Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!

Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

At səhərə yaxın lap yavaşıdı. Sal daşlı yoxuşu çıxandan sonra astadan kişnəyib dayandı. Cahandar ağa atın köpük içində olduğuna yalnız indi fikir verdi. Bir az belə getsə, Qəmər heç tərpənə bilməzdi. Kişi atdan düşdü. Onun sinəsinin, paçasının tərini əli ilə sildi. Çuxasının ətəyi ilə belini quruladı, bir xeyli yedəyində gəzdirdi ki, atın təri soyusun, dağ yerinin səhər havasında soyuqlayıb qançır olmasın Qəmər sahibinin qayğısını hiss edib oxrandı, onun əlini, sifətini iylədi Cahandar ağa atı çəmənliyə hörüklədi, Qəmər çiçəkli göy otluqda dincini alıb otladı. Kişi isə kürəyini qayaya söykəyib papiros eşdi...

Dağların döşünə duman çökmüşdü. Meşələr elə bil nazik, ağ tülə bürünmüşdü. Qayalar çiskin içində idi. Yollar sürüşkənləşmişdi. İki addımlıqdakı cığırı seçmək olmurdu. Qəmər ehtiyatla addımlayır, həmişə yolun dib tərəfi ilə gedirdi. O hiss edirdi ki, alt tərəf sıldırımdır, dərənin dibi ilə qıjıltılı çay axır. Sualtı daşlar bir-birinə dəyib uğuldayır. Əgər addımını düz atmayıb sürüşsə, bir balaca büdrəsə, gurultu ilə sıldırım aşağı yuvarlanıb parça-parça olacaqdır. Cahandar ağa isə heç nə görmür, heç nə eşitmirdi. Atın cilovunu da buraxmışdı.

Qəmər sürüşkən sal daşlı cığırı şaqqıldada-şaqqıldada xeyli irəlilədi, qayanı burulub dikdirə çıxdı. Dumanın seyrəldyini görüb kişnədi. Cahandar ağa cilovu yığışdırdı. At, sahibinin fikrini başa düşdü. Yorğa yerişə keçdi və bir göz qırpımında qarşıdakı gədiyi aşdı.

Cahandar ağa binələri, dəyələrin qabağında qaçanları, xalxaldakı dana-buzovu, inək sağan arvadları aydınca gördü. Gün xeyli qalxmışdı. Hər yerə şeh çilənmişdi. Uşaqlar ayaqyalın qaçışırdılar.

Qəmər mənzilə çatdığını hiss edib sevindi. Sahibinin işarəsini gözləmədən, çaparaq, binələrə doğru endi. Cahandar ağa gözünü alaçıqdan çəkmədi. O hələ yolda ikən gözəyarı hər şeyi öyrənmək, evində nələr baş verdiyini bilmək istəyirdi. Birdən ürəyi dəhşətlə çırpındı, kişi nə qədər çalışdısa da, sinəsi dolu nəfəs ala bilmədi, gözünü alaçığın qabağındakı yəhərli atlardan çəkmədi...

Nökərlər onun qabağına yüyürdülər, üzəngini basdılar, atın yüyənini əlindən aldılar. Kişi hirsindən və yuxusuzluqdan qan çanağına dönmüş gözlərini onlara zillədi:

– Bu atlar kimindir?

– Həsən ağa bizə gəlib.

Kişinin qaşları dartıldı. Ömründə ilk dəfə adəti pozub qonağının nə üçün gəldiyini soruşdu:

– Xeyirdimi?

– Xeyir olmayanda nə var, ağa!

Cahandar ağa susdu. Ətrafdakıları sınayıcı nəzərlərlə bir də süzdü. Evdə nələr baş verdiyini onların sifətindən öyrənmək istədi. Həyəcanlı bir şey sezməyib azacıq sakitləşdi. Ağır addımlarla alaçığa getdi. Əşrəf dik atıldı. Oturanlar yerlərindən qalxdılar. Həsən ağa gülə-gülə Cahandar ağa ilə görüşdü:

– Arançı qardaş, xoş gördük, oralarda nə var, nə yox?

– Xoş günün olsun. Nə əcəb bizi yada salibsan?

– Binələrin yanından ötürdüm, yadıma düşdün.

