Üçüncü hissə, 5
Страница 1 из 2
Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.
Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...
Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa əllərinə keçən quru çırpılan, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.
Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi.
Pakizə evdə o yan-bu yana qaçır, anasına və gəlinlərinə əl-ayaq verir, həm də axşamın tez düşməsini gözləyirdi. O, nədənsə, bu il Novruz bayramını daha böyük həvəs və eşqlə qarşılamağa hazırlaşırdı.
Nəhayət, yenicə cücərib yaşıllaşan yamacları, torpaqdan baş qaldıran çiçəkləri isti nəfəsi ilə xumarlandıran günəş qərbə doğru əyildi, üfüqdəki pənbə buludlar çəhrayı rəngə boyandı. Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yeridi. Pəncərələrdə solğun işıqlar göründü. Ancaq heç kəs içəri, evə girmək istəmirdi. İlıq bahar havası hamını xumarlandırırdı.
Pakizə təzə paltarını geyindi, qapıda xeyli hərləndi, sonra damın belinə çıxdı. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. Kürə, yenicə yaşıllaşan meşəyə, sahilin göy otlarına baxdı. Hava ilıq idi. Kür tərəfdən əsən meh isti nəfəs kimi adamı məst edirdi.
Yaxındakı həyətlərdən birində tonqalı yandırdılar. Onun dalınca bütün qonşular tonqallara od vurdular. Əvvəlcə nəm küləş alışmadı, ağ tüstü layları burula-burula havaya qalxdı, kəndin üstünü elə bil duman bürüdü. Sonra otlar alışıb çatırdadı, alov ucaldı, tüstü bir müddət qığılcımlarla çarpışdı və çəkilib getdi. Kənd şəfəqlərə qərq oldu. Cavanlar lopaları yandırıb damların üstünə sancdılar. Oğlanlar neçə gündən bəri hazırladıqları fişəngləri mazuta buladılar. Üstünə bir az neft çilədilər, od vurdular. Fişənglər alovlandı. Gücləri gəlincəyə qədər fırlayıb havaya atdılar. Pakizə böyük heyranlıq və valehliklə havada bir-birini qovub daha yüksəyə qalxmaq istəyən fişənglərə baxdı. Oğlanlar bəhsə girişdilər. Onlar öz güclərini göstərir, fişəngləri var qüvvələri ilə yuxarı tolazlayırdılar. Vıyıltı ilə havaya qalxan fişəng güyültü ilə yerə düşürdü. Kəndi ahəngdar bir uğultu bürümüşdü. Pakizə lap aşağılarda, Kürün yaxası boyu məskən salan kəndlərin üstündə də göy üzünün qızardığını gördü. Elə bil hər şey alışmışdı. Hətta Kürün suları da qızartdaq idi.
Kəndin birdən-birə alova qərq olduğunu görən itlər qorxdular. Zəlzələ, ya da gün tutulan zaman ağız-ağıza verib ulaşdıqları kimi, indi də zingildəşib səs-səsə verdilər. Onlar azacıq sonra sakitləşdilər. Uşaqlar əl-ələ verib tonqalların ətrafında oynaşdılar. Hər şey nağıllardakı kimi qəribə idi. Kölgələr uzanıb yerlə sürünür, bəzən evlərin divarına düşür, bəzən də lap Kürün sahilinə qədər enirdi. Tonqallar qorlandıqca qığılcım göydə oynayırdı.
Bu hal çox davam etmədi. Tonqallar yandı, lopalar söndü, fişənglər öləzidi. Xoş bir yaz axşamı kəndin üstünə qanadını gördi. Səs-küy azaldı. Sönüb qurtarmaqda olan tonqalların ətrafındakı uşaqlardan və bir də mal-qaranı rahatlayanlardan başqa bayırda heç kəs qalmadı. Hamı evə çəkildi. Pakizəni də çağırdılar. Qız getmədi. O, səhərə qədər damın belində dayanıb hər şeyə tamaşa edər, baharın ilk ilıq havasını udmaqdan doymazdı.
Çəpərin dibində bir dəstə qız dayandı. Pakizə qaça-qaça doqqaza çıxdı. Qızlara qoşuldu. Gülüşə-gülüşə evdən uzaqlaşdılar.
Bayram axşamı qapı pusmaq, iynəlik salıb bəxt sınamaq qızların adəti idi. Oğlanlar isə baca-baca gəzərdilər. Onlar balaca heybələrini götürüb damın üstünə çıxar, iplə bacadan içəri sallayardılar. Adət üzrə ev sahibi heybəyə şirniyyat qoymalı idi.
Qızlar qapıları pusa-pusa xeyli gəzdilər və nəhayət Pakizənin xalasıgilə gəldilər. Səs-küylə içəri doluşdular. Pakizənin xalası üstü taxtapuşlu qara damı səliqə ilə süpürmüşdü. Taxtın üstünə gəbə salınmışdı. Ortaya iri bir sini qoyulmuşdu. Sininin çevrəsi boyu şam düzmüşdülər. Zəfəranlı plovun ətri evə dolmuşdu.
