam deyil!
– Cəhənnəm ol! Gödək koramal! Elə bu işlərin hamısını eləyən sənsən.
Qulu dal-dalı çəkilərək təəccüblə soruşdu:
– Hansı işlərin?
Bu zaman Nəriman əmi də gəlib çıxdı. Məsələnin nə yerdə olduğunu biləndən sonra ondan gözlənilməyən bir mehribanlıqla:
– Yekə adamsan, – deyə Səadəti məzəmmət elədi. – Sənə belə şey yaraşmaz.
Qərənfil bacı da gəlinin əlindən yapışdı:
– Niyə ortada heç nə olmaya-olmaya, özünü də, ərini də camaat arasında biabır eləyirsən? Bu yazıq qızın nə günahı var?
“Yazıq”!” Mən diksindim. Mən yazıq deyiləm! Mən bu saat özümü hamıdan güclü hiss edirəm. Mənə elə gəlir ki, sıldırım bir dağı çıxdığım zaman qəflətən sürüşüb üzü üstə yerə dəydim. Elə bil, bu səs-küy, bu danışıqlar aşağıdan, dərənin dibindən gəlirdi.
– Bu yazıq elə adam deyil.
– Yazıq, gələndən bizim üçün canından-başından keçir.
– Yazıq, ürəyiaçıq qızdır, – deyə ətrafımıza yığılmış adamlar səslənirdilər.
Səadət isə, gözləri alacalanmış halda qışqırırdı:
– Hamınız yalan deyirsiniz, hamınız ikiüzlüsünüz. Siz bunu tanımırsınız. Bu gələndən bəri Murad evdən-eşikdən didərgin düşüb. Boğazından çörək, su getmir. Bu mənim ərim üçün gah kitab göndərir, gah bilməzsiniz neyləyir. Soruşun görək, bunun yad kişiylə böyürtkənlikdə nə işi var idi?
Nazxanım yeriyib onun qabağında durdu:
– Aaz... aaz... – dedi, – bir insafın olsun. Mən gecə-gündüz bu qızla bir yerdəyəm. Niyə havayı söz danışırsan?
Lakin Səadət heç nə görmür, heç nə eşitmirdi. Mən isə, təəccüblü bir soyuqqanlılıqla dayanıb, ona elə diqqətlə baxırdım ki, guya, bu dəqiqə camaatın içində təhqir edilən mən deyildim. Elə bil, mən nəyi isə öyrənmək, nəyi isə dərk etmək istəyirdim. Lakin mən heç nə öyrənmək istəmirdim. Mən qarşımda çırpınan, əzab çəkən, ürəyi od tutub-yanan bu gənc və gözəl qadına acıyırdım. Mən özümün təhqir olunmağım barədə düşünmürdüm. Onun mənə zillənmiş ala gözləri, zərif ağ çöhrəsi tamamilə ayrı şeylər söyləyirdi. Onların ümumi ahəngində gənc qadının yağdırdığı bu dəhşətli sözlərlə əlaqəsi olmayan bir məsumluq var idi. Sanki bu danışan əslində o deyildi.
Birdən, Murad (görünür, yalnız indi xəbər tutmuşdu) adamları o yan-bu yana edərək tələsik yaxınlaşıb tutqun səslə:
– Gedək, Səadət, – deyə yavaşca qadının qolundan yapışdı.
Səadət əvvəlcə kinli nəzərlə ərinə baxdı. Sonra birdən əlləri ilə üzünü tutub hönkürdü.
– Aparın, içəridə bir az sudan-zaddan verin, sakit olsun, – deyə Nəriman əmi qaşqabaqlı halda dilləndi.
Əri onun qoluna girərək, bizim qrim otağına apardı. Mən Səriyyəyə:
– Get, mənim otağımda stolun yeşiyində valerian var, gətir, – dedim.
Qrim otağında o, taqətsiz halda yıxıldığı stulun arxasına söykənərək, yanıqlı-yanıqlı ağlayır, elə bil, heç kəsi görüb-duymurdu. Elə bil, indi o, öz kədərindən başqa hər şeyə biganə idi.
Qulu suya bir neçə damcı valerian töküb ona verdi. Səadət dərmanı alıb içdi.
– Nuriyyə xanım, – Murad mənə müraciət etdi. – Xahiş edirəm, tamaşanı davam etdirəsiniz. Camaat gözləyir.
Mən qrim otağından çıxdım. Səadətin indi bu gücsüz, aciz göz yaşları tökməsi ilə sanki bir az qabaq özümdə hiss etdiyim güc də yox olub getdi. Mən yorğunluqdan ayaq üstə zorla dayanaraq, Qulunu çağırtdırdım və tapşırdım ki, səhnəyə çıxıb tamaşanın bu gecə daha davam etdirilməyəcəyini bildirsin.
Əgər, bu uğursuz hadisə olmasaydı, Nazxanımın ilk müvəffəqiyyəti bizim üçün tamam bir bayram olacaqdı.
...Görünür, dünyada ədalət, insaf vardır və bu, bizim iradəmizdən asılı deyil. O gecədən sonra yalnız mənim iş yoldaşlarımda deyil, başqalarında da özümə qarşı mərhəmət, hüsn-rəğbət duyurdum. Elə bil, o əhvalat adamların ürəyində mənə qarşı olan yaxşı hissləri vurub üzə çıxartmışdı. Əlbəttə, bu mənim üçün böyük təsəlli idi. Lakin, nə gizlədim, indiki vəziyyətimdə bu məni çox az maraqlandırırdı. Başqalarının mənim o cür təhqir olunmağıma necə baxdıqları barədə nə düşünür, nə də narahat olurdum. Bəlkə mən şəxsi ləyaqət hissimi itirmişdim? Bəlkə heç əvvəldən bu hiss məndə yox idi? Lakin elə böyük hisslər var idi ki, onların qarşısında hər şey kiçik və mənasız görünürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-soyudlu-arx
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik