Страница 1 из 2

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.

– Əyə, nə yaman ləngidin?

– Mənsiz darıxıbsan'?

Kişinin zahirən laqeyd, bir qədər də kobud şəkildə yoğun səslə dediyi bu sözün arxasınca incə bir eyhamın olduğunu, arvadı üçün darıxan bir adamın öz həsrətini sezilməz dərəcədə ustalıqla etiraf etdiyini zərif bir qadın həssaslığı ilə duyan Mələk, hər şeyi açıb söyləmək, "sənsiz lap qəribsəyirdim yadıma düşəndə burnumun ucu göynəyirdi", - demək istədi. Çoxdan bəri qəlbində yatan bir hissin alovlandığını duyan cavan qadınlara xas olan işvə ilə ərini oxşamaq istədiyini dərk etdi. Amma tezcə də öz hisslərini cilovladı: "Bəlkə onun bu cür şeylərdən xoşu gəlmir? Münim mehribanlığımı yüngüllük kimi başa düşsə hirslənməzmi? Axı, onun xasiyyətinə hələ o qədər də yaxşı bələd deyiləm". Mələk dilinin ucuna gələn sözü uddu. Ərinin sualına cavab vermədi. Əyilib xurcunu yerdən qaldırmaq istədi. Cahandar ağa həyadanmı, yoxsa xurcunun ağırlığındanmı, nədənsə qulağının dibinəcən qızaran Mələyin qolundan tutdu:

– Qoy dursun, uşaqlar aparar.

Mələk bu sözlərdə özünə qarşı bir qayğının olduğunu duydu. İndiyə qədər heç kəsdən nəvaziş görməyən bu qadın dikəlib ərinin üzünə baxdı. Zahirən kobud görünən bu enlikürək, qarayanız kişinin ürəyindən nələr keçdiyini bilmək istədi. Cahandar ağa üzünə dikilən gözlərdə sevinc qarışıq narahatlığı gördü. O dərk etdi ki, arvadı lal baxışlarla qəlbini açır, ərinə öz razılığını, təşəkkür və minnətdarlığını bildirir. Kişinin ürəyi birdən-birə kövrəldi. O, yaşına və təbiətinə uygun olmayan bir həvəslə arvadının başını sinəsinə sıxmaq arzusunun bir ildırım sürəti ilə beynindən keçdiyini duydu.

– Hamı yoldan sağlıqnan, ağa.

Tapdığın səsi kişini özünə gətirdi. Ovsunlanmış kimi yerindən tərpənə bilməyən Mələk də şirin duyğuların pəncəsindən qurtardı və cəld ərinin tüfəngini götürüb aralandı.

Dağa köçməzdən əvvəl şəhərə gedib, işlərini sahmana salan və bir az da, özü demişkən, "ayırı-oyun" alan Cahandar ağa otağa keçib taxtın üstündə əyləşəndə evi üçün qəribsədiyini bir daha dərk etdi. Diqqətı şüşəsi tərtəmiz silinmiş otuzluq lampaya, qürub şəfəqlərini özündə əks etdirib alovlanan pəncərələrə tutulmuş təzə pərdələrə, səliqə ilə yığılmış yorğan-döşəyə, tərəcədəki qab-qacağa, gümüş kimi parıldayan qalaylı iri mis sinilərə, divar boyu başdan-başa vurulmuş xalıya nəzər saldı. Hər şey adamın üzünə gülürdü. Elə bil taxtın üstünə salınmış gəbələrin də rəngi açılmışdı. Naxışların hərəsi bir rəng çalır, çəmən çiçəkləri kimi adamın gözünü oxşayırdı. Cahandar ağaya elə gəldi ki, divarlar da, tavanın taxtaları da tərtəmiz yuyulmuşdur. Otağın havasıda da nə isə adamın ruhunu oxşayan, onu xumarlandırıb yatırtmaq dərəcəsinə gətirən isti bir nəfəs var. Kimsə otağı qızdırır, ev sahibinin əzalarındakı yorğunluğu çıxartmaq üçün bədənini ovur, taxtın üstündə yumşaq döşəkçəyə uzanıb mütəkkəyə dirsəklənməyə, başının altına tük balış qoyub dincəlməyə çağırırdı. Mələk ayaqqabısını soyunub taxtın üstünə çıxanda, divara vurulmuş pərli-budaqlı maral buynuzundan ərinin gümüş dəstəkli xəncərini, tüfəngini, vəznəli çuxasını, onun üstündən ağ qotazlı başlıqla göy buxara papağını asanda, kişi evin rahatlığının, qadın qayğısının nə demək olduğunu bir daha duydu. Bütün bunlar nə demək idi? Nə üçün indiyə qədər o, evindən ötəri bu qədər darıxmamışdı. Bu ilıq və adamı oxşayıb ovunduran nəfəsi bu evə gətirmişdi? Yoxsa, o qocalırdı? Ona görə də özünü istiyə verən bir pişik tənbəlliyi ilə evdə oturmaq istəyirdi?!

