Страница 1 из 2

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.

Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

– Atan haradadır?

Yalnız bu zaman yaşmağının sürüşüb düşdüyünü və qızların bir kənarda dayanıb, onu gözlədiklərini hiss edən Salatın qızardı. O, cavab əvəzinə çiyinlərini çəkib başını yuxarı qaldırdı, sonra da gözlərini çevirib o taya baxdı. Əhməd Salatının ''yəqin binəyə gedib" - demək istədiyini anladı. Qız Əşrəfdən kağız olub-olmadığını soruşmaq istədisə də cəsarəti çatmadı. Yenə dabanı üstə fırlanıb geri döndükdə Əhmədin səsini eşitdi:

– Atana deyərsən "Zayej"ə baş çəksin. Əşrəfin yanından gələn var.

– Kimin, qağamın?

– Hə.

– Necədir, nə söyləyirlər?

– Lap yaxşıdır. Sizə də çoxlu salamı var.

– Salam göndərənə də qurban olum, gətirənə də.

Qızın bu sadəlövh və səmimi cavabı Aleksey Osipoviçin yaman xoşuna gəldi. O, adəti üzrə gözlərini qıyıb bərkdən qəhqəhə çəkdi. Salatın hürküdülmüş quş kimi qanadlanıb qızların yanına qaçdı.

Onlar bir xeyli sakitcə dayanıb, uzaqlaşan qızların arxasınca baxdılar. Salatın tez-tez dönüb geri boylanır, qızlara nə isə deyir, onlar da xısın-xısın gülüşürdülər.

– Əşrəfin bacısıdır?

– Bəli.

– Yaman oxşayır.

– Elədir, - deyə Əhməd sakitcə cavab verdi və dönüb gözləri yol çəkən Aleksey Osipoviçə baxdı.

– Bu qızlardan mollaxanaya gedəni varmı?

– Yox, - deyə Əhməd sakitcə dilləndi. – Əvvəllər bir neçə ay dərs keçildi. Sonra camaat eşitdi ki, Molla Sadıq dərs əvəzinə cadudan danışır, qızları dirəyə arpa dırmaşdıra bilməsi ilə qorxudur. Bir sözlə, molladan gözləri su içmədi və qızlarını belə həlləm-qəlləm adamın yanına göndərmədilər. Yaxşı da elədilər.

– Deyəsən molladan yaman yanıqlısan.

– Yanıqlı olmayım, nə edim? Zalım oğlu başdan ayağa kələkdir.

Özü də kəmsavadın biridir. Ancaq özünü elə aparır, guya elm dəryasıdır. İndi də başına mürid yığır. Camaatımızın da dərdi çəkiləsi deyil.

– Elə bilirsən təkcə sizdə belədir? Başqa millətlərin ruhaniləri ağıllıdır?

– Hamısı birdir. Ancaq yenə bizimkinə baxanda onlara şükür. Heç olmasa azdan-çoxdan millətinə xeyir verməyə çalışırlar. Amma bizimkilərin işi-gücü xortdandan, cindən, şəyatindən danışıb, insanların canına xof salmaqdır. Camaata aman vermirlər ki, gözlərini açsınlar.

– Düzdür, - deyə Aleksey Osipoviç onun sözünü təsdiqlədi. Avamlıq ruhanilərin çörəyidir. Xalqımıza kömək etmək istəyiriksə, onun savadlanmasına çalışmalıyıq. Bizim hərəmiz bircə adam savadlandırsaq, böyük iş görmüş olarıq. Sənin mollaların heç vaxt maarif məşəlini yandırmayacaq. Əksinə, bacarsalar, bütün qığılcımları söndürəcəklər. Ona görə də möhkəm olmaq lazımdır. Yoxsa inanmırsan?

– İnanıram, Aleksey Osipoviç, amma tək əldən səs çıxmaz.

– Tək niyə oluruq? Gərək köməkləşək.

Aleksey Osipoviç sözünə ara verib, müsahibini süzdü, sonra kənd evlərinə baxdı.

– Hə, indi necə deyirsən, Molla Sadığın yanına gedək, ya yox?

– Nə mənası var?

– Heç olmasa tanış ola rıq, görərik nə canlı-cinlidir.

Onlar kəndin ortasından keçən əyri yolla məscidə sarı irəlilədilər. Hava isti idi. Aleksey Osipoviç pencəyini soyunub çiyninə salmışdı. Əlindəki dəsmalla tez-tez alnının, üzünün tərini silirdi. Yolun az qala topuğa çıxan narın tozu onun çəkmələrini və şalvarını bomboz etmişdi. Əlindəki iri ağac ona qəribə bir görkəm verirdi. Yəqin elə buna görə də qara damların həyətinə toplaşan uşaqlar bic-bic gülür, bu topasaqqal kişinin haradan gəldiyini və kim oldugunu bilmək istəyirdilər. Bunu Aleksey Osipoviç özü də duymuşdu. Ancaq heç nəyə fikir vermir, hətta zarafata salıb Əhmədə göz vurur, "sənin keçisaqqal bir rusla yol getməyinə gülürlər", - deyə uşaqları göstərirdi.

Doğrudan da, elə bil kəndə hay düşmüşdü. Ayaqyalın uşaqlar cığırla qaçır, bir-birinə xəbər verib doqqazlara, çəpərlərin dibinə toplaşırdılar. Rus Əhmədlə gəzən adam onlara əcaib təsir bağışlayırdı. Hətta dəcəllik edib onlara it qısqırdanlar da olurdu. Əhməd əsəbiləşsə də, Aleksey Osipoviç halını pozmur, gözlərini qıyıb gülürdü.

