Dördüncü hissə, 7
Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"
Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?
Aleksey Osipoviç pəncərənin qabağında dayandı. Seminariyanın həyətinə, sonra müsəlman şöbəsinin yataqxanasına baxdı. İşıqlar sönmüşdü. Ətraf sükuta qərq olmuşdu. Yalnız yataqxana otaqlarının birində, pəncərənin önündə zəif işıq titrəyirdi. Aleksey Osipoviç dönüb çarpayıda yatan arvadına baxdı. Onu yuxudan oyatmamaq üçün ehmalca, barmaqlarının ucunda dəhlizə çıxdı. Paltarını geyinib həyətə düşdü. Asta addımlarla yataqxanaya getdi. "Yoxsa intizam pozulmuşdur. Uşaqlar dərsdən sonra başqa yerlərə gedirlər? Gecələr yataqxanada da olmurlar? Bəlkə onları oxumaqdan ayırıb başqa işlərə cəlb edənlər var?"
Aleksey Osipoviç yataqxananın qapısını açıb sakitcə içəri girdi. Dəhlizdə, pəncərənin qabağında oturub çırağın solğun işığında kitab oxuyan növbətçi tələbəyə yaxınlaşdı. Aleksey Osipoviç onun çiyninin üstündən kitaba baxdı.
– Hamı yataqxanadadırmı?
Növbətçi dik atıldı. Hələ də kitabın təsirindən ayrıla bilmədiyinə görə müəllimin sualına ləng cavab verdi:
– Bəli, cənab inspektor, hamı yatır.
– Gecikən olmamışdı ki?
– Dərnəyə gedənlərdən başqa hamı vaxtında gəlib.
– Nə dərnək?
– Vətənşünaslıq dərnəyi.
Aleksey Osipoviç susdu. O belə bir dərnəyin olduğunu bilirdi, ancaq onların gecə də bir yerə toplaşdıqlarından xəbərsiz idi. Növbətçiyə oturmasını işarə etdikdən sonra içəri keçdi. Uşaqlar şirin-şirin yatırdılar. Pəncərədən süzülüb düşən solğun işıq onların çarpayısının üstündə oynayırdı.
Aleksey Osipoviç ayaq saxladı. Bir xeyli tələbələrin mışıltısına qulaq asdı. Onlar paltarlarını səliqə ilə qatlayıb dolabçaların üstünə qoymuşdular. Bəzilərinin başının altında kitab var idi. Küncdə çarpayı cırıldadı. Uşaqlardan biri sayıqlamağa başladı. Aleksey Osipoviç ona yaxınlaşdı. Sürüşüb yerə düşmüş yorğanı qaldırıb uşağın çiynini örtdü. Pəncərənin bir tayını açıb havanı dəyişdi. Bir xeyli otağın ortasında dayanıb yuxuda belə gülümsünən tələbələrinə baxdı. Hamının yatdığını və öz yerində olduğunu yəqin etdikdən sonra səs salmadan, ayaqlarının ucunda çıxıb getmək istədi. Qapının ağzına yaxınlaşarkən gözü Əşrəfin çarpayısına sataşdı. O, arxası üstə uzanmışdı. Qolunun biri sallanıb yerə düşmüşdü. Aleksey Osipoviç Əşrəfin qolunu ehmalca qaldırıb yorğanın altına qoydu. Başının altındakı yastığı düzəltdi. Qanrılıb getmək istədiyi vaxt ayağının altında bir şey qaldığını hiss edib dayandı. Yerə düşmüş kitabı götürdü və pəncərənin qabağına atmaq istədi. Ancaq saralmış vərəqlər onun diqqətini cəlb etdi. Bir xeyli əlində hərlədikdən sonra işığa yaxınlaşdı. Əzilmiş cildin üstündəki yazıları oxudu. Heyrətlə qaşlarını çatıb sözləri ürəyində təkrar etdi: "Radişşev, Peterburqdan Moskvaya səyahət". O, yerindən tərpənə bilmədi. Elə bu vəziyyətdə, kitab əlində, gözlərini Əşrəfin üzünə zilləyib dayandı. Əvvəlcə onu oyatmaq, bu kitabı hardan aldığını soruşmaq istədi, amma fikrindən daşındı. Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün jiletinin cibindən zəncirli saatını çıxardıb baxdı və astaca addımlarla dəhlizə yaxınlaşdı. Astanada şlyapasını geyib bayıra çıxdı.
