Dördüncü hissə, 8
Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.
Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"
Əşrəf dostunun yanına qaçmaq və itirdiyi kitabı ondan soruşmaq istədi. Elə bu vaxt Firidun uşaqları səhər yuxusundan oyatdı. Tələbələr hay-küylə ayağa qalxdılar. Tələsik çarpayıları sahmana saldılar, dəsmal götürüb üzlərini yumağa qaçdılar. Əşrəf Firiduna yaxınlaşa bilmədi. Uşaqları duyuq salmamaq üçün o da dəsmalını götürüb bayıra çıxdı. Yoldaşlarının zarafatına könülsüz cavab verdi. Qəsdən ləngiyib onların yataqxanadan getmələrini gözlədi. Əşrəf tələbələr məktəbə yola düşəndən sonra hər yeri bir də nəzərdən keçirmək fikrində idi.
Uşaqlar pətəyindən hürküdülmüş arı kimi xeyli çaxnaşdıqdan sonra yataqxanadan uzaqlaşdılar. Əşrəf çarpayıların altını, dolabçaların üstünü təzədən axtardı. Heç yerdə heç nə gözünə dəymədi. Kitabın qəsdən götürüldüyünü yəqin etdi. Qollarını sallayıb dayandı. Elə bu vaxt kimsə onun qulağının dibində nəfəs aldı. Əşrəf geri döndü. Firidun dəsmalla üzünü qurulayırdı:
– Gecə Aleksey Osipoviç gəlmişdi. Bir kitab apardı, deyəsən sənin idi.
Əşrəf yavaşca çarpayının üstündə oturdu. Firidun onun halının birdən-birə dəyişməsinə təəccübləndi:
– Sənə nə oldu, rəngin-ruhun niyə qaçdı?
– Kişini xataya saldım.
– Hansı kişini?
– Kipianini. Kitabı o mənə vermişdi. Yəqin məsələ direktora çatacaq. Mən cəhənnəm, onu işdən çıxardacaqlar. Bəlkə də başına oyun açacaqlar. – Əşrəfin səsi titrədi. Gözlərini Firiduna zillədi. – Ağlın nə kəsir, Aleksey Osipoviç mərdimazarlıq eləyərmi?
– İnanmıram.
– Mən bu saat onun yanına gedəcəm, üzr istəyəcəm, yalvarıb kitabı geri alacağam. Belə yaxşı deyilmi, ay Firidun, məndən ötəri o kişinin başı niyə ağrısın?
Firidun Əşrəfin qolundan tutub qaldırdı:
– Tez ol, üst-başını düzəlt Səhər ibadətinə geciksən, daha da pis olar. Sabah məsləhətləşərik.
Onlar yataqxanadan uzaqlaşdılar.
Tələbələr seminariyanın həyətinə toplaşmışdılar. Onlar adətləri üzrə səhər ibadətindən əvvəl dərslərini təkrar edirdilər. Kimi kitabı əlində tutub əzbər şer deyən yoldaşını yoxlayır, kimi sual-cavab edir, kimi bir tərəfə çəkilib narın torpağın üstündə misal həll edirdi. Həyəti ümumi bir uğultu bürümüşdü. Əşrəfgil gələndə xristian şöbəsinin uşaqlarından biri eyvana çıxıb ucadan şer deyirdi. Əşrəf bu qara qıvrımsaçlı gürcü balasını tanısa da ona yaxınlaşmadı. Öz şerlərini oxuyan dostuna qulaq asmağa indi onda həvəs yox idi. Əşrəfə elə gəlirdi ki, hamı onun gizli kitab oxuduğunu bilir, bu saat uşaqlar, verilən əmanəti yaxşı saxlaya bilmədiyinə görə onu danlayacaqlar. Ona deyəcəklər ki, bizim seminariyanın ən sevimli müəllimlərindən birini niyə xataya saldın? Sən bilmirsənmi ki, onun dalınca düşənlər var? Onu gözdən qoymurlar, hər yerdə izləyir, hər sözünə diqqət yetirirlər. Bəlkə elə sən qəsdən o kitabı vermisən ki, Kipianini işdən qovub tutsunlar? O kişi sənə etibar edib, sənsə belə, Əşrəf darıxdı. Elə bil havası çatmadı. Yaxasını açıb ətrafına boylandı. Ona elə gəldi ki, Kipiani buralardadır. Hardasa dayanıb ona baxır. Başını bulayıb onu məzəmmətləyir: "Məni niyə ələ verdin, mən səni kişi bilirdim", – deyir. Əşrəfin bədənini soyuq tər basdı. "Mən onun üzünə necə baxacam, gözünə necə görünəcəm? – deyə düşündü. – Görək ona heç nə bildirməyəm. Bu gün, dərsdən qabaq kitabı Aleksey Osipoviçdən geri istəyəm. Bəlkə vermədi? Bəs onda nə olsun?"
