Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.

Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.

Birdən Çərkəz hövlnak oyanıb, başını yorğanın altından çıxartdı:

– Aya, a Şamxal.

– Nədi?

– Deyəsən, hava aydınlaşıb?

– Hə, dur, ay çoxdan doğub.

Çərkəz yorğanı üstündən atıb ayağa durdu. Qollarını açıb gərnəşdi. Sərin havanı ciyərlərinə çəkib bərkdən əsnədi.

– Deyəsən, yatıb qalmışıq.

– Yaman şirin yuxuya getmişdin, özüm qaldırmadım.

Çərkəz yorğanı kilimə büküb çardaqdan endi. Həyətdən içəri atdı. Bir az kənarda onu gözləyən Şamxalın papirosu işıldayırdı.

Onlar kəsə cığırla birbaş sahilə yollandılar. Ətraf səssiz idi. Kükrəyib daşan Kürün qıjıltısı daha aydın eşidilirdi. Cələdəki çaqqallar ulaşırdı.

Yarğanın qaşına çatdılar. Suyun sərin havası onların üzünə çırpıldı. Şamxalın bədəni üşürgələndi. Çərkəz Ay işığında parıldayan qol-qanadlı Kürə baxdı:

– Deyəsən, su daşıb?

– Yəqin yenə yuxarıya yağıb. Axşamdan dağların başında şimşək çaxırdı.

Çərkəz köksünü ötürüb uzaqda qaraları qayalıqlara baxdı.

– Yazıq kişi hələ də gəlib evə çıxmayıb.

– Kim, Qoca dayımı?

– Hə, - deyə Çərkəz cavab verdi. Sonra köksünü ötürüb əlavə etdi:

– Kişi yaman qocalıb. Daha əvvəlki kimi deyü, əldən-ayaqdan düşüb.

– Qoyma getsin. O yaşda adama gəmiçilik etmək çətindir.

– Əlacımız nədir? Bir də, onu ölənəcən gəmidən ayırmaq olmaz. Srağagün gəminin başını aldırırlar. Kişi çəpi dayayıb gəmini saxlayır. Suyun ortasına gələndə çəp yerə çatmır. Özü də suya düşür. Birtəhər üzüb çıxır. İndi neçə gündür evə gəlmir.

Şamxal susdu. Çərkəz də dinmədi. Tozlu araba yolunu keçib sahilə endilər.

– Su yaman bulanıb.

– Onda bəxtimiz kəsib.

– Asmaları su aparmaz ki?

– Ağlım kəsmir. Ancaq sən de ki, su daşıb adanı basmamış ola.

Səs eşidən şələquyruq bir tülkü gözləri parıldaya-parıldaya qaçıb, özünü yarğanın altındakı yulğunluğa verdi. Çərkəz zil səslə qıy çəkib onu daha da qorxutdu.

– Gərək tüfəngi götürəydim.

– Ə kişi, sən balıqdan danış, tülkünü neyləyirsən?

– Tülkülərlə mənim haqq-hesabım çoxdur. Köpək oğlunun malı qapıda toyuq-cücə qoymayıb.

Çərkəz suyun qırağına çatan kimi paltarını soyımdu. Bir neçə gün əvvəl su daşanda əmələ gələn gölməçəyə yaxınlaşdı.

– Ə, hara gedirsən?

– Qurbağa tutmağa. Qarmağa keçirəcəyəm.

O özünü şappıltı ilə suya atdı. Bir az bundan qabaq səs-səsə verib suyun üzündə süzən qurbağalar susdular. Çərkəz balaca gölməçədə xeyli əlləşdi. Bir-iki dəfə əlinə toxunan soyuq və sürüşkən qurbağaları qaçırtdı.

Şamxal dolaqlarını açıb ayaqlarını soyunana qədər çərkəz qayıtdı. Onun əlində beş-altı qurbağa vardı. Çərkəz onları başıaşağı sallamışdı. Qurbağaların qarnı ağarırdı.

– Al, qarmağa keçir. Özün də əlli tərpən.

– Əlimə ziyil düşməz ki?

– Boş sözdür. Amma qarmağa elə keçir ki, ölməsinlər.

Onlar paltarlarını soyunub, yarğanın dibində, iri bir daşın altında gizlətdilər. Şamxal suya girməzdən evvəl dönub Çərkəzin üzünə baxdı.

– Hansı tərəfə gedəcəyik?

– Adanın o üzündəki çiləkənlərin alt tərəfinə. Orada həmişə balıq olur.

Kürün üstünü qatı duman bürümüşdü. Xırdaca və köpüklü ləpələr yarğanın dibini yalayır, ağac qırıntılarını və çör-çöpü kənara atırdı. Onlar sahilboyu qalxdılar. Bir azdan Şamxal dayandı.

– Ə, hara gedirsən, gəl elə şığanıb buradan keçək.

– Yox, bir az da gəl. Yuxarıdan düşək ki, birbaş adanın üstünə çıxaq.

– O. dayanıb Şamxala baxdı. - Yoxsa üşüyürsən?

– Niyə sən üşümürsən, mən üşüyürəm?

– Mənə baxma, rəiyyət balasının canı bərk olur. - O, sözünün dalını demədən şappıltı ilə suya atılıb üzməyə başladı. - Gözlə ha, qurbağaları axıdarsan.

