VI fəsil, 2
Çapıq Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda qohumlarının, özünə yaxın saydığı tanış-bilişlərin evində qalardı. O, qaçaq deyildi. Amma qaçaqvari bir həyat keçirirdi. Həmişə səksəkədə idi. Gözə çox görünməz, mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə xəlvəti gələr, bir neçə gün qalardı. İndi də elə etmişdi. İki gün bundan əvvəl evinə gəlmişdi.
Evinə gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin taxtalarını qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə, mütəkkə, yastıq saldıraraq çəkmələrini soyunub rahatca uzanmışdı. O istəyirdi ki, soyuq qış havasında sümükləri isinsin, bədəni qızışsın, heç olmazsa, bir-iki gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat tərzinin təsiri ilə bir-iki saat mürgülədikdən sonra, qarmaqarışıq fikirlər, ötən günlərin olub keçənləri ona rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü tavana zilləyir, saatlarla tavana tamaşa edirdi. Onun fikri, xəyalı çözələndikcə çözələnir, ötən günlərə - Gəncəyə gedib çıxırdı...
... Xudadat bəy adəti üzrə işə başlamazdan əvvəl arxa otağa keçib paltarını dəyişdi, asılqandan asılmış ağ xalatını əyninə geyindi, fenandoskopunu əlinə alıb diqqətlə baxdı, istilik ölkəni, cərrahiyyə bıçaqlarını nəzərdən keçirdi və sonradan hər şeyi səliqə-sahmanla yerinə düzdü. Camaat ona Gəncə general- qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış: : "Mən həkiməm", - demişdi. Lakin atası Ələkbər bəy işə qarışandan sonra razılıq verməli olmuşdu. Xudadat bəy hər gün xəstəxanaya baş çəkər, sonra idarəyə gələrdi. Bu gün də elə etmişdi.
Üst-başını sahmana salıb iş otağına keçdi. Yazı masasının arxasında oturdu. Qapı açıldı, növbətçi zabit içəri keçib səhər poçtunu Xudadat bəyə verdi. Qubernator məktubları vərəqlədi və əlinə keçən ilk teleqramı oxudu: "Rusiyaya qayıdan soldatlar özləri ilə bərabər silahlarını da aparırlar. Əgər sülh üzrə onlardan silahı almaq olmazsa, o zaman Zaqafqaziya milli ordusu cəbhədə silahsız qalacaqdır. Bu cəhətdən soldat, fəhlə mərkəzi şurası qət etdi ki, milli və qeyri şuralara məlum etsinlər ki, evlərinə qayıdan soldatlardan silahları almaqdan ötrü lazımi tədbir görülsün. Bu xüsusda hər dəfə məzkur Şuraya məlumat versinlər".
Sədr: "Jordaniya".
Xudadat bəyin alnı qırışdı, teleqramı o üz-bu üzə çevirib xeyli baxdı. Kəşfiyyat ona məlumat vermişdi ki, Türkiyə cəbhəsindən: Kars və Ərdəhandan vətənə yola düşən rus hərbi eşelonları Gürcüstana daxil olmuşdur. Gürcü hökuməti onlar Tiflisə yaxın buraxmamaq və ətraf stansiyalarda tərk-silah etmək istəyirdi. Bir neçə gün idi ki, bu hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər. "Bu gürcülər də ilanı Seyid Əhməd əli ilə tutmaq istəyirlər. Həmin eşelonları tərk-silah etmək, həm də dava-qalmaqalı başqa yerə salmağa çalışırlar. Çalışırlar ki, bu hadisə Azərbaycanda baş versin və sonradan dünyaya səs salsınlar ki, bu millət mədəniyyətdən uzaqdır və orda quldurlar hökmranlıq edir". Amma yeni yaranan dövlətə ordu və silah lazım idi. Xudadat bəy general-qubernator seçiləndən sonra bu haqda tez-tez düşünürdü.
Oktyabr inqilabından sonra Rus imperiyası dağıldı. Müstəmləkələr istiqlaliyyət əldə etdilər, öz dövlətlərini yaratdılar. O cümlədən Azərbaycanda da Demokratik Azərbaycan Cümhuriyyəti yaradıldı. İndi əsas məqsəd bu dövləti əldə saxlamaq idi. Bunun üçün əsas şərtlərdən biri Azərbaycanın ordusunu yaratmaqdır. Qəribə bir vəziyyət əmalə gəlmişdi. Çar Rusiyası müsəlmanlardan əsgər aparmırdı. Azərbaycanlılardan ibarət hərbi təlim keçmiş nizam-intizamlı ordu yox idi. Ancaq rus ordusunda xidmət etmiş çox görkəmli, qabiliyyətli generallarımız, komandirlərimiz mövcud idi. Xudadat bəy dərk edirdi ki, mütləq hərbi səfərbərlik elan etmək və yaxşı ordu yaratmaq lazımdır. Ordunu ordu halına salmaq üçün onu silahlandırmaq lazım idi. İndi belə fürsət ələ düşmüşdü: cəbhədən geri qayıdan qoşunları tərk-silah etmək, həm də davasız-şavasız.
Zəngi basdı. Növbətçi zabit içəri girdi. Xudadat bəy ona göstəriş verdi:
– Əmrahı tez mənim yanıma göndər.
Bir neçə dəqiqədən sonra Əmrah iş otağında fikirli-fikirli gəzişən Xudadat bəyin önündə dayandı.
