Şamxal birbaş sahilə endi.

Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.

İndicə baş veren əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal yarğanın kənarında oturdu.

Hündür boz təpələri yarıb uçurumlara çevirən Kür meşənin yaxası boyu uzanıb gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında yatağına sığmayıb, gah sol sahildəki meşəyə soxulan, gah da bəri üzdəki hündür yarğanları, biçənəkləri, yulğunluqları yuyub aparan Kür bu il daha coşqun idi. O, nəhəng palıd ağaclarını kökündən qoparıb bir yumaq kimi bürmələyir, özü ilə uzaqlara - aşağıdakı kəndlərin bəra-bərinə qədər aparırdı.

Şamxal əlini gözünün üstünə qoyub Kürün şaxələnmiş qollarına, eninə-uzununa yayılan bu nəhəng çayın ortasındakı xırdaca adalara tamaşa etdi. Həmin adaların bəziləri zaman keçdikcə böyümüşdü. İllərdən bəri suyun lilləndiyi bu adalarda balaca pöhrələr əmələ gəlmiş, get-gedə qalınlaşıb meşəyə dönmüşdü. Gecələr o taydan üzüb keçən və kəndə soxulub, toyuq-cücə oğurlamağa çalışan ac çaqqallar çox zaman bu adadakı cələyə toplaşır, qaranlıq qarışan kimi səs-səsə verib ulaşırdılar.

Şamxal həmişə yarğanın qaşında oturub, bunlara tamaşa etməkdən doymazdı. Ancaq indi onun gözünə beç nə görünmürdü. Bir az bundan əvvəl baş verən hadisələr yenidən xəyalında canlanırdı.

Əvvəlcə o heç bir şey ayırd edə bilmədi. Atası hardan gəlib çıxdı? Kim-kimə qabaqca əl qaldırdı? Bəs necə oldu ki, Mələk sağ qaldı? Bəs onun əlindəki xəncər niyə iki bölündü? O heç nə anlamırdı. Beyni uğuldayırdı. Qulaqları və bil tutulmuşdu, güy-güy güyüldəyirdi.

Şamxal hadisələri təkrar-təkrar yadına saldı. Anasını, yerə döşənən Salatını, qorxusundan rəngi ağarıb dodaqları titrəyən Mələyi, atasının heybətli, qorxunc sifətini gözünün qabağına gətirdi. Hadisələr getdikcə aydınlaşmağa, lilli su kimi çöküb durulmağa başladı. Şamxal hər şeyi başa düşdü. O, atasına əl qaldırmışdı. Hələ indiyə qədər onların evində belə hadisə olmamışdı. Nə Şamxal atasının üzünə ağ olmuş, nə də atası ona güldən ağır söz demişdi. Cahandar ağa həmişə onun boyunu sevər, səhər-səhər atı minib Kürə sulamağa aparanda samanlığın üstünə çıxıb arxasınca baxardı. Şamxal atasının onun yelinə uçduğunu, hər yerdə, hər evdə oğlundan danışdığını çox gözəl bilirdi. O neçə dəfə atasının anası ilə söhbətini eşitmiş, kənd qızlarının adını çəkib gəlin seçdiyini bilmişdi. Atası onu çox sevirdi. Bəs indi?..

Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarında səsləndi. "Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən zəhləsi gedir. Harda görsə, yenə üstümə cumacaq. Bəs anamın təqsiri nədir? Axı niyə onun üstünə günü gətirir? Bundan sonra anamın günü ah-vayla keçməyəcəkmi? Mən onun göz yaşına necə dözəydim? Arvad bircə gecənin içində büzüşüb yumağa dönməmişdimi?.." Samxal düşündükcə daha uzaqlara gedir, ürəyində Mələyi asıb-kəsirdi. O heç bir vəchlə Mələyə haqq verə bilmirdi. Bu cavan arvadın nə üçün ev-eşiyini buraxıb, özündən yaşlı kişiyə qoşularaq gəldiyini ah-vayla bilmirdi. "Axı o istəsəydi, gəlməzdi. Atamın sözünə baxmazdı. O gəlməsəydi, bizim evdə bu dava-dalaş da olmazdı. Taqsırın hamısı ondadır".

Düşüncələr bir burulğan kimi onu qoynuna alıb fırladırdı. Şamxal yarğanın qaşından ayağa durub üstünün tozunu çırpdı. Suvadağdan düşüb yarğanın kölgəsinə endi.

Uşaqlar qızıl tozu səpələnmiş kimi par-par parıldayan qumluqda uzanmışdılar. Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun üzündə sürüşdürürdülər. Narın ləpələrə toxunub şütüyən daşlar şıldır yerdə qurulamış qovaq ağacına qədər gedirdi.

Şamxal daş atmaqda bəhsə girən uşaqlara, budaqları lillənib qalan çiləkənə, ağacı yerindən tərpədə bilməyən boz-bulanıq sulara baxdı.

Elə bil gücsüzlüyünü hiss edən sular hirslənib kötüyün ətrafında fırlanırdılar. Bunlara əhəmiyyət verməyən çılpaq bir uşaq isə ağacın üstündə oturub suya qarmaq atırdı.

Şamxal ixtiyarsız olaraq köksünü ötürdü. Axı o da cami altı-yeddi il bundan əvvəl, bu uşaqlar kimi çimib, qumsallıqda eşələnirdi. Yoldaşları ilə birlikdə üzə-üzə Kürü keçib meşəyə adlayardı. Axşama qədər moruqdan, cır meyvələrdən yeyər, qaranlıq qarışanda isə sal bağlayıb, bəri üzə qayıdardılar. Bəzən də istilənmiş qara camışları suya töküb çimizdirər, sonra da şığıyıb Kürdən keçirərdiiər. Fınxıra-fınxıra üzən kəllərin quyruğundan yapışıb Kürü adlamaq onlara ləzzət verərdi.

Şamxal birdən-birə qocaldığını hiss edən adamlar kimi uşaqlığını xatırlayıb kədərləndi. Onu qəhər boğdu. Bayaq yad adamların yanında biabır olmamaq üçün ağlamağını saxlaya bilmişdisə də, indi bacarmadı. Gənclik qürurunun tapdalandığını hiss edib kövrəldi. Onu atasının hərəkətlərindən daha çox Mələyin mərhəməti daha yandırırdı. Şamxal Mələyin diz çöküb yalvardığını, "A kişi, yazıqda tutar qoymadın", - deyə ona tərəf durmasını xatırlayanda dözə bilmədi. Hirs onu boğdu. "Gör nə günə qalmışam ki, mənim döydüyüm adam mənə qəhmər çıxır, mənə yazığı gəlir. Məni atamın əlindən almaq istəyir. İndi mən nə üzlə geri qayıdım? Bundan sonra Mələk mənə yazıq, yetim bir uşağa baxan kimi baxmazmı? Sonra da qarşımda dayanıb, "Hə, necəsən, o sənin kişiliyin, bu da mənim arvadlığım" – deməyəcəkmi? Bəlkə də lağa qoyub güləcək! Mənə məsxərə edəcək! Atam da indiki kimi ona yan basacaq. Yox, mən bir də o evə üz tutmaram. Çıxıb gedəcəm. Harda olsa, bir parça çörək taparam. Bəs anamın, Salatının axırı necə olacaq?" Şamxal ağzı üstə uzanıb çənəsini qollarına söykədi. Onun çiyinləri qalxıb-enir, bütün bədəni titrəyirdi. O ağlamırdı. Ağzı üstə uzanıb eşələnir, daxildən qopan nəriltini boğmaq istədikcə titrəyib çalxalanırdı... Axşamtərəfi boğuq bir gurultu qopdu. Hündürlüyü on sajenə yaxın olan yarğan uçub suya töküldü. Qatı duman suyun üzünü bürüdü. Yarğan uçanda qabağı kəsilib göllənən su özünə yol açıb, yenə əvvəlki kimi sarı torpağı yalaya-yalaya, qıjıltı ilə axıb getdi.

Şamxal diksinib qalxdı. Gözünü yarğan uçan tərəfə zillədi. Sonra da əlini üzünə çəkdi. Yanağında laxtalanmış qam ovxalayıb tökdü. Əyilib axar suda əl-üzünü yudu. Üst-başının tozunu çırpıb papağını düzəltdi, Lap yaxında, suyun dayaz yerinə qonmuş balaca, caydaq bir quş cikkildədi. Şamxal dönüb baxdı. Uzun quyruqlu quş balıq axtarırdı.

Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa qalxdı. Başqa vaxt olsaydı, o, yerindən durmazdı. Əksinə, bəlkə da, yaxındakı yulğun kollarının arasına girib, nağıllarda söyləndiyi kimi, suya tökülüb çimişən bu mələk qızların ağ bədəninə, sinələrinə dağılan uzun, qara saçlarına oğrun-oğrun tamaşa edər, onların ördək kimi suya baş vurub üzmələrinə, zarafatlaşıb bir-birilərini suya basmalarına, sonra da balıq kimi şütüyüb adaya qədər getmələrinə göz qoyardı. Bəlkə do balaca vaxtı elədiyi kimi, qızlardan birinin paltarını götürüb gizlədərdi də. Lakin indi onun ortaya çıxası halı yox idi. Üst-başı cırılmış, ağız-burnu əzilib gömgöy edilmişdi. Hələ indiyə qədər kənddə heç kəs onu bu kökdə görməmişdi. Kürü üzüb o üzə keçməkdə birincilik qazanan, at çapıb xəncər oynatmaqda heç kəsə aman verməyən, yaba, yumruq davasında dəfələrlə qalib gələn Şamxal buradan uzaqlaşmağı qərara aldı. Dərhal paltarını soyundu. Qızların qaqqıltısı və ayaq tappıltıları yarğanda səslənincə, paltarını başına dolayıb, özünü suya atdı. Bir göz qırpımında üzüb cələyə keçdi. Qızlar sahilə enəndə qarşıdakı adada tərpənən yulğun kollarından başqa heç na görmədilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 3

Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.

195710 мин
İkinci hissə, 4

Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

19577 мин
İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 мин
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 мин

Стихи других поэтов