Страница 1 из 2

Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".

Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".

Cahandar ağa başını qaldırıb üfüqə, sonra da Kürün o üzündəki meşəyə baxdı. El dağa köçməzdən əvvəl kazakların kəndə gəlməsini, pristavla olan söhbəti xatırladı. Meşədəki əhvalatı yadına saldı. Köksünü ötürüb başını buladı: "Bu divan-dərə də amanımızı qırıb. Deyəsən, bundan sonra əl-ayaq tərpətmək çox çətin olacaq. Həftənin bir bu başında, bir də o başında pristav atını çapıb gələcək, kor kimi qapını kəsəcəkdir. Qorxuram axırda bizi lap kəbinli arvada döndərsinlər".

At, sahibinin fikrə getdiyini başa düşdüyündən, özü yoldan döndü, taxılların arasındakı cığıra keçdi, zəmilərin ortasındakı tənha çinar ağacına doğru addımladı. İri qaraqılçıq sünbüllər Cahandar ağanın ayağına toxunsa da, kişi vəziyyətini dəyişmədi. Çinarın o üzündəki biçinçilərə gözünü zillədi. Oraqlar havada parıldayırdı, kim isə astadan bayatı deyirdi:

Eləmi qar qalandı,

Qış gəldi, qar qalandı.

Qarğalar laçın oldu,

Laçınlar qarğalandı.

Cahandar ağa sakitcə mahnıya qulaq asdı. Bayatının sözləri onu daha da məyuslaşdırdı. Kişi birdən-birə istiləndi. Əlini atıb köynəyinin yaxasını açdı. Taxılların bürküsü onu vurdu. Bir az bundan əvvəl Kür tərəfdən əsən meh birdən-birə dayandığından, çöllərin üstünə boğanaqlı hava çökmüşdü. Adam nəfəs aldıqca boğazı quruyur, ciyərlərinə isti təndir hənirtisi kimi bir şey dolurdu.

At çinarın kölgəsində dayandı. Qulaqlarını şəkləyib astadan kişnədi. Cahandar ağa sıçrayıb yəhərdən yerə düşdü. Atı ağaca bağlayıb, kölgədəki daşın üstündə oturdu. Bircə yarpaq da tərpənmirdi. Ağacın gövdəsinə yapışmış, cırcıramalar ağız-ağıza verib ötüşürdü. Onların zil səsi az qalırdı adamın beynini deşsin. Cahandar ağa bir xeyli daşın üstündə sakitcə oturub nəfəsini dərdi. Gün onu qaraltmışdı. Kişi güclə nəfəs alırdı. O, papirosunu son dəfə sümürüb atdı. Kövşənə od düşməsindən ehtiyat edərək, ayağı ilə tapdayıb söndürdü. Bundan sonra ətrafa boylandı. Ağacın kölgəsində, otun altında gizlədilmiş cürdəyi görən kimi ayağa qalxdı. Qabı götürüb suyu başına çəkdi. Su qan kimi ilıq idi. Ancaq kişi buna əhəmiyyət vermədi. Doyunca içdi. Cürdəyi yenidən otun altında gizlətdi. Qolu ilə ağzını silərək, biçinçilərin yanına getdi.

Onlar taxılın içində qatarlaşmışdılar. Gün yandırmasın deyə, dəsmallarının ucunu düyünləyib başlarına keçirmişdilər. Köynəkləri islanıb kürəklərinə yapışmışdı. İsti olmasına baxmayaraq, həvəslə işləyirdilər. Cahandar ağa onlara yaxınlaşdı: "Yorulmayasınız!" – deyə ucadan biçinçiləri salamladı, sonra da dəstənin ağsaqqalı Sərkis kişi ilə görüşdü.

– Taxıl necədir, ay kirvə?

Kişi belini düzəldib dayandı. Orağı sol əlinə alıb, alnının tərini sildi:

– Allah bərəkət versin, yaxşıdır, ağa, uşaqlara azuqə çıxacaq. Amma yaman istidir.

– Elə ona görə də çalışın tez qurtaraq, bulaqların suyu bizi gözləyir.

– Biz sizdən də çox tələsirik, ağa, arvad-uşağı toküb gəlmişik, indi gözləri yoldadır.

– Heç nə olmaz, az qalıb.

Cahandar ağa susdu. Bir xeyli biçinçilərə baxdı. Kənardakı dərz tayasına yaxınlaşdı. Sərkis kişinin oraqlarından birini götürüb əlilə ağzının ovxarını yoxladı və gülümsündü:

– Gəlsənə ötüşək?

– Sizə əziyyət olar, ağa.

– Deyəsən qorxursan.

– İndiki belə oldu, özünü gözlə.

Cahandar ağa üst köynəyini soyundu. Dəsmalının ucunu düyünləyib başına keçirtdi. Ötən günləri yadına salmaq və biçinçiləri həvəsləndirmək məqsədi ilə orağı havada oynadıb, sarı sünbülləri qucaqladı! Sərkis kirvə bir xeyli ona göz qoyduqdan sonra peşəkar bir ustalıqla orağı hərlədi. Başqa biçinçilər də yarışa qoşuldular. Cahandar ağa cəldliklə orağı hərləyir, hər dəfə az qalırdı ki, bir dərz taxıl biçsin. Onun dalınca gəlib dərz bağlayan oğlan Cahandar ağanın arxasınca güclə çatırdı. Sərkis kirvə ondan geri qalmaq istəmədiyindən, oraği tez-tez hərləyir, arabir də a başına dönüm, qoyma", – deyə qışqırırdı. Hamı həvəsə gəlmişdi. Elə bil taxılın bürküsü də, qızmar günəşin istisi də bir anlığa yox olmuşdu.

