VIII fəsil, 3
Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:
– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
Qaranlıq qarışdı. Amma kişilərdən tərpənən olmadı.
Fətullayev qəza mərkəzində olan zaman, ya da Gəncəyə, Bakıya getdiyi vaxt müəyyən tapşırıqlar alır, kimləri isə axtarır, onların izinə düşürdü. Ətraf qəzalarda kəndlərdən qaçanların kimlər olduğunu öyrənməyə çalışırdı. Ona görə də, hər söhbətə saymazyana qulaq asır, hər kəndə öz adamlarını göndərir, hətta qaçaqların dəstəsinə də adam yollayırdı. Bu adamların çoxu qaçaqların etibarını qazanmaq üçün cinayət də törədirdilər.
Yoldaş Fətullayev gizli arxiv sənədlərini də nəzərdən keçirirdi. Mərkəzdən qaçmış və gözdən yayınan əksınqilabçıları tapmaq üçün gizli yollar axtarırdı. Onu ən çox narahat edən Gəncə üsyanı idi.
Yoldaş Fətullayev yenə Mustafa kişinin isti qonaq otağında əyləşmişdi. Yenə kağızları səpələyib nəyi isə axtarırdı. Mustafa kişi isə sobaya aramsız odun atırdı.
Yoldaş Fətullayev armudu stəkandakı çayını içdi və üzünü Mustafa kişiyə tutdu:
– Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu?
– Meşə çaqqalsız olmaz, yoldaş Fətullayev, bir də belə qarışıq zamanda silah saxlamağın nə zərəri var? Hürriyyətlik ilində hərə özünə bir açılan tapmışdı ki, özünü qorusun. Çox qarışıq zəmanəyə gəlib çıxmışıq. Adam başında papağını güclə saxlayır.
Fətullayev ayağa durdu. Otaqda bir xeyli gəzindi və üzünü yenə Mustafa kişiyə tutdu:
– İndi isə həmin açılanları götürüb meşələrə, dağlara çəkilirlər, hərə bir quldur dəstəsi düzəldir. O müzür ünsürlər şura hökumətini yıxmaq istəyirlər. Onu bilmirlər ki, sinfi düşmənlər qulaqlarının dibini görsələr, onu da görəcəklər. Mustafa kişi hiss etdi ki, yoldaş Fətullayev hirslənib. Sözünün dalını demədi. Elə bu vaxt qapı astaca aralandı. Mustafa kişi ayağa durdu və əli silahlı komsomolçuya yaxınlaşdı.
– Mustafa qağa, Çapıq Əmrahı gətirdilər.
Mustafa kişidən qabaq yoldaş Fətullayev təəccüb və həyəcanla dilləndi:
– Kimi?!
– Çapıq Əmrahı.
Bu ada yoldaş Fətullayev çoxdan rast gəlmişdi. Mərkəzdən bütün qəzalara gizli təliqələr göndərilmişdi. Fətullayev də onu axtarırdı, onun izinə düşməyə çalışırdı. İndi gözlənilmədən Qaymaqlı kəndində onunla rastlaşırdı. Sevinc və həyəcan hissi onu bürüsə də, üzə vurmadı. Sakitcə Mustafa kişidən soruşdu:
– Çapıq Əmrah orduda olubmu?
– Müsavat hökuməti vaxtı zabit olub. Bilirsinizmi, yoldaş Fətullayev, hamı ona "paruçik" deyir. Elə bizim kənddə də onu Əmrah kimi tanıyan azdı. Ona "barcuy" deyirlər.
– İndi o hardadı?
Bu dəfə qapının ağzında dayanan silahlı komsomolçu dilləndi:
– Şura idarəsinin zirzəmisində.
Fətullayev şinelini götürdü, onaçılanını belinə bağladı və qapıya yaxınlaşdı.
– Mən onu görməliyəm.
Mustafa kişi onun yolunu kəsdi:
– Bu saat zirzəmi buz kimidir, iti bağlasan, it durmaz. Qoy onu gətirdək buraya. İsti otaqda otur, nə qədər istəyirsən, danışdır.
Az keçməmiş Çapıq Əmrahı gətirdilər. Keşikçilərin ikisi içəridə, qapının ağzında, qalanları isə pəncərələrin önündə dayandılar.