Mələk hələ də taxtın üstündə oturan və fikirli-fikirli ətrafa boylanan ərinə yaxınlaşdı.

– Gətir çəkmələrini soyundurum.

Kişi xəyaldan ayrıldı. Qarşısında dayanıb, gülümsünən arvadına əziyyət vermək istəmədi.

– Özüm soyunaram.

– Yaxşı, onda su gətirim, ayaqlarını yu.

Cahandar ağa dabanı üstündə fırlanıb geri dönən arvadının qırçınlı donunun yelləndiyini gördü. Otağın havası dalğalanıb, onun üzünə vurdu. Kişi uzunboğaz çəkmələrini soyunub, taxtın ayağında cütlədi. Heç ikicə dəqiqə keçməmiş Mələk aftafa-ləyənlə içəri girdi. Çöməlib ərinin qabağında oturdu. Uzun və gen donunun ətəyi dövrələnib, yerə sərildi.

– Əyə, bəri, yaxıngəl.

Kişi heç nə demədi. Mələyin onun adını çağırmayıb, sadəcə "əyə" deməsindən xüsusi bir ləzzət aldı. Ayaqlarını ləyənin içinə saldı.

Cahandar ağa şalvarının balağını çirmələyən arvadının yumşaq əlinin təmasını duydu. Mələk səylə ilıq suda onun ayağını ovxalayıb barmaqlarını şaqqıldatdı, dabanını qaşıdı. Cahandar ağa isti su və qadının nəvazişindən məst olub yerindən tərpənmir, sakitcə arvadına baxırdı. Mələk aşağı əyildikcə kürəyinin ortasındakı hörükləri sağa-sola qıvrılır, gah ilan kimi belinə dolanır, gah da çiynindən sürüşüb döşü aşağı sallanırdı. Mələk saçını cəld çiyninin üstündən geri atır, yenə də işinə davam edirdi. Bunlara göz qoyan Cahandar ağa, Mələyin hörüyü bir də sürüşüb ləyənə doğru sallananda, əlini uzadıb, saçı geri elədi. Arvad onun barmaqlarının qəsdənmi, yoxsa təsadüfənmi boynunun dalında gəzdiyini duydu və gözlərini süzdürüb, altdan-yuxarı kişinin üzünə baxdı. Cahandar ağa nəzərini arvadının sürüşüb çiyninə düşmüş şalı altından görünən ağ boynundan və qızıl sırğalarının yanında qıvrılan telindən çəkmədən, hərəkətinə bəraət verirmiş kimi qaşqabaqlı dilləndi:

– Bu nədi, başını niyə örtmürsən?!

Ərinin halını gözəl başa düşən Mələk dodağını dişləyib gülümsündü:

– Burda başqa adam yoxdur, özümüzük.

Kişi hirslənmişdi. Arvadının qarşısında zəiflik edəcəyindən və bunu Mələyin duyacağından qorxduğu üçün sifətinə sərt bir ifadə verməyə çalışdı.

Mələk sakitcə şalını irəli çəkdi. Tellərini yığıb qulağının ardına itələdi, boyun-boğazını örtdü və bundan sonra ərinə çəpəki nəzər saldı. Sanki "ürəyin dincəldimi?" – demək istədi. Ləyəni kənara itələdi. Ərinin ayağını qurulamaq üçün yuxarı qaldırdı, dizinin üstünə qoydu. Cahandar ağa arvadının yumşaq budlarının təmasından titrədi. Bir dəqiqə bundan əvvəl ürəyindən keçənləri, arvadının qarşısında alçala bilmək təhlükəsini unutdu. Sifətindəki ciddilik yox oldu. Mələyin belindən tutub özünə doğru çəkdi. Qəribə nəvaziş və namərbut hərəkətlərlə sinəsinə sıxıb, öpməyə başladı. Belə bir hadisəni gözləməyən Mələk əvvəlcə heç nə demədi. Ani olaraq "bu kişiyə nə oldu'?" - deyə düşündü. Onun iradəsinin əleyhinə getməmək üçün ərinin sinəsinə qısılıb dayandı. Cahandar ağanın onu ağuşundan buraxıncaya qədər gözləməyi qərara aldı. Əslinə baxsan, onun bu oxşamadan xoşu gəlir, dağ kimi zəhmli bir kişini yerindən oynatmaq qüdrətinə malik olmasına ürəyində sevinirdi. Ancaq bu hal uzun sürmədi. Bir az bundan əvvəl ərinin nahaq yerə hirsləndiyini başa salmaq və özünün təqsirsiz olduğunu bildirmək üçün iradəsini ələ aldı. Həm də bütün qadınlarda olduğu kimi, kişiyə zahiri müqavimət göstərmək meyli gücləndi. O çırpınıb ərinin qolları arasından çıxdı.

– Ayıbdı, görən olar.

– Yaman darıxmışam.

Mələk qələbəsinə əmin olduğundan, cəld ləyəni götürdü və ərinin üzünə ötəri nəzər salıb gülümsündü.

– Bir az səbir elə, amanın qırılmayıb ha.

O, qapını vurub bayıra çıxandan sonra Cahandar ağa özünə gəldi. Taxtın üstündə uzanıb mütəkkəyə dirsəkləndi. Mələyin son sözü onu yaman tutmuşdu. Cibindən gümüş qutusunu çıxardıb, papiros eşmək istədi. Barmaqlarının titrədiyini hiss etdi. Kişi yaman pərt olmuşdu. Uşaq kimi səbirsizlik etdiyini və öz hərəkəti ilə arvadının qarşısında alçaldığını düşündükcə, öz-özünü bağışlamaq istəmirdi. Onun zənnincə, kişi ömrü boyu istədiyini arvadına bildirməməlidir. Arvad həmışə intizar içində yaşamalı, ərinin onu sevib-sevmədiyini bilməməlidir. Hərdənbir ötəri deyilən xoş sözün, adi bir təbəssümün, ya da nadir hallarda büruzə verilən nəvazişin aylarla həsrətini çəkməlidir. Belə olanda arvad kişinin qədrini bilər, ömrü boyu ondan xoş söz eşitmək eşqi ilə alışıb-yanardı. Kişinin əzəməti də, qüdrəti də, arvad yanındakı amiranəliyi də onun sirli, sehrli olmasındadır. Cahandar ağa indiyəcən belə yaşamış, dədə-baba adətini pozmamışdı. Amma, nədənsə Mələyi görəndə hər şeyi unudur, müvazinətini itirir, oyuncağa dönürdü. O, papirosunu tüstülədir, "Mənə nə olub, cavanlığımda bir qızın, bir gəlinin qabağında əyilmədim. Zərnigarın üzünə bir dəfə gülmədim, indi mən niyə belə olmuşam? Niyə Mələyi görəndə hər şeyi yadımdan çıxardıram?" – deyə öz-özünü mühakimə edirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

9

Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.

19546 мин
10

Eyvanın dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçıq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"

19548 мин
11

Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.

195415 мин
12

Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?

195411 мин

Стихи других поэтов