Dədə palıd
Страница 15 из 15 · 93%
– Bunlar qonurdu ə, – dedi. – Sənin gözlərin qonurumuş. Mən də bu günəcən elə bilmişəm qaradı.
Bağır da eynilə Nurcabbar kimi gülümsədi:
– Belə yoldaşsan da, – dedi. – Üç ildi bir yerdəyik, bu üç ildə mənim gözlərimin içinə bircə dəfə də zəndnən baxmamısan. Ondan qabaq da, nə qədər görüşmüşük, rastlaşmışıq bir rayonluyuq, çoxdan tanışıq... Bu vaxtacan... Ay səni, Nurcabbar...
Nurcabbar əlindəki qələmin ucuyla başını qaşıya-qaşıya:
– İncimə – dedi. – Heç öz gözlərimin də rəngini dürüst bilmirəm. Mənim yadımda rəng qalmır. – Dizinin üstündəki dəftərə çənəsiylə işarə elədi. – Səni nağıla salmaq istəyirəm – dedi. – Səni yaşadacam Bağır... Yüz il, beş yüz il, min il... bəlkə də çox... hamı ölüb gedəcək; İdrisov da öləcək, Piti Namaz da öləcək, amma sən yaşayacaqsan.
Nurcabbarla söhbətləşəndə Bağır həmişə çaş-baş qalırdı. Bilmirdi Nurcabbar nə vaxt zarafat eləyir, nə vaxt ciddi danışır. İndi də çaşqın-çaşqın:
– Ay sağolmuş, min il yaşamaq olar? – dedi.
Nurcabbar başını tərpətdi:
– Olar, Bağır, olar... İntəhası, cismən yox... mən səni o qədər diri saxlaya bilmərəm. Cismən öləcəksən, buna heç şəkk-şübhən olmasın. Amma adın yaşayacaq... Nağılda... – Qələmin ucunu dəftərə bərk-bərk dirədi. – Burda səndən də yazacam. Gələcəkdə adamlar bu nağılı oxuyacaqlar, biləcəklər ki, bəli, qədim dövrlərdə bir Bağır varmış. Bu Bağır günlərin bir günündə, boz sərçənin dünbülündə gəlir çıxır Kürün qırağındakı meşəyə. Görür ki, meşə nə meşə? Allahın mürvətsiz bəndələri meşənin çoxunu həzm-rabedən keçiriblər, heç nişanə də saxlamayıblar. Bağır az oturur, çox fikirləşir, çox oturur az fikirləşir, deyir, ey dili qafil, yarı canı getmiş bu meşənin dərdini çəkmək sənə qalmayıb ki? Yaxşısı budu, burda ona-buna inək saxla, qoyun saxla, arı bəslə, bostan ək, əvəzində hörmət qazan. Bəli, Bağır başlayır bu dediklərini eləməyə. Səhər tülküdən tez durur, gecə bayquşdan gec yatır, işlə ki, işləyəsən. Bağır əkir, özgələr sökür. Bağır bəssiyir, özgələr məzziyir, Bağıra da qırıq-qırtıq qalır. Bağır burda işləməkdə olsun, indi də sizə kimdən deyim, yeri-göyü xəlq eləyən Allah-taaladan. Allah dünyanın yüyənini əlində tutub oturubmuş taxtında, hərdən də gözünün ucuynan yerə baxırmış. Görür bunun binəva bəndəsi Bağır gecə-gündüz yığır, toplayır, acgözlər də onun yığdığını dartıb aparırlar. Allah-taala qəzəblənir, nə qəzəblənir. Tutur Bağırın qulağından, deyir: ey quşbeyin insan, mən sənə iki əli, iki ayağı, iki gözü, bir başı nədən ötrü vermişəm? Yoxsa yadımdan çıxıb, sənin qafana ağıl qoymamışam mən? Deyir, imanıma and olsun ki, səni döndərib eləyərəm inək. Səni elə südlü, elə yelinli inək eləyərəm ki, gündə səndən dörd sərinc süd sağarlar, əmçəklərini yara eləməsələr, al çəkməzlər səndən...
Nurcabbar bu yerə çatanda Bağır daha dözə bilmədi, incik-incik dedi:
– Hələ yazmamışdan əzbərləmisən ki, bunu... Dalı necə olacaq bunun?
Nurcabbar dəftəri dizinin üstündən götürdü.
