Süleyman padşahın xəzinəsi 10
Страница 1 из 3
Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:
– Salam, əzizim. Mən Saşayam, – dedi.
NKVD-də müavin işləyirəm. Çaşma. Burda yox, Bakıda. Sənin də, mənim də şəcərəmiz əslində Ulu Bağlı olmalıdı. Ya da Süleymanlı. Babayev yazdırıram. Atamın adını familiya götürmüşəm. Atam işimizin xatirinə Mirqəzəbin baldızı ilə evlənmişdi, Bağırovun sağ-solundakı Ermənilərin hər həftə, bəzən hər gün təşkil etdikləri terrora göz qoyurdu, Muğannaları xəbərdar eləyirdi. Elə bunun üstündə öldürdülər. Məşhur adam olub, tanıyarsan: Baba Əliyev Ulu Bağ ƏsƏlMən, (Solomon) bilirsən on doqquzuncu əsrə qədər Yerdəki Adlarını tez-tez dəyişirmiş: Comərd, Musa ağa... Bu bizim tanışlığımız. İndi sonrasına qulaq as. Qılınc Qurbana danışmışam, nə lazımdısa. Onnan söhbət elə. Beynin açılacaq. Ətrafında nə baş verdiyini tamam dərk eliyəcəksən... Vəssalam. Missiyam qurtardı. Səlamət qal, əzizimiz. Bu bizim birinci və sonuncu görüşümüzdür. Mən həbsdəyəm.
“Volqa”ya minib qapını çəkdi. İşıq uzaqlaşdı.
Yoxluq, heçlik içində bir qaraltı da göründü. Bu dəfəki bir metrlik qaraltı Əlləzoğlu idi. Bir əlində yaba, o biri əlində neft qabı, Ortayolun o tərəfində, uzun illər ərzində günbəgün, aybaay qalınlaşıb keçilməz hasara çevrilmiş çəpərin darvazası səmtindən gəlib, Əmirli mülkünün qabağında dayananda yabanı yerə sancdı, nefti tələsmədən, təntimədən, pəncərə taxtalarının arasından o yana axıtdı.
Səməd çəpərsiz, hasarsız, hamar, geniş həyətin çəmənə qovuşduğu yerdə, su quyusunun dikdirində oturmuşdu. Baxırdı və səhərin toranında hər şeyi görürdü.
Gödək, yoğun barmaqların ucunda kibrit çöpü alovlanıb Əlləzoğlunun üzünün biz-biz tüklərini işıqlandırdı, sonra şam kimi şölələnib, içəridən zirəzə ilə boşurğu bağlı pəncərə taxtalarının arasından o yana düşdü.
Səmədin kirpiyi də tərpənmədi.
Sədr Mədədlə ərköyününün qoşa çarpayıları kibrit çöpünün düşdüyü yerdə – divarın dibində idi. Neft oraya, iki il bundan qabaq Ayna bacının naftalinləyib palazla örtdüyü yorğan-döşəyin üstünə tökülmüşdü, yanğın da ordan başlandı, neftdən islanmış divarla dikinə yeriyib pəncərə taxtalarına dırmandı.
Quyunun üstündə su mancanağı necə hərəkətsizdisə, Səməd də eləcə hərəkətsizdi. Pəncərə taxtalarını bürüyüb tavana doğru uzanan alova baxa-baxa, cibində – partbiletin arasında gəzdirdiyi qəbir şəkillərini görürdü. O şəkillər nə idisə, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev də indi eləcə, şəkil kimi bir şeydi; əgər şeyx əmilərinin qəbirlərinə “nöyüt töküb kibrit çəkən” olsaydı, Səməd, əlbəttə, laqeyd qalmazdı. Divar arxasında avadanlığa isə tamamilə laqeyd, oturub, nəyin harda və necə yandığını bütün aydınlığı ilə görürdü.
Yorğan-döşəklə eyni vaxtda, çarpayılardan sağda, şüşələrində bir cüt qanadlı mələk olan şkaf da dərhal alışmışdı, odur ki, qapının yuxarısında, “Bircə balanın qaranquşları” üçün qoyulmuş bacasayağı yerdən eşiyə buxarı işığı kimi titrək, qırmızı işıq düşürdü. Arada qara, qatı tüstü burulub o işığı basdı. Bu o deməkdi ki, çarpayılardan solda, şifonerdə sədr Mədədin sarı meşin paltosu, sarı xrom çəkmələri, qalın qayış kəmərlə naqan qoburu da alışmışdı, dəri qoxulu qara tüstüyə çevrilib, qaranquşların bacasından buruq-buruq çıxırdı, balkon dirəklərinin arasında yaymalanıb havaya – torana qarışırdı.