Onlar yanaşı oturdular. Cahandar ağa gözaltı Həsən ağanı süzdü, Əşrəfin üzünə baxdı. Sakitlik idi. Kişi süfrəyə nəzər saldı. Ortada bir sey yox idi. Oğlunu məzəmmətlə süzüb başını buladı:

– A bala, niyə durubsunuz?

Onun nə demək istədiyini başa düşdülər. Dərhal alaçığın qabağında ocaq qaladılar, heyvan kəsdilər. Azacıq sonar kabab iyi ətrafa yayıldı...

Həsən ağa ertəsi günü evinə getdi. Cahandar ağa qonağını yola saldıqdan sonra Mələyi yanına çağırdı. Arvad qorxu içində onun qarşısında dayandı. Cahandar ağa baxışlarını onun sifətində, sinəsində gəzdirdi. Mələyin boyun damarlarının necə vurduğu, qulağındakı sırğaların necə titrədiyi aydın görünürdü. Arvadın ürək döyüntüsündən qabaq sinəsi də ehtizaza gəlmişdi.

– Nə olmuşdu?

– Qızı qaçırmaq istəyirdilər, saldırdıq.

– Kim saldırdı?

– Uşaqlar, bir də Həsən ağa.

– Düzünü de!

– Düzü budur.

Mələk artıq birinci səddi aşdığını duydu, əvvəlki qorxaqlığı bir az azaldı və ərinə şax baxdı. Cahandar ağanın qan sağılmış gözləri də arvadına zilləndi. O az qala baxışları ilə Mələyin beynini burğu kimi burub içəri girmək, sinəsindən ürəyinə keçmək və onun dedikləri ilə düşündüklərinin nə qədər eyni olduğunu bilmək istəyirdi.

– Qız hardadır?

– Əşrəfin dəyəsində.

– Çağır bura.

– Dəlilik eləməyəcəksən ki?

– Tez ol.

Mələk ayağını sürüyə-sürüyə alaçıqdan çıxdı. Cahandar ağanı birdən-birə titrətmə götürdü. Kişi nə qədər çalışdısa da, əllərinin, çənəsinin əsməsini dayandıra bilmədi. Sanki onu şaxtalı, boranlı qış günündə buzlu suya saldılar. Bir neçə saniyə nəfəsini çəkə bilmədi. Alnından qalxan sızıltı beynini dolanıb boynunun dalına keçdi. Onun qaramtıl çöhrəsi avazıdı, sonra boğulub qaraldı.

Salatın səssizcə, kölgə kimi gəlib içəri keçdi. Atasının önündə dayandı. Kəlağayısını irəli çəkdi, başını köksünə endirib susdu. Kişi gözünü qızına zilləsə də, onun sifətini aydın seçə bilmədi. Ona elə gəldi ki günəş qaralıb, ətrafı zülmət bürüyüb.

Keçənin deşiklərindən, çətənin arasından içəri işıq süzülüb düşmüşdü. Həmin işıqlar yerə döşənmiş palazı zolaq-zolaq etmişdi. Elə bil şəffaf, iti bir qılınc alaçığın havasını ortadan parçalamışdı. Salatın o üzdə, atası isə bəri tərəfdə, qaranlıq bir aləmdə qalmışdı. Aranı odlu bir qılınc kəsmişdi.

Keçədən süzülən zolaqlardan biri Salatının çiynindən sallanıb, düz ayağının üstünə düşmüşdü. Cahandar ağa baxışlarını məhz buraya, qızın ayağına zilləmişdi.

Salatın ayaqyalın idi. Günəş şüası onun ayağını daha da şəffaflandırmışdı. Onun ağ dərisi, göy damarları cızılıb qızarmış topuğu aydınca görünürdü. Cahandar ağaya elə gəldi ki, şəffaf işıqda qızının ayaq sümükləri, damarlarında axan qanı belə seçilir. İşıq zolağı hər şeyi aydınlaşdırır, güzgü kimi göstərir. Kişi həmin zolağın yuxarı qalxdığını, qızın baldırı, budu boyunca yüksəlib sinəsinə, üzünə düşdüyünü anladı. Baxışlarını həmin zolaq boyu yuxarı qaldırmaq, Salatını izləmək, onun bütün əzalarını işıqdan keçirmək və nəhayət, gözlərinin içinə baxmaq istədi. Lakin qorxdu. Kişiye elə gəldi ki, həmin işıqda qızına vurulmuş ləkəni dərhal görəcək, onun tapdalanmış isməti aşkara çıxacaqdır.