Göyün üzü tərtəmiz idi. Ay şəhərin ortasındakı uca təpənin zirvəsində aydınca görünən qədim Qori qalasının daş qüllələri üzərinə əyilmişdi. Onun solğun işığı qalanın ətrafındakı çınqıllıqların, bəzi yerləri uçub tökülən daş hasarın üzərinə çilənmişdi. Qalanın iri və qalın kölgəsi sürünüb yaxındakı evlərin üstünə sərilmişdi. Aleksey Osipoviç yatmış şəhərin boş küçəsi ilə hara getdiyini özü də bilmədən, fikirli-fikirli irəlilədi. Daş səkilərdə, torpaq yollarda gediş-gəliş azalmışdı. Bu sükutu onun ayaq səslərindən başqa heç nə pozmurdu. "Demək, bu cür qadağan olmuş kitablar bizim seminariyaya da gəlib çıxmışdır. Onu mənim rəhbərlik etdiyim müsəlman şöbəsinin tələbələri də oxuyurlar. Kim isə onlara dekabristlərdən danışır, onların nə üçün ölümə getdiklərini izah edir. Hətta fransız maarifçilərindən belə mənim tələbələrimin xəbəri var. Belə olmasaydı, Osman öz inşa işində o cür suallar ortaya atmazdı. "Hamı bərabərdir, hamı təbiətin övladıdır". Doğrudan da belə deyilmi? Bəs nə üçün biri kasıb, o biri varlıdır? Məgər mən özüm bunları düşünmürəmmi? Yoxsul kəndli balalarının vəziyyəti mənə məlum deyilmi? Özüm "Qafqaz" qəzetində dəfələrlə çıxış edib kəndli uşaqları üçün pulsuz təhsilə imkan yaradılması fikrini ortaya atmamışammı? Pulsuz nıəktəb açılmasını və uşaqların tədris ləvazimatı ilə təchiz edilməsini lazım bilməmişəmmi? Bəs Osmanın yazısı, Əşrəfin Radişşevi oxuması məni nə üçün bu qədər həyəcanlandırır? Məgər bizim tərbiyə etdiyimiz uşaqların açıq fikirli olması pisdirmi? Məgər biz onları öz milləti və vətəni üçün yararlı adamlar kimi böyütmək istəmirikmi?"
Aleksey Osipoviç döngəni buruldu. Qarşı tərəfdən əsən sərin meh onun üzünə vurdu. Gözünü qıyıb şəhərin kənarındakı çəmənliyə baxdı. Kürün suyu bu yaşıl düzənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Ay işığında onun qırçınlı səthi parıldayırdı. Aleksey Osipoviç köks dolusu nəfəs aldı və lap aşağılarda, baş-başa verib bir-birinin üstünə kölgə salan dağların arasında yox olan sulara baxdı.
Qonşu səkidən ayaq səsləri eşidildi. Aleksey Osipoviç evlərin kölgəsi ilə irəliləyən adamı yerişindən tanıdı. Gələn Kipiani idi. O, şlyapasını alnını üstündən geri itələmişdi. Köynəyinin yaxası ağarırdı. Aleksey Osipoviç onu gözlədi. Kipiani isə fikirli olduğundan onu görmədi. Yanından ötüb keçmək istədi. Aleksey Osipoviç azacıq irəli keçib onu saxladı:
– Axşamınız xeyir, cənab Kipiani, gecə vaxtı hardan gəlirsiniz?
O diksindi. Səksəkəli halda başını qaldırıb qarşısında dayanan adamın üzünə baxdı və Aleksey Osipoviçi tanıdıqdan sonra gülümsündü:
– Axşamınız xeyir, Aleksey Osipoviç, dostlarının yanına getmişdim. Bəs siz haradan gəlirsiniz?
– Yataqxanadan. Uşaqlara baş çəkirdim.
– Necədirlər, yaxşıdırlarmı?
– Yatışırlar.
– Deyəsən, Sizin də mənim kimi yuxunuz qaçıb.
Onlar yanaşı addımladılar. Kipianinin əsasının taqqıltısı ayaq səslərindən seçilir və boş küçədə daha bərkdən eşidilirdi.
– Yəqin gələn il şöbəniz daha da böyüyəcəkdir.
– Bəli, əlavə bir neçə sinif açmalı olacağıq.
– Böyük işdir, Aleksey Osipoviç, Qori müəllimlər seminariyası bizim Qafqaz xalqlarına çox kömək edəcəkdir.
– Bizim də məqsədimiz qafqazlılara kömək etmək, onlardan milli ziyalılar yetişdirməkdir. Elmli adamlar çox olsa, maarif inkişaf etsə, cəmiyyətdəki ədalətsizlik və haqsızlıqlar da yox olar.
– Siz buna əminsinizmi?
– Bəli. Bəs Siz şübhə edirsiniz?
