Страница 1 из 4

Qapını Hənifə arvad açdı.

Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

– Xeyir ola... Gəl gör bu kimdi belə, a kişi, – deyib içəridən ərini çağırdı, tanıyanda isə, əllərini üzünə basdı, – Allah, mənə ölüm ver!

Əlləzoğlu otağın yarısını tutmuş nəhəng taxtın üstündə böyrünü cecimə verib, mütəkkəyə dirsəklənib yatırdı. Arvadının çığırtısına quş yuxusundan bir göz qırpımında ayılıb, quş cəldliyi ilə yerə atıldı, səhərdən axşama qədər yollarda arabaların, atların, mal-qaranın qaldırdığı toz-torpaqdan keçəyə dönən çal tüklü sinəsini qaşıya-qaşıya, gözlərini qıyıb, qonağa diqqət yetirdi və bir əli sinəsində, o biri əli qəlyanın zorba başında, donub qaldı.

Kandarın bir tərəfində Gülgəzin ata-anası, o biri tərəfində Gülgəzin istəklisi dayanmışdı. Nə qədər ki Gülgəz aralıqda idi, bu kandar görünməzdi. Gülgəz aralıqdan getmişdi, kandar əvəzində sədd əmələ gəlmişdi, odur ki, nə bu yandan ayaq atan vardı, nə də o yandan.

Səməd özü də məəttəl qalmışdı ki, bu evə nə üçün gəlib? Necə gəldiyini də doğru-dürüst bilmirdi. Yadında qalan bu idi ki, meşə çox qaranlıqdı, lap uşaqlıqdan hər qarışına bələd olduğu Kəsəyolla yerisə də, tez-tez ağaca toxunurdu, üz-gözünə şax-budaq çırpılırdı, üstəlik, əlində nə isə tez-tez kol-kosa, kötüyə-zada ilişirdi, əsəblərini daha da tarıma çəkib lap cana doydururdu. Əmma heç nəyə diqqət yetirmədiyi kimi, əlindəki şeyə də diqqət yetirmirdi. Yalnız seyrəkliyə çıxıb, göydə ulduz,

³³ Neftlə yanan çırağın (lampanın) ən xırdası. yerdə şeh işıltısı görüb, Sudüşəndə, həmin saqqız ağacının yaxınlığında olduğunu başa düşüb istər-istəməz yavaşıyanda gördü ki, əlindəki şey çamadandır.

“Dəli Səməd”dən Səmədə qalan yadigarlar içində bir yadigar da qalmışdı, o da daş əzələlər idi, həmişəlik daşlaşıb, hətta “cəhənnəm kürəsi”ndə də əriməmişdi, əksinə, “cinayətkarla” – “qatillə” görüş gününün yaxınlaşdığını duyduqca Səməd sövq-təbii bir ehtiyacla əzələlərini daha da daşlaşdırmışdı. Odur ki, çamadanı rastına çıxan ağaca çırpanda meşədə elə bil mərmi partladı, bürküyə görə yuxarılarda – uca budaqlarda yatışan iri quşlar gurultu ilə dağılışıb, qaranlıqda göyün dərinliyinə cumdular.

Yadında qalan bir də bu idi ki, Qudalı Rəhimin hansı möcüzə iləsə elektrik işığına qərq olmuş həyətində boynu xışlı it ağzını açar-açmaz bütün məhlədən çoxlu canavarsayağı it xılı – köpək sürüsü töküldü, ağ tor köynəkdən camış qılı kimi qara qılı çıxmış Qıllı Qeybalı üç yüz voltluq lampanın gür işığı altında çarpayıdan qalxıb it xılına təpindi, hələ qaranlıqda olan köhnə düşmənini hansı hikmətləsə uzaqdan-uzağa tanıyıb, gülə-gülə qabağına yeridi: “Qorxma, qorxma. Gəl, gəl, ay Səməd. Sən də öz kəsiyimizsən³⁴ daha, dəyməzlər sənə”, – dedi.

Qıllının açıq şadlığı, rişxəndi və “sən də öz kəsiyimizsən daha” sözlərindəki gizlin məna təhqirdən betər səslənib Səmədin üzünə şapalaq kimi yapışdı. Rəhimin üstü dəmirli, daş imarətindən o yanda, məşhur palıd kötüyünün arxasında xırda pəncərəsi saralan daxmaya doğru getdiyi halda, dabanı üstə döndü. O söz şapalağından nə kökə düşdüyünü indi Hənifə arvadla Əlləzoğlunun gözlərindən oxuyurdu.

Deyəsən “Dəli Səməd” oyanmışdı, özü də indi yox, əmisinin darvazasında sevinc və xoşbəxtlik həsrətindən kükrəyən etiraz və üsyanla birgə oyanmışdı. Düz yeddi il səkkiz ay yatıb, birdən-birə gözlərini açıb, ancaq atasını yox, ata hənirli əmisini də, istəklisini də itirib tamam tək qaldığını, Xızr Abının sirrli, sehrli nitqindən sonra isə, qulaqlarında çox uzaq, anlaşılmaz aləmlər kimi səslənən “OdƏr”, “SafAğ”, “Bağ” sözlərinin qatı dumanı içində faciəsinin ağırlığını duyub, darvazadan eşiyə, küçəyə atılanda deyəsən əvvəlcə qırmızı tuf daş binaya doğru cummuşdu, birbaş əmisinin kabinetinə qalxıb, qapını bağlamaq, “Qaraçı gözəli”nin ayaqlarından tikanları dişləri ilə çıxara-çıxara, hələ o körpə vaxtından Gülgəzə necə könül bağladığından başlayaraq hər şeyi danışmaq, “avariya” günü hamının təkrar etdiyi “qəsd işi yoxdu” sözlərini, qəbristanda kükrəyən şübhəsini, “qara həyulanı”, “cəhənnəm kürəsini”, Çax-çuxla görüşünü, həyətdə Sultansız, Gülgəzsiz dünya haqqında düşündüklərini açıq-açığına ortalığa tökmək, hər şeyi aydınlaşdırmaq, bədbəxtliyi törədən səbəbləri bütün dərinliyi ilə öyrənmək, bilmək, Abının çox ciddi xəbərdarlığına, qadağasına baxmayaraq, hökmən qisas almaq niyyətinə düşmüşdü, əmma yəqin ki, əmisi ilə üz-üzə gəlməyin, “açıq-açığına” danışmağın çətinliyini, bəlkə də heç mümkün olmadığını hiss edib yolunu dəyişmişdi. Çax-çux dönə-dönə, müəmmalı təkidlə “Gülbəniznən görüşməlisən hökmən” desə də, bu sözləri yox, “kənddə gözlüyəcəm” sözlərini yada salıb, şəhərlə Qonaqlının arasındakı Kəsəyola – meşəyə şığımışdı... Pal-paltarla, nadir kitablarla, qiymətli şeylərlə dolu çamadan yox, Səmədə mənalı, perspektivli insan həyatı da yox, o həyətdən götürdüyü xançalı əvəz edən dəmir barmaqlarla, Çax-çuxun xırtdəyindən yapışmaq lazımdı. Odur ki, barmaqlarını üyüşdürən, əsəblərini tarıma çəkən çamadanda hətta anasının çox qiymətli yadigarından – “açxa”lardan olduğunu da, diplomunu da unudub, o yükü ağaca çırpdı, hətta qan tökülən yerə – saqqız ağacının yanına da burulmayıb tələsdi ki, bir əlilə Çax-çux adında o “sirlə dolu sinə”dən, o biri əlilə iri hulqumlu uzun, quru boğazdan yapışsın, “Danış! Aç tök hamısını!” – desin. Yeddi il səkkiz ay müddətində, “avariya” günündən, “qəsd işi yoxdu” sözlərindən bu günə qədər nə baş vermişdisə, hamısı o sinədə idi və Səməd o sinəni bütün açıb, kitab kimi oxumalı idi. Odur ki, Ortayoldan və Qudalı Rəhimin imarətindən o yanda, palıd kötüyünün arxasında saralan o üçcə qarış uzunluğunda, ikicə qarış enində pəncərəyə doğru qətiyyətlə gedəndə bu qətiyyəti sındırası bir şey görmürdü. Əmma Qeybalının beşaltıca kəlməsindən sındı. “Gəl, gəl, ay Səməd. Sən də öz kəsiyimizsən daha”. Yəni: Sultan Əmirlinin düşmənlərinin məhləsinə gəlirsənsə, o “sirlə dolu sinə”dəki sirlərin hamısının Sultan Əmirlinin əleyhinə olduğunu bilə-bilə, mütləq öyrənmək, bilmək istəyirsənsə, daha sənlə bizim fərqimiz yoxdur?! Yəni, Çax-çux Xalıqla Qudalı Rəhim Sultan Əmirliyə necə düşməndirlərsə, daha sən də eləcə düşmənsən?! Dabanı üstdə dönüb gəlib bu qapını döyəndə Səmədin üzündə belə bir fikrin dəhşəti həkk olunmuşdu. Dağılıb tökülüb tərdən islanmış gur qara, ordan-burdan azca şabalıdı saçların arasından heybətli gözlər parıldayırdı. Hənifə arvadla Əlləzoğlunun qanlarını donduran da elə bu idi.

³⁴ Təhqiri ifadə, yəni “sən də öz “sünnətimizsən”.

Əlləzoğlu sönmüş qəlyanı damağından çəkib kəmərinə taxdı, əllərini biz-biz tükləri bozaran qara üzünə sürtdü, xırdaca, yumruca başı ilə bədəni arasında nazik armud saplağına oxşayan boğazını qəribə – quşsayağı uzadıb udqundu və beləcə, yenə quruyub qaldı: iri qol-budaqlı, hündür, qorxunc adamın qabağında nə başqa bir hərəkət eləməyə cəsarəti çatdı, nə də bir kəlmə deməyə.

Hənifə arvad isə, “Allah, mənə ölüm ver” deyəndən sonra pıçıltıya keçmişdi, ovsun oxuyurdu ki, bəla sovuşsun, hələ başı qızıl əsgər papaqlı ərköyün sədr oğlu vaxtından “Göyüm” deyib əzizlədiyi, indi isə içəri çağırmağa da ürək eləmədiyi bu dəli-divanə cavan bu evə bir xətər yetirməsin, can-cürəfəsi, əl-qolu da olmayan, bircə qızdan savayı kimkimsəsi qalmayan, oğulsuz, arxasız ərinə əl qaldırmasın, atan-tutan, vuran-yıxan, qara naxırlı, sel sürülü igidlər məskəni Əlləz ocağında tək göbələk təki bitmiş bu bədbəxt, el içində şərməndə olmasın...

Səmədin sükutu nə qədər çəkdisə, Hənifə arvadın ovsunu da bir o qədər uzandı.

Qudalıların və ümumiyyətlə, bütün kəndin dilində “Atdan azma” bəzəməsi və “Əkə Hənifə” ləqəbi ilə tanınan bu kor-kobud arvadın gözlərində elə bir bulaq qaynarlığı vardı ki, belə yalvarışlı vaxtında bu qaynarlıq daşı da yumşaldırdı.

Qorxudan arvadının dalına qısılmış cırtdan kişinin findıqburun, qaraquru sifətində isə elə yazıqlıq vardı ki, bu yazıqlıq cəlladı da yumşaldardı, Səməd də elə buna görəmi tutulmuşdu? Yoxsa, ona görəmi ki, bir-birinə qəti yaraşmayan bu təzadlı ər-arvaddan möcüzəli gözəllik əmələ gəlmişdi və Səməd Hənifə arvadın gözlərinə baxdıqca, Cığalı Gülgəzin – “qaraça gözəli”nin qaynar bulaq gözlərini görürdü, Əlləzoğlunun “armud saplağı” boynuna baxdıqca, Gülgəzin “durna boğazını” görürdü və hiss edirdi ki, bu ata-ana ilə kobud rəftar, bunların yaratdıqları gözəlliyin özü ilə kobud rəftar kimi bir şeydir.

Təpiyib qaysaq bağlamış, qalın dodaqları elə bil Səmədin özündən asılı olmadan tərpənib ağır-ağır aralandı və Səməd, yaratdıqları gözəlliyin bədbəxtliyi ilə birlikdə, şübhəsiz, bədbəxt olan bu ata-anaya olduqca səmimi sözlər dedi:

– Zülmətdəyəm mən. Heç nə görmürəm, heç nə bilmirəm. Necə olub bu iş?!. Atamın sağlığında... hələ o vaxtlar Gülgəznən mənim münasibətimi bilirdi əmim... Sonralar da eşitməmişdimi?! Gəlmişəm, qızınız əmimin evində arvad!.. Necə olub bu?!. Nə Seyid kişi bir söz dedi mənə, nə də Xeyrə arvad... nə də Xızr Abı!.. Mən bilməliyəm!.. Soruşuram necə olub bu iş?! Niyə dillənmirsiniz?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 мин
Xəzinə üstündə yatan ilan 1

Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.

26 мин
Xəzinə üstündə yatan ilan 2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

12 мин
Xəzinə üstündə yatan ilan 3

...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.

26 мин

Стихи других поэтов