– Aslan bəy Səfikürdskini, Rüstəmbəyli Şəfi bəy ilə Adıgözəl İmamverdi bəyi bura çağır. Sonra uşaqlardan göndər qaçaqların yanına. Qaçaq Qənbər, Xallı Heydər, Topal Həsənli Cabbar, Tatoğlu Hasanı tapıb mənim adımdan xəbər versinlər ki, öz adamlarını yığıb təcili Şəmkir vağzalına yola düşsünlər. Ətraf kəndlərdəki adamları da yığsınlar. Dəmiryolunun alt və üst tərəfini kəssinlər və bizi gözləsinlər.
Çapıq Əmrah dərhal həyətə düşdü və bir dəstə atlı ilə qaçaqların dalınca getdi. Bundan sonra Xudadat bəy məsələni açdı:
– Ağalar, rus eşelonları Türkiyə cəbhəsindən gəlirlər, onları tərksilah etmək lazımdır. Şəfi bəy ilə İmamverdi bəy, siz təcili gedin Yevlağa, adamlarımıza xəbər verin, qoyun hazır dayansınlar. Əgər eşelonlar Gəncəni keçə bilsələr, Bakıya doğru getməyə qoymasınlar. Mümkün qədər bu işləri sakitliklə, qansız eləmek lazımdır. Di sizə yaxşı yol. Biz isə, Aslan bəy, səninlə birlikdə Şəmkirə yola düşməliyik.
Səhər dan qızaran zaman atlı dəstənin müşayiəti ilə Xudadat bəy Aslan bəylə faytona oturub Gəncədən Şəmkirə yola düşdülər. Xudadat bəy əlindəki kiçik yol çamadanını faytonun arxa tərəfinə qoydu. O, idarədən çıxmazdan əvvəl həmin çamadanı dava-dərman, sarğı ləvazimatları və cərrahiyyə bıçaqları ilə doldurmuş, bəlkə lazım oldu deyə xəyalından keçirmişdi. Hava soyuq idi. Yanvar ayının əvvəlində yerə düşən qar əriməmişdi. Yolun bəzi yerləri buz bağladığından at nallarından qığılcım qalxırdı. Şəmkirin üst tərəfindəki dağlar dümağ qar içində idi. Xudadat bəy üzünü faytonun küncündə sakitcə oturan Aslan bəyə çevirdi.
– Şekspirin belə bir sözü var: "Hünər yüksəklərə qalxmaqda deyil, hünər yüksəkliklərdə mətanətlə dayanmaqdadır'". Camaatı ayağa qaldırmaq, onlara şirin vədlər vermək, onsuz da ciyəri alışıb-yanan adamları döyüşə aparmaq, ehtirasları qızışdırıb mövcud qanunları dağıtmaq o qədərdə çətin deyil. Amma...
– Məsələnin çətini camaata təzə nə verməkdir? Vay o gündən ki, qazandıqlarını əldə saxlaya bilməyəsən, təzə bir şey verə bilməyəsən, - deyə Aslan bəy Xudadat bəyə cavab verdi. - Ümidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə yoxdur. İndi biz yeni dövlət qurmuşuq. Qurmaq asandır, onu əldə saxlamaq lazımdır.
Xudadat bəy faytonun içində yerini rahatladı.
– Çox təəssüf ki, bunu başa düşməyənlər var. Dövləti əldə saxlamaq üçün birinci növbədə ordu lazımdır. Xüsusi ilə bizə. Çünki dörd tərəfimiz xəbis qonşularla doludur. Ona görə nəyin bahasına olursa- olsun, eşelonları tərk-silah etməliyik.
Xudadat bəy susdu, hər şeyi unutmuş kimi dərin fikrə getdi. Onun məqsədi bu saat Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını tərk-silah etmək idi. Bunun üçün əvvəlcədən tədbir görmüşdü. Dəmiryolunun ətrafında yerləşən kəndlərdən təxminən on min silahlı dəstə düzəltmiş, həmçinin, bu mahalın adlı-sanlı qaçaqlarını da bu işə cəlb etmişdi. Onlar dünən axşamadək burada pusquda dayanmışdılar. Rus qoşunları müqavimət göstərsələr, qan tökməyə məcbur olacaqdılar. Xudadat bəy bunu istəmirdi. O, uzun döyüşlərdən sonra salamat qalıb sevinclə vətənə qayıdan əsgərlərin şadlığını yox edib qan tökməyin əleyhinə idi. Fayton Şəmkir stansiyasına yaxınlaşanda uzaqdan keçmiş şəhər qalasının qalıqları və körpü aydınca göründü. Şəmkir çayının üstündəki körpünün xarabalıqları da aydınca görünürdü. Bu,
Şəmkir şəhərinin xarabalıqları idi. 935-367 hicridə "Şəmkur" adında bir padşah bu şəhəri tikdirmiş və öz adını həmin şəhərə vermişdi. Teymurləngin vaxtında bu şəhər salamat idi. İndi isə şəhərin adı və xarabalıqları qalmışdı. Bəşər övladı qəribədir. Yaratdıqlarını məhv edir. Əgər belə olmasaydı, tərəqqinin dalından insan nəsli çata bilməzdi. Xudadat bəy ətrafdakı qarlı-təpəli düzənlikləri, qarşıdakı dəmiryol vağzalını seyr etdikdən sonra vağzaldakı zirehli qatarı gördü. Bu qatar 60 nəfər döyüşçü ilə Tiflisdən gəlmişdi. Xudadat bəyin atlı dəstəsi vağzalın yanında dayandı. Xudadat boy mühafizəçilərin müşayiəti ilə stansiya rəisinin otağına daxil oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-vi-fesil-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
VIII fəsil, 3Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
VIII fəsil, 4Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.
Стихи других поэтов
Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Ay qurdGetdin gördün quzu,Neyləyirsən istiotu, duzu?
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.