Üçüncü hissə, 16
Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar,
– deyə öz-özünə deyindi.
– Deyəsən, uşağın saçından tutub sürüyüblər. Görəsən, yazığın ata-anası varmı?" Tələsik ayağa durub qıza yer saldı. Salatını qucağına götürüb döşəyin üstünə uzatdı. Onu yorğana bürüdü. Sonra da qızın baş tərəfində oturub saçını sığalladı, yenə üzünə su çilədi, qız inildədi. Azacıq sonra isə gözlərini açıb döyükdü. Heç nə anlamadan sakit-sakit baxdı. Arvad başa düşdü ki, qızın huşu hələ tamam özünə gəlməyib. Gözü baxsa da heç nə görmür. Yəmən xanım Salatının başını qaldırıb dizinin üstünə qoydu. Suyu onun dodaqlarına yaxınlaşdırdı:
– İç, bala, huşun özünə gəlsin.
Qız dinmədi. Sudan qurtum-qurtum içdi. Gözünü zilləyib arvadın üzünə baxdı və birdən hıçqırmağa başladı. Bədəni dartılı yay kimi gərilib titrədi. Qızın yenidən huşunu itirəcəyindən qorxan Yəmən xanım onun qolundan yapışıb sinəsinə sıxmaq istədi. Yəmən xanımın gəlini də irəli gəldi. Köməkləşib qızı yenidən yorğan-döşəyə uzatdılar. Salatın taqətdən düşdü, solğun dodaqları titrədi, için-için ağladı:
– Ay xala, qurbanın olum, mən hardayam?
– Qorxma, qızım, özünə toxtaqlıq ver.
– Məni öldürün, amma onlara verməyin.
– Heç nə olmaz, bala, özünü ələ al.
Salatın sürünüb Yəmən xanımı qucaqladı. Uşaq kimi onun boynuna sarılıb hönkürtü ilə ağladı:
– Xala qurbanın olum, məni evimizə qaytar, yoxsa dədəmin hirsindən ürəyi partlayar. Amanın bir günüdür, ay xala, mənə yazığın gəlsin.
Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. Məni çevir balalarının başına, ay xala!
– Yaxşı, qızım, ağıllı ol, gözünün yaşını sil.
Yəmən xanım qəhərləndi. Salatının yanağındakı göz yaşını sildi, saçından öpdü:
– Kimin qızısan, bala?
– Cahandar ağanın.
Arvad diksindi. Salatının başını sinəsindən ayırıb diqqətlə üzünə baxdı:
– Kimin?
– Cahandar ağanın.
Yəmən xanım susdu. Salatının intizar və təlaş dolu gözlərinə baxdı. Qız ev sahibəsinin sükutundan daha da həyəcanlandı. Onun nələr düşündüyünü ayırd edə bilmədiyindən bədəni buza döndü. Ürəyi üşüdü:
– Niyə dinmirsən, ay xala?
– Yaxşı, qızım, sən uzan, mən bu saat gəlirəm.
Yəmən xanım tələsik dəyədən çıxıb alaçığa yaxınlaşdı. Ərini çağırdı. Həsən ağa ağır addımlarla arvadının yanına gəldi.
– Dəyəni boşaltdınmı?
– Bəri gəl, sənə sözüm var.
– Nə söz? Kişi gözləyir. Dəyəni boşalt, yer düzəlt.
– Bir az səbr elə, dediklərini düzəltmək asandır.
Onlar alaçıqdan xeyli aralandılar. Yəmən xanım pıçıltı ilə sözə başladı:
– Bilirsən sənin qonağın kimin qızını gətirib?
– Nə bilim, yəqin yetimin biridir.
– Mən də elə bilirdim, amma...
– Uzun eləmə, de görüm kimin qızıdır?
– Cahandar ağanın.
– Nə?! Arvad, nə danışdığındır? Elə şey olmaz!
– Olar, niyə olmur, namərddən hər nə desən çıxar.
Həsən ağa dinmədi. Həmişə çətinə düşəndə etdiyi kimi indi də saqqalını qaşımağa başladı.
Allahyar onun uzaq tanışlarından idi. Binəyə gələndə kimin qızını qaçırmaq istədiyini ona deməmişdi. Elə Həsən ağa da soruşmamışdı. Qız götürüb qaçmaq ona o qodər də təəccüblü görünmədiyindən, heç nə ilə maraqlanmamışdı. Bir də, ona pənah gətirən adamı sorğu-suala tutmaq Həsən ağanın adəti deyildi. Kişi ancaq indi başa düşdü ki, məsələ heç də onun fikirləşdiyi kimi deyil. Allahyar arvad almaq məqsədi ilə qız gətirməmişdir. Onun fikrində nə isə qara bir niyyət var, həm də Cahandar ağa Həsən ağanın yaxın dostlarından biri idi. Neçə ildi aralarında haqq-salamları var.
