Evimizdəki gecə məclisləri
«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.
Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.
Bayram babam heç bir söz deməyib, hey əsəbi halda var-gəl eləyirdi. Nuru dayımın belə şuluq çıxmasının təqsirini anam yenə də Fatma nənəmdə görürdü.
– Sən, – deyirdi, – onun bütün hərəkətlərini kişidən gizləyirdin, kişinin göndərdiyi puldan əlavə, hər ay sən də Şuşaya ona xəlvətcə pul göndərirdin, o da Şuşanın həllə-huşlarına qoşulub gününü eyzən ümumxanalarda, klublarda keçirirdi...
Anam bu cür danladıqca, Fatma nənəm də müştüyü əlində tüstülənə-tüstülənə, vaxtilə igidləri yoldan eləyən ala gözlərilə key kimi tamaşa eləyirdi, üzündə heç bir ifadə hiss olunmurdu.
Atamgil nə qədər soraqlaşsalar da, dayımı «gördüm» deyən olmadı. Bayram babam atamgilə acıqlanırdı ki, axtarmasınlar dayımı.
Fatma nənəmsə bu əhvalatdan sonra hər gün namaz qılıb gecə-gündüz oğluna dua eləyirdi, şəhərdəki seyidlərə nəzir verirdi.
Atam böyük həvəslə öz ticarət işlərinə başlamışdı, Hadrutda yaşayan böyük keşiş köçüb getdiyi üçün onun xaricdən gətirilmiş qiymətli mebellərini, çoxlu gümüş-qızıl qablarını satın alıb, otaqların hamısını Avropa qaydasında döşətdirirdi. Bizim tərəflərdə olan qaçaqların, dəstələrlə gəzən dərəbəylərin hamısı Bayram babamı tanıdıqları üçün atama toxunmurdular. Ona görə də atam öz tacir dostları olan Ədil bəylə, Nərimanla sərbəstcə Arazı keçib, İrandakı həmkarları ilə ticarət edirdi. Bizim yerdən ipək aparıb, oradan cürbəcür parça-filan gətirirdilər. Bizim şəhərdə yaşayan malakanlardan bəziləri ölkədəki qarmaqarışıqlığa görə köçüb gedirdilər. Atam onlardan birinin neçə otaqdan ibarət firuzə rəngli kürsülü evini də böyük bağı ilə birlikdə satın aldı... Tikinti və kənd təsərrüfatı mallarından ibarət mağazasını böyüdüb, yanına bir parça dükanı da əlavə edərək, Rüstəm adlı bir oğlanı satıcı təyin etdi.
Son günlərdə bizim böyük zalımıza gecələr şəhərin hörmətli adamlarından tez-tez qonaqlar gəlirdi. Bayram babam, mahal qazısı Mirzəli, qəssab Məşədi Qurban da onların arasında olurdu. Mən onların Bakıda qurulan təzə müsavat adlı hökumət barədəki söhbətlərini eşidirdim. Bayram babam izah edirdi ki, nə üçün bu təzə hökumət adını müsavat qoyub?
– Ona görə ki, – dedi, – bu hökumət istəyir bərabərlik olsun. Hökumətin seçilməsində, işində hamı bərabər hüquqda iştirak eləsin, özü də bu hökumət müstəqil olsun. Azərbaycan ayrı bir hökumətə tabe olmasın.
Həmin məclislərdə atamın dostu, məşhur dəyirman ustası Mahmud da iştirak edirdi. O, şübhə ilə dedi:
– Yəni siz inanırsınız ki, divan-dərədə, məsələn, Cavad ağa ilə dəmirçi Musanın hörməti bir olsun?
– Niyə inanmaq olmaz? – deyə qəssab Məşədi Qurban ötkəm cavab verdi – Cavad ağa göydən-zaddan düşməyib ki?
Usta Mahmud dedi:
– Düzdü, Məşədi Qurban, bizim nə varımız Cavad ağanınkından əskikdi, nə də camaat arasındakı hörmətimiz. Amma divan-dərədə yenə görəcəksən bəyləri keçirdilər yuxarı başa, rəiyyət də qaldı rəiyyətliyində...
Babam etiraz elədi:
– Bəlkə əvvəllər heylə oldu, çünki böyük dəyişiklikləri birdən eləmək çətindir. Amma vaxta ki, bu firqənin məramı bərabərlikdir, demək gərəkdi əvvəl-axır belə olsun.
Qazı Mirzəli də qırmızı tubulklu ağacından qayrılmış müştüyünə dalbadal papiros qoyub deyirdi:
– Peyğəmbər özü də bərabərlik tərəfdarı idi. Həzrət Əlinin bir arıq dəvəsindən başqa heç nəyi yox idi.
Atam da əlavə elədi ki:
– Peyğəmbər ticarəti halal sənət hesab elədiyi üçün özü də ticarətlə məşğul olurdu.
Böyük sövdəgər Məşədi Qara da inamla təsdiq elədi ki:
– Bəyliyin bayatısı çağrılıb... Gələcək ticarətindir!
Bizdə olan məclislərdə əsil bəylər iştirak eləmirdilər. Lakin mən anamda onlara qarşı böyük bir maraq hiss edirdim. Anam şəhər pristavı İsmayıl bəyin arvadı Zəhra xanımla, Cavad ağanın qızı Bikə xanımla, hamamçı Məşədi Həbibin qızı Məhbub xanımla dost idi. Bunların hərəsi bir cür gözəl idi. Özləri də tez-tez bizə qonaq gəlirdilər. Anam da tez-tez onlara qonaq gedirdi və çox vaxt məni də özü ilə aparırdı. Bəylərin ev-eşikləri heç də bizimkindən artıq zinətli deyildi, qonaqlıqları da bizimkindən yaxşı olmurdu. Amma, bununla bərabər, bəylər və onların xanımları da, uşaqları da tacirlərə, adi peşə sahiblərinə qarşı özlərini çox yekəxana aparırdılar. Onların mənimlə yaşıd uşaqları bir-birinə «bəy» deyirdi. Buna görə də mən onlarla oynamırdım. Məsələn, bizim alt evimizdə yaşayan kasıb Kəklik xalanın oğlu Kazımla və ya qonşumuz çörəkçi Ayı Temirin qardaşı oğlu Əyyubla oynamaq mənə daha çox xoş gəlirdi, nəinki Cavad ağanın oğlu Davudla oynamaq. Anam da bunun üstündə məni danlayıb deyirdi:
– Zor deyil ki, çəkir atası tərəfə. Nənəsi Xəlsənin ayaqları ömründə tufli üzü görməyib. Əmisi Qubadın da ayağından çarıq çıxmır.
Anam bilmirdi ki, bəy uşaqlarının yekəxana hərəkətləri mənim izzəti-nəfsimə toxunur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-evimizdeki-gece-meclisleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?
Qara damın vahiməsiBiz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.
Nuru dayımın qəribə macərasıAnamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.
Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatıAtamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim: