Страница 1 из 4

...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.

Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.

– İşdən sonra evdə olun. Gələcəm. Əmimin ismarıcı var... arvadı, uşağı barədə. Tələf eləmək olmaz o uşağı! – dedi. Əlləzoğlu qəlyanın tüstüsünü üfürmək əvəzinə udub boğulub, xırıldaya-xırıldaya qaldı. Hənifə qarı tir-tir əsib sevincdən hönkürdü...

Səməd heç nə görmədi, heç nə eşitmədi.

Ordan qayıdıb Şüşəli pavilyonda çay içib, “böyük adamlardan ötrü düzəldilmiş”, “dal otaq” adlanan genişlikdə açıq pəncərələr qabağında – sərinlikdə yatdılar.

Gün günortaya çatanda Səməd yenə şaxımış günəş altında idi...


Qulaqbatırıcı sükut yaradan gur cırcırama ötüşməsi içində kim isə sədr Mədədin mahnısını oxuyurdu:

– “Sən haralısan, haralı, durnam?..”

Qonaqlının bütün pambıq sahələrini suvaran baş kanalın haçalanıb arxlara bölündüyü yerdə Hacehsan deyilən ikinci bir çəmən-biçənək vardı, bir tərəfi pambıqlığa sökənirdi, o biri tərəfi uzanıb gedib Sudüşən çəmənliyinə qovuşurdu. Müharibə illərində Başkənd Qurbanlıda Axsaq Hacı adı ilə, Ortakənd Tahirlidə və Aşağıkənd Qonaqlıda isə feldşer Hacı adı ilə məşhur olan bir adam üç para kəndin dövrəsində qara-qızdırma ocaqları gölməçələri quruda-quruda gəlib, kanalın qurtaracağındakı gölü də qurudandan sonra, bir payız günü burda başını bir daşa söykəyib yatıb, elə yatdığı yerdə ölmüşdü. O gündən bu çəmən ehsanlıqdı, yəni kim nə qədər ot çalmaq istəsəydi, çalıb apara bilərdi, malını, qoyununu otara bilərdi. Qırx altıncı ilin yayında isə birdən-birə ot çalmaq da qadağan olundu, mal-qoyun otarmaq da. Çünki “Dəli Səməd” burda mixək və moy kəşf eləmişdi, cəmaat da birdəncə baxıb görmüşdü ki, Hacehsan çəmənində çəmən otlarının, qazayağıların arabərəsi Çax-çux Xalıqın o taydan kişmişlə birgə gətirib od qiymətinə satdığı mixəkdən, moydan da ətirli mixəklə, moyla doludur. O yay Qonaqlıda, sonra da Tahirlidə və Qurbanlıda Hacehsan mixəyinin çayı və “Dəli Səməd”in adı dillərdə gəzdi. Qaraçı gözəli çəpər dibində, ağac altında “Dəli Səməd”lə yanaşı oturmağa gedəndə qıymaçasının uclarına mütləq moy düyünləyərdi, “Dəli Səməd” mütləq o düyünləri qoxlayıb “Oxxay”, – deyərdi. Gülbəniz isə dodaq büzüb gülə-gülə: “Gözəlin moyu da özündən olmalıdı, mixəyi də”, – deyərdi.

“Dəli Səməd” üzünü qəbirlərin şəkillərinə söykəyib yuxuya gedəndən sonra moy ətri, mixək çayı da, Hacehsan çəməninin özü də yoxa çıxdı, başqa çəmənlərdən seçilməyən, adi yaşıllıq-otluq qaldı; təlimatçılıq illərində Səməd kanal boyundan enən bu ağ cığırla enib, Hacehsandan keçəndə hər dəfə adi otluqdan başqa heç nə görməmişdi. İndi isə heç otluğu da görmürdü.

Gördüyü sahə idi, bir də sahədə – cərgələrin arasında pambıq yığa-yığa əyilib-dikələn adamların qaraltıları idi.