Su soyuq idi. Ancaq bunu nə Şamxal, nə də Çərkəz hiss edirdi. Onlar bir-birinin bəhsinə üzüb adaya çatdılar. Yalnız burada bədənlərinin soyuqdan qızardığını hiss etdilər. Çərkəz yaxşı tanıdığı cığırla yulğunluğu keçib, qarmaq atdığı yerə gəldi. Qarmağın biri yerli-dibli yox idi. Bunu görən Çərkəz özünü saxlaya bilmədi. -Vay, köpəkuşağı!

– Nə olub? - deyə ona yaxınlaşan Şamxal soruşdu. - Bəlkə balıq kəndiri qırıb?

Yox...Dayan, dayan, ayaq izi var. Vay sizin... Özüdə indicə aparıblar- Yəqin balıq düşübmüş.

Adamın o tərəfindəki qamışlıqdan səs gəldi. Çərkəz birbaş oraya yüyürdü. Şamxal onu tək buraxmadı.

– Anasının əmcəyini kəsənlər, hara qaçırsımz? Əyə, dal tərəfdən qabaqlarına keç, qoyma bunları, - deyə Çərkəz qışqırıb, ayağına batan çökürlərə fikir vermədən irəli cumdu.

Onlar qamışlığa çatanda heç kəsi görmədilər. Duman daha da qatılaşmışdı. Ancaq o taydan, yarğanın qaşından səs gəlirdi. Xısın-xısın danışıb gülürdülər.

– Gəl qayıdaq, heç kəs yoxdur.

– Görmürsənmi səs gəlir?! Yəqin Sadıqlının uşaqlarıdır. Yaxşı, borc olsun!..

Onlar geri qayıtdılar. Atılan qarmağın birini də balıq aparmışdı. Çərkəz daha da əsəbiləşdi. Elə bu vaxt sudak: qarmağın zərblə dartıl-dığını gördülər. Çərkəz hər şeyi unudub, birbaş çiləkənin yanına qaçdı. Balıq çırpınıb suyun üzərinə çıxır, quyruğunu şappıldadıb dartınır, sonra da suyun dibinə cumurdu. Kəndir az qalırdı ki, üzülsün.

– Əyə, tez özünü yetir, deyəsən yaman zırpı balıqdır, gücüm çatmır.

Çərkəz kəndirdən tutub var gücü ilə dartır, balıq isə onu sürüyüb aparırdı. Şamxal onun köməyinə çatmasa idi, Çərkəz axıracan tab gətirə bilməyəcəkdi. Naqqa bir anlığa suyun üzünə qalxdı. Sanki düşmənlərinin kim olduğunu bilmək istəyirmiş kimi onlara baxdı və birdən quyruğunu suya elə çırpdı ki, onların hər ikisi səksənib geri sıçradı. Balıq yenə suya cumdu. İslanmış kəndir dartınıb onların əlini kəsirdi. Balıq onları addım-addım su aşağı aparırdı.

– Əyə, tez kəndiri bir yerə bağla, - deyə Çərkəz qışqırdı. Şamxal güc-bəla ilə ipi yulğun koluna dolayıb dayandı. Onlar nəfəslərini dərdilər. Görünür, balıq da dincəlirdi.

– İndi ipi yavaş-yavaş yığ!

Onlar güc-bəla ilə kəndiri çəkdilər. Naqqa yavaş-yavaş təslim olurdu. Nəhayət, onu çəkib çıxartdılar. Çərkəz sahildə, qumluqda, çapalayıb çırpınan balığı əldən qaçırmamaq üçün iri bir ağac götürüb var gücü ilə naqqanın başına endirdi. Gicəllənən balıq bığlarını oynadıb rahatlaşdı. Çərkəz onu candan eləməmiş əl çəkmədi.

– Belə eləməsəm suya düşən kimi diriləcəkdi. İtlərin Allahı verdi, köpənəcən yeyəcəklər, - deyə Çərkəz naqqanı ayağı ilə arxası üstə çevirdi. Dayanıb bir-birinin üzünə baxdılar. Bədənlərindən buğ qalxırdı.

– Hə, üşümürsən ki?

– Yox.

– Onda gedək, çiləkənin alt tərəfinə qarmaq ataq.

– Yəni orda balıq var?

– Var. Qızıl balığın əsl məkanı oradır.

Şamxal etiraz eləmədi. Yulğunların arası ilə Çərkəzin göstərdiyi səmtə doğru addımladılar.

... Onlar paltarlarını geyinib sahilə qayıdanda artıq dan yerinə səda düşmüşdü. Səba nəsimi Kürün səthinə çökmüş dumanı qovub uzaqlara aparırdı. Sahildəki yulğun kolları, yaşıl otlar, hətta cığırlar belə şehə bulaşmışdı. Kənd itləri səs-səsə verib hürüşür, at kişnəməsi və mal-qara səsi ətrafa yayılırdı.

Çərkəz yarğanın kənarındakı dikdirdə ayaq saxladı. Yenicə tut-duqları pullu balıqları irəli uzatdı.

– Al, evə apar. Mən yenə tutaram.

– Yox, - deyə Şamxal etiraz etdi. - Gedək sizə. Güləsər bişirsin.

– O nə qanır balıq bişirməyi?

– Elə demə, çox ləzzətli balıq bişirir.

Çərkəz qaşlarını çatdı. Təəccüblə Şamxalın üzünə baxdı:

– Sən hardan bilirsən?

– Bilirəm, - deyə Şamxal sakitcə cavab verdi.

Çərkəz heç nə demədi. Şamxal onun evə doğru könülsüz addımladığını hiss etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 4

Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"

19579 мин
Dördüncü hissə, 5

Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?

195710 мин
Dördüncü hissə, 6

Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.

19579 мин
Dördüncü hissə, 7

Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?

19579 мин

Стихи других поэтов