– Bilmirəm, – dedi, – amma yazacam. Axırı özünə gələcək.
Bağır bu yarımçıq nağıldan həm pərt olmuşdu, həm də bir az qorxmuşdu. Bilmirdi Nurcabbar bu nağılı yazacaq, ya yox.
– Yazma, – dedi – Bağır.
Nurcabbar başını buladı:
– İncimə, – dedi, – yazacam. Çatdasan da yazacam.
Bağır yalvarmağa bənzəyən bir səslə soruşdu:
– Min ildən sonra dünyaya gələn adamların nəyinə lazımdı bu? Neynirsən bunu yazıb?
Nurcabbar dəftəri qoltuğuna vurdu:
– Onunçün yazıram ki, onlar bunu oxuyandan sonra day özgələrə havayı bostan əkməsinlər...
Bağır daha danışmadı. Onsuz da Nurcabbarın yazdığı nağıllar min il ömür sürməyəcək. Heç min gün də yaşamayacaq bu nağıllar. Onda Piti Namaz necə demişdi buna? “Heç kim Nizamini, Füzulini qoyub, sənin cızma-qaranı oxumayacaq, onnan xatircəm ol, əkşi”.
Bağır birdəfəlik inandı ki, Nurcabbar avara adamdı, başının çıxağını bilməyəndi, vecsizdi və Nurcabbarın vecsiz olduğunu fikirləşəndə Bağırın ona yazığı gəldi. Yəqin ki, qələmə uymasaydı, Nurcabbarın həyət-bacası o kökə düşməzdi, evinin divarı quzulayıb tökülməzdi. Özü də belə vaxtsız-vədəsiz qocalmazdı, səfil-sərgərdan qalmazdı. Vallah yazmasaydı, bu da beş kişinin biri olardı, toylarda, yaslarda baş tərəfə keçirərdilər bunu.
Nurcabbar altdan-altdan Bağıra baxdı. Bağır gözlərini boşluğa dikib, məlul-məlul dayanmışdı. Bağırın məlul-məhzun dayandığını görəndə Nurcabbarın ona yazığı gəldi. Görəsən niyə belə avam yaranıb bu? Görəsən, dünyaya nə üçün gəldiyini fikirləşirmi? İnsan nə qədər işləyər axı? Ya öküz, ya Bağır – fərqi yoxdu. Öküz işləyir, otlayır, işləyə-işləyə, otlaya-otlaya qocalır və ölür. Bağır da elə... Kim bunun qədər işləsəydi, evinin dirəyi qızıldan olardı, amma buna bax – bu nə əyin-başdı, bu nə yör-yöndəmdi? Tərdən-tozdan köynəyinin rəngi də bilinmir. Bu köynəyi itə atsan, it qaçar. Gör şalvar neçə yerdən sökülüb? Çustlarına bax – altı rezin, üstü brezent – indi kimdi belə çust geyən? – Nahaq buna yazığım gəlir mənim. Beləsini gərək tikanlayasan, bizləyəsən ki, heç olmasa, bircə dəfə gözlərini açıb dünyaya baxa.
– Bu çustları neçə ildi geyirsən, Bağır?
– İki yaydı geyirəm. – Bağır başını sinəsinə əyib, çustlarına baxdı. – Qışda bunları geymirəm, – dedi. – Qışda patava geyirəm... Necə bəyəm?
– Heç... Deyirəm, tez dağıtmısan, mənim belə möhkəm çustlarım olsaydı, azı beş il geyərdim.
Nurcabbarın da ayaqlarında çust vardı. Özü də çustları yalın ayaqlarına keçirtmişdi. Bağır heç olmasa, corab geyirdi. Bağırın çustları dağılmamışdı, əyilməmişdi, amma Nurcabbarın çustlarının üzü didik-didik idi, dabanı əzik-əzik idi.
Bağır başa düşdü ki, Nurcabbar onu ələ salır, dedi:
– Kor-kora lağ eləməsə, bağrı çatdar.
Nurcabbar da nəsə demək istədi, amma lap yaxınlıqda eşitdiyi maşın səsi macal vermədi.
İdarənin yük maşını nərildəyə-nərildəyə, addım-addım gəlib durdu komanın qənşərində. İdrisov kabinədə – sürücünün yanında oturmuşdu, kuzovda da meşəçilik idarəsinin dörd-beş işçisi ayaq üstə dayanmışdı.
