I fəsil, 5
Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.
Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.
– Dərdin alım, orda niyə durubsan, bəri gəlsənə?
– Yox, ay bacı, tələsirəm, gedəcəm.
Qönçə xanım sürüşüb çiyninə düşmüş kəlağayısını düzəltdi, beli büzməli qırçınlı donunun qırışığını sığalladı və eyvandan endi, asta addımlarla gəlib qardaşı ilə üzbəüz dayandı.
– Xeyirdimi, hara belə?
– O taya, meşəyə.
Ələddin qoşalüləsini çiynindən götürüb əlinə aldı. Zağlı tüfəngin qundağı, lüləsi parıldadı. Bacısı başa düşdü ki, qardaşı təzə aldığı ov tüfəngini ona göstərmək istəyir.
– Kimnən gedirsən?
– Həsən ağayla.
Qönçə xanımın qaşları çatıldı. Təffərrinclə qardaşını təpədən dırnağa süzdü, sonra qaynı Həsən ağanı gözünün qabağına gətirtdi. Son vaxtlar onlar meşəyə - ova qoşa gedər, qoşa da gələrdilər. Heç vaxt da əliboş qayıtmazdılar. Maral, qaban rastlarına gəlməsə də, qırqovul tapardılar. Ələddin həmişə bacısından yeznəsinın tüfəngini alardı. Arvad bir də qardaşının boyuna baxdı və birdən ürəyi elə çırpındı ki, az qaldı nəfəsi təngisin, hiss etdi ki, qan üzünə vurdu. Altdan yuxan qardaşının üzünə baxdı və ürəyindən keçirdi ki, onu getməyə qoymasın, desin ki, a bala, hava da deyəsən bulaşacaq, geri qayıt, yıxıl otur evdə, qurdda-quşda nə işin var, qan-qarğışdır. O, istəmirdi ki, yenicə nişan taxdıqları qardaşı əlini qana bulasın.
– Bəlkə bu gün getməyəsən.
– Yox, ay bacı, boynuma düşüb, gərək gedəm. Bir də, - o, tüfəngini əlində oynatdı. - Heç almamışam, yoxlamaq istəyirəm.
Qönçə xanım qardaşının sifətindəki qətiyyətdən yumşaldı.
– Nə deyirəm, özün bilən yaxşıdı. Bə bizə...
Ələddin bacısının sözünü kəsdi.
– Alanı da özümlə aparmaq istəyirəm.
Bayaqdan kənarda, çənəsini biləklərinin üstünə qoyub uzanan it adını eşidən kimi dirçəldi, qulaqlarını şəklədi. Haraya isə gedəcəyini hiss edib zingildədi.
– Apar, ağrın alım, amma tez qayıdın, axşama qalmayın.
Ələddin Alanı çağırdı. İt sıçrayıb, onun yanına gəldi. Atılıb əlini imsilədi, burnunu tüfəngin qundağına sürtdü, quyruğunu bulayıb şırvandı və yola çıxdı. Orada bir-iki dəfə hürdü. Ələddin başa düşdü ki, Alan onu çağırır. Gülümsündü. Tüfəngin qayışını çiyninə aşırıb getmək istədi. Elə bu vaxt Qönçə xanım qardaşının boynuna sarıldı.
– Sene ne otdu, ay bacı?
– Heç özüm də bilmirəm, ağrın alım. - Kəlağayının ucu ilə gözünün nəmini sildi. - Yolundan qalma, get.
Ələddin iki yanını basa-basa, cığırla yarğanın başındakı evə doğru addımladı...
Qönçə xanım çaynik gətirdi, içinə quru çay tökdü, üstünə qaynar su aldı və dəmkeşin üstünə qoydu ki, dəmlənsin. Əlləri əsirdi. Nə qəder çalışsa da, sakitləşə bilmirdi. Bir istədi doqqaza çıxsın, qaynı arvadını səsləyib Həsən ağanı soruşsun. Amma nədənsə yerindən tərpənmədi. Donunun ətəyi ilə samovarın qulpundan tutub eyvana qalxmaq istədi. Elə bu vaxt suların qıjıltısı arasından acı bir ulartı eşitdi. Ona elə gəldi ki, ulayan hardasa tək qalmış yalquzaq canavardı. "Murdar yenə ziyanlıq edəcək", - deyə düşündü və pillələri qalxmağa başladı.
– Çırağı niyə yandırmayıbsan?
