Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.

Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.

– Gəl bir tikə çörək yeyək, - dedi. Mürsəl getmək istəmədi, "toxam" dedi. Uçitel bilirdi ki, Mürsəl ac qalmır. Danışmışdılar, hər səhər ona isti çörək, süd, qaymaq gətirirdilər.

Uçitel onun qolundan yapışıb evə apardı. Süfrə hazır idi. Ağ samovar astadan zümzümə edir, tər-təmiz silinmiş stəkan-nəlbəki parıldayırdı.

Uçitel Mürsəlin ciblərinin düyməsi parıldayan köynəyinə, çiyin qayışına və enli kəmərinə baxdı. Onun üzünə yenicə ülgüc dəymişdi. Telini yana daramışdı. Gözləri həm utancaqlıq, həm də mehribanlıqla dolu idi.

Stəkanlara qənd saldılar. Salma çayla pendir-çörək yeməyə başladılar. Mürsəl neçə gündən bəri ürəyində dolandırdığı və öyrənmək istədiyi məsələlərdən söz açdı.

– Müəllim, heç bilmirəm sizə necə müraciət edim?

– Hamı uçitel deyir, son də de.

– Bu kəndin nə qəribə adətləri var.

Uçitel çayına ara verib gülümsündü.

– Sən bu kəndin qız-gəlininin suya getməyini görmüsənmi?

– Yox. Onda səhər tezdən xoruzun ilk banı yuxudan dur, eyvana çıx və tamaşa elə. Onda görəcəksən ki, kəndin qarıları, gəlinləri və sənəyi yerdən güclə qaldıra bilən qızları qatarlaşıb yola səpələnir və kəndin kənarındakı dərəyə - İncə çayının sahilinə enirlər. Dərənin dərinliyi yarım verstdən çoxdur. Arvadlar gün doğana qədər 2-3 dəfə bu dərəyə enib evlərinə su gətirirlər. Kənd dəmyədədir. Özündə su yoxdur. Amma məsələ onda deyil. Kəndin arvadları suya getməzdən əvvəl yaxtanlarını, çemodanlarını açıb təzə ipək qumaş paltarlarını geyirlər. Bilərziklərini, sırğalarını taxırlar. Əziz bir şey kimi saxladıqları saç yağı ilə tellərini sığallayıb bururlar. Sonradan ətirlənib kəlağayılarını örtürlər. Sənəyi götürüb bayıra çıxmazdan əvvəl divardan asdıqları balaca güzgünün qabağında bir də fırlanır, bellərindəki gümüş kəmərə bir də baxırlar. Bax, qəribəlik burasındadı. Axı niyə suya gedəndə onlar bu cür bəzənib-düzənirlər? - Kişi sözünə ara verdi. Çayları təzələdi və gözündən gülərək söhbətinə davam elədi. - Hə, Mürsəl müəllim, kəndin bir adəti də var. O da zümzümədir.

– Nə?

– Zümzümə, qımqımı. Bu kəndə zümzüməli, qımqımılı kənd deyirlər. Kəndə təzə bir adam gələn kimi ona şer qoşurlar. Ertəsi günü bütün gəlinlər- qızlar bu şeri dodaqaltı qımqımı kimi oxuyur və kəndə bir zümzümə yayılır. Elə bil yaz fəsli meşədə böcəklər vızıldaşır, arabir də bülbül şaqqanaq çəkir. Qəribə- qəribə sözlər tapırlar. Məsələn, "Boy-boy, arvadın ölsün, səni dul qalasan, ay gədə, ay gədə".

Hələ sənə şer qoşmayıblar?! Qoşmamış olmazlar. Amma özünü gözlə. Allah göstərməsin, dilə-dişə düşsən, axırı yaxşı olmaz. - Söhbəti zarafatla başlayan Uçitel ciddiyyətlə qurtardı. - Bu kəndin qız-gəlinləri deyib-gülən, adama sataşandılar. Kişiləri isə yaman əzazildi.

Ertəsi gün Mürsəl xoruzun ilk banı pencəyini çiyninə salıb eyvana çıxdı və gördü ki, cığırlardan, əyri-üyrü dar yollardan qatarlaşıb gələn qız-gəlin mərkəzi yolda birləşib Uçitelin dediyi dərə ilə çaya enirlər. Onların pıçıltısı və qəhqəhəsi kəndə yayılır. Mürsəl elə bil sehrli bir aləmə düşmüşdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

I fəsil, 2

Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.

19954 мин
I fəsil, 3

Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.

19954 мин
I fəsil, 4

Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.

19956 мин
I fəsil, 5

Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.

19956 мин

Стихи других поэтов