Talisman
Страница 5 из 5 · 80%
Gecə düşmüşdü. Artırmada yanan elektrik lampasına ehtiyac yox idi, ayın işığında hər şey apaydın görünürdü.
Binnət tez-tez qalxıb evin kəllÉsinə keçirdi. Ağarəhim əvvəlcə elə bilirdi ki, Binnətin beli boşalıb, amma sonra gördü ki, yox. Gördü ki, evin küncündən seyrək tüstü çıxır və başa düşdü ki, Binnət qardaşının yanında siqaret çəkməyə ürək eləmir, gedib gizlində yanğısını söndürür.
Əjdər sazı köynəkdən çıxardıb basdı sinəsinə. Başını sazın sağanağına qoyub, gözlərini yumdu...
Ağarəhimin saz havalarından o qədər də xoşu gəlmirdi, illərlə eşitməsəydi, yadına düşməzdi. Amma indi Əjdərin şövqlə çalmağı heyrətə gətirmişdi onu. İnana bilmirdi ki, saz belə dillənə bilər, sızıldaya bilər. İnana bilmirdi ki, ovurdu ovurdundan keçən, bəlkə də içməkdən əriyib bir dəri, bir sümük qalan Əjdərin kirli, çatlı barmaqları simlərdən belə ecazkar səs qopara bilər. Nədənsə, Ağarəhimin yadına qızı düşdü, Pərvanə düşdü və Ağarəhim kövrələn kimi oldu.
Ağarəhimin gözləri Əjdərin barmaqlarında idi, Binnətin də gözləri Ağarəhimin üzündə. İndiyəcən yaxşı-yaxşı baxmamışdı Ağarəhimə, indi baxırdı. Baxırdı və görürdü ki, Ağarəhimin tərtəmiz qırxılmış üzünün dərisi elə şəffafdı, elə şəffafdı, elə bil ömründə gün dəymÉmişdi onun üzünə. Görürdü ki, Ağarəhimin saçı qapqaradı, sıxdı, dalğa-dalğadı. Gözləri aladı, yeniyetmə qız gözləri kimi cazibədardı. Görürdü ki, Ağarəhimin kürəyi enlidi, boyu ucadı; doğrasalar ondan üç Binnət çıxar. Görürdü ki, Ağarəhimin qolsuz köynəyi boyunluğu şax dayanıb və fikirləşirdi ki, bu ağlıqda, bu şaxlıqda köynək geyinməmişəm mən. Görürdü ki, Ağarəhim qəşəngdi, yaraşıqlıdı. Binnət üzünü tanrısına tutub ürəyində soruşurdu ki, “fələk, görəydim bu qəşəng oğlanın ürəyi necədi? Ürəyi də gözəldimi? Görəydim bu, mənim puluma möhtacdır yəni? Yəni bu, mənə görə yolundan qalıb? Ya rəb, bunun bazburtunun onda birin verəydin mənə, yüz maşınım olaydı, yüzünü də vurub xıncım-xıncım eləsəydilər, uf da deməzdim. Bu şəhərli balasının ürəyində insaf adlı şey yoxdu yəni? Mən onu min manatlıq ziyana salmamışam, axı. Niyə “min manat” deyib, durub”.
Əjdər başını qaldırdı, amma gözlərini açmadı.
– Əfəndi, dərdin alım, qulaq as, bu havanın adı “Göyəzən gözəlləməsidi”, özüm düzəltmişəm, – dedi və başladı yeni hava çalmağa. Bir neçə mizrab vurub dayandı. Sazı köynəyə sala-sala: – Eh, ay fələk, – dedi, – mən Göyəzənin təpəsinə nə vaxt çıxacam?
Heç kim dillənmədi. Hamı hiss eləyirdi ki, süfrə arxasında söhbət tutmur, sözlərdən elə bil daş asılmışdı.
Əjdər stəkanının dibində qalmış çaxırı bir atıma içib ağzını marçıldatdı.
– Ayə, ay Əfəndi, hardan alacaqsan, ə, min manatı?
Əfəndi ona təpindi:
– Ə, kiri, ə! Ölkə viran qalmayıb ha! Dünyada təkcə ölümə çarə yoxdu. Təki can sağ olsun, hər şey düzələr. – Əlini dibdən qırxılmış başının ortasına çəkib gülümsədi. – Ayə, ay Əjdər, maşının neçəyə gedər sənin?
Əjdərin çiyinləri atıldı.
– Ağzım ağrımırmı, buna maşın deyirsən? İti bağlasan bunun içində oturmaz, amma mən otururam. – Süzülən gözlərini Əfəndinin bir az da qızarmış üzünə zillədi. – Sən de, görüm min manatı hardan tapacaqsan?
Ağarəhimin canından üşütmə keçdi, elə bildi onu lüt soyundurub bədəninə baxırlar. Kaş susaydılar, kaş bu məsələni onun yanında götür-qoy eləməyəydilər. Yəni danışmağa ayrı məqam yoxdu?
Əjdər qızışmışdı.
– Ayə, Binnətin evini bazara töküb satsan, heç min manat düzəlməz. Min manat az puldumu, allahsız?
Əfəndi də qızışdı.
– Ağzımı açma mənim! Binnətin bir inəyi var, iki danası var! Mənim də evimdə xəli-xəlçə var! Binnətin kişi təkin bacısı var – onun da saxlancı olar yəqin. Çıxardarıq bazara, satarıq. İntəhası qonaq qardaş gərək bir az ləngisin.
Ağarəhimin ürəyində: “Gözləyərəm, – dedi. – Sabah tezdən instituta təcili teleqram vuraram, bilərlər ki, gecikəcəm.”
Əjdər Binnəti dümsüklədi:
– Onda anana denən, qurutlu xəngəl hazırlasın, obaşdannan durub yeyərik. – Baxışlarını Ağarəhimin üzündə güclə cəmləşdirdi. – Qurutlu xəngəl yemisənmi. Dərdin alım?
Ağarəhim yavaşca:
– Borçalıda yemişəm, – dedi.
Əjdər başını buladı.
– Yer üzündə... Qazax xəngəlinə çatan xəngəl yoxdu... Bir şərtnən ki... yanında zoğal arağı ola... Mən getdim, ayə, qoy uşaqlar görsünlər ki, dədələri var, dədələri ölməyib. – Yumruğunu sinəsinə vurdu. – Mən Əjdərəm haa! Mənə Əjdər deyərlər. O Göyəzənin təpəsinə dırmaşmasam... Əfəndi! Bavayın, bavamın goru haqqı iməkləyə-iməkləyə də olsa, qalxacam ora!
Əjdər həyətdən çıxandan sonra səsi yoldan gəldi:
– Mən Əjdərəm haa! Əjdərəm!.. Əjdər!
Əfəndi, Ağarəhimin qolundan tutub kənara çəkdi.
– Qardaş, uzan, rahat yat. Necə demisən, heylə də olacaq.
Ağarəhim dirənə-dirənə dedi:
– Məndən inciməyin... Özünüz bilirsiniz də... təzə maşındı... İnciməyin...
– Niyə inciyirik, a sağolmuş? Sən bizdən incimə ki, bizim ucbatımızdan... Ürəyini buz kimi elə... Səhər sənə xəngəl də yedizdirəcəyik, pulunu da düzəldib verəcəyik... Di, salamat qal, dərdin alım. Gecən xeyrə qalsın. Mən getdim.
Ağarəhimin xahişi ilə onun yerini çöldən saldılar. Otaqdan yaylı, dəmir çarpayı çıxardıb, armud ağacının dibinə qoydular. Gəlin, qulluq göstərmək üçün əldən gedən adam kimi, yorğan-döşəyi sahmana salıb uzaqlaşdı.
Ağarəhim yatağa paltarlı uzandı, heç ayaqqabılarını da çıxartmadı. Əzgin, yorğun olduğunu, bütün canının sızıldadığını indicə hiss elədi. Beyni də ağırlaşmışdı, amma yuxusu gəlmirdi. Başqa vaxt olsaydı Ağarəhim bəlkə də çöldə, ağac altında yatmağın ləzzətini duyardı, indi gözlərini tərtəmiz göydə sayrışan ulduzlara zilləyib qulaqlarındakı uğultunu dinləyirdi.
Bu boyda kəndin səs-səmiri çıxmırdı, elə bil kənd dərin quyunun dibinə düşmüşdü. Tövlənin qabağında kövşək çalan heyvanlar hərdən quyruqlarıyla bellərini şappıldatmasaydılar, Ağarəhim elə bilərdi ki, ətrafında ins-cins yoxdu. Elə bilərdi kənddə deyil, kimsəsiz düzü-biyabandadı və bu düzü-biyabanda səhər açılmayacaq, günəş görünməyəcək, Ağarəhim də burda bax beləcə – uzanalı qalacaq, qızıl pul kimi parıldayan bu ulduzların altından çıxa bilməyəcək. Ağarəhim köks ötürüb böyrü üstə çevrildi.
