Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:

– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.

Yoldaş Fətullayev şinelini, çəkməsini soyundu və paltarlı yorğan-döşəyə girdi.

Mustafa kişi səhərə qədər yata bilmədi. Tez-tez qalxıb ocağa odun atdı və nə qədər fikirləşdisə, rus əsgərlərinin qəfildən kəndə gəlmələrinin səbəbini aydınlaşdıra bilmədi.

İşıqlaşan kimi axşamdan Mustafa kişidən tapşırıq alan silahlı komsomolçular onun evinin qapısını kəsdirdilər. Yoldaş Fətullayev onları başına yığdı.

– Bu saat dağılışarsınız kəndə. Gedərsiniz evlərə. On beş yaşından yuxarı nə qədər başıpapaqlı varsa, gətirərsiniz məscidin həyətinə. Dünəndən baxmışıq, ondan münasib yer yoxdur. Həm məscidin özü böyükdü, həm də ətrafı hasarlıdı.

Bir azdan kəndə hay-haray düşdü. Arvad-uşağın səs-küyünə, ağlamalarına heç kəs fikir vermədi. Rus əsgərləri kişiləri süngünün qabağına salıb məscidin həyətinə gətirdilər. Yoldaş Fətullayev məscidin və həyətin içinin dolduğunu gördü və bundan sonra hasarın üstünə çıxdı. Bayaqdan təşviş içində qalan və öz aralarında xısın-xısın söhbət edən kişilər daş hasarın üstünə çıxan Fətullayevi görüncə susdular. Fətullayev aralığa sükut çökdükdən sonra amiranə səslə dilləndi:

– Camaat, hökumətin qərarı var: hamı silahını könüllü şəkildə təhvil verməlidir. Kimin tüfəngi, naqanı, xəncəri varsa, gətirməlidir. Kim silahını könüllü təhvil versə, ona heç nə etməyəcəyik, buraxacayıq, gedəcək evinə. Amma inad göstərsəniz, qurban verəcəksiniz. Sizə ən uzağı bir gün vaxt verirəm. Silahlarınızı gətirin!

Camaat heç nə başa düşmədi. Təşvişlə bir-birinin üzünə baxdı. Fətullayev hasarın üstündən düşüb gedəndən sonra da nə edəcəklərini bilmədilər.

Əslində onların çoxunun silahı var idi. Rus beşaçılanlarını, naqanları, İran və türk tüfənglərini parçalara büküb samanlıqlarda, tövlələrin axurlarında, pərdilərin arasında, ot tayalarının altında gizlətmişdilər. Heç kəs silahı olduğunu boynuna götürmək istəmirdi. Hamı fikirləşirdi ki, "Silahın nə zərəri var? Yüz gün yaraq, bir gün gərək". Züllə papaqlı rus əsgərləri məscidi ikiqat mühasirəyə aldılar. Yarımkürklü və uzun qılınclı komandirlər məscidin ətrafında dolaşdılar. Yoldaş Fətullayev iki saatdan sonra bir də gəldi. Daş hasarın üsrünə bir də çıxıb sözlərini bir də təkrar etdi. Amma camaatdan tərpənən olmadı.

Lopa-lopa qar yağırdı. Məscidin həyətinə toplaşanların hamısı qar içində idi. Çoxunun əynində isti paltar olmadığından soyuqdan büzüşmüşdü. Çoxusu ac idi. Səhər qoymamışdılar ki, çörək yesinlər. Kənd arvadları məscidin ətrafındakı evlərə yığışmış, damların üstünə çıxmışdılar. Onların əllərində bağlamalar, heybələr var idi. Kişilərə çörək gətirmişdilər. Amma keşikçilər onları yaxına buraxmırdılar.

Sözə baxmayıb irəli cuman arvadları süngünün ucunda geri qaytarırdılar.

Mustafa kişi arvad-uşağın ağlaşmasına dözmədi. Qorxa-qorxa Fətullayevə yanaşdı:

– Camaat acdır. Arvadlar çörək gətiriblər, bəlkə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 мин
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 мин
İkinci hissə, 7

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?

195710 мин
İkinci hissə, 8

Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr salınmışdı.Hər tərəf tərtəmiz süpürülmüş, tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış, künc-bucağın qurumu da təmizlənmişdi. Ev adamın üzünə gülürdü.

195716 мин

Стихи других поэтов