Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatı
Страница 1 из 3
Atamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.
Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim:
– Yəqin ki, burada da fəhlə-kəndli hökuməti qurulsa, tay bəy oğlanları heylə lovğalanmazlar.
Atam təəccüblə mənə baxıb dedi:
– Bu uşaq ya gicdi, ya əllamə!
Anam dedi:
– Uşağa ad qoyma, gic niyə olur?!
– Görmürsən, yaşından böyük elə danışır ki, elə bil, anadangəlmə bolşevikdi. Tay xəbəri yoxdu ki, burada fəhlə-kəndli hökuməti qurulsa, bunun atasını, babasını güllələyərlər.
Mən də gözlənilməyən bir ötkəmliklə dedim:
– Sizi nə üçün güllələyirlər? Siz bəy-xan nəslindən döyülsünüz ki?
Atam yenə də təəccüblə baxdı, anam bərkdən güldü. Atam bu dəfə, nə üçünsə həmişə olduğu kimi acıqlanmayaraq, mülayim səslə izah elədi:
– Bolşeviklər təkcə bəylərin, xanların deyil, bütün varlıların düşmənidir. Deyirlər, heç kəs dövlətli olmasın! Hamı Fətiş kimi lüt olsun. (Fətiş atamgilin kəndində ən yoxsul adam idi).
Mən atamın bu axırıncı sözlərində dərin bir kin hiss elədiyim üçün, ürəyimdə ona inanmayaraq, daha heç nə soruşmayıb, bağçaya endim.
Mən dayımla dostluq eləyən cavan bəylərin atama necə yuxarıdan-aşağı baxdıqlarını hiss edirdim və bu, mənim izzəti-nəfsimə toxunurdu. Eyni halı mən Məşədi Qara kimi milyonerlərin atamla rəftarında da duyurdum. Ona görə də uzaq Rusiyada Xaynamaz kimi, Fətiş kimi, dayımın döydüyü İmaş kimi yoxsulların hökumət olmaları məndə qəribə, təravətli, hətta sevincli hisslər doğururdu.
... Bir neçə gündən sonra, axşamçağı artırmada oturub çay içirdik, böyük darvaza döyüldü. Zinyət yüyürüb açdı. Bayram babam, Qızılbaşoğlu Alının və kürdobalı Hacının müşayiəti ilə həyətə daxil oldu. Qızılbaşoğlu ilə Hacı tüfəngli, patrondaşlı idilər. Onlar atlardan düşüb artırmaya qalxdıqda, həmişə mənimlə gülüb-zarafatlaşan Bayram babamın bu dəfə çox tutqun olduğunu hiss elədim.
O, tapançasını açıb pəncərənin qabağına qoyaraq, stul çəkib əyləşdi. Papiros çıxarıb yandıraraq hal-əhvaldan sonra atamgilə dedi:
– Sabah şəhərdən çıxmaq lazımdır.
Atam həyəcanla soruşdu:
– Nə olub, əşi?
Babam papirosundan dərin bir nəfəs alıb dedi:
– Bolşeviklərin on birinci ordusunun hissələri gəlib çatıb Bərdəyə. İki-üç günəcən burada olarlar.
Araya ağır sükut çökdü. Nəhayət, atam soruşdu:
– Düzdür ki, deyirlər, boyu bir metrdən yuxarı olanları qırırlar?
Babam hələm-hələm acıqlanan adam deyildi, sərt ifadə ilə atama dedi:
– Siz də belə axmaq-axmaq sözlərə inanırsınız?!
Yenə də ağır sükut çökdü. Babam bir neçə nəfəs papiros çəkəndən sonra, öz-özü ilə danışırmış kimi, kimsənin üzünə baxmadan acıqlı-acıqlı davam etdi:
– Kəhrizli Ayna xanıma dedim ki, farağat oturun. Camaatı qırğına verməyin, bu selin qabağında durmaq mümkün deyil. Arvad beş yüz atlı ilə Bərdəni kəsdi ki, mən «Qızıl ordunu Qarabağa qoymayacam». Heylə eləyəndə, əlbəttə, qoşun acığa düşər. Böyük-böyük dövlətlər bolşeviklərlə bacarmır, amma bu arvad beş yüz atlı ilə onun qabağını saxlamaq istəyir...