İdrisov kabinədən düşən kimi:
– Bağır qardaş, salamatlıqdırmı? – dedi.
Bağır hər şeyin yaxşı olduğunu arxayın bir görkəm alıb:
– Salamatlıqdı, müdir, salamatlıqdı, – dedi.
İdrisov gəlib Bağırın lap yanında durdu.
– Buzov neynəyir? – dedi.
– Oynaqlayır, otuxub buzov.
Buzovun otuxmaq xəbərindən elə bil İdrisovun kefi duruldu. Gülümsəyə-gülümsəyə üzünü kuzovdakılara tutdu, əlini bircə dəfə qaldırıb endirdi.
– Başlayın, – dedi.
Meşəçilik idarəsinin işçiləri maşından düşürtdükləri yekə mişarı götürüb Dədə palıda tərəf gedəndə Bağırın içində sanki nəsə qırıldı.
İdrisov barmaqlarıyla kürən saçlarını daraqlaya-daraqlaya:
– Qocanın əcəli çatıb, – dedi. Sonra üzünü Nurcabbara tutdu: – Azarrıdı bu. O biri palıdlar bundan zavala gələrlər. Körpə ağaclar xəstəliyə qarşı çox həssas olurlar.
Söz İdrisovun ağzından qurtaran kimi elektrik mişarının tırıltısı eşidildi. Mişarın iri, dəmir dişləri Dədə palıdın gövdəsinə yeriyəndə Bağır üzünü yana döndərdi.
Nurcabbar, mişarın çeynəyib tökdüyü ağappaq ovxantıya baxırdı, elə bil ovsunlanmışdı, gözlərini çəkə bilmirdi ordan... Dədə palıd, bıçaq altında boğazının son tilişiyi qalan qurbanlıq qoyun kimi xırıldayanda Nurcabbar komaya tərəf qaçdı.
Bağırın yadına iki qəbir düşdü. Dədə palıdın altına nəzər yetirdi, hər gün gözlərinə görünən qoşa qəbri indi orda görmədi. Onların yerində Dədə palıdın əzalarından, damarlarından üyünüb tökülən ağappaq ovxantı topası yavaş-yavaş dikəlirdi.
– Bağır qardaş, içməyə suyun varmı?
Bağır İdrisovun dediklərini eşitmədi, onun göyümtül, parıltılı gözlərinə baxa-baxa qaldı. Ancaq müdirin dodaqlarının tərpənməyindən, dəyirmilənməyindən başa düşdü ki, müdir, nəsə, bir şey istəyir və bu şey komadadı.
Bağır ayaqlarını sürüyə-sürüyə komaya tərəf getdi, komanın yanında Nurcabbarı görüb dayandı.
Nurcabbar komanın böyründə çömbəltmə oturmuşdu. Dəmir qapaqlı sandıqçanı da qoymuşdu qabağına. Qalın dəftərlər sandıqçadan götürüb bir-birinin oduna yandırırdı. Qaralıb büzüşmüş vərəqlərdən kül topası qalaqlanmışdı. Nağıllar alovlanırdı, tüstülənirdi, “biri varmış, biri yoxmuş” qışqıra-qışqıra külə dönürdü. Amma, qəribə bu idi ki, Nurcabbar ağlamırdı, sızlamırdı. Nurcabbar illərlə axtardığı qiymətli bir şeyi indicə tapmış adam kimi sevinirdi, iki barmağının arasında tutduğu dəftərin aşağısından yalmana-yalmana yuxarı qalxan alova baxıb gülümsəyirdi və gülümsəyə-gülümsəyə deyirdi?
– Eh, Süleymana qalmayan dünya...
Bağırın qulağına Nazlının səsi gəldi: “Tünzalə yetim qalacaq, dədə... Tünzalə yetim qalacaq... Yetim qalacaq...”.
Üçcə dəqiqədən sonra Bağır talada ürgənin cod yalını tumarlayırdı, ürgə də bu sığaldan xoşhallana-xoşhallana, quyruğunu yellədə-yellədə qulaqlarını şəkləyib Bağırın dediklərini dinləyirdi.
– Gedək, ürgə... Apar məni Piti Namazın yanına. Sataq həyət-bacanı ona... Qoy Nazlı şəhərdə özünə ev tikdirsin. Qəm eləmə, biz sənnən meşədə də yaşayarıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-dede-palid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Стихи других поэтов
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.