Çapıq Əmrah içəri girəndə Fətullayev diksinən kimi oldu. O elə zənn edirdi ki, gətirilən dustaq qorxusundan özünü itirəcək və Fətullayevin qarşısında ayaq üstə gücnən dayanacaqdı. Amma Çapıq Əmrahın şaxanə duruşu, uca boy-buxunu onu çaşdırdı. Başa düşdü ki, qarşısındakı dustaqla ehtiyatlı olmaq lazımdır. Ona oturmağa yer təklif etdi. Əmrah stul çəkdi və ayağını-ayağının üstünə aşırıb əyləşdi. Bir xeyli dinmədilər. Otağın istisindən azca təntiyən Əmrahın papağını başının üstündən geri itələməsi Fətullayevin gözündən yayınmadı. Diqqətlə Əmrahın alnında görünən çapığa baxdı.
– Sənə niyə Çapıq Əmrah deyirlər?
Əmrah gülümsündü və alnına işarə etdi:
– Buna görə.
– Bu nə çapıqdı belə?
– Qılınc çapığıdır. Rus qılıncının çapığı.
– Harda vurublar səni qılıncla?
– Gəncədə.
– Sənin Gəncədə nə işin var idi?
– Mən zabitəm. Müsavat ordusunun zabiti. Öz hökumətimi qorumaq üçün vuruşmalı idim. Bilirsənmi, kişi yorğan-döşəkdə ölməz. Kişi ya gərək güllədən, ya da xəncər yarasından ölsün. Bir də azadlıq uğrunda vuruşmamaq, bir qaşıq qandan qorxub geri çəkilmək namərdlikdi.
Fətullayev gözaltı onu süzdü və hirslə ayağa qalxdı:
– Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:
– Mərdlik! Cəsarət. Bəs, siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanəti öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq.
– O, sözünə ara verdi. Papiros çəkməyə icazə istədi və tüstü-duman içində söhbətinə davam etdi. - İndi buraya nəyə gəlmisiniz? Rus əsgərlərini nəyə gətirmisiniz?
Fətullayev əsəbiləşdiyini gizlədə bilmədi.
– Qaçaq-quldurların kökünü kəsməyə,
– Yox. Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdi? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır.
Fətullayev bu sözlərə cavab verməkdə çətinlik çəkdi və səsini ucaltdı:
– Paruçik! Çox baş aparırsan! Biz xalqı nadanlıqdan, oğruluqdan, mədəniyyətsizlikdən qurtarıb kamil insanlara çevirmək istəyirik. Bizim yaratdığımız cəmiyyət kamil insan cəmiyyəti olacaq. Bəşəriyyətin arzuladığı, böyük mütəfəkkirlərin təsvir etdikləri kamil insan cəmiyyəti, aydındırmı?
Çapıq Əmrah hiss etdi ki, söhbəti davam etdirmək mənasızdır. Odur ki, sən sözünü deməyi qərara aldı:
– Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz!
Fətullayevin qışqırmaqdan başqa çarası qalmadı:
– Aparın!
Çapıq Əmrah otaqdan çıxmazdan əvvəl ətrafa boylandı, döşəməyə salınmış gəbələrə, küncdəki nikelli çarpayıya, çata-çatnan yanan sobaya və bir də hirsindən çənəsini çənəsinə sıxan Fətullayevə baxıb acı-acı gülümsündü.
Onu keşikçilər qabaqlarına salıb apardılar.
Fətullayev xeyli özünə gələ bilmədi. Otaqda fırlandı. Mustafa kişi gördü ki, o, hirsindən azacıq titrəyir. Qəti bir qərara gələ bilmir. Tez ayağa durdu. Qonşu otaqdan yemək, çay gətirdilər.
– Gəlin, əyləşin, ağzımıza bir tikə çörək alaq. Səhərdən acıq.
Fətullayev stul çəkib oturdu. Yeməyə əl vurmazdan əvvəl çantasını açdı, oradakı möhürlü kağızlardan birini götürdü. Bu kağız "üçlüyün" hökm kağızı idi. Camaat arasında bu üçlüyə "Troyka" deyirdilər. İnsanların çoxunun taleyini bu üç adamın imzası həll edirdi. Onlar müqəssirləri məhkəməsiz, qanunsuz mühakimə edir, hökm çıxardır və hökmü də dərhal yerinə yetirirdilər. Fətullayev qarşısındakı ağ kağıza xeyli baxdı və birdən qətiyyətlə yazdı: "4 yanvar 1932-ci il. Qaymaqlı kənd sakini, keçmiş müsavatçı Çapıq Əmrah güllələnsin!" Kağızın aşağısında imzalar var idi. Üçlük üzvlərindən ikisi əvvəlcədən ağ kağıza qol çəkmişdilər. Fətullayev imzalara baxdı və özü də əsəbi halda imza atdı. Sonra "Troyka"nın hazır qərarını çantasına qoyub stəkanı qabağına çəkdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-viii-fesil-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
IV fəsil, 1Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
IV fəsil, 2Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:
Стихи других поэтов
لشکر زنگ بر ختن چه زنی؟
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,