Məscidin həyətində Aleksey Osipoviç üstünün tozunu çırpıb, pencəyini geyindi. Dəsmalla üzünün, boynunun tərini silib, əlindəki şapkasının içini quruladı. Qalstukunu düzəltdi. Papağını başına qoyandan sonra məscidin qapısını açdı. İçəri nəm qoxuyurdu. Səliqə ilə süpürülüb, su çilənmiş torpaq döşəməyə həsir salınmışdı. Dar pəncərələrin balaca gözündən düşən işiq zolaqları otağın divarlarında oynaşırdı. Yarıqaranlıq məscidin içindəki çal-çarpaz zolaqlar, orada qaynaşan saysız-hesabsız toz dənələri adamın diqqətini cəlb etdiyindən, küncdə oturanlar nəzərə çarpmırdı. Aleksey Osipoviç bir az dayanmalı oldu. Bir neçə dəqiqədən sonra gözü qaranlığa alışdı və yalnız bu zaman minbərin yanında dizi üstə əyləşən uşaqları, onlardan bir az aralı döşəkçədə oturan mollanı gördü. İçəridəki sükutu havada oynayan çubuğun şaqqıltısı pozurdu. Kimi isə falaqqaya salmışdılar. Boyun-boyuna verən uşaqlar qorxularından nəfəslərini çəkmirdilər. Onların saralmış sifətləri solğun işıqda daha sarı görünürdü. Döyülən uşaq ağrıdan qıvrılsa da, səsini çıxartmırdı.

Əhmədlə Aleksey Osipoviç həsirin üstü ilə küncə tərəf getdilər. Molla Sadığın başı o qədər qarışmışdı ki, içəri girənlərin ona yaxınlaşdığını hiss etmədi. Əhməd döyülən uşağı tanıyıb irəli atılmaq istəyəndə Aleksey Osipoviç onu dayandırdı. Asta addımlarla mollaya yaxınlaşdı.

– Bu uşağın günahı nədir?

Molla Sadıq halını pozmadan dönüb yanında dayananlara baxdı. Onun qəzəbli gözləri Əhmədə sataşanda ilan çalmış kimi dik atıldı. Əllərini yuxarı qaldırıb, əbasını yellətdi:

– Çıx buradan, məlun! Allahın evini murdarlama, dinsiz!

– Molla...

– Kəs, məlum! Özün gəldiyin yetmir, məscidə kafir də gətirirsən?!

– Molla Sadıq, sakit ol, mən özüm gəlmişəm, - deyə Aleksey Osipoviç astaca dilləndi.

Molla "kafirin" xalis müsəlmanca danışdığını görüb susdu. Nə edəcəyini bilmədiyindən, əlləri havada asılı qaldı. Bir xeyli beləcə dayandılar. Aleksey Osipoviç ayağı falaqqaya qoyulmuş uşağı göstərdi.

– Bunun günahı nədir?

Yalnız bu zaman Molla Sadıq əllərini aşağı saldı. Hirsini udub müsahibini süzdü. Onun qiyafəsindən hiss etdi ki, qonaq bura adamı deyil şəhərdən gəlib. Onun sifətindəki ciddilik və təmkin mollanı qorxuya saldı. Gələnin hökumət adamı olduğunu zənn edib özünü yığışdırdı. Onunla necə danışacağını bilmədiyindən, yenidən uşaqların üstünə qışqırdı:

– Açın onun ayağını, özünüz də rədd olun!!!

– Molla, dayan, mənim bu uşaqlarla işim var.

– Sizin bu şeytan balaları ilə nə işiniz ola bilər? Qoy cəhənnəm olsunlar!

Molla qonağın narazılığını görüb susdu. Onun sualına hələ də cavab vermədiyini yadına saldı. Yavaşca əlini ütülmüş saqqalına uzatdı.

– Görmürsünüz başıma nə oyun açıblar? Tütünün içinə barıt doldurub, mənə papiros eşirlər. Hamısı da bu məlun Osmanın işidir.

Falaqqadan açılmı uşaq ayağa durdu. Əvvəlcə dizi yamaqlı şalvarını yuxarı çəkdi. Sonra qalın ağdan tikilmiş və çirkdən rəngi qaralmış köynəyinin qolu ilə gözünün yaşını silib, bir-iki dəfə burnunu dartdı. Ayağını yerə basanda təngildəyib ufuldadı. Köynəyinin açıq yaxasından uşağın körpücük sümükləri və boynundan asılmış üçkünc dua göründü. Onun bu halınamı, yoxsa bir az bundan əvvəl olub-keçən hadisəyəmi, nəyə isə pıqqıldayıb gülüşən uşaqların qorxudan saralmış rənglərinin qanı özünə gəldi. Osman da özünü saxlaya bilmədi. İslanmış kirpiklərini tez-tez döyüb mollanın üzünə baxdı. Onu da gülmək tutdu. Seyrək dişləri göründü. Gözlərinin ətrafı qırışdı. Ayazın və günün çat-çat etdiyi yanağının almaları yumrulandı. Göz yaşının izi daha aydın güründü. Həlqələri yaşla dolu olan bic gözlərdəki istehza ətrafdakıların nəzərindən qaçmadı. Uşaqlar mollanın sifətindəki qozəbdən qorxuya düşüb, gurultu ilə qapıya doğru qaçanda Əhməd onları səslədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

I fəsil, 5

Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.

19956 мин
I fəsil, 6

Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

19959 мин
II fəsil, 1

O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.

199512 мин
II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

19954 мин

Стихи других поэтов