Gərginlik içində, vaxtilə sədr Mədədin oxuduğu mahnı qulağına dəyəndə bu mahnı Səmədi əvvəlcə bir növ çaşdırdı. İnsansız adada uzun müddət tək qalan adam birdən insan səsi eşitsə, necə olarsa, Səməd də eləcə oldu. Sonra oxuyan adamı tanıdı: Təftiş Abbasdı. Yumşaq tıqqıltılı arabanın qolunun üstündə, ağır yerişli kəllərin arasında saqqalı qarala-qarala, Səmədə doğru boylana-boylana, sədr Mədədin həmişə oxuduğu mahnını oxuyurdu:

Sən haralısan, haralı, durnam?
Ovçu əlindən yaralı durnam.
Yar-yoldaşından aralı durnam,
Həm buralı, həm oralı durnam.

Səməd bilmirdi və heç vaxt bilmiyəcəydi ki, bu mahnını vaxtilə babası Məhəmməd Əmir oxuyarmış. Oğullarından ikisini o tayda fədailərin, ikisini də bu tayda “Doktor”un və Hümmətçilərin xidmətinə göndərib, yol ayrıcında boğulub qaralanda birdən hayqırarmış: “Sən haralısan, ey “Durna”⁶ Məhəmməd Əmir? Niyə o tayda bu tay üçün üzülürsən, bu tayda o tay üçün üzülürsən?!” – deyərmiş və oğullarının qaraltıları uzaqlaşıb yerə yapışana qədər oxuyarmış: “Sən haralısan, haralı, durnam...” “Üç telli, dörd telli, beş telli Durnam...” “Yaralı, yaralı, yaralı Durnam...”

⁶ SafAğ rəmzidir: “Durna” (“Turna”) – “Bizim OdƏrlər”, OdƏrÜn – OdƏr səslilər, qərib səslilər, türiklər – “Türk”lər; “üç telli, dörd telli, beş telli” – “üç dilli, dörd dilli, beş dilli” (çox dilli) “Durna”.

Səməd bilmirdi və heç vaxt bilmiyəcəydi ki, qırx altıncı ilin axırında, yəni o tayda Milli hökumətin məğlubiyyətə uğramağından sonra Mirqəzəb Sultan Əmirlini tez-tez Bakıya çağırtdırarmış və öz kabinetində bir neçə yaxın adamının, o cümlədən Persin iştirakı ilə, “Cənubda inqilabi hərəkatın tarixi”ndən söhbət başlayıb, əvvəlcə hökmən “doktorun” – Nərimanovun haqqında söz salarmış: “Doktor bıl çestneyşim çelovekom”⁷ Sonra İran kommunistlərinin proqramlarının variantları haqqında danışarmış. Təbrizdə azərbaycanlıların proqramı bir cür, Rəştdə, Tehranda farsların və kürdlərin proqramı isə tamam başqa cür imiş. Mirqəzəb “Məhz Sultan Mamedoviçdən eşitmək”, bilmək istəyirmiş ki, bir ölkə daxilində bu cür proqram ayrılığı nədəndir?” “Sən ki deyirsən bu xalqların hamısının kökü birdi: OdƏrdi – “dəri”di. Bəs Nərimanov niyə yol verib bu proqram ayrılığına?! Bir dəfə Ənzəlidə qurultay eləyib. Sonra da bütün Şərqin nümayəndələrini Bakıya çağırıb, Şərq qurultayı eləyib. Nə çətin şey imiş vahid proqram vermək?..”

⁷ “Doktor son dərəcə namuslu adam idi”.

Bu sualları Mirqəzəb hər dəfə müxtəlif şəkillərdə verərmiş.

Sultan lap ilk söhbətdən cavabını təkrar edib: “Mən Nərimanovu Azərbaycan bolşeviklərinin rəhbəri kimi tanıyıram. Rəşt və Tehran qırğınlarından sonrakı ziddiyyətlərdə, proqram dəyişikliklərində nə özüm iştirak eləmişəm, nə də doktorun iştirakı barədə eşitmişəm” deyəndə, Mirqəzəb yumşaqca qımışarmış: “Opyat xitriş, Sultan Mamedoviç. No ya ne teryayu nadejdu. Koqda nibud tı obrazumişsa i pomojeş nam razobratsa v etoy putanise...”⁸ Ayağa qalxıb Sultanı yola salanda hətta əl verərmiş. Yəni guya nə “internasionalnıy otryad”ın törətdiyi gizlin qırğınlardan xəbəri var, nə də vahid proqramın üç proqrama çevrilməsindən. Bu söhbətlərin nəticəsi isə bu olarmış ki, Bakıdan qayıdanda Xudiyev dərhal Sultanın başının üstünü alarmış: “Kişi iyirmi dörd saat vaxt verib, Cənubda məğlubiyyətin səbəblərini tələb eləyir”, – deyərmiş, Sultan isə burda da ilk cavabını təkrar edərmiş: “Səbəb də, səbəbkar da çoxmilyonlu Azərbaycan xalqının parça-parça ərazilərinin birləşməyinə mane olan beynəlxalq irticadır və irticaya xidmət edən gizlin qüvvələrdir! Niyə məhz məndən eşitmək istəyir səbəbi?!” – deyib bu mövzuda uzun

⁸ “Yenə hiyləgərlik edirsən, Sultan Mamedoviç. Ancaq mən ümidimi itirmirəm ki, gün gələcək, ağlını başına yığacaqsan və kömək edəcəksən bizə ki, baş açaq bu dolaşıqlıqdan...” müddət danışandan sonra bir əli ilə ürəyini, o biri əli ilə boğazını tutub yıxılarmış, bir də xəstəxananın və ya öz kimsəsiz evinin qapısında Mədədin boyunu görüb, qardaşının elə orda qapıya söykənib pəsdən oxumağa başladığı “yaralı durna”nı eşidəndə ayağa qalxarmış. Səməd bunların heç birini bilmirdi.

Səmədin bildiyi bu idi ki, həmişə yazda və il payıza dönəndə, ilkindi çağları Qonaqlının üzərində durna qatarlarının səsi eşidiləndə atası həyətdə, su quyusunun dikdirində oturardı, Səmədi də çağırıb böyründə oturdardı, qolunu oğlunun boynundan aşırıb, “oxu onu”, – deyərdi. “Onu”, yəni Molla Pənah Vaqifin “Durnalar” şerini:

Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar.
Qatarlaşıb nə diyardan gəlirsiz?!
Bir xəbər versəniz bizə, durnalar...⁹

⁹ M.P.Vaqif batin-gizlin alim idi; “Durnalar” şerində gizlin Elm mərkəzi OrAğa (“İraq”a) gedib qayıdan zəvvarlara həsr olunmuş rəmzi mənalar var.

Xəbərdən xəbərsiz, ərköyün oğul bu şeri çatıltı-patıltılı deklomasiya ilə axıra vuranda, sədr Mədəd dodaqucu gülümsünərdi: “Sədr oğlu elə belə oxumalıdı”, – deyərdi. “İndi sədr Mədəd özü oxusun, oğlu qulaq assın”, – deyərdi və gecənin qaranlığına baxa-baxa öz mahnısını oxuyardı: “Sən haralısan, haralı, durnam?..” Əsli-nəsli barədə hələ bir şey bilmədiyinə görə, atasının mahnısının əsl məzmununa Səməd o vaxt, əlbəttə, tamamilə laqeyd idi. Mahnının məzmununu və mahnı ilə birlikdə sədr Mədədin özünün məzmunun Səməd ancaq o vaxt hiss etdi ki, “avariya” günü, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında kim isə bu mahnını oxudu. Əmma o “kim isə” elə “kim isə” olaraq qaldı.

