VII fəsil, 4
Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab Verdi:
– Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.
– Səhv edirsiniz. Bu quldurlar bir anın içində əsgərlərimizi həbs edib şəhəri ələ keçiriblər, - deyə komendant yarıhirsli ona cavab verdi.
– Bakıya məlumat vermisinizmi?
– Hələ yox.
– Əgər öz gücümüz çatmasa, Bakıya bildirəcəyik və onlardan kömək istəyəcəyik.
– Müsəlmanların bir məsəli var: "Ehtiyat igidin yaraşığıdır". Əvvəlcədən tədbir görmək lazımdır.
Bolşevik komandirləri dərhal qüvvələri səfərbərliyə almaq üçün hissələrə adamlar göndərdilər. Lakin hər yerdə vahimə və başıpozuqluğa rast gəldilər. Onlar dəmiryol vağzalında təcili qərargah düzəltdilər və səhərə yaxın azacıq mürgülədilər. Mayın 26-da səhər tezdən dəmiryol vağzalının başı üzərində şrapnel mərmiləri şappıldadı və çarpanalar dolu kimi ətrafa səpələndi. Alayuxulu və özlərinə arxayın olan rus- bolşevik zabitləri özlərinə gəlincə üsyançıların süvari dəstələri ətrafı üzüm bağları və dirrik olan yol ilə gələrək bir göz qırpımında vağzalı tutdular. Və onlar axşama qədər dəmiryolunu əldə saxladılar. Lakin 20-ci diviziyanın komandiri Velikanovun Qazaxdan gətirdiyi zirehli qatarların köməyi ilə bolşeviklər stansiyani yenidən ələ keçirdilər.
Çayın sağ sahilində gecə yarıdan keçