I fəsil, 3
Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.
– Sən burda qal.
Sıçrayıb atın belinə qalxdı. Yüyəni dartıb Kürə doğru çapdı. Alan da onun dalınca getdi. Amma beş-on addım atmamış zingildəyib dayandı. Gah qaranlıqda gözdən itməkdə olan atlıya baxdı, gah da öləziməkdə olan ocağın qırağında dayanan qaraltıya. Xeyli tərəddüddən sonra quyruğunu qısıb zingildəyə- zingildəyə geri qayıtdı. Meyitin yanına uzanıb başını biləklərinə söykədi.
Şəmiddin ağa atı birbaş qardaşıgilə sürdü. Zəncirdən açılmış itlər onu az qala yəhərdən salacaqdılar. Amma kişinin tanış səsini eşidib dayandılar. O, atı həyətə çəkdi. Talvarın altında yüyəni dirəyə bağladı. Pillələri qalxıb, birbaş anasının otağına keçdi. Güllü xanım içərisi başdan-başa gəbə ilə döşənmiş evin yuxarı başında döşəkçənin üstündə oturub yastığa dirsəklənmişdi. Qabağında çay vardı. Dəmir soba gurhagurla yanırdı. Şəmiddin ağa içəri girən kimi kəkotu çayının ətrini duydu. Qapının ağzında bir az ayaq saxladı, sonra ürkək addımlarla anasına yaxınlaşdı. Otuzluq çırağın işığında sifəti aydın görünən anasının gözlərindəki qəzəb qarışıq suala fikir vermədən, qarşısında diz çöküb əlindən öpdü; arvad da oğlunun alnından. Şəmiddin ağa xeyli beləcə, anasının önündə dizi üstə qaldı və yalnız o, işarə edəndən sonra böyründə bardaş qurub oturdu. Arvadın adəti idi: özü çağırmamış heç kəs cəsarət edib icazəsiz onun otağına girə bilməzdi; o handa da yanında oturmaq ola.
Otağa sükut çökdü. Gurhagurla yanan dəmir sobadakı odunların çatırtısı daha aydın eşidilməyə başladı. Qapağın deşiklərindən süzülüb düşən işıq zolaqları gəbələrin üstündə çarpazlaşıb titrəşdi. Güllü xanım başını qaldırıb oğlunun üzünə baxmadan asta-asta çayını içdi və yəqin etdi ki, oğlu onun yanına boş-boşuna gəlməyib.
Qapı azacıq aralandı. Güllü xanım tərs-tərs, zəhmlə necə baxdısa gəlin gəlməyinə peşman oldu və kölgə kimi yox oldu. Şəmiddin ağa başa düşdü ki, anası hirslidi, nəyəsə acıqlanıb, bəlkə də onun çağırılmamış gəlməyinə qəzəblənib? Bəlkə ürəyinə nəsə damıb? Arvadın qaşqabağı bulud kimi tutulmuşdu. Özü yağıb boşalmasa, ona toxunmaq olmazdı. Nəhayət, Güllü xanım gözünü hərləyib oğlunun üzünə baxdı.
– Nə olub, bu gecə vaxtı gəlməyin xeyirdimi?
Arvadın zəhmli səsi fikirgötürmüş Şəmiddin ağanı diksindirdi.
– Yox, ay ana, xeyir deyil, başımıza iş gəlib, yanına məsləhətə gəlmişəm.
– Nə iş?
Arvadın təəccüb və təşviş dolu bu sualı verməyi ilə dirçəlməsi və yanındakı əsanı əlinə almağı bir oldu. Şəmiddin ağa vahimələndi. Ona elə gəldi ki, anası uşaq vaxtlarında olduğu kimi onu döyəcək.
– Həsən ağanın əlindən xata çıxıb.
– Nə xata?
– Adam öldürüb.
– Kimi?
– Ələddini.
– Harda?
– O tayda, meşədə.
Güllü xanım elə bil sakitləşdi. Yerini döşəkçənin üstündə rahatlayıb yenidən yastığa dirsəkləndi. Boş stəkanı geri itələdi. Nəlbəki cingildədi. Gəlin elə bil qonşu otaqda bunu eşitdi və qayınanasının ürəyindən keçəni duydu. Qapını aralayıb səssiz addımlarla arvada yaxınlaşdı. Boş stəkanı götürdü. Bir göz qırpımında təzə çayla geri qayıtdı. Güllü xanım yenidən asta-asta çayını içdi. - Qönçə bilirmi?
– Yox, səndən başqa heç kəsə deməmişəm.
– Yaxşı eləyibsən. İl qədər uzun görünən bir neçə an da gəlib keçdi.
– Dur, arabanı qoş, uşaqlardan da götür, get meyiti gətir.
– Hara?
– Sözümü kəsmə! - Arvad dönüb tərs-tərs oğlunun üzünə baxdı.
– Birbaş bizim həyətə. Xatanı biz etmişik, altından da biz çıxmalıyıq.
Şəmiddin ağa ayağa durdu. Əlini qapının dəstəyinə uzatmazdan əvvəl dönüb anasına baxdı.
– Bə, Həsən ağa neyləsin?
– Meyitlə bərabər evə gəlsin!
Oğlu gedəndən sonra Güllü xanım ayağa durdu. Başı tavandan asılmış otuzluq çırağa toxundu. Ləngərlənən çırağın kölgəsi divarda, pəncərə taxtalarında, döşəmə və tavanda vahiməli hoyullalar kimi dolaşdı. Arvad on dörd taxtalı uzun donunun qırçınlarını, belinin büzməsini sığalladı, qara atlas koftasının yaxasını yoxladı, iki qatar butalı qızıl düzülmüş qara məxmər baş çəkisini düzəltdi, bənövşəyi yelənli qara kəlağayısını gözünün üstə dartdı. Koftasının altından bağladığı qurşağa əl gəzdirdi, naqanın yerində olub- olmadığını yoxladı və əsanı əlinə alıb orta divarı bir-iki dəfə taqqıldatdı. Gəlin qapıda göründü.
– Qönçəni bura çağır.
Arvadın zəhmli səsi ərinin ovdan gec qayıtmasından və qaynı Şəmiddin ağanın anası ilə pıçıldaşmasından sonra arabanı qoşub tələsik getməsindən ürəyi uçunan gəlini daha da vahimələndirdi. Ağzını açıb nəsə soruşmaq istədi. Amma qayınanasının zəhmli nəzərlərini üzündə duyub, dinməzcə geri çəkildi. Güllü xanım bir az aralı qalmış pəncərə taxtalarını kip bağladı, əsası ilə dəmir sobanın qapağını örtdü, otuzluq çırağın fitilini aşağı çəkdi. Otağın işığı azaldı və içəri alaqaranlıq oldu. Bundan sonra keçib yerində, döşəkçənin üstündə oturdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-i-fesil-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?
Dördüncü hissə, 8Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"
Dördüncü hissə, 9Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.Məktəbin həyatı bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi.
Dördüncü hissə, 10Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü, Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
نکویان را بباید آرزو داشتمرا آگاهی اصلاً آرزو نیست
Haqq sözün yaz üstünəYaz gələndə bağlara bülbül qonar yaz üstünə,Çox gələr çox üstünə, çox az gələr az üstünə.