Durnalar isə birdən-birə qəribələşdilər. Qəribə yox, heyrətli idi ki, Səmədin təhkimçi-təlimatçı olduğu illərdə durnalar gecəyə düşüb, enməyə yer axtara-axtara lap alçaqdan uçanda Əmirli mülkünün üzərində fırlana-fırlana qalırdılar, gecə yarıdan keçəndə, yəni kəndə yuxu sükutu çökəndən sonra isə Səməd həyətdə qanadların yellərini eşidib, quşların birbaş oraya – həyətlə Sudüşən çəməninin arasına töküldüklərini görüb, bəzən hətta hava işıqlaşana qədər pəncərənin qabağında qalırdı. Evdə, tavanla divarların aralarında sonuncu – dördüncü, ya beşinci dəfə bala böyüdüb sabahda-birigündə köçməyə hazırlaşan qaranquşlar köyrək-köyrək civildəşirdilər, həyətlə Sudüşənnin arasında isə durnalar qısıq-qısıq, qərib-qərib səsləşirdilər. Qaranlıq söküləndə səslər çoxalırdı və durnalardan biri-ikisi, sonra bütün dəstə havalanıb qalxırdı. Eyni vaxtda qaranquşlar da evin içində fırlanıb, çaxnaşıb bacadan çıxmağa başlayırdılar. Boşalan yuvalarla boşalan həyət aralığında, bu hikmətdən quruyub qalan Səməd isə, kimdənsə, nə isə soruşmağa ehtiyac duyanda Ortayola boylanıb, səhərlər öz manqaları-briqadası ilə hamıdan əvvəl sahəyə yollanan Təftiş Abbasın arabasının cırıltısını eşidirdi. O sərt, qaraqabaq kişiyə yaxın getmədən, qızlara, gəlinlərə, kişilərə durnaların “işləklərini” danışıb soruşurdu: “Bu nədi belə, nə sirdi belə? Əlbəttə, heç bir qancedici söz deyən olmurdu. Tək bir dəfə, nəhayət, Təftiş Abbas oturduğu yerdən – arabanın qolunun üstündən geri burulub: “Quşların bildiyini bilsəydik, bu günə qalardıqmı, ay bala!” – dedi. Cəmaat Ortayoldan aralanıb çəmənin işıldaşan şehliyində, uzaqda qaralışanda isə Səməd yenə o “kim isə”nin dərdli-ələmli səsini eşitdi: “Bir zaman havada qanad saxlayın...” Səs yenə də qulağında qalıb, quşların sirrinin üstünə sirr gətirdi. Sonra hardasa kim isə dedi: “O bizim Təftişin səsidi”. Sonra əmisinin evində Çürüklə Abı “Zarıncı” çalıb, sonra “Divani” üstündə “ey qardaş” oxuyanda Səməd Təftişin səsini xatırladı. “Avariya” günü “Dəli Səməd” uzun müddətli yuxuya gedəndə, sədr Mədədin üç, bəzən dörd briqadasından birinin briqadiri, təftiş komissiyasının sədri, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin daimi qonağı Abbas əmi Təftiş Abbas da sədr Mədədin bütün yoldaşları, dostları ilə birlikdə zülmətə batıb yoxa çıxmışdı. Yeddi ildə Səməd atasının dostlarından birinə də yaxınlaşmamışdı: elə bil hamı qatil idi. Əgər təsadüfən yaxınlaşdığı adamlar vardısa, onlar da Abı kimi, Qurban əmi kimi, “kənardan-kənara hal-əhval tutub” yoxa çıxmışdılar. Odur ki, illərin uzaqlığından – “avariya” gününün zülmətindən və Sudüşənin parıltıları içindən qulağına gələn “Yaralı durna”nın özü kimi, bu mahnını oxuyan Abbas əmi də Səməd üçün bir qədər gözlənilməz oldu. Yatanda inildəyən Sultan Əmirlinin iniltisi Səməd üçün nə idisə, durnalar o taya köçəndə və o taydan qayıdanda quyunun dikdirində oturan sədr Mədədin “Yaralı durna”sı da elə bir şeydi. O iniltinin haqqında danışan Qurban əmi Qılınc Qurban Səməd üçün kimdisə, bu mahnını oxuyan Abbas əmi – Təftiş Abbas da elə bir adamdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 мин
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 мин
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 мин
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 мин

Стихи других поэтов