Səhər yuxusunun elə vaxtı idi ki, Sudüşən çəmənində və Tahirliyə, Qurbanlıya doğru uzanıb gedən kanal boyunda qurbağaların qurultuları da ara vermişdi. Hətta Qudalıların çəpər diblərində kirpi yerişinə, dovşan hoppanışına hürən itlərinin də səsi çıxmırdı. Bu cür sükutda, içəridə gurultu qopanda Səməd dərhal başa düşdü ki, anasının sandığında, dördkünc dəmir qutuda “bezdımnı” barıtdı, partlayıb, qutu ilə birgə sandığı da dağıtdı.
Müharibə qurtaranda sədr Mədəd öz köhnə naqanı, mauzeri, beşaçılanı və patrondaşı ilə birgə küncdə-bucaqda boş gilizlərə qədər yığışdırıb aparıb təhvil vermişdi, evdə “bir tiyə də qoymamışdı”, o dördkünc qutuda “bezdımnı” barıta isə toxunmamışdı.
Hər il martın iyirmi birində Bircə bala sandığı açıb barıtdan bir ovuc götürərdi. “Novruz” bayramı münasibətilə qoz, fındıq satan Çax-çuxdan bir kilo qoz alıb, Yusif kimi gözəl Yusiflə birgə xəlvətə çəkilərdi, çuvaldızla, bizlə qozların içini eşib boşaldıb, əvəzinə “bezdımnı” barıt doldurardılar. Qaranlıq düşəndə, bütün həyətlərdə “hər ölünün ruhuna bir tonqal” qalananda isə, Çax-çuxun daxmasının yanından o yana – məhləyə keçərdilər, çəpərlərin, ot tayalarının ara-bərələrində gizlənə-gizlənə, həyətlərə yaxınlaşıb, Qudalı ağsaqqalı Xəlvət Rəhimin öz atası ilə qardaşı Məmmədəlinin ruhlarına qalatdığı qoşa tonqaldan başlayaraq, “hər Qudalının tonqalına bir qoz” atardılar, irili-xırdalı tonqallarla bəzənmiş, rahat kənddə birdən-birə partapart düşərdi. Çoxları bu partapartı atışma zənn eləyib narahat olardılar, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin həyətində isə şaqqıltılı qəhqəhə ucalardı. Sədr Mədəd, ispalkom Qılınc Qurban və hətta sakit, susqun partkom lüt Cəfər də “döyüşdən qayıdan Koroğlu dəlisi” Bircə balanı qəhqəhə ilə qarşılayıb qucaqlayardılar. “Yaxşı eləyirsən, lap əliyin içindən gəlir”, – deyərdilər. “Qudalılar özləri bu kəndi azmı zibilləyiblər ki, üstəlik oğru-əyri əcdadlarının ruhları da zibilləsin!” – deyərdilər.
“Avariya” günü üzünü qəbirlərin şəkillərinə söykəyib həmişəlik yuxuya gedəndə Bircə bala anasının sandığında “bezdımnı” barıtı da özü ilə aparmışdı. İçəridə gurultu hər şeyi yenidən qaytardı. Əmma bu xatirənin ömrü bir an da çəkmədi: “Novruz” axşamının tonqalları da, sədr Mədədin, Qılınc Qurbanın, Lüt Cəfərin qəhqəhələri də, “Döyüşdən qayıdan” Bircə balanın özü də “bezdımnı” barıtla birgə partlayıb dağılıb tavana çırpıldı. Orda – tavanda çartaçat düşdü, belə ağaclarının – kərənlərin aralarına çitənmiş qarğı-qamış çatıltı-patıltı ilə yanıb tökülməyə başlayanda, döşəmənin meydan genişliyində nəhəng, uzun stolla dövrəsindəki stullar da, naftalinlənib, bükülüb stulların üstünə yığılmış xalçalar, kilimlər də, lap yuxarı başda – Bircə balanın yazı stolu, kitab tərəcəsində “Dumanlı Təbriz”, “Tegeran”, “Gələcək gün”, “Polad necə bərkidi”, “Voyna i mir” və sair seçmə kitabları və tərəcənin üstündə Qaratikan – Gürtikən, Qaraağac – Gürağac budaqları da od tutdu. Ev kürə kimi uğuldadı və nəhayət, dörd pəncərənin dördündən də gur alov püskürüb, on addımlıqda, quyunun üstündə Səmədin üzünü, sinəsini, əllərini qızğın külə batırdı, sonra evi çulğalayıb göyün dərinliyinə milləndi. Ordan – dərinlikdən parça-parça od-alov, qurum, kül yağmağa başladı...
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, yaz və payız gecələrində burda – quyunun dikdirində oturub, o taydan gələn, bu taydan gedən dumaların səslərini dinşəyəndə sədr Mədəd kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev əvəzinə başqa bir ev görürmüş ki, o ev səhərdən axşama, axşamdan səhərə qədər qaynayan Əmir bazarının söykəyində, gecələr təkbir almaları tappıldayan hündür, seyrək alma ağaclarının arasında qırmızı kərpicdən tikilib, Əmir fədailərinin Şeyx Məhəmməd Əmirdən təhsil-tərbiyə alan uşaqları üçün ayrılıbmış, min doqquz yüz doqquzuncu-onuncu illərdə aclıq üzündən fədailərin çoxu ailələri ilə birlikdə Bakıya – fəhləliyə gedəndə isə, o ev bütün Əmirlilərin uşaqlarının, o cümlədən Məhəmməd Əmirin özünün sonbeşikləri Mədədlə Sultanın daimi məskəninə çevrilibmiş. Uşaqlar o evin torpaq döşəməsində, boz kilimlərin, ala-bula cecimlərin üstündə, qamış əlfəcli, açıq kitabların önündə cərgə ilə bardaş qurub, gündəlik dərslərini hazırlayıb, çörəklərini də orda yeyirmişlər, Şeyx Məhəmməd Əmirə pənah gətirən aclardan birinə, bağla bazar arasında hamballıq eləyən Fağır Məmmədliyə, sonralar Yağır ləğəbi ilə məşhurlaşan, quru sümük ələngəyə-skeletə oxşayan adama kömək eləmək üçün meyvə yığıb qax kəsəndən sonra, Məhəmməd Əmirin o vaxtkı aşpazı Xeyriyyənin, indiki alverçi Xeyrənin – Xeyrə arvadın qulplu qazanlarının qulplarından tutub, evlərinə xörək aparırmışlar, xörək olmayanda isə, çox vaxt gecəni də orda qalırmışlar: qırx yaşlı sədr Mədəd burda – quyunun dikdirində otura-otura, on iki yaşlı, gödərək, tökmərək ev sahibinə çevrilib, haman boz kilimlərin, ala-bula cecimlərin üstündə yorğan-döşək döşəyib, kiçik qardaşı Sultanla özündən başqa iyirmi-iyirmi beş, bəzən otuz nəfər əmiuşağı, dayıuşağı, xala, bibiuşağı üçün yer salırmış. O ev də kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev kimi, bircə otaqdan ibarətmiş. Əmma o bircə otağın uzunu Məhəmməd Əmirin arşın addımı ilə on altı arşın, eni səkkiz arşınmış. O başda bir buxarı, bu başda bir buxarı varmış. Evin özü kimi buxarıların bacaları da qırmızı kərpicdən hörülüb damdan o yana dörd arşın uzadılıb, palıdsayağı nəhəng alma ağaclarından yuxarı çıxarılıbmış ki, Təbrizin ab-havası nə qədər təmiz olsa da, bağa qurum çökməsin. Bacalarla tavanın arasında dörd barmaq enində iki əlavə baca da qoyulubmuş ki, buxarılarda, sacayaqlarının üstündə qulplu qazanlar qaynayanda divarlara xörək iyi hopmasın. Şəhərə qatı duman çökdüyü, bağda dumanın burulub-büküldüyü vaxtlarda o əlavə bacaların ensiz, uzun deşiklərindən içəriyə də duman təpilib, tavanın altına ağ cuna çəkirmiş. Quru sümük ələngə hambal-fağır Məmmədəli divarın dibində sallağı oturub çubuq sümürə-sümürə, tavanın altındakı ağ cunaya doğru tüstü üfürə-üfürə, köksünü ötürüb, elə hey “bərəkət ərşə çəkilib, bərəkət ərşə çəkilib” – deyirmiş və Mədədlə kiçik qardaşı yorğan-döşəyin arasında o ağ cunaya tamaşa edə-edə qəmə batıb köyrəlirmişlər, gecənin bir aləmində hambalın hətta yuxuda da “Bərəkət ərşə çəkilib” dediyini eşidəndə isə nəhayət, dözməyib, birdən-birə üsyan qaldırırmışlar ki, “Bəs deyilmi?!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Стихи других поэтов
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
به قدر فهم تو کردند وصف دوزخ راکه مار هفت سر و عقرب دو سر دارد
A.S.Puşkinin ölümünə Şərq poemasıНе предавая очей сну, сидел я в ночи и говорил сердцу: О родник жемчуга тайны!Что случилась, что соловей цветника твоего отстал от песен? Что случилось, что попугай красноречия твоего замолк?
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,