Üçüncü hissə, 14
Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi. Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə olacağını gözlədi.
Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı. Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.
Zərnigar xanım yerin içində, yuxarı məhəllədə baş verən bu səs-küyə qulaq asdı. Yorğanı üstünə çəkdi, böyrünə qısılıb titrəyən Salatının saçını sığalladı. Səs-küy yavaş-yavaş binələrin üst tərəfindən aşağı, endi. Zərnigar xanım məsələni başa düşdü. Dəyələrə basqın etmişdilər. Ancaq çapqınçılar mal-qara aparmağa gəlməmişdilər. Belə olsaydı birbaş xalxalı açar, heyvanları qabaqlarına qatıb aparardılar.
Gələnlər dəyələri axtarırdılar. Zərnigar xanım onların içəri necə girdiklərini, arvad-uşağın üstündən yorğanı necə atdıqlarını, qızların qolundan yapışıb necə qaldırdıqlarını təsəvvüründə canlandırdı. Arvadın canına vahimə düşdü. Axşamüstü bulaq başında arvadlardan biri ona eyham vurmuşdu ki. "ehtiyatlı olun, binədə xısınlaşma var, qulağıma bəzi sözlər dəyir", Zərnigar xanım buna əhəmiyyət verməmişdi. Hətta bu məsələni Əşrəfə belə bildirməmişdi. "İndi mən nə edim? Sığırçılardan başqa başı papaqlıların hamısı arandadır, kimə əlim çatacaq? Yox, gerək qızı işıq gözünə bir tərəfə qaçırdaydım. Ya da Əşrəfin yanına göndərəydim. Uşaq da olsa, kişi xaylağıdır, ölərdi, amma bacısını verməzdi. Bu günü qara da həmişə qardaşının yanında qalardı, bu gecə tərs kimi qaçıb bura gəldi. Bəlkə elə Allahın istəyi budur. Qız Əşrəfin yanında olsaydı, uşağa xətər dəyərdi. Bəlkə heç bizim dəyələrə yaxın gəlməyəcəklər?"
Lap yaxından kobud, xırıltılı kişi səsi eşidildi. Arvad-uşağı dəyədən bayıra tökdülər. Kimsə bərkdən söydü:
– Ay köpək uşağı, nə gəzirsiniz, arvad-uşaqdan nə istəyirsiniz?
– Qız hanı?
– Qız nədir, ay qanmaz köpək uşağı?
– Səsini kəs, ləçər, qızın yerini de.
Zərnigar xanım qarışıqlıqda Salatının adını eşitdi. Arvadın bədəninə elə bil soyuq ilan dolandı. Dizlərindən sızıltı qalxdı. Nə qədər çalışdısa da, dişlərinin şaqqıltısını kəsə bilmədi. Bir ana sövq-təbisilə qızını qucaqladı. "Bu saat gələcəklər, el içində biabır olacağıq. İndi mən nə eləyim? Allah, sən özün kömək ol. Görüm səni peşman olasan, a Cahandar ağa, sənin ucundan bu azara düşmüşük". Arvadın nəfəsi darıxdı. Bir istədi çılın-çılpaq ayağa, dursun, qızın qolundan yapışıb dərəyə qaçsın, birbaşa üzüaşağı getsin, ya da Əşrəfi köməyə çağırsın. Arvad özünü lap itirdi. Oğlunu səsləməyə ürək etmədi. Əşrəfin başına xata gələcəyindən qorxdu.
Səs-küy lap yaxınlaşdı. Çənəsi şaqqıldayan Salatının bədəni uçundu. O, anasının böyrünə qısılıb yorğanı başına çəksə də, hər şeyi eşidir və vəziyyəti başa düşürdü. O da çıxış yolu axtarırdı, lakin tapa bilmirdi. "Bəlkə farmaşa girim, ya da keçəyə bürünüb çətənin böyründə dayanım? Nəmiyə girsəm necə olar?"
Basqınçılar Cahandar ağanın dəyələrinə yaxınlaşdılar. Nökərlər çomaq götürüb yolu kəsdilər. Əlbəyaxa vuruşma başladı. Ağac şaqqıldadı, xəncər cingildədi. Zərnigar xanım da, Salatın da başa düşdü ki, gələnlərin qabağını saxlamaq mümkün deyil.
Qız birdən yorğanı üstündən atdı. Elə alt köynəkdə, ayaqyalın, başıaçıq bayıra qaçdı. Əvvəlcə dərəyə enmək istədi. Sonra dəyələrin qabağındakı palıd ağacının altına getdi. Birtəhər ağaca çıxmağı, orada, budaqların arasında gizlənməyi qərara aldı. Ancaq nə qədər çalışdısa, şaxdan yapışa bilmədi. Onun ayaqları əsir, əlləri titrəyirdi.
