Yenə də Nuru dayım
Страница 2 из 2 · 50%
Birinci dəfə olaraq, yalnız özümün deyil, ümumiyyətlə, insanların həyatındakı dərdləri hiss edirdim. Qonşumuzda bir kişi üç uşağı ilə arvadını ataraq gedib dövlətli dul bir arvadla evlənib, onun evinə girmişdi. Mən bu əhvalatı eşidəndə Kürdobadakı Qaracanı və onun çobana qoşulub qaçan anasını xatırladım. Birinci dəfə olaraq insanların nəyi, hansı ləzzəti isə öz övladlarından çox istədiklərini dərk etməyə başladım, bu mənə son dərəcə qəddarlıq kimi göründü. Arvad-uşaqlarını atıb gedən kişiyə bəzən küçədə-zadda rast gəlirdim. Onun başqa kişilərlə zarafatlaşdığını, qəhqəhə ilə güldüyünü də görürdüm və onun bu şadlığı mənə iyrənc təsir bağışlayırdı. Mən heç vəchlə anlaya bilmirdim ki, uşaqlarını yiyəsiz atıb gedən, onların ac-susuzluğundan xəbəri olmayan adam başqa bir şeydən necə zövq ala bilər?! Bu cür adamlar da mənə Nuru dayım kimi anlaşılmaz, müəmmalı görünürdülər. Amma bütün bədəni, saçları, kirpikləri ağ olan Kəklik xalanın bizim alt evdə, torpaq döşəmənin üstündə oğlanları ilə əyləşib göy-soğanla şor-çörək yeməsi və heç birinin də üzündə narazılıq, kədər-filan əlamətləri görünməməsi mənə olduqca xoş təsir bağışlayırdı. Kəklik xala kimi anaları olduğu üçün mən onun oğlanlarını xoşbəxt hesab eləyirdim. Onların lap körpə vaxtlarından atasız qaldıqları barədə isə düşünmürdüm.
... Nuru dayım Qarabulaqdan qaçandan bir neçə ay sonra bir gün atam günorta naharına gələndə, bir növ, istehza ilə dedi:
– Qardaşın Bakıdadı, evi də satıb Muxtar bəyə.
– Hansı evi? – deyə anam təəccüblə soruşdu.
Atam eyni ifadə ilə dedi:
– Neçə eviniz var?.. Buradakı ata evinizi.
Anam acıqlı-acıqlı dedi:
– Ev anamındı. Nurunun nə ixtiyarı var evi satsın?
Atam dedi:
– Onu qardaşından soruşmaq lazımdı. Ağlına nə gəlir eləyir. Tutaq ki, onun da pulunu üç-dörd aya xərcləyib qurtardı, sonra?!
Anam papiros yandıraraq daha bir söz demədi. Atam nahar eləyib gedəndən sonra anamla getdik Fatma nənəmgilə. Nənəm eyvandakı taxtın üstündə oturub müştükdə papiros çəkirdi. Anam dedi:
– Məşədi Qulunun oğlu Nurunu Bakıda görüb.
Arvadın indi tez-tez sulanan ala gözləri birdən-birə canlandı və o, həyəcanla soruşdu:
– Deyir, nə təhərdi, naxoş-zad döyül ki?
Anam acıqlı-acıqlı dedi:
– Naxoş niyə olur?.. Özü də evi satıb...
Nənəm də təəccüblə soruşdu:
– Hansı evi?
Anam yenə acıqlı-acıqlı dedi:
– Budey, bu içində olduğun evi.
Nənəm müştüyünü dərindən sümürüb düşkün səslə soruşdu:
– Kimə satıb?
– Qaradonlu Muxtar bəyə.
Fatma nənəm neçə ildən bəri onda birinci dəfə gördüyüm bir qızğınlıqla dedi:
– Bəyəm, Bayram Muxtardan əskik kişi idi ki, onun qoyub getdiyi evi Muxtara satıb, yurdunu kor qoyurdu?!
Anam dedi:
– Sən onu oğluna de!
Elə bil ki, anamın bu sözü nənəmin bütün cəsarətini əlindən alıb, onu yenə də əvvəlki halına qaytardı. Nənəm müştüyündən dərindən bir nəfəs alıb dinmədi. Anam dedi:
– Qanunla ev sənə düşür! Nurunun ixtiyarı yoxdu özbaşına onu satsın. Qoy sənin adından bir ərizə yazaq, verək, hökumət qaytarsın.
Mən həyəcanla nənəmə baxdım. Bayram babamdan qalan evi başqa adama satdığı üçün mən də dayımın qarasına əsəbiləşirdim. Vaxtilə babamın məni istədiyi, mənə xoş sözlər dediyi bu evdə indi kimlərinsə gəlib olacaqları məndə acı bir ruh düşkünlüyü yaradırdı, məni təhqir edirdi. Ancaq nənəm dinmirdi.
Anam soruşdu:
– Nə deyirsən, ərizə yazaq?
Nənəm qorxa-qorxa, yavaş səslə dedi:
– Tay satandan sonra nə ərizə?..
Anam acıqlı-acıqlı dedi:
– Səni başa saldım ki, ev sənə çatır. Oğlunun ixtiyarı yoxdu satsın!
Nənəm müştüyünü sümürə-sümürə qarşısında bir nöqtəyə baxıb dinmədi.
Anam:
– Sənin kimi arvada bu da azdı! – deyib qalxdı. – Onu əvvəldən o cür eləyən sən olmusan.
Mən heç cürə təsəvvür eləyə bilmirdim ki, nənəmi gəlib bu evdən çıxara bilərlər. Ancaq bir aydan sonra Muxtar bəyin adamları gəlib nənəmi xəbərdar elədilər ki, on beş günəcən evi boşaltsın.
Nənəmin getməyə başqa yeri olmadığı üçün köçüb gəldi bizə.
Sonra mən təkcə gəlib babamgilin boş qalmış evinə, yiyəsiz qalmış bağına baxdım, hər şeydə – kirəmit taxtapuşlu evin sükutunda da, ağacların duruşunda da, Bayram babamın təzə ev tikdirmək üçün vaxtilə həyətə tökdürdüyü daşların görünüşündə də dərin bir pərişanlıq görüb kövrəldim. Mən kürdobalıların Dəliçay yaylağını xatırladım. Elə bil ki, el köçüb, yurdu qalmışdı. O vaxt biz kürdobalılarla o yaylaqdan köçüb arana tərəf yol alanda Mustafaoğlu qanrılıb boş qalmış yurda baxıb, dağlarda əks olunan səslə bayatı çağırmışdı:
Dağlar marala qaldı,
Otu sarala qaldı.
Soyuq bulaq, göy çəmən,
O da marala qaldı.
Amma mən bilirdim ki, gələn yay Mustafaoğlu da, o el-oba da yenə gedəcək yaylağa. Amma nə Fatma nənəm, nə Bayram babam bir də bu evə, bu bağa qayıtmayacaq. Elə buradaca mənim yadıma İmaş düşdü. İmaş da bir daha bura qayıtmayacaq... İmaşı da buradan qaçırdan dayım oldu. İmaş o yandan şah ərbabının zülmündən qaçdı, buradan da Nuru dayımın... Nə üçün bu dünya belə qurulub?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-yene-de-nuru-dayim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.
Müsavat hökuməti və Nəcəf bəyin çomağıBir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.
Bayram babama güllə atılması və qoca qaçaqAtamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Стихи других поэтов
Özündən kiçiyi işə buyurma,Sözün yerə duşər, heç miqdar olmaz.
Mən səni gördümƏzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,