– İndi fikrin nədir, a kişi?
– Qız nə təhərdir?
– Lap əldən düşüb. Bədənində salamat yer yoxdur.
– Get qızı rahatla, özünə də yeməkdən-zaddan ver.
– Bəs sonra?
– Sonrasını mən özüm bilirəm.
Həsən ağa dinməz-söyləməz alaçığa qayıtdı. O, içəri girən kimi Allahyar döşəkcənin üstündə bir az yayxandı. Həsən ağanın bu saat "hər şey hazırdır, dur get" deyəcəyini gözlədi. Lakin gördü ki, kişinin qaş-qabağından zəhər tökülür. Allahyarın təbəssümü dodaqlarında qaldı.
– Qız nə təhərdir?
– Dur paltarını geyin, dinməz-söyləməz çıx bayıra.
Həsən ağanın xırıltılı səsi Allahyarı çaşdırdı.
– Ə, sənə nə oldu?
– Mənim evim oğraşxana deyil, qurumsaq.
– Ə, təmiz danış.
– Ə, sən kimə sataşırsan?
Allahyar işin nə yerdə olduğunu sezdi. O, başa düşdü ki, Həsən ağa qızın kim olduğunu bilib. O da ciddiləşdi. Yavaşca ayağa durdu. Həsən ağa ilə üzbəüz dayandı:
– Bə o mənə sataşanda yaxşıdımı?
– Bura bax, sən mənim qonağımsan. Neçə gündü evimdə duz-çörək kəsirsən. Ona görə də sənə bir şey eləmirəm. Əl-ayağım sənə dəyməmiş, üzüsulu ikən çıx get.
– Ə, kişiliyin budur?
– Rədd ol, qurumsaq!
Allahyar gördü ki, məsələ ciddidir. Onunla danışmaq deyəsən fayda verməyəcək. O, sərt hərəkətlə yapıncısını götürüb çiyninə atdı. Alaçığın qapısına yaxınlaşdı. Nökərlərdən biri onun atını yəhərləyib gətirmişdi.
– Yaxşı eləmirsən, ay Həsən ağa, adam qonağı evindən qovmaz.
– Namərd adama mənim evimdə yer yoxdur.
– Yaxşı, qoy sən deyən olsun. Mən səni belə qorxaq bilmirdim. Cahandar ağanın adı gələn kimi özünü nə yaman itirdin?
– Allahyar, əcəl səni hərləməsin, çıx get.
– Yaxşı, gedirəm. Deynən qızı gətirsinlər.
– Nə qız?
Allahyar dabanı üstə fırlanıb fısıldadı. Həsən ağa onun nəfəsini üzündə hiss etdi.
– Qızı ver! Yoxsa, araya qan salaram.
Həsən ağanın dodaqları səyridi. Allahyarı sinəsi ilə itələyib atın böyrünə sıxışdırdı:
– Bu saat rədd ol burdan, haramzada, yoxsa dalına bülöv çaldırram!
Allahyar tüfəngini hərləmək istədi. Ancaq nökərlər onun qolunu tutub qanırdılar.
– Tez olun, əlini-ayağını bağlayıb, atın belinə sarıyın bu köpək oğlunu! Allahyar nə qədər çapaladısa da, yaxasını qurtara bilmədi, onu yerə, yıxıb xəncərini, tüfəngini əlindən aldılar. Yapıncıya bürüyüb sarıdılar, sonra da atın belinə aşırdılar. Bir-iki şallaq çəkib cilovu buraxdılar.
Yəmən xanım səhərə qədər yatmadı. Çırağı yandırıb qızın bədəninə dolmuş tikanları çıxartdı. Onun göyərmiş yerlərinə təpitmə qoydu. Hörüyünü açıb pıtraqları təmizlədi. Gəlinin paltarlarından gətirib, Salatını geyindirdi. Ancaq qız sakit olmadı. Yəmən xanım ona nə qədər ürək-dirək verib, bir az yat, dincəl" dedisə də, mümkün olmadı. Qız bütün gecə gözünü yummadı. Yalnız səhərə yaxın, dan yerinə səda düşəndə, Yəmən xanımın qucağında mürgülədi. Arvad onun başını ehmalca dizinin üstünə qoydu. Özü də elə beləcə, oturduğu yerdə çimir etdi…
Gün xeyli qalxdı. Uşaqlar oyanıb səhər-səhər şehli otlarda ayaqyalın qaçışmağa başladılar. Sığırçılar malları harayladılar, ancaq Salatın oyanmadı. Həsən ağa bir-iki dəfə içəri girib arvadından nə isə soruşmaq istədi. Yəmən xanım ərini geri qaytardı. Bir az da keçdi...