Basqınçılar, nəhayət, Şamxalın dəyəsinə yaxınlaşdılar. Çətəni kənara atdılar. Keçəni dartıb saldılar. Yorğan-döşəyi bir-birinə qatdılar. Salatın anasının qışqırtısını eşitdi.
– Gəlinə dəyməyin, ay binamuslar.
– Qızı harda gizlədibsən, yerini de.
– Qız yoxdu.
– Tez ol, yoxsa saçını biləyinə dolayaram.
– Arvada əlimi qaldıracaqsan, ay köpək oğlu?
– Səsini kəs, tez ol, qızın yerini de.
Salatın qışqırtı eşitdi. Ona elə gəldi ki, anasını vurdular. Qızın ürəyi dözmədi. Ağacın dalından çıxıb onun yanına qaçmaq istədi. Ancaq özünü saxladı.
Basqınçılar Zərnigar xanımı da, Güləsəri də qolundan tutub bayıra atdılar. Yorğan-döşəyi, palazları çölə tulladılar. Farmaşları, sandığı ələk-vələk elədilər. Nəmini gəzdilər, tejənləri ayaqladılar. Əllərinə heç nə keçmədi. Yenə kim isə qışqırdı:
– Qızı harda gizlədibsən?
– Sənə dedim ki, qız yoxdur.
– Yerini de.
– Çoxdan binədən qaçırtmışam.
– Ay qarı, bizim başımızı əkmə.
– Axtarın tapın.
Onlar yenə fırlandılar. Yorğan-döşəyin bir də altını üstünə çevirdilər.
– Ə, bu necə oldu?
– Heç yana gedə bilməz, buralarda olacaq, – deyə basqınçılardan biri dilləndi.
Ürəyi sakitləşmək üzrə olan Salatının bədəninə yenidən lərzə, düşdü. O elə bildi ki, basqınçılar ağaca doğru gəlirlər. Qız ələ keçməmək üçün sürünə-sürünə xalxala girdi. Böyür-böyürə verib yatışan inəklərin arasında uzandı. Heyvanlar kövşəklərini saxladılar. Birxeyli qulaqlarını şəkləyib təəccüblə baxdılar Salatın tərpəndi. Yaxındakı inək ilan kimi fısıldayıb yerindən qalxdı. Salatın onun qarnının altında daldalanmaq istədi. İnək bu ağ paltarlı qızı görəndə daha da hürkdü. Geri çəkilib qorxunc bir səslə mələdi. O biri inəklər də hürküb ayağa durdular. Xalxala çaxnaşma düşdü. Salatın nə qədər çalışdısa da, daldalanmağa yer tapmadı. İnəklər onu buynuzlarına götürüb xalxaldan atmağa hazırlaşdılar.
Basqınçılardan biri ayaq saxladı. İnəklərin çəpərə sıxışdırdığı ağ paltarlı qızı gördü. Dərhal o biri yoldaşlarını səslədi:
– Əyə, tapmışam.
Salatın dözə bilmədi. Qışqıra-qışqıra dərəyə qaçdı. Onun dalınca töküldülər. Zərnigar xanım da saçını yola-yola dərəyə endi. Qızın ayağı dolaşdı, ağzıüstə yerə sərildi. Bir-iki dəfə yumalandı. Dirsəyi daşa dəyib qanadı, ancaq səsini çıxartmadı. Sürünüb özünü gicitkən kolluğuna saldı. Elə bil bədəninə duz basdılar, ayaqları qora düşdü. Qolları, üz-gözü şişdi. Ancaq canını dişinə tutub susdu. Addım səsləri yaxınlaşdı. Salatın ələ keçəcəyini görüb sinə-sinə gicitkənlikdən çıxdı. Asırqallıqda gizləndi. Buradan o yana qaçmağa yer yox idi.
Basqınçılar xeyli gəzdilər. Hətta bir-iki dəfə lap Salatının yanından keçdilər. Qız bir an içində bir neçə dəfə ölümdən qayıtdı.
– Əyə, bir də gəzin, buralardadır.
Asırqalları qatlayıb ayaqlarının altına aldılar. Onları şartaşartla sındırdılar. Salatını üzük qaşı kimi qamarğaladılar. Qız atılıb aradan çıxmaq istədikdə onu tutdular. Qolunu qanırıb ağzını bağlamağa çalışdılar. Salatın tükürpərdici səslə qışqırdı:
– Ana!!! Haradasan, ay qağa dadıma çat, ay qardaş!
Onun əl-qol atıb çapalamağına fikir vermədilər. Yaxın gələnlərin üz-gözünü cırıb əllərini dişləməsinə baxmadılar. Basqınçılardan biri onu yumaq kimi büküb qoltuğuna vurdu, Salatın çapaladı, sürüşüb yerə düşdü. Qızın bu hərəkətindən qəzəblənən kişi onun əllərini, ayaqlarını iri ovcunun içində sıxıb qoyun kimi çiyninə atdı. Basqınçılar qayalığa doğru getdilər. Qarşı tərəfdən at kişnədi. Salatın yenidən qışqırdı. Zərnigar xanım əlini dizinə çırpdı və aşağıdakı dəyələrə doğru qaçdı.
– Vay, evim yıxıldı, Əşrəf, qızı apardılar.
Bu qışqırtını Əşrəfdən qabaq Əhməd eşidib dik atıldı. Şalvarını geyinməsi ilə tüfəngi götürüb dəyədən çıxması bir oldu. Birbaş səs gələn tərəfə yüyürdü. İtlər qayalığa basqın edirdilər. Sığırçılar hay-haray salmışdılar. Qarmaqarışıq səs gəlir, arabir at kişnəyirdi. Əhməd cığırla qayanın üst tərəfinə yüyürdü. Basqınçıların qabağını kəsmək istədi. Ancaq ondan qabaq özünü yetirən Əşrəf qayalığa dalbadal iki güllə atdı. At kişnədi. Basqınçılar da güllə atdılar. Əhməd qayalıqda ayaq üstə dayanan Əşrəfi dartıb yerə yıxdı. Tövşüyə-tövşüyə soruşdu:
– Nə olub?
– Salatını aparırlar.
Əşrəf yeridən sıçrayıb ayağa qalxdı. Səsi gəldikcə bağırdı:
– A köpək uşağı, bu saat hamınızı qıracam.
O heç nəyə baxmadan irəli cumdu. Nökərlər də onun dalınca qaçdılar. Əhməd bir xeyli sakitcə dayanıb qaranlıqda ətrafı dinşədi. Basqınçıların hansı tərəfə getdiklərini təxmin etdikdən sonra "Ərim gəldi" təpəsinə doğru yüyürdü. Daşlardan birini özünə mətəris edib gözlədi. Basqınçılar yenicə atlanırdılar. Əhməd çaxmağı hərlədi. Qayalar şaqqıldadı. Tüfəngin dalınca özü də qışqırdı:
– Əyə, qoymayın, qabaqlarını kəsin.
Atışma başlandı. Basqınçılar bir xeyli qayaların ətrafında fırlandılar. Sonra atların tappıltısı dərədə eşidildi. Kim isə inildədi. Əhmədin qulağının dibindən iki güllə vıyıldayıb keçdi. O, yerə yatdı. Əşrəfi gözdən itirdi. Artıq itlər dərənin o tərəfində hürürdülər. Atlar uzaqda kişnəyirdi.
Əhməd Əşrəfi o tərəfdə, dağın döşündə tapdı. O doluxsunmuşdu.
– Aradan çıxdılar, Əhməd lələ, indi nə eləyək, qız əldən getdi!
– Dallarınca düşmək lazımdır.
Onlar bir azdan atları dördnala çaparaq dərədə gözdən itdilər.
Allahyar Köçəri kəndinin binələrində, Həsən ağanın alaçığında oturub boyük intizar və təlaşla Salatını qaçırtmaq üçün göndərdiyi adamların qayıtmasını gözləyirdi. Onun fikri dağınıq idi. Düz bir həftə idi ki, nə gözünə yuxu gedir, nə də boğazından bir tikə çörək keçirdi. Allahyar, nəhayət, əlinə fürsət düşdüyünə və düşmənindən intiqam alacağına sevinirdi. Tez-tez ürəyində Cahandar ağanı yamanlayırdı. "Adamın anasını belə ağladarlar. Sən mənim arvadımı apardın, mən də əvəzində sənin doğma qızını gətirib rüsvay eləyəcəyəm".
