Qəza mərkəzinə odun aparan arabalar geri qayıdırdı. Hava isti idi. Çöllər yaşıllaşmışdı. Şirələnmiş torpağın sinəsinə lalələr səpələnmişdi. Arabalar Acı Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi:

– A, bala, arabaları endirin dərəyə çayın qırağına, obaşdannan yola çıxdığımızdı. Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək alaq.

Dikdiri aşağı endilər. Dərəyə düşən kimi suyun sərinliyi onları vurdu. İncə çayı dupduru idi. Yarğanların, qolpunların dibindən poqquldayıb qaynayan bulaqların suyu çayı daha da şəffaflaşdırırdı. Çayın vadisi dərə boyu yamyaşıl bir zeh kimi uzanıb gedir və yuxarılarda gözdən itirdi. Qara bulaqların axarınca acı tərələr, lilparlar, yarpızlar bitmişdi. Böcəklər vızıltı ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu.

Kəlləri, öküzləri boyunduruqdan açdılar. Heyvanlar əvvəlcə gərnəşib çırpındılar, sudan doyunca içdilər və sahil boyu oyxurub cücərən otları otlamağa başladılar.

Arabaçılar bir yerə yığışıb balaca bir süfrə açdılar. Torbadan, heybədən süzma, qatıq çıxarıb iştaha ilə çörək yeməyə başladılar. Dərədəki güllərin, çiçəklərin, yarpızların ətri adamı məst edirdi. Çörək yedikdən sonra arabaçılar əl- ayaqlarını yudular, soyuq suyun təmasından xumarlanıb yaşıllığa uzandılar. Çayın yuxarısında Acı Dərənin uçurum yarğanının üst tərəfində qarğa-quzğun dalaşırdı. Ağsaqqal arabaçının gözü bunu aldı və xeyli o tərəfdən nəzərlərini ayırmadı. Sonra dirsəklənib oturdu. Üzünü yanındakı cavanlara tutdu.

– A bala, yuxarıda yaman qarğa-quzğun dolaşır, gedin görün nədir, amma ehtiyatlı olun.

Cavanlardan iki nəfəri əllərində çubuq asta addımlarla çay yuxarı getməyə başladılar. Onlar yarğanın altından poqquldayıb qaynayan və yaşıllıq içində olan bulağın bərabərinə çatanda bir adamın orada uzandığını gördülər, yaxınlaşmağa ehtiyat etdilər. Elə bu vaxt qoca arabaçı da gəlib çıxdı. O, diqqətlə şır-şırnan axan bulağın suyuna, acı tərələrə, ətri Acı Dərəni dolduran yarpızlara xeyli baxdı və sonra üzünü yarğana çevirdi və başa düşdü ki, bu adamı yarğanın qaşında vurub dərəyə tullamışlar. Bu adam bütün gecə səhərə qədər yaralı qalmış, suyun, bulaqların şırıltısını eşidincə sinəsi yanmış, su deyə inildəmişdi. Sonra bir təhər sürünərək bulağın üstə enmişdi. Təpimiş dodaqlarını suya yapışdırıb közərmiş yanğısını söndürmüş, özü də sönmüşdü.

Yaralı adama su verməzlər. Burada isə kim-kimə idi? Onu güllə ilə arxadan vurmuşdular. Qoca arabaçı və yoldaşları bir xeyli sakitcə dayandılar. Çayın yaşıl vadisinə sükut çökdü. Bircə vızıldaşıb çiçəkdən-çiçəyə qonan böcəklərin səsindən başqa heç nə eşidilmədi. Qoca arabaçı aşağı əyildi. Hələ də əli və üzünün bir hissəsi bulaq suyunun içində olan meyiti arxası üstə çevirdi. Onun qan laxtalanmış üzünə diqqətlə baxdı.

– Bu ki, bizim Şəmiddin ağadır, - deyib əllərini gözünün üstünə qoydu və astadan hönkürdü. Onun hönkürtüsü bulaqların şırıltısı, böcəklərin uğultusu və çiçəklərin ətri içində itib batdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 13

Salatın çətəni çəkib dəyənin qapısını örtdü. Küncə, yük yerinin yanına bir döşəkcə atdı. Ayaqlı duağı ortaya qoydu. Döşəyin altından dəftər-qələm çıxartdı. Bardaş qurab oturdu. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri, naşı hərflərlə sözlər yazmağa başladı. O, xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Qız elə bilirdi ki, qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir.Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. Onun sümükləri şaqqıldadı. Ayağa durub kağız-qələmi yığışdırdı. Döşəyin altında gizlətdi. Dəyədən çıxdı.

19579 мин
Üçüncü hissə, 14

Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi. Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə olacağını gözlədi.Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı. Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.

19579 мин
Üçüncü hissə, 15

Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".

195713 мин
Üçüncü hissə, 16

Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar,– deyə öz-özünə deyindi.

19579 мин

Стихи других поэтов