Binələrin üst tərəfində itlər hürüşdü. Qız diksinib ayıldı. Qorxulu-qorxulu ətrafına boylandı. Gözünün həlqəsi böyüdü. Sinəsi qalxıb-endi və birdən qışqırdı:
– Qurbanın olum, ay xala.
– Qorxma, qızım, səni heç kəsə verməyəcəyəm. Sən mənim balamsan, anan Zərnigarla uşaq vaxtı bacılıq olmuşuq.
Salatın arvadın dediklərinə o qədər də inanmadı. Ürkək baxışlarla dəyəni süzdü. Yorğan-döşəyə, kilimin üstündə oturub gülümsəyən gəlinə və nəhayət, Yəmən xanıma baxdı.
Arvad onun saçını sığalladı.
– Dur əl-üzünü yu, çay-çörək ye.
– Heç nə istəmirəm, məni evimizə çatdırın.
– Tələsmə, Həsən ağa dayın özü səni aparacaq.
Salatın arvadın mehribanlığı qarşısında susdusa da, ürəyi yenə sək-səkəli qaldı.
Onun əl-üzünü yudular. Süfrə açdılar. Salatın iştahsız idi. Yediyi tikələr boğazından güclə keçirdi. O tez-tez çətənin arasından bayıra boylanırdı. Yolda gəlib-gedən olub-olmadığını bilməyə çalışırdı.
Qız birdən dik atıldı. Əlindəki çörək yerə düşdü.
– Ay xala, qardaşım gəldi.
Yəmən xanım sakitcə ayağa durdu. Salatını geri itələdi.
– Heç yana çıxma, otur burda.
Yəmən xanım alaçığın qabağında hərlənən ərinə yaxınlaşdı. Binələrin üst tərəfindəki yolda dayanan atlıları göstərdi.
– A kişi, uşaqları göndər, qoy onları çağırsınlar. Deyəsən, Cahandar ağanın adamlarıdır.
Həsən ağa çuxasını çiynindən götürüb geydi. Özü yola doğru getdi. Əl eləyib atlıları çağırdı:
– A bala, bəridən gəlin.
Onlar dəyələrə yaxınlaşdılar. Əşrəf Həsən ağanın bərabərində atdan düşdü. Əhməd də atını yedəklədi. Əşrəfin gözləri qıpqırmızı idi.
– Hara gedirsiniz?
Həsən ağa Əşrəfin dodaqlarının səyridiyini, boğazında düyünlənən yaşını geri qaytardığını sezdi.
– Cahandar ağanın oğlu hansınızsınız?
– Mənəm.
– Bə bu oğlan kimdir?
– Mənim dostumdur.
– Atan hardadır?
– Arana, biçinə gedib.
– A qırışmal, bə adam bacısını beləmi qoruyar? – Kişinin sözü Əşrəfi bərk tutdu. O heç nə deyə bilmədi. Gözünün həlqəsinə yığılan yaşı geri qaytarıb udqundu:
– Siz hardan bilirsiniz?
– Yaxşı, gəlin evə gedək. Çaydan-zaddan için, sonra danışarıq.
– Çox sağ olun, gərək gedək. Bəlkə qızı buralardan keçirəndə görüb-eləyən olub, bir şey bilmirsiniz ki?
– Bəri gəlin, tapılar.
– Sağ olun, yolçu yolda gərək.
Həsən ağa Əşrəfin ümidsizləşdiyini görüb gülümsündü.
– Bacını sənə göstərsəm nə verərsən?
Əşrəf qarşısında dayanan bu gülümsər çöhrəli kişiyə diqqətlə baxdı. Onun belə arxayın danışması Əşrəfi həm sakitləşdirdi, həm də təşvişə saldı. "Bəlkə qızı elə bunun özü qaçırdıb? İndi də məni uşaq görüb ələ salır? Ya da atamın düşmənlərindəndir, ona görə də bu işə sevinir".
Əşrəf sakitcə geri döndü. Atın yalından yapışıb yəhərə qalxmaq istədi. Həsən ağa onu saxladı:
– A bala, lap dədən kimi dəymədüşərsən, hara gedirsən?
– Dədəmi hardan tanıyırsan?
– O mənim dostumdur, oğul, atınızı bəri çəkin.
– Dostsansa kömək elə, qızı tapaq.
– Sənə dedim ki, taparıq.
Əşrəf qanrılıb səhərdən sakitcə dayanan Əhmədin üzünə baxdı. Əhməd razılıq verdi. Onlar atlarını yedəkləyib alaçığa girdilər. Nökərlər cilovu onların əlindən aldılar. Həsən ağa qonaqlarını içəri dəvət etdi. Onlar ev sahibinin sözündən çıxa bilmədilər. Döşəkcənin üstündə oturdular. Həsən ağanın gəlini, ağzında yaşmaq içəri girdi, ortaya süfrə saldı. Çay-çörək gətirdi. Stəkanlara çay süzdükdən sonra sakitcə alaçıqdan çıxdı. Əşrəfgil təzə camış qaymağından bir-iki qaşıq götürdülər. Elə bu vaxt Yəmən xanım içəri girdi. Bir xeyli ərinin üzünə baxdı. Kişi arvadının nə demək istədiyini başa düşdü:
– Uşaqlara tapşır atları yəhərləsinlər.