Əslində Salatını götürüb qaçmağı onun ağlına Molla Sadıq salmışdı. On gün bundan əvvəl Allahyara sifariş yollamışdı ki, "başını orada islat, burada qırxdır". Allahyar bu xəbəri eşidən kimi atını minib, bir-baş yaylağa gəlmişdi. Onlar dağ kəndlərinin birində görüşmüşdülər. Molla Sadıq binələrdə kişilərin az olduğunu, hamının arana, biçinə getdiyini ona xəbər vermişdi. Cahandar ağa yox idi. Belə fürsət ələ düşməzdi. Allahyar mollanın məsləhəti ilə on nəfər adam tapıb danışmış, onları qızın dalınca göndərmişdi. Özü isə Həsən ağanın yanına gəlmişdi. Onun məqsədi bir neçə günlüyə buralarda daldalanmaq idi. O çox gözəl bilirdi ki, qızı axtaracaqlar. Əgər Salatını öz kəndlərinə aparsa, dərhal ələ keçərdi. Burada, ağlagəlməz yerdə isə bir neçə gun qala bilərdi. Ona elə bu da bəs idi. Allahyarın məqsədi Salatını özünə arvad eləmək deyildi. O istəyirdi ki, Cahandar ağa onun arvadı ilə kef çəkdiyi kimi, bu da bir həftə, on gün Salatınla kef çəksin, sonra isə qızı üzüqara halda geri qaytarsın. Bəlkə də başına daha betər pisliklər gətirsin.
Allahyarın çayı çoxdan soyumuşdu. Həsən ağa sakitcə onu süzür, arabir də dodaqaltı gülürdü. O özü də belə hal keçirmişdi. Arvadı Yəmən xanımı ona vermək istəməyəndə götürüb qaçmağa adam göndərmişdi. Əslində qız özü də qaçmağa hazırlaşmışdı. Ancaq qızı gətirənə qədər Həsən ağa durub dincələ bilməmişdi.
– Ə, nə olub, nə qəm dəryasına batıbsan?
– Qorxuram əliboş qayıdalar.
– Beh veribsənmi?
– Hərəsinə bir qızıl onluq.
– Onda ürəyini buz kimi sərin saxla. Ölərlər, amma puldan keçməzlər. Onların peşəsi mal oğurlayıb, qız qaçırtmaqdır.
– Orası elədir, amma yenə ürəyim narahatdır.
– Narahat olma.
Onlara yenə çay verdilər. Allahyar stəkanı götürüb bir-iki qurtum içdi. Elə bu vaxt səs-küy qalxdı. İtlər bərkdən hürdü. Bir dəstə atlı binəyə yaxınlaşdı. Onlar alaçığın qapısında dayandılar. Salatını yerə düşürdülər. Həsən ağanın arvadı gəlini ilə köməkləşib əli, ayağı bağlı Salatını öz dəyəsinə apardı. Basqınçıların başçısı alaçığa girdi, Allahyar dərhal ayağa durdu.
– Gətirdinizmi?
– Gətirdik, amma bizə yaman baha tamam oldu.
– Necə?
– Atımızın birini vurdular. Yoldaşlarımızdan da ikisi yaralandı.
– Heç nə olmaz.
– Yaxşı, bizim haqqımızı ver, qaranlıqkən aradan çıxaq.
– Qız hanı?
– Xanım dəyəyə apardı.
Allahyar əlini cibinə saldı. Əvvəlcədən ayırıb hazırladığı pulu çıxartdı:
– Al, özünüz bölüşərsiniz.
– Bu azdı. Yaralananlar heç, gərək atın da pulunu verəsən.
– O mənim işim deyil.
– Sonra peşman olarsan.
– Nə demək istəyirsən?
– Bir sözdü, deyirəm, fikirləş.
Allahyar qarşısında dayanan adamın saçaqlı papağına, tüklü sifətinə baxdı. Bir xeyli tərəddüd içində dayandı. Onun fikrindən nələr keçirdiyini bilmək istədi. Həsən ağa araya çökən sükutu zarafatyana tərzdə pozdu:
– Kişini yola sal, könlü balıq istəyən gərək suya girsin.
Allahyar dinməz-söyləməz əlini cibinə saldı. Atın pulunu da verdi.
Yalnız bundan sonra basqınçıların başçısı onlarla xudahafizləşdi.
– Salamat qalın.
Onlar gedəndən sonra Allahyar bir az sakitləşdi. Həsən ağa qonağının gözlərində vəhşi bir hərisliklə sevincin qarışığını gördü. Dodaqaltı gülümsəyib döşəkcənin üstünə uzandı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-14
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydu. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.– Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm.
4Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?
5Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - deyə Gülsümə təskinlik vermişdi. Amma evə gəldikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".
6Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə-sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər nəyi isə qovurdu. Deyəsən, qara düşmüş dovşana rast gəlmişdilər.Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. Qarıya elə gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi.
Стихи других поэтов
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Təzkireyi-NəvvabEy Vidadi, yenə xan qulluğunda,Qaim olub, nə qiyamət eylərsən?
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,