Страница 1 из 2

On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi.

Otaqların ancaq birini vermişdilər bizim, guya «nökərimiz» olan Zəbi əmimə. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri də sındırıb dağıtmışdılar.

Qərəz, demək olar ki, biz lat-lüt qalmışdıq. Mağazadakı şeylərdən də əsər qalmamışdı. Zəbi əmim deyirdi ki, «kəndlilər gəlib şeyləri müftə aparıblar». Bunun nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq mümkün deyildi.

Anam deyirdi ki, Zəbi yalan danışır. Heç kəs atama görə bizim şeyimizi müftə aparmaz. Mağazanın şeylərini də, evdəki xalı-gəbələri də Zəbi yeyib, üstündən su içib.

Batalyon komandiri yaxşı oğlan idi. Bizə düyü, çörək, kişmiş verirdi. Mənimlə, bacımla zarafat edirdi. Bəzən bizi özləri ilə bir stolda oturdub «kaşaya» qonaq edirdi. Vaxtilə anam cücə-plovu, ceyran ətinin kababını bizə zorla yedirdirdi. Amma indi bu duzsuz-dadsız çovdar aşını biz elə şirin-şirin yeyirdik ki, komandir aşpaza əmr edirdi ki, boşqabımıza bir az da əlavə eləsin.

Mən bu komandirin də, cavan əsgərlərin də yanında indi özümü olduqca sərbəst və necə deyərlər, ruhlu hiss edirdim. Batalyon komandiri ortaboylu, enlikürək və çox sağlam bir oğlan idi. Biz gələndən bir neçə gün sonra malyariya tutmuşdu, bərk titrədib-qızdırırdı. Titrədəndə şineli, adyalı üstünə töküb, dişləri bir-birinə dəyə-dəyə zarafatla mənə deyirdi:

– Bir gör ha... Sizin yer necə yerdi... Heç Sibirdə – əlli dərəcə soyuqda mən belə titrətmirdim, amma bu istidə titrədirəm.

Anam çay dəmləyib çayniki mənə verirdi, mən də aparıb stəkana tökərək qoyurdum onun qabağına. O da qızdırmaya düşəndə bu çayı ləzzətlə içib tərləyirdi.

Bizim köhnə dostumuz doktor Quliyev gəlib ona iynə vururdu. Komandirin gözündə eynək olan, qısaboylu, arıq bir yoldaşı da vardı ki, onunla bir otaqda qalırdı. Bir gecə iki nəfər əsgər gəlib atamı apardı. Gözlədik, atam gəlmədi. Səhər anam komandirdən soruşdu ki:

– Bu nə əhvalatdı?

Komandir dedi:

– Bu, Voronov yoldaşa (yəni həmin eynəkli komandirə) aid işdir.

Zəbi əmim öyrənib bildi ki, kimsə atamı şeytanlayıb ki, guya o, böyük kapitalist olub, zülmkar olub. Bizim dostumuz doktor Quliyev həmişə komandirə iynə vurmağa gələndə bizə də baş çəkirdi. Bu dəfə də gələndə anam əhvalatı ona nağıl elədi. Doktor da həmin eynəkli komandiri inandıra bildi ki, tutduğunuz adam, bir az varlı olsa da, nə kapitalist olub, nə də zülmkar. Eynəkli komandir də doktorun sözünə inanıb, atamı buraxdı.

Mən birinci dəfəydi ki, «şeytanlamaq» sözünü eşidirdim və təəccüb edirdim ki, nə üçün insan şeytana çevrilir? Fatma nənəm kor şeytan haqqında mənə çox nağıllar danışmışdı. Fatma nənəm demişdi ki, şeytan da bir zamanlar mələklərdən biri imiş. Bir gün Allahın ona qəzəbi tutur və şeytanı lənətləyərək qovur. İndi o vaxtdan bəri şeytan da Allahın yaratmış olduğu insanlara daim pislik eləməklə ondan intiqam alır. Mən təəccüb edirdim ki, nə üçün hər şeyə qadir olan Allah şeytanın bu qədər pis işlər görməsinə yol verir? Nə üçün bir ildırım çaxdırıb şeytanı kül eləmir?! Mən bunu soruşanda Fatma nənəmin acığı tuturdu: «Allahın işinə əl aparmaq olmaz!» deyə məni qovlayırdı.