Bağçada şanapipik quqquldadı, biri də uzaqdan ona səs verdi. Ağarəhim yerinin içində oturub şanapipiklərin deyişməsinə qulaq asdı. Sonra qanrılıb artırmaya tərəf baxdı. Kök arvad orda – taxta çarpayıda yatmışdı, özü də bu bürküdə, deyəsən, yorğanı başına çəkmişdi... Ağarəhim gecənin qərib sakitliyində zümzüməyə bənzər bir səs eşitdi. Quş səsi deyildi bu. Bağçadan gəlmirdi, artırmadan gəlirdi. Ağarəhimin qulaqları sükutu da eşidə biləcək dərəcədə gərildi. Kimsə ağlayırdı. Boğula-boğula, hıçqırığını uda-uda, içində, ürəyində ağlayırdı. Arvad tərpənmirdi – yatağında daş kimi qalmışdı, amma Ağarəhim inandı ki, ağlayan odur. Niyə ağlayır görəsən?.. Sabah Binnət inəyini, ya da danalarını bazara çıxaracaq, sabah Əfəndi evindəki xəlçənin bir-ikisini dəyər-dəyməzinə satmalı olacaq. Yəni kök arvad buna görə ağlayır? Bəlkə heç ağlamır, bəlkə Ağarəhimin qulağı səsə düşüb? Yox, ağlayır vallah, ağlayır... Odey tərpəndi... ağlamağını kəsdi... yönünü divara çevirdi... təzədən başladı içində ağlamağa...
Ağarəhim fikirləşdi ki, indi bu həyətdə, bu evdə qıvrımsaç qızdan başqa heç kim yatmayıb. Bax, qapısı örtülü o otaqda Binnətlə qəşəng gəlin arxası üstə uzanıb qaranlıq tavana baxırlar. Baxırlar və susurlar. Binnət siqareti siqaretin oduna calayır. Yəqin qəşəng gəlin ağlayır. Yetişmiş gilənar rənginə çalan dodaqlarını gəmirə-gəmirə ağlayır və ürəyində Ağarəhimə qarğış-nifrin yağdırır: “Görüm sənin də arvadın ölü uşaq doğsun”.
Ağarəhim gerçəkdən qorxdu. Elə bil göydəki ulduzlar qırmızı-qırmızı daşlara dönüb Ağarəhimin təpəsinə töküldü. Ağarəhim canında, içində dözülməz bir ağrı duydu. Ömründə birinci dəfə qardaşına gənəşməmiş bir iş görmək istədi.
Ağarəhim ürəyinin guppultusuna qulaq asa-asa çarpayıdan düşüb “Jiquli”yə tərəf getdi...
“Jiquli” evin qabağından asta-asta keçəndə arvad hövlnak dikəlib çarpayıda oturdu. Ağarəhim onun gözlərini yaxşı-yaxşı görməsə də inandı ki, arvadın gözləri heyrətdən böyüyüb...
Ayın bəyaz işığında yolun çala-çuxuru da görünürdü. Göyün üzünə yavaş-yavaş ağımtıl şəfəq gəlirdi, alatoran dağılhadağıl idi. Obaşdanın nəmli, şehli havasında “Jiquli”nin şüşələri tərləmişdi. Sınıq pəncərədən şaphaşapla içəri dolan ayaz nəfəsli külək Ağarəhimin üz-gözünü qarsır, canına həzli-ləzzətli bir üşütmə gətirirdi.
Uzaqdan qanadlı aya oxşayan gümüşü təyyarə abidəsinin yanına – maşının vurulduğu yerə çatanda Ağarəhim saatına baxdı: dörd tamam idi. Sonra oturacaqda Ağarəhimin gözlərinə bir şey sataşdı. Götürüb baxdı: qıvrımsaç qızın gülməli gəlinciyi idi. Ağarəhim gülümsədi. “Bu da mənim talismanım”, – dedi və hiss elədi ki, bayaq canını yandırıb-yaxan ağrıdan, göynərtidən əsər-əlamət qalmayıb.
Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağıyla irəli itələdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-talisman
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...