Elə bil birdən şimşək çaxdı. Odlu qılınclar hərəkətə gəlib çarpazlaşdı, alaçığın divarlarını doğradı, yer ləngərləndi. Cahandar ağanın gözlərində od parıldadı. O səndirləyib dəyənin çubuğundan yapışdı.

– Sənə nə oldu, ata?!

Salatının yaşdan boğulmuş titrək səsi onun qulaqlarında cingildədi. Beynindəki güyültü azaldı. Gözünün qabağında oynayan işıq dairəciklər çəkildi. Kişi özünü tarazlayıb qızına baxdı. Salatın diz çökmüşdü. Kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Yanağında iki zolaq parıldayırdı.

– Sənə əl dəyibmi?

– Ata!!!

– Cavab ver!

Salatın ağzı üstə döşəndi. Əlləri ilə üzünü qapayıb hıçqırdı:

– Mən ləkəsizəm.

– Yalan deyirsən.

– And içirəm.

– İnanmıram.

Salatın başını qaldırıb atasının üzünə baxdı. Onun gözü, dibindən quruyan bulaq kimi şəffaflığını itirdi. Bəbəkləri genişlənib hərəkətsiz qaldı. Cahandar ağa qızının titrəyən sinəsinə baxdı. Yavaş-yavaş xəncəri siyirdi.

Elə bu vaxt qulağına səs gəldi: "Qurbanın olum, ay qardaş, nə yaman insafsızsanmış. Sənə demədimmi Salatın gül parçası kimi tərtəmizdir, ondan nə istəyirsən? Yoxsa onu da günahsız yerə mənim kimi bədbəxt eləmək fikrindəsən?" Şahnigar onun gözü önündə dayandı. Şüşə kimi soyuq gözlərini qardaşının üzünə zilləyib narazılıqla başını buladı.

Alaçığı heybətli bir səs götürdü:

– Rədd olun, ikiniz də itilin gözümdən!!!

Salatın dik atıldı. Dəhşətlə atasının üzünə baxdı. Onun ayaqlarını qucaqlayıb, üzünü çəkmələrinə sürtdü.

– Qurbanın olum, ay dədə, sənə nə oldu?

...Cahandar ağa iki gün alaçıqdan çıxmadı. Titrətmə və qızdırma içində ağzı üstə yatdı. Üçüncü gün durub paltarını geyindi. Mələk samovarı içəri gətirdi. Süfrə saldı, özü də kişinin dizinin yanında oturdu. Çay süzdü. Gülə-gülə ərindən soruşdu:

– Nə təhərsən, əyə?

Cahandar ağa gözünü hərləyib tərs-tərs Mələyə baxdı:

– Nə olub ki?

– Kefini soruşmaq olmaz?

Mələk isti çörəyi, təzə pörtlədilmiş quzu ətini irəli, ərinin qabağına çəkdi.

– Ye, özüm təzəcə bişirmişəm.

Cahandar ağa çörək götürdü. Bozartmanın üstünə sarımsaqlı qatıq tökdü. Əlini cama uzatmazdan əvvəl dirsəyi ilə Mələyin böyrünə toxundu:

– Sən də ye.

Mələk sevindi, ancaq süfrəyə əl uzatmadı;

– Sən ye, mən sonra yeyərəm.

Kişi əvvəlcə könülsüz, sonra isə iştahla yeməyə başladı. Mələk əli çənəsində, ərinin çörək yeməsinə tamaşa etdi. Bunu Cahandar ağa sezdi:

– Gözünü niyə zilləyibsən?

– Heç... Əşrəf səni görmək istəyir.

– Nə olub?

– Getmək istəyir. Deyir oxumağın vaxtıdır.

Cahandar ağa dinmədi. O, uzaq və üzücü səfərdən qayıtmış kimi özünü çox yorğun hiss edirdi.