Onlar xeyli beləcə, bir-birini qova-qova taxıl biçdilər. Cahandar ağanın köynəyi tərə batdı, yarımca saatdan sonra kürəyinə yapışdı. Taxılın tozu ağ köynəyi qapqara etdi. Kişinin özünün də rəngi kömürə döndü. Tunc sifətində tər zolaq saldı. Ancaq orağı əlindən buraxmadı. Zəminin ortasındakı xəndəyə çatan kimi geri döndü, orağı hərləyə-hərləyə çinar ağacına doğru gəldi. Sərkis kirvə də ona aman vermədi. Dabanbasaraq irəlilədi. Cahandar ağa zəminin kənarına çatanda belini düzəldib dikəldi. Orağı kənara atıb qaliblər kimi qürurla Sərkis kişiyə baxdı:

– Hə, deyəsən, dalımdan çata bilmədin?

Biçinçi gülümsündü. "Yarım saat işləməyə nə var, hesab odur ki, bu cırcırama yay günündə həftələrlə belini qaldırmayıb, taxıl biçəsən", – demək istədi. Ancaq dilinin ucuna gələn sözü geri qaytardı:

– Ağa, əməlli-başlı biçinçisənmiş ki?

– Bes nə bilmişdin?

Cahandar ağa orağı dərzin dibinə atıb köynəyini götürdü. Paltarını geyinmək istədi. Elə bu vaxt bayaqdan biçinçilərə su paylayan Tapdıq ona yaxınlaşdı:

– Ağa, əl-üzünüzü yumasanız sərinləməzsiniz.

– Suyun varmı?

– Var. Gedək ağacın kölgəsinə.

Onlar zəmidən aralandılar. Cahandar ağa çim suya batmış köynəyini soyundu. Tapdıq onu ağasının əlindən alıb möhkəm sıxdı və günə sərdi. Sonra da cürdəyi götürdü:

– Ağa, aşağı əyilin.

Cahandar ağa ovcunu su ilə doldurub üzünə çırpdı. Boynunun dalından şoralanib tökülən su ilə qollarını və tüklü sinəsini yudu. Başını da islatdı. Yalnız bundan sonra bədəni bir az sərnidi. Cürdəyi Tapdığı" əlindən alıb, başına çəkdi. Bir xeyli ağacın kölgəsində gəzindi. Elə bil hava da dəyişdi. Yarpaqlar tərpənən kimi oldu. Tapdıq Cahandar ağanın qurumuş köynəyini gətirdi. Kişi əlini bədəninə çəkdi, qupquru olduğunu görüb paltarını geyindi. Kəmərini, xəncərini bağladıqdan sonra Sərkis kişini yanına çağırdı.

– Fikriniz nədir, ay kirvə, gecə kəndəmi qayıdacaqsınız'?

– Yox, ağa, elə burada çinarın dibində yatarıq. Obaşdan durub sərinkən taxıl biçmək daha faydalıdır.

– Ağıllı sözdür, yeməkdən korluq çəkmirsiniz ki?

– Yox, çəkmirik. Amma bir az ürək sarinlədən şey olsa, pis olmaz.

– Elə şeyin fikrini çəkməyin, düzələr.

Sərkis kişi qayıdıb biçinə başladı. Cahandar ağa ilə Tapdıq ağacın kölgəsində tək qaldılar.

– Biçinçiyə yaxşı qulaq asmasan iş yeriməz. Bu saat uşaqlardan birini göndər bir çəllək sərin su gətirsin. Sonra da özün bostana get, bir-iki xurcun qarpız gətir, qoy yesinlər, dağ adamlarıdır, ürəkləri sərnisin.

Çörək bişirtdirmisənmi?

– Bişirtdirmişəm. Bir azdan qatıq, süd də gətirəcəklər.

– Lap yaxşı. Di durma, tərpən. Günorta çörəyinə qədər dediklərimi düzəlt. Mən də o tərəflərə baş çəkim.

Cahandar ağa yaşına uyğun olmayan bir çevikliklə sıçrayıb atın belinə qalxdı. Elə bil bir az əvvəlki yorğunluqdan və əzginlikdən heç nə qalmamışdı. Kişi işləyəndən sonra sanki dirçəlmişdi. At da sahibi kimi yüngülləşmişdi. Cahandar ağa ayağını üzəngiyə qoyan kimi, cilovu gəmirib yorğa addımlarla ağacın kölgəsindən uzaqlaşdı. Beşcə dəqiqə keçməmiş taxılların arasından çıxıb, kəndin üstünə enən torpaq yola düşdü.

Hər tərəfdə qızğın iş gedirdi. Zəmilərin arasındakı cığırlarla yüklü arabalar irəliləyib kəndin üst tərəfindəki yola çıxırdı. Xır yoluna çatana qədər qatarlaşan arabaların təkərlərindən qopan toz laylanıb havada dayanmışdı. Artıq kənd evlərinin qabağında taxıllar tayalara vurulmuşdu. Kəndlilərin çoxu xırman açıb vəl qoşmuşdu. Hamı peşqurda hazırlaşır, biçilmiş taxılları qapıya yığıb tezliklə yaylağa qayıtmağa tələsirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, 4

Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.

19576 мин
Birinci hissə, 5

Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay-çörəyə əl vurmadı. Anası ilə bərabər, göz yaşı axıdan Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi. Evə qaranlıq çökdü. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı:– Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb.

195713 мин
Birinci hissə, 6

Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.

195714 мин
Birinci hissə, 7

Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.

195710 мин

Стихи других поэтов