Fatma nənəm deyirdi ki, şeytan insan qəlbinə girib, onu yoldan çıxarır. İnsan da pis işlər görür.

Mən şeytanın yorulmaq bilməyən bu hərəkətlərində axmaq bir mənasızlıq hiss edirdim və bunu heç kəsə demirdim. Mən başqasını incitməkdə heç bir ləzzət görmürdüm. Əksinə, belə hərəkətlər, mənim duyduğum xarici aləmə bir soyuqluq, bir qüvvət verirdi. İndi mən fikirləşirdim ki, bəlkə atamı mənimlə həmişə sərt rəftar eləməyə, məni danlamağa sövq eləyən şeytandır? Axı mənim qolum sınanda və ya mən xəstələnəndə atam mənimlə mehriban olurdu? Mənə təzə paltar alırdı. Mən bu lənətə gəlmiş şeytana nə pislik eləmişəm?! Mənim atam, onu qırmızı komandirə şeytanlayıb tutduran adama nə pislik eləyib? Bilirdim ki, o, heç kəsə pislik eləyən adam deyil. Mən fikirləşirdim ki, yəqin, şeytan uşaqlıqda heç də pis işlər görməyib. Yadımdadır, bacım Mahtab yeddi-səkkiz aylıq körpə olanda bir dəfə yuxuda gülümsədi. Anam dedi ki, «körpə yuxuda mələkləri gördüyü üçün xoşallanıb gülümsəyir...» Mən Leninin gülümsəyən şəkillərinə maraqla baxırdım. Mən artıq bilirdim ki, padşahı taxtdan çəkib salan (mən o inqilabı belə də təsəvvür edirdim) Lenindir. Padşahın qoşunları ilə dava eləyən fəhlə-kəndli ordusunun komandiri də Lenindir. Şəklini görənə qədər mən Lenini, Fatma nənəmin nağıllarındakı yenilməz nəhəng Rüstəm Zal kimi bir qəhrəman təsəvvür edirdim. Sən demə, bu da doktor Quliyev kimi qalstuk bağlayan, gülümsər üzlü bir kişi imiş... (Doktor Quliyev də həmişə məni görəndə, bax, bu cür, Lenin kimi gülümsəyirdi). Bu, məndə mənasını dərk eləmədiyim bir fərəh doğururdu. Mən də anamdan bir parça ipək qırmızı lent alıb, bolşevik kimi sol döşümə sancırdım. Atam mənim qırmızı lentimə baxıb gülümsəyirdi və öz dostlarına zarafatyana deyirdi ki, bizim bu oğlumuz bolşevikdir! Səhərdən axşamacan Leninin şəklini çəkir. Mən də bu sözlərlə fəxr edirdim. Bolşeviklər kimi geyinməyə çalışaraq, evimizdə olan həmin komandirin dolağından xəlvətcə kəsib qılçama dolayırdım. (O zaman əsgərlərin də, komandirlərin də çoxu boğazlı çəkmə əvəzinə kobud ayaqqabı geyib, dolaq dolayırdılar). Sonra anamdan xahiş elədim ki, əsgərlər kimi mənə də şişpapaq tikdirsinlər. O özü mənə ot rəngli parçadan şişpapaq tikdi. Mən dedim:

– Qırmızı parçadan beşguşəli ulduz kəs, tik papağın qabağına.

Anam bu dəfə mənə acıqlanıb dedi:

– İtil o yana.

Atam ömründə birinci dəfə olaraq mənim tərəfimi saxlayıb, anama dedi:

– Yaxşı də... tik deyir, tik!

Anam mənim şişpapağıma beşguşəli ulduz da kəsib tikdi. Mən komandirin dolağından kəsdiyim parçanı doladım qılçama, qırmızı ipək lent sancdım döşümə, şişpapağı da qoydum başıma. Oldum qırmızı komandir. Bu, mənim həyatımda yeni bir həvəs idi. Mən özümdə fərəh və gümrahlıq hiss edirdim. Mənim üçün bu aləmdə ən maraqlı cəhət bir də o idi ki, atam mənim bu cür «qırmızı komandir» olmağımdan xoşhal görünürdü. Hətta sərrac Qafara mənim üçün enli bir komandir kəməri də tikdirdi.