Pakizə xalasını öpdü, qoynundan konfet çıxardıb uşaqlara verdi sonra ev sahibi kimi ərklə qızları süfrəyə dəvət etdi. Xonçadakı saçaqlı konfetləri xışmalayıb qızlara payladı.
Pakizənin xalası iri siniyə plov çəkdi. Taxtın üstünə qoydular. Qızlar sininin ətrafında hərləmə bardaş qurub oturdular.
Heç beş dəqiqə keçmədi ki, sini boşaldı. Süfrəni yığışdırdılar. Qızlardan biri gülə-gülə iri bir badyanı su ilə doldurub ortalığa qoydu.
– Gəlin iynəlik salaq.
Onlar iki iynə götürdülər. Uclarına pambıq doladılar. Sonra Pakizənin xalasına üz tutdular:
– Ay xala, sən de, bu iynə kimin olsun?
Arvad qızlara xeyli baxdı. Gözünü yaşı on altını ötmüş Fatmaya zillədi:
– Qoy onun olsun, hamınızdan böyükdür, – dedi. – Oğlanı da özünüz bilərsiniz.
Qızlar iynələri suya saldılar. Pakizə də onlara qoşuldu. Ancaq bir şey başa düşmədiyindən, təkrar soruşdu:
– Bu iynənin biri Fatmadır, bə o biri kimdir?
– Onu özü bilər. Ürəyində hansı oğlanı tutubsa, odur.
İynələr suda üzməyə başladı. Qızların nəfəsi suya toxunduqca iynələrdən gah biri qaçır, o biri qovur, gah da, əksinə, qaçan dayanır, qovan qaçırdı. Qızlar öz ürəklərində belə hesab edirdilər ki, əgər iynələr birləşsə, demək, oğlanla qız göruşəcək və evlənəcəklər.
Növbə Pakizəyə çatdı. Qızlar onu dürtmələdilər.
– Hansı oğlana gözün düşübsə, ürəyində tut, görək birləşəcəksinizmi?
Pakizə qızardı və heç nə demək istəmədi.
Elə bu vaxt itlər hürüşdü. Bir dəstə oğlan hay-küylə həyətə girdi. Azacıq sonra onların ayaq tappıltıları damın üstündə eşidildi. Qızlar səslərini kəsib təəccüblə bir-birilərinin üzlərinə baxdılar. Pakizənin xalası onları sakitləşdirdi:
– Qorxmayın, oğlanlardır. Baca-baca gəzirlər.
Doğrudan da aradan heç ikicə dəqiqə keçməmiş bacadan təzə, buxara ipəyindən tikilmiş, xoruz quyruğu kimi al-əlvan rəng çalan bir heybə sallandı. Pakizə xısın-xısın gülüb ayağa qalxdı. Az qala pıçıltı ilə:
– Ay qızlar, – dedi, – işiniz olmasın, bu saat onların başına oyun açacam. Heybə evin ortasına düşdü. Pakizə onu götürüb işığa tutdu. Əli ilə sığalladı:
– Nə qəşəngdir!
Qızlar da yaxınlaşıb heybəyə baxdılar. Pakizənin xalası üzünü bacısı qızına tutdu:
– Gətir bura, paylarını verək.
– Yox, ay xala, sənin işin olmasın.
Pakizə küncdəki iri qara bülövü götürüb heybənin bir gözünə qoydu, taxtın üstündə yatan pişiyi də o biri gözünə saldı.
– Çəkin, – deyə qışqırdı.
Oğlanlar kəndiri dartdılar. Onların səsi aydınca eşidildi.
– Ə, nə yaman ağırdır! Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar.
Əşrəf heybənin ağzını açanda pişik movultu ilə kənara sıçradı. Qızlar qəşş edib taxtın üstünə yıxıldılar. Oğlanlar gurultu ilə damın üstündən həyətə endilər. Evin içinə torpaq töküldü. Pakizə qapının cəftəsini vurub dayandı.
Qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar. Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. Kürəyini söykədi. Oğlanlardan biri bərkdən qışqırdı:
– Açın, payımızı verin!
– Olanımızı verdik, daha heç nəyimiz yoxdur.
– Onda qızınızı aparacağıq.
– Qızımız da yoxdur.
– Bəs sən nəsən?
– Mən? – deyə Pakizə duruxdu və kəkələdi. – Mən qonağam.
– Nə olar, qonaq daha əzizdir.
– Ölsəniz də qapını açmaram.
– Onda bacadan düşəcəyik.
Pakizə qorxdu:
– Ay xala, qoyma, – deyə qışqırdı.
Arvad gülməkdən yaşarmış gözlərini silib özünü güclə sakitləşdirdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-5
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
VII fəsil, 4Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab Verdi:– Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.
VIII fəsil, 1Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.
VIII fəsil, 2Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
Стихи других поэтов
Dəst pədərəm babat,Bürid və kərdə mat,
AzərbaycanımYüz illər uğrunda sinə gəribdirKoroğlular nəsli, Azərbaycanım.
Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mənCumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən,Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.