... Çay-çörəkdən sonra Bayram babam atama dedi:
– Əhmədalını dünən göndərmişəm Kürdobaya ki, sizi şəhərdən çıxarmaq üçün üç-dörd at gətirsin, elə hazırlaşın ki, dan üzü çıxa biləsiniz. Atlar bu gecə burada olacaq.
Atam soruşdu:
– Bəs mağaza, ev-eşik nə olsun?
Babam dedi:
– Qiymətdə ağır, vəzndə yüngül nəyiniz varsa, götürün. Bu qədər şey-şüyu daşımağa vaxt çatmaz. Hələlik gedərsiniz Şehliyə, görək işlər nə göstərir.
– Bəs sənin özün neyləmək fikrindəsən, dədə? – anam soruşdu.
Babam dedi:
– Özüm, hələlik Fatmanı aparıb Kürdobada qoyub qayıdacağam Alxaslıya, Qazı Mirzəgilə. Ora Araza yaxındı.
Atam soruşdu:
– Bəlkə o taya keçdiniz?
Babam dedi:
– İş bərkə düşsə, başqa neyləmək olar?
Bir neçə il bundan qabaq öz kəndliləri ilə Rusiyaya fəhləliyə gedən kiçik əmim Zəbi təzəcə gəlib çıxmışdı. O, Rusiyadakı inqilabdan qəribə şeylər danışırdı. Deyirdi, knyazları, burjuyları arabaya qoşurlar (mən sonralar bildim ki, əmim bir az şişirdirmiş), adamlar bir-birinə «tavariş» deyirlər.
Atam anamla məsləhətləşib qərara aldılar ki, Zəbi əmim qalsın bizim evlərdə. Fəhlə olduğu üçün bolşeviklər ona dəyməzlər. Əmim də razı oldu.
Sonra atamla-anam gecə pərdələri salıb qiymətli nələri vardısa, yığdılar böyük dəmir sandığa. Səhər də dolu bir xurcunla həmin sandığı yüklədilər Kürdobadan gələn atlardan birinə. Biz də yəhərli atlara minərək düşdük yola. Evlərimizin hamısı xalı-gəbə ilə, gümüş qab-qacaqla dolu qaldı, həmçinin, atamın mağazası da dolu idi.
Biz şəhərdən çıxanda dan yeri təzəcə sökülürdü. Amma yollar qaçan adamlarla dolu idi. Kimi şey-şüyünü şəllənib, uşağının əlindən tutaraq pay-piyada gedirdi, kimi atlı, kimi arabada.
Atam təəccüblə anama dedi:
– Balam, bütün şəhər bolşeviklərin gəlməyini bilirmiş ki...
Anam piyada qaçanlara diqqət yetirib dedi:
– Qəribədir ki, kasıb-kusub da şəllənib qaçır.
Atam dedi:
– Çox ola bilsin ki, hamı küyə düşüb qaçır, dünən eşitmədinmi kişi nə dedi? Mən də bilirdim ki, bolşeviklər haqqında deyilənlər şayiədir.
Mən atamın izah eləməyinə baxmayaraq, başa düşə bilmirdim ki, bolşeviklər nə üçün, hətta bəy, xan olmayan tacirlərlə, dövlətli kəndlilərlə də düşməndirlər?
... Biz şəhərin səkkiz-doqquz kilometrliyindəki Şehli adlı kəndə çatıb, Bayram babamın köhnə dostu Həmid yüzbaşının evinə düşdük. Bu, daşdan tikilmiş, bir neçə otaqdan ibarət, kürsülü, üstü qırmızı dəmirli bir bina idi; Həmid yüzbaşı özü evdə olmasa da, adamları bizi çox hörmətlə qarşıladılar.
... Yenə də orada-burada silahlı atlılar peyda olmuşdu. Həmid yüzbaşının qohum-əqrəbasından olan tüfəngli-tapançalı adamlar onun evinə dalbadal gəlib-gedirdilər. Tezliklə mən bu sirrə də vaqif oldum: gördüm atam ev sahiblərindən xəlvət anama danışır ki, Həmid yüzbaşının adamları evlərinə qayıdan müsavat əsgərlərini orada-burada soyub tüfənglərini, patronlarını alırlar, deyəsən, hələ özlərini də öldürürlər.
Anam da həyəcanla deyirdi:
– Yaxşı, tüfənglərini, patronlarını alırlar-alsınlar, bəs özlərini niyə öldürürlər? Yəqin ki, Həmid yüzbaşı özü burada olsaydı, qoymazdı.
(Biz gələndən bir neçə gün əvvəl Həmid yüzbaşı qoyunlarına baş çəkmək üçün bir neçə atlı ilə yaylağa getmişdi).
Anam papiros yandırıb əlavə elədi:
– Bəs onlar yazıq deyillər?
Atamla anam evdə belə danışdıqları zaman Həmid yüzbaşının yaxın qohumlarından olan və qızdırma xəstəliyindən təzə qalxdığı üçün rəngi qaçmış uzun, arıq bir oğlan belində iki patrondaş, əlində tüfəng, iki başqa oğlanla pəncərənin qabağından yüzbaşının külfəti olan hissəyə keçdi. Atam həmin rəngi saralmış oğlana işarə ilə anama dedi:
– Bax, o oğlan yanındakı yoldaşlarıyla dünən gecə bir at yükü əsgər paltarı, tüfəng, patron gətirmişdi. Kim bilir, yazıqların neçəsini öldürüblər, yolda gizlənib pusurlar, əsgərlər gəlib keçəndə qəfil gülləyə tuturlar.
Anam yana-yana dedi:
– Yazıq əsgərlər.
Atam da dərindən nəfəs alıb dedi:
– Bizim millətimizdir də...
Bu əhvalat mənim daxili aləmimə anlaşılmaz bir dərd kimi daxil oldu. Mən hey evlərinə qayıdan cavan əsgərlər haqqında, tüfəngdən, paltardan ötrü onları öldürən rəngi saralmış qızdırmalı oğlan barədə düşünürdüm. Mən evlərində anaları yollarını gözləyən cavan oğlanları qəfil gülləyə tutan həmin rəngi saralmış oğlanın qəddarlığını dərk eləyə bilmirdim. Mən yalquzaq canavarların qəfil hücum eləyib adamları parçaladıqlarını, obadan körpə uşaq apardıqlarını çox eşitmişdim. İnsanın insanı öldürməyi, özü də pul, paltar üstündə öldürməyi məndə yalnız dərin qüssə deyil, eyni zamanda, ikrah hissi doğururdu. Bu, mənə insanın insanı yeməyi kimi dəhşətli və iyrənc görünürdü. Rəngi qızdırmadan saralmış oğlan mənə ilan kimi zəhərli və soyuq görünürdü. Mən ilandan həm qorxur, həm də iyrənirdim. Mənə elə gəlirdi ki, ilan bütün vəhşi heyvanların ən namərdidir.
... Nə üstündə isə balaca bacım Mahtabı vurub ağlatdığım üçün anam məni tutub döymək istəyəndə qaçıb artırmanın təkyəsindən yerə tullandım və sağ qolumda şiddətli ağrı hiss edərək qışqırdım. Məlum oldu ki, qolum altımda qalıb sınıb. Bu kənddə sınıqçı yox idi, ona görə də atam məni yeddi-səkkiz kilometr aralıdakı Xələfli kəndində olan məşhur sınıqçı Məşədi Mahmudun yanına aparmalı oldu. Həmid yüzbaşının arvadı atama dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-heyecanli-xeberler-kochakoc-ve-sandiq-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müasir ruhda və çox zəngin bir qonaq otağı.*Fəridə oturub gündəlik yazır.*
Sevgililərin cəhənnəmdə vüsalı[Mənbənin skanında burada mətn itib.]*Xumar**
Söyüdlü arxMən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.
Xurşidbanu Natəvanİştirak edirlərXurşidbanu Natəvan*