Kipiani dayandı. Cibindən papiros çıxartdı. Külək kibriti söndürməsin deyə, pencəyinin yaxasını azacıq qaldırıb boynunu qısdı. Papirosunu alışdırdı. Aleksey Osipoviç onun sıx qara saqqalına baxdı. Kipianinin gicgahlarındakı ağ tüklər aydınca göründü. O, papirosu hərisliklə sümürüb bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra müsahibinin sualına cavab verdi:
– Bu, məsələnin yalnız bir tərəfidir. Elm və maariflə hər şeyi həll etmək mümkün deyil. Nə isə daha ciddi bir iş görmək lazımdır.
– Daha ciddi iş deyərkən nəyi nəzərdə tutursunuz?
Kipiani söhbətin gözlənilmədən daha kəskin şəkil aldığını hiss edib dayandı. Mövzunu dəyişdirmək məqsədi ilə gülümsünərək çiynini çəkdi:
– Düzü, bunu heç özüm də aydın təsəvvür edə bilmirəm. Ancaq onu hiss edirəm ki, həyat belə qala bilməz.
– Əlbəttə, qala bilməz. İndi yeni bir dövr başlayır. Elm, maarif inkişaf edir. Bu, insanların şüurunu da dəyişdirəcəkdir. Zənnimcə, bizim tarixi borcumuz da buna xidmət etməkdən ibarətdir.
– Siz haqlısınız, Aleksey Osipoviç, camaatın gözünü açmaq lazımdır. Məktəb və maarif geniş yayılmasa, bu mümkün deyil.
Aleksey Osipoviç hiss etdi ki, Kipiani başladığı mövzunu qəsdən davam etdirmədi. Öz fikrini axıra qədər söyləmədi. Düşündüklərini açıq-aşkar deməkdən çəkindi. Aleksey Osipoviç Semyonova göndərilən məktubu, Kipianinin hərəkətlərinin nəzarət altında olduğunu xatırladı. Xalqçılara qoşulduğuna görə sürgünə göndərilən bu adamın indi də öz əqidəsindən dönmədiyi ona yəqin oldu. Bu ucaboy, arıq adam onun nəzərində daha da böyüdü. Lakin Aleksey Osipoviç onun fikirləri ilə razılaşmırdı. Onun zənnincə, cəmiyyəti yalnız maarifin köməyi ilə islah etmək mümkün idi. Başqa bir yolun olmasına, bunun insanlara xeyir verməsinə Aleksey Osipoviç inanmırdı. Ona görə də Kipiani kimilərinin halına acıyırdı. Bundan başqa, onların öz ideyalarını gənclərə aşılamasına yol vermək istəmirdi.
– Siz dekabristləri xatırlayırsınızmı?
Kipiani bu gözlənilməz sualdan diksindi:
– Necə məgər?
– Onların taleyini unutmamısınız ki?
– Məgər azadlıq qurbanlarını unutmaq olarmı?
– Siz bu cür qurbanlar verilməsini qanunauyğunmu hesab edirsiniz?
– Siz nə üçün mənə bu cür suallar verirsiniz, Aleksey Osipoviç?
– Gələcək taleyinizlə maraqlandığıma görə.
– Məgər mən təhlükəli bir iş görürəm?
– Bəli, həm özünüzü, həm də məktəbi pis vəziyyətə salırsınız.
Tələbələrə də lazım olmayan fikirlər aşılayırsınız.
– Sizə...
– Mənə inanın. Sizin yenidən sürgünə göndərilməyinizi istəmirəm.
– Axı, buna əsas yoxdur. Mən qanundan kənar heç bir iş görmürəm.
– Ancaq aramızda olan danosbazlar yuxarılara yazmağa söz tapırlar.
Onlar küçənin döngəsinə qədər susdular. Şəhərin işıqları tamam sönmüşdü. Daxmaların sakinləri yorğun olduqlarından və alatorandan işə gedəcəklərindən axşamdan qapılarını bağlayıb yatmışdılar. Ətraf sakit idi. Kürün qıjıltısından və sahildəki uca çinarların yarpaq xışıltısından başqa bu sükutu heç nə pozmurdu. Ay lap aşağı enmişdi. Aleksey Osipoviçlə Kipianinin kölgəsi uzanıb alçaq daxmaların üstünə sərilir, bəzən divarların dibi ilə sürünür, bəzən də küçənin ortası ilə irəliləyirdi.
Aleksey Osipoviç tində ayaq saxladı. Yataqxanadan götürdüyü kitabı Kipianiyə uzatdı. O, bir xeyli gözünü Aleksey Osipoviçin üzünə zilləyib tərəddüd içində dayandı. Kitabı tanısa da, götürmək istəmədi.
– Alın, ancaq ehtiyatlı olun.
Aleksey Osipoviç ondan aralandı. Kipiani onun addım səsləri kəsilənə qədər yerindən tərpənmədi
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-7
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
IX fəsil, 5Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.
X fəsil, 1Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.
Стихи других поэтов
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.
TapmacalarMən Aşıq qan ayağı,Qan alı qan ayağı,