Məktəbin həyətindəki uğultu getdikcə gücləndi və Əşrəfə elə gəldi ki, onun başı ağırlaşdı, qulaqları tutuldu, hətta gözləri də torlandı, heç nə fikirləşə bilmədi. Keyimiş kimi həyətin ortasında dayandı.
Uşaqlardan biri "diqqət!" deyə qışqırdı. Bu xəbərdarlığı eşidən kimi hamı səsini kəsdi və gözünü yola zillədi. Ortaya çökən sükut Əşrəfi özünə gətirdi. O da cığıra baxdı və hələ uzaqdan gələn Kipianini dərhal tanıdı. Uşaqlar onun qabağına yüyürdülər. Əşrəf bir anlığa hər şeyi unudub yoldaşlarına qoşulmaq istədi. Lakin bir-iki addım atdıqdan sonra ayaq saxladı. Onun gözünə görünməmək üçün daldalanmağa yer axtardı.
Tələbələr zəncir kimi qatarlaşıb Kipiani ilə salamlaşmağa hazirlaşdılar. Onun qəribə xasiyyəti var idi. Salamlaşanda mütləq şlyapasını çıxardırdı. Uşaqlarınsa bundan xoşu gəlirdi. Ona görə də yolun kənarında qatarlaşıb dayanar, Kipiani birinci uşağın verdiyi salamı alıb slyapasını geyməmiş ikincisi, üçüncüsü salam verərdi. O da təkrar-təkrar şlyapasını çıxartmağa məcbur olardı. İndi də elə etdilər. Ancaq Kipiani bu dəfə uşaqların qatarlaşıb onu gözlədiklərini başa düşdü və hələ uzaqdan şlyapasını çıxardıb qolunun üstünə aldı. Salamlara ancaq yüngülcə təzimlə cavab verdi. Lap axıra çatandan sonra gülümsünüb şlyapasını geydi və bununla da "ay kələkbazlar, daha məni aldada bilməzsiniz, bundan sonra şlyapamı bircə dəfə çıxardacağam" demək istədi. Tələbələrlə müəllimin arasında baş verən bu üstüörtülü zarafat hamının əhval-ruhiyyəsini düzəltdi. Uşaqlar bir də ona görə sevindilər ki, bu gün Kipiani gəlmişdi. Əgər o, növbətçi müəllim olsaydı, nahardan sonra şəhərin kənarına, Kürün sahilinə gəzməyə getmək arzusu baş tutacaqdı. Kipiani məktəb həyətinin ortasına çatan kimi tələbələr onu əhatə etdilər, Kim isə gülə-gülə:
– Nə yaxşı oldu, – dedi.
– Yaxşı olan nədir?
– Sizin növbətçi olmanız.
– Yox, səhv edirsiniz. Bu gün mən növbətçi deyiləm.
– Bəs kimdir?
– Bu saat bilərsiniz.
Birdən o, sözünə ara verdi. Kənardaca, Firidunun yanında dayanan Əşrəfi yanına çağırdı. Əşrəf qızardı, sonra rəngi avazımağa başladı. Firidun gördü ki, dostu ayağını güclə sürüyürdü. O da həyəcanlandı. Müəllimin bu saat Əşrəfi bir yana çəkəcəyini, onu möhkəm danlayacağını, bəlkə də bir-iki acı söz deyəcəyini gözlədi. Əşrəf başını yuxarı qaldırmadı. Kipianinin qarşısında ayaq üstündə güclə dayandı.
– Niyə qaş qabaqlısan?
O, çiynini çəkib susdu. Kipiani tələbəsinin çənəsinin altından tutub yuxarı qaldırdı. Əşrəf yalnız indi onun sifətinə baxa bildi. Zəhmli, qəzəbli baxış əvəzinə gülümsər gözləri gördükdə bir azacıq sakitləşdi. Onun əlindən yapışıb üzr istəmək və müəllim, məni danlamayın, özüm gedib kitabı geri alacağam. Ölsəm də Sizin adınızı vermərəm" – demək istədi.
Məktəbin zəngi aram-aram danqıldadı. Uşaqlar tərpənənə qədər Boris Mixayloviç Petrovun cır səsi eşidildi:
– Xristianlar sağ tərəfə, müsəlmanlar isə sol tərəfə, ikibir düzlənin!
Bu zəhmli səs tələbələrin arasına çaxnaşma saldı. Onlar bir-birini itələyə-itələyə öz yerlərini tutdular. Cərgələr düzələndən sonra Petrov çəliyinin əyri tərəfini qolunun büküləcəyinə keçirdi. Əlini pencəyinin yaxasından içəri saldı. Köksünü qabardıb irəli verdi. Səhər günəşinin maili şüaları onun qızılı haşiyəli eynəyini, tərtəmiz silinmiş qara çəkmələrini parıldatdı. Uşaqlar səslərini içəri salıb onun nə deyəcəyini gözlədilər. Petrov cərgələrin arası ilə hər tələbənin üzünə baxa-baxa, astaca addımlarla axıra qədər getdi. Müsəlman şöbəsinin uşaqları dayanan cərgənin önündə ayaq saxladı. İkrah edirmiş kimi üz-gözünü turşutdu. Əsasını əlinə aldı. Onun ucu ilə gah bu, gah da başqa bir tələbənin sinəsinə vurdu, "kəmərini düzəlt", "yaxanı düymələ" – deyə qışqırdı. Hətta arada kiminsə şapkasının günlüyündən yapışıb aşağı çəkdi. Hazırlıq qrupunun uşaqlarına yaxınlaşdı. Səlimi cərgənin önünə çağırdı. Çəkmələrinin bağını açdırıb yenidən bağlatdırdı. Osmanı isə görəndə qışqırdı:
– Bu nədir, pinti tatar balası?!
Osman geyimini nəzərdən keçirdi. Hər şey yerində idi. O, təəccüblə çiynini çəkdi. Yenidən müəllimin üzünə baxdı.
– Çəkmələrin niyə belə parıldayır?
Osman həmişəki kimi hazırcavablıq etdi. Gülümsündü:
– Bəs Sizinki niyə parıldayır, cənab müəllim, kərə yağı sürtübsünüz?
– Kəs səsini, vəhşi!
O, əsasını yuxarı qaldırdı. Osmanın çiyninə endirmək istədi. Elə bu vaxt Əşrəf qabağa keçdi. Petrovla döş-döşə dayandı:
– Mən qoymaram ki, Siz balaca uşaqları döyəsiniz.
Petrov əsasını aşağı endirdi. Qəzəblə Əşrəfin üzünə fısıldadı:
– Vəhşilər!
– Özünüzə hörmət edin.
– Tatar!
– Mən Sizi təhqir etmirəm.
– Cərgədən çıx.
– İbadətdən sonra.
Petrovun əlləri titrədi. Nə isə demək istədi, ancaq udqunub dayandı.
Əşrəf yerinə keçdi.
Petrov əvvəlki vəziyyətini aldı. Əsasının əyrisini qolunun büküləcəyinə keçirdi. Üzünü müsəlman şöbəsinin tələbələri dayanan tərəfə tutdu:
– Ey, tatarlar, parçalanın. Sünnülər sağ tərəfə, şiələr isə sol tərəfə keçsin. Uşaqlar ortadan iki ayrılıb aralandılar. Osmanla Əli ləngidi. Onlar bir-birinin əlindən yapışıb dayandılar. Bayaqdan bunlara göz qoyan Kipiani gülümsəyə-gülümsəyə onlara yaxınlaşdı. Petrovdan qabaq dilləndi:
– Niyə dayanmısınız, ayrılın. Axı sünnü ilə şiə bir yerdə ibadət edə bilməz.
Petrovun cır səsi yenidən eşidildi:
– Xristianlar birbaş kilsəyə, müsəlmanlar isə öz ibadətxanalarına, marş!
– Cənab Petrov, üzr istəyirəm, bircə dəqiqə.
Tələbələr ayaq saxladılar. Petrov isə boynunu əyib, eynəyinin altından tərs-tərs Kipianiyə baxdı. O buna əhəmiyyət vermədi və üzünü uşaqlara tutdu:
– Tarix dərnəyinin üzvləri ibadətdən sonra yanıma gəlsinlər. Məşğələmiz və bir balaca gəzintimiz olacaq.
Petrov etiraz etdi:
– Bu gün heç bir gəzinti və məşğələ olmayacaq.
Kipiani astadan, tələbələrin eşitməməsi üçün az qala pıçıltı ilə ona cavab verdi:
– Narahat olmayın, cənab, direktor və inspektorla razılaşmışam.
– Mənə məlum deyil.
– Burada mübahisə etməyimiz namünasibdir.
Petrov acığını uşaqların üstünə tökdü:
– Tez olun, səhər duasının vaxtı keçir.
Tələbələr nizami əsgər kimi iri addımlarla həyətdən çıxdılar. Xristian şöbəsinin uşaqları kilsəyə, müsəlmanlar isə yataqxananın yanında onlar üçün düzəldilmiş ibadətxanaya yollandılar. Petrov daldan Əşrəfi səslədi:
– İbadətdən sonra dərsə getməyəcəksən.
– Nə üçün?
– Direktorun yanında olmalısan.
Əşrəf dinmədi və uşaqlara qarışdı. Döngəyə çatan kimi dəstədən aralandı. Sinə-sinə, divarın dibi ilə geri qayıtdı. Petrovun məktəbin həyətindən çıxmasını gözlədi. Nəhayət, növbətçi müəllim darvazanın yanından ötdü. Onun addım səsləri küçədən gəldi. Əşrəf rahat nəfəs alıb divarın dibindən çıxdı.
– Hara qaçırsan?
Əşrəf ilan çalmış kimi dik atıldı. Başının üstünü kəsdirən Kipianinin gülümsədiyini görmədi, onun səsindəki mehribanlığı duymadı. Dili, dodağı təpidi.
– İşim var.
– Bəs şəriət müəllimindən qorxmursan?
– Yox.
– Bəs inspektordan necə?
– Ondan da qorxmuram.
– Bəs məndən?
Əşrəf udqundu. Gözlərini zilləyib müəlliminə baxdı. Onun dediklərinin ciddimi, yoxsa zarafatını olduğunu bilmək istədi. Bu saat Kipianinin onun haqqında nələr düşündüyünü öyrənməyə çalışdı. Onun arzusu bu idi ki, müəllimi ona inansın, onu xain, xəbərçi hesab etməsin. Kipiani də öz növbəsində Əşrəfin baxışlarından onun nələr düşündüyünü öyrənməyə çalışırdı. O başa düşdü ki, uşaq həyəcanlıdır, narahatdır. Gözlərindən oxudu ki, peşmançılıqla xəcalət hissi bir-birinə qarışmışdır. Əşrəf iztirab çəkir, səhv bir iş tutduğundan utanır, həm də qorxur. Özü də onu narahat edən odur ki, başqasını fəlakətə sala bilər. Kipiani onu da başa düşdü ki, Əşrəf buraxdığı səhvini düzəltmək üçün hər şeydən keçməyə hazırdır.
Aralığa çökən bu adi sükut Əşrəfə bir il qədər uzun göründü və o heç nə söyləmədən, heç nə danışmadan geri dönüb Kipianidən aralanmaq istədi. Ancaq müəllim onun qolundan tutub saxladı:
– Kitabı oxuyub qurtardınmı?
– Yox. – Əşrəfin dodaqları əsdi. – Az qalıb. Axıra çıxmağıma bir neçə səhifə var.
Onun səsi titrədi. Elə bil bir şey tıxanıb boğazında qaldı.
Kipiani onun biləyindən tutdu. O, hiss etdi ki, Əşrəfin əzaları səyriyir. Bütün bədəni uçunur. Bir azca da belə getsə, oğlan ya qolunu çıxardıb qaçacaq, ya da hönkürtü ilə ağlayacaq.
Kipiani sakitcə qoltuq cibindən bir kitab çıxardıb Əşrəfə uzatdı.
– Al.
Əşrəf lap burnunun ucundakı kitabın cildinə baxdı, hərflər onun gözlərində böyüdü, sonra kiçilib öz qaydasına düşdü. O, tanış sözləri oxudu. Bir xeyli tərpənmədi. Əvvəlcə cəsarətsizcəsinə, sonra isə inamla altdan-yuxarı, Kipianinin üzünə baxdı. Kipiani onun nə isə soruşmaq istədiyini başa düşdü, ancaq imkan vermədi:
– Kitabı oxu, qurtar. Amma çalış ki, bu işdən pis adamlar xəbər tutmasınlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-8
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salatın çətəni çəkib dəyənin qapısını örtdü. Küncə, yük yerinin yanına bir döşəkcə atdı. Ayaqlı duağı ortaya qoydu. Döşəyin altından dəftər-qələm çıxartdı. Bardaş qurab oturdu. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri, naşı hərflərlə sözlər yazmağa başladı. O, xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Qız elə bilirdi ki, qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir.Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. Onun sümükləri şaqqıldadı. Ayağa durub kağız-qələmi yığışdırdı. Döşəyin altında gizlətdi. Dəyədən çıxdı.
Üçüncü hissə, 14Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi. Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə olacağını gözlədi.Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı. Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.
Üçüncü hissə, 15Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".
Üçüncü hissə, 16Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar,– deyə öz-özünə deyindi.
Стихи других поэтов
Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
YaxşıdırCan qurban eyləsən, layiqdir, yenəO gözəl qədrini bilsə, yaxşıdır.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.