Xörəyi yedi. Camı geri itələdi. Döşəkcəyə uzanıb dirsəkləndi. Çay içə-içə oğlunu düşündü. "Deyəsən, zəndimi itirəcək. Elə oxumağın quyruğundan yapışıb, buraxmaq istəmir. Ata-ana vecinə deyil".

Cahandar ağa istəyirdi ki, oğlu onu belə yorğun və əzgin görməsin. O özünün mənən sarsıldığını, köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Oğlunun qabağında atasının sınması əlçatmaz bir yüksəklikdən enməkdən də dəhşətli idi.

– Nə vaxt gedir?

– Sabah yola düşmək istəyirlər. Əhməd də gedir. Uşaqları da aparırlar.

Ertəsi gün araba qoşdular. Bütün binə gedənləri yola saldı. Cahandar ağa onları tək buraxmadı. Beş-altı silahlı adam qoşdu. Ancaq özü dəyədən çıxmadı. Çətənin arasından Əşrəfin anası ilə, qardaşı Şamxalla və bütün qohumları ilə necə görüşdüyünə baxdı. Onlar gözdən itincəyə qədər gözünü çətənin arasından çəkmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

V fəsil, 3

Keçəl Xondnlu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, qəza mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə Həsən ağa tutulmalı idi. Kəndə tam sakitlik çökdükdən sonra Keçəl Xondulu atın belinə qalxdı. Yoldaşları da atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı.– Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini kəsərsiniz. Elə edərsiniz ki, aradan bir quş da çıxa bilməsin. Həmləni uzaqdan götürün ki, başa düşən olmasın. Evə yaxınlaşanda da,saymazyana yaxınlaşarsınız. Onların üstünü beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə bilməyəcəyik.

19952 мин
V fəsil, 4

Qəza mərkəzinə odun aparan arabalar geri qayıdırdı. Hava isti idi. Çöllər yaşıllaşmışdı. Şirələnmiş torpağın sinəsinə lalələr səpələnmişdi. Arabalar Acı Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi:– A, bala, arabaları endirin dərəyə çayın qırağına, obaşdannan yola çıxdığımızdı. Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək alaq.

19952 мин
VI fəsil, 1

Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə fikir vermədən birbaş məktəbin həyətinə gəldilər. Onlar əyinlərinə qoyun dərisindən tikilmiş yarımkürk geymişdilər. Bellərinə çiyni qayışlı enli kəmər bağlamışdılar. Bir yanlarından onaçılan asmışdılar, o biri yanlarında isə uzun qılıncları sallanırdı. Ayaqlarında dərisi bir qədər qalın, dabanları məhmizli çəkmə var idi. Başlarına kənd adamlarının indiyə qədər görmədikləri qəribə papaq qoymuşdular. Papaqların ortasından elə bil beyinlərini yarıb çıxan buynuz qalxmışdı. Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz tikilmiş züllə papaq!Məktəbin həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri azacıq tərləyən və nəfəsləri buxar kimi burunlarından çıxan atların cilovlarından tutub azca gəzdirdilər.

19952 мин
VI fəsil, 2

Çapıq Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda qohumlarının, özünə yaxın saydığı tanış-bilişlərin evində qalardı. O, qaçaq deyildi. Amma qaçaqvari bir həyat keçirirdi. Həmişə səksəkədə idi. Gözə çox görünməz, mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə xəlvəti gələr, bir neçə gün qalardı. İndi də elə etmişdi. İki gün bundan əvvəl evinə gəlmişdi.Evinə gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin taxtalarını qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə, mütəkkə, yastıq saldıraraq çəkmələrini soyunub rahatca uzanmışdı. O istəyirdi ki, soyuq qış havasında sümükləri isinsin, bədəni qızışsın, heç olmazsa, bir-iki gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat tərzinin təsiri ilə bir-iki saat mürgülədikdən sonra, qarmaqarışıq fikirlər, ötən günlərin olub keçənləri ona rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü tavana zilləyir, saatlarla tavana tamaşa edirdi. Onun fikri, xəyalı çözələndikcə çözələnir, ötən günlərə - Gəncəyə gedib çıxırdı...

19956 мин

Стихи других поэтов