Süleyman padşahın xəzinəsi 2
Страница 2 из 3 · 33%
Əmbə uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.
Qəribə işdi, hə? Təəccüblüdü?
Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə söhbətinin altında. Qaş-qabağını nə qədər sallasan da, mən bir az da çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə. Hə.
Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım Gülbəniz də, bilirsən, gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox xəbərdaram mən əmiyin işlərindən... Keçən il Stalin öləndə yataqxanadan bir həftə çıxmayıbsan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini ağlayıbsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, ha! Yadındadımı o “Molniya” teleqram?” “Prekratite bezobraziye”. Qırmızı qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun şüşəsinin altına. Məsim deyir, hətta Bakıdan gələn böyüklər də səslərini çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənirmiş o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik Mədədin “Mirqəzəb” dediyi Kişinin özü də o saatca yumşalırmış, gülümsünürmüş: “Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni də öz təbən saya bilərsən, Sultan Mamedoviç!” Hə, gör kim təbəymiş əminə – Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti, hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər? Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı. Qırx səkkizinci – əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakilar bədbəxt olurlar. Öz aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər! Hə... Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər şeyə! Keyfindədi! Hə... Özü də yaxşı bilir ki, bu gün-sabahlıqdı. Uzaqbaşı, konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları. Bizimki oktyabrda olur həmişə. Deməli ikicə ay qalıb. Yeşikdən çıxmıyacaq əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa? Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: “İnventar RKP”.²⁴ Nə inventar, heç o ev də özünün deyil. Revkomun²⁵ qəza komitəsi olurmuş vaxtıynan o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb deyəcək: “Zəhmət çək, çıx o evdən”. Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu vəzifəlilər, qadası. Vəzifəsi var – adamdı, yoxdu qurtardı, tamam oldu ömrü. Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir, udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi əmin, qadası. Otuzca yaş kiçikdi deyirlər özündən o gözəl. Sürüdə əmlik təki bir şeymiş, canavar ağzına keçib, hə... Görəcəksən o gözəli. Onda biləcəksən kimdi başına and içdiyin əmin! “Əcaib məsələ” dediyim elə o gözəlnən bağlıdı.
İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha, yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini də RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.
Məni necə ayaqladı, bilirsən? Büro iclasına çağırdı. Getdim gördüm yeddi nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-cimnən soruşum Gülənovdan ki, məni niyə
²⁴ “Rayon partiya komitəsinin əmlakı”.
²⁵ İnqilab komitəsi. çağırtdırıb bu “həqiqətən sultan olan Sultan”? Gördüm dirigözlü ölüb o gördüyün heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım, o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan “fəhlə sinfinin nümayəndəsi”ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət “sultan olan Sultanımız” ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı. Gözlər qan çanağı. Başladı ki, “RİK sədriynən, milis rəisiynən əlbir olub rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb aparırsan, bədbəxt əhaliyə iki qat artıq qiymətə sırıyırsan! İş o yerə çatıb ki, partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakınla rəy soruşuram, qulaq as” Rəyi isə, bilirsən ki, “fəhlə sinfinin nümayəndəsi” deyir həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə “fatihə” oxudu mənə: “Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!” Qılınc Qurban malı yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: “Əmirli yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət sistemindən...”
Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma, əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi əlim, ayrı şey gəlmir əlimdən... Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki, orqandanam mən, “zasekreçenniyəm”!²⁶ Lazım gələndə lazımi adamlara göstərirəm üzümü. Aydın oldumu?!
Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə? Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz rayonumuzadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi. Bircə şey deyirəm hələlik: getmə o evə!
²⁶ Hərtərəfli məxfiləşdirilmiş (agent).
Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşı-yaman fikirləşirsən. Soruşma hardan bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gözünə. Qan düşməni... Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən, pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da getdi elə iş gəldi başına... Deyirlər elə o vaxtdan başlanıbmış bu qırğın – terror. Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri xaricdən bizim İrəvana – Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamət qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Sən uşağıydın onda... Atan əmbə qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. İnan, sevinmədim.. Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona. Doprosamı, tutmağamı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki hirsliydi yaman. Heç nədəncə güdaza getdi rəhmətlik. Heç nədəncə! Gülbənizi göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, “yatır. Qıymadım oyadım”. Açığı, çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da elə ona görə göndərdim ki, gedib öz gözünnən görəsən necə olub o bədbəxtlik, qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı. Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində. Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgülüyən kimi görürdüm gəldin... Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni... Sən Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən, şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? İndi söhbət eləmək olar sənnən, hə. Məni sən elə “Çax-çux” təki tanıyırdın. Savadım-zadım haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi, inşallah.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Стихи других поэтов
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.