– Qız özünü öldürür.
– Gətir bura.
Əşrəf dik atıldı. Həsən ağa onun qolundan tutub yanında oturtdu.
– Əyləş.
– Salatın burdadır?
– Burdadır.
– Necə olub o buraya gəlib?
Həsən ağa gülə-gülə bütün əhvalatı danışdı.
– İndi fikrin nədir? İstəyirsən, qız atan gələnə qədər bizdə qalsın?
– Yox, dədəm harda olsa özünü yetirəcək. Qızı evdə görməsə bağrı çatlayar.
– Yaxşı, çörək yeyin.
Yəmən xanım Salatının qolundan tutub alaçığa gətirdi. Qız quş kimi qanadlanıb özünü Əşrəfin üstünə saldı:
– Qurban olum, ay qağa...
Əşrəf ayağa qalxdı. Salatın qardaşının qolları arasına yıxılıb hıçqırdı. Əhməd cibindən papiros çıxartdı. Əlləri əsə-əsə kibrit yandırdı. Otağa tüstü ilə bərabər xoş ətir qoxusu yayıldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-16
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...
Üçüncü hissə, 6Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın. Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də, gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də yaşlı deyildi!Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən, hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm elə!"
Üçüncü hissə, 7Qoca kişi nə qədər çalışdısa da, evdə dayana bilmədi. Qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. Qaralıq və rütubətli daxma ona daha nəmli və tutqun göründü. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu kişini üşütdü. Ömründə ilk dəfə özünü tam yalqız və kimsəsiz hiss etdi. Arvadı öləndən sonra da bir müddət evdən soyumuşdu. Ancaq bu hal çox çəkməmişdi. Qızı Güləsərin mehriban davranışı, oğlu Çərkəzin qapıda hərlənməsi onu ürəkləndirmisdi. Amma indi vəziyyət tamamilə başqa cür idi. Güləsər gedəndən sonra ev bomboş qalmışdı. Əvvəllər Kürün qırağından qayıdanda heç olmazsa qızı onu qarşılayardı. Azdan-çoxdan bir şey tapıb bişirər, atası ilə Çərkəzi yedizdirərdi. Qoca kişi bədəninin ağrılarını unudardı...Kişi iri bir daş tapıb bayırda, çardağın qabağında oturdu. Həyəti ot basmışdı. Kürün sahilinə doğru uzanan cığırın torpağı çat-çat olub yanılmışdı. Üstünü çayır və ilanotu bürüyən bu kiçik yolcuğaz güclə seçilirdi. Qarışqalar bu yolla gediş-gəlişin olmadığını duymuş kimi qatarlaşıb, arxayın-arxayın yuvalarına yem daşıyırdılar.
Üçüncü hissə, 8Günorta üstünə yaxın xır yolunun aşağı tərəfindən, Acı dərənin yanındakı döngədən bir dəstə atlı kişi onların ardınca zınqırovlu bir fayton dikdirə qalxdı. Arxadan bir cərgə düzülmüş atlı gəldi. Xır yoluna səs düşdü. Daşlara toxunan nallar ahəngdar şəkildə çaqqıldadı. Azacıq toz qalxdı. Cayda atlar yortmağa başladı. Qıllı papaqlı, uzun saqqal kazaklar yəhərin üstündə qalxıb-endilər. Çəkmələrinin dabanlarındakı dişli dəmirlərlə atları mahmızladılar. Dəstə kəndə yaxınlaşdı. Göytəpəlilər təşviş və həyəcan içərisində dayanıb gələnlərə uzaqdan tamaşa etdilər. Uşaqlar damların üstünə çıxdılar. Kazakların böyründən sallanan və az qala yerə dəyən uzun qılınclarının dəmirləri və tüfənglərinin lülələri parıldadı. Onlar əyinlərinə şabalıdı rəngli yun çuxa geymiş, başlarına iri qıllı papaq qoymuşdular. Papaqlarının ortasındakı qırmızı və başlıqlarını qotazları aydın seçilirdi. Fayton qapqara idi. Gün vurduqca parıldayırdı. Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Çiyinləri, döşləri işım-işım işıldayırdı.Dəstə kənddən xeyli aralandı. Camaat onların Tiflisə ötüb keçdiklərini yəqin edib arxayınlaşdı. Ancaq atlılar gözlənilmədən burulub "Zayej"in qabağında dayandılar.