Arvad diksindi. Dönüb həyətə yenicə gəmiş, hələ də atdan enməyən ərinin üzünə baxdı. Elə bu vaxt ulartı yenidən eşidildi. Qönçə xanım samovar əlində pilləkəndə donub qaldı. Dinlədi və başa düşdü ki, bu ulama canavar ulaması deyil. Ulayan it idi. Özü də elə acı-acı, elə vahiməli ulayırdi ki, elə bil darda qalmış adamdı, haray salıb bütün dünyanı köməyə çağırırdı. Birdən arvadın üzünə qan vurdu. Saçlarının dibinə elə bil qor doldu. Əlindəki samovarı gurultu ilə yerə saldi. Ayağının pöşülənməsini hiss etmədi. Səldirəyə-səldirəyə, dili- dodağı təpimiş halda özünü hələ də atdan düşməmiş ərinin üstünə saldi.
– Deyəsən atamın evi yıxılıb, a kişi, bir qulaq as, gör ulayan bizim itdimi?
Şəmistan ağa hələ yolda ikən itin ulamasını eşitmiş və Alanın səsini tanımışdı, sümüyü eymənmişdi. Amma özünə toxtaqlıq verib arvadına acıqlandı.
– Qaraçı harayı salma görək, it ulayanda nə olar?
– İtin ulaması pis şeydi, a kişi, it ulayanda ziyanlıq olur.
– Ağzını xeyirliyə aç!
Şəmistan ağa yəhərdən enmədi. Atın başını qanırıb doqqaza çıxdı və bir baş Kürə doğru çapdı. Qönçə xanım əli ürəyinin üstündə atın ayaq tappıltısı eşidilməz olana qədər həyətin ortasında qaldı.
Aradan nə qədər keçdiyini bilmədi. Gah eyvana çıxdı, gah samanlığın üstünə. Hər şıqqıltını, hər səsi dinlədi. Əli qoynunda yollara boylandı, gözü zülmət qaranlığa zillənmiş qaldı.
Doqqazda qaraltı göründü.
– Qönçə xala, nənəm səni çağırır.
Arvad diksindi. Samanlığın üstündən enib, eyvana qalxdı. İsti yun şalı çiyninə saldı. Ayaqları dolaşa-dolaşa doqqaza getdi. Bütün yolboyu xəyalında dağı arana köçürdü, aranı da dağa. "Ürəyimə damıb, gədənin başında qaranlıq var. Yoxsa arvad məni çağırmazdı, indi mən nə edim? Ay Allah, ey yeri-göyü yaradan tanrı, sən özün kömək ol, qardaşım muraz üstündədi, ona qıyma, qoyma nişanlısı ağlar qalsın!". Həyətə çatanda özünə toxtaqlıq verdi. Qayınanasının xasiyyətini bilirdi; çığır-bağır salsa, qapıdan qovardı. Bir də axı nə olub, niyə axı ürək-göbəyimi yeyirəm?
Evdəkilər onu sükutla qarşıladılar. Dinməz-söyləməz Güllü xanımın otağına apardılar.
Qönçə xanım alaqaranlıqda güclə görünən qayınanasına yaxınlaşdı. Qabağında diz çöküb əlindən öpdü. Arvad gəlinin ürək döyüntülərini sinəsinin titrəyişindən hiss etdi. Qönçə xanım yaşla dolub-boşalan qızarmış gözlərini qayınanasının üzünə zillədi. Güllü xanım gördü ki, gəlinin nəbzi boyun damarlarında vurur. Qulaqlarındakı yumru, iri qızıl sırğalar titrəyir.
– Yoxsa Çıraqlıların çırağı sönüb, ay ana, mənə düzünü de.
Arvad onun başını sinəsinə sıxdı. Qönçə xanım hıçqırdı, uşaq kimi içini çəkdi. Qayınanasının iri əli xeyli onun başını sığalladı, saçını tumarladı. Qönçə xanım hiss etdi ki, qayınanası da titrəyir. Qəhər boğduğundan dinə bilmir.
Adam başına iş gələr, qızım, özünə toxtaqlıq ver. Ölən də bizimdi, öldürən də. Olacağa çarə yoxdu, hamısı fələyin işidi.
Qönçə xanımın bulaq kimi qaynamağa hazır olan göz yaşı elə bil birdən qurudu. Saçını yolub üzünü cırmaq, dizlərinə döymək və beləliklə dərdini yüngülləşdirmək istəyi yoxa çıxdı. Hönkürtüsünü boğmaq üçün başını arvadın sinəsinə daha möhkəm sıxdı, onu qucaqladı. Güllü xanım gəlinin saçından öpdü.
– Sən kişi qızısan, gərək özünü kişi qızı kimi aparasan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-i-fesil-5
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.
Birinci hissə, 2Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.
Birinci hissə, 3Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.
Birinci hissə, 4Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.
Стихи других поэтов
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.