Burası da qəribə idi ki, bütün otaqlarımızda, mağazalarımızda, qoyub getdiyimiz şeylərin tamam dağılıb getməsinə baxmayaraq, mənə elə gəlirdi ki, atam bolşeviklərə heç də düşmən kimi baxmır. Mən onda bolşeviklərə dərin kin hiss eləmirdim. Axşamlar atam həmin malyariya tutan komandirlə saatlarca oturub söhbət edirdi. Mənə elə gəlirdi ki, atamın bolşeviklərə kin bəsiləməməyinin əsas səbəbi onun böyük kapitalistlərə, xüsusən bəylərə qarşı düşmən münasibəti idi. Kim bilir, bəlkə o zaman sovet idarələrində atama bir qulluq təklif eləsəydilər, o, buna məmnuniyyətlə razı olardı... Bəlkə lap kommunist partiyasına da daxil olardı. Lakin belə bir təklif heç kəsin ağlına da gəlmirdi. Atam isə daim qorxu içində idi. Daim özünün bu gün-sabah həbsə alınacağı barədə düşünürdü. Atam anamla eyzən bu barədə söhbət edirdi. Anam sovetlərə qarşı tam barışmaz idi. Bir vaxt ona-buna paltar yuyan, çörək bişirən Töhfə arvadın indi şəhər sovetinin sədri seçilməsi, naxırçı gödək Tapdığın Muzdurlar Komitəsinin sədri olub, varlılara qan uddurması anamı yandırıb tökürdü. Anam atama deyirdi ki:

– Sifariş elə, Qızılbaşoğlu xəlvətcə, gecə iki-üç at gətirib bizi keçirsin Arazın o tayına. Atamgil də oradadır.

Ancaq atam razı olmurdu.

– Bəs, – deyirdi, – bu ev-eşik nə olsun?

Anam deyirdi:

– Şura hökuməti gedər, yenə də qayıdıb gələrik.

Anam qəti inanırdı ki, bolşeviklər gəldikləri kimi də qayıdıb gedəcəklər.

Anam deyirdi:

– Padşahsız məmləkət olmaz.

Atam da deyirdi ki:

– Bolşeviklər Nikolay padşahı bütün əhli-əyalı ilə güllələyiblər.

Atam gecə-gündüz ustaların başının üstündə durub tikdirdiyi ev-eşiyi, böyük bir həvəslə saldığı bağ-bağçanı qoyub getmək istəmirdi. O bu ağacların, güllərin toxumunu, qələmini cürbəcür yerlərdən gətirtmişdi və hamısını da öz əlilə əkib-becərmişdi. Atamın təbiətində tacirliklə kəndlilik birləşmişdi, o, mahir tacir olduğu qədər də həvəskar kəndli idi. Sonralar, yəni on iki-on üç yaşına çatdığım zaman da o, məni ona görə «fərsiz» hesab edirdi ki, mənim nə ticarətə, nə də kənd işlərinə, fiziki zəhmətə həvəsim olmadığını hiss edirdi. O, tez-tez anama deyirdi: bilmirəm bunun axırı nə olacaq?!

Anam isə mənim haqqımda atam qədər bədbin deyildi. Anam ticarətə də, adi təsərrüfat işlərinə də həmişə biganə idi. Anam da, atam kimi, heç bir zaman mənim haqqımda özümə tərifli söz deməzdi. Ancaq anamın məni heç də fərsiz hesab eləmədiyini duyurdum və bu hiss məni anama daha möhkəm bağlayan gözəgörünməz bir qüvvəyə çevrilirdi. Mən anamı itirməkdən qorxurdum. Düşünürdüm ki, bizim küçədə mən yaşda olan Abbas bəyin anası kimi, mənim də anam ölə bilər. Belə fikirlər məni dəhşətə gətirirdi. Mən Abbasın öz anasının ölümünü heç də vecinə almadığına təəccüb edirdim. Onun əvəzinə mən özüm dərin bir kədərə dalırdım. Mən onu son dərəcə yazıq hesab edirdim. Halbuki onu bir dəfə də bikef görmürdüm. O, tamam dərdsiz-qəmsiz halda uşaqlarla ora-bura qaçır, oynayıb hay-küy salırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yenə də Nuru dayım

Bir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:

11 мин
Mənim cənnətim

Mən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.

3 мин
Səriyyə və dünyanın ən gözəl duyğuları

Vəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.

11 мин
Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин

Стихи других поэтов