İki çay süzülüb axır yanaşı,Dalğalı bir nəhrin qolları kimi.Uzaqdan bozarır çaylağın daşı,Toz basmış qoşa dağ yolları kimi.

“Ağ çay” ağ köpüklü, ağ ləpəlidir,Axır ağ çiçəklər səltənətinə.“Qara çay” burulub qapqara gedir,Rəngi də bənzəyir təbiətinə.

Bizim dünya görmüş babalar sənin,“Qara çay” adına dedikcə qara,Suyundan içməmiş obalar sənin,Ahın duman olub qalxmış dağlara.

Qara rəng heç kəsə indi ar deyil,Ax, süzül dağların yaşıl döşündən.İndi sən gördüyün dövranlar deyil,Şikayət eyləmə öz keçmişindən.

Səni döndərmişəm öz əllərimlə,Tökül Niaqara şəlaləsi tək.Bu gün yandırdığın nurlu çıraqlar,Alışır Qubanın dağ laləsi tək.

İndi, ay “Qara çay”, oynaq suların,Neçə dağ kəndində işıq yandırır,Qubada sevimli əkinçilərin,Təzə mənzilini işıqlandırır.

“Qara çay”, “Ağ çaya” şəfəq payla sən,Oyan günəşlə sən, uyu ayla sən.Qoy çıxıb Şah dağın zirvələrinə,Şerimi ellərə deyim ürəkdən:– İndi qərq olmusan işıqlara, çay,“Qara çay”, ay “Qara çay”!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов