Vəfasızdır, könül, hər kim əsirgər canı canandan,Gərək canan yolunda keçsin aşiq şövqlə candan.

Mənim canan xəyalı xatirimdən çıxmaz ölsəm də,Unutmaz öz gülün bülbül, cüda düşsə gülüstandan.

Bərabərdir məhəbbət aləmində Leyli Məcnunla,Nə Məcnun Leylidən dönməz, nə Leyli ayrılar ondan.

Mənim də sevgilim gözlər məni, hicranə səbr eylər,Ümidi-vəsl edən aşiq darıxmaz dərdi-hicrandan.

Gərəkdir bülbülün gül də cəfasın çəksin eşq içrə,Nə oğlan qızdan artıqdır, nə qız əksikdir oğlandan.

Yüz il qürbətdə can versəm, yenə Məcnun olan könlümVəfadan əl götürməz, dönməz ol zülfi-pərişandan.

Məzarım daşına ellər məni “namərd” deyib yazsın,Vətən uğrunda intiqam almasam mərdtək düşmandan.

Əgər min canım olsa, bir vəfalı yarə qurbandır,İgidlər mərd olur, namərd qorxar bir ovuc qandan.

Gedib cananıma, Vahid, xəbər ver: öldü xainlər!Özüm də sağ-salamat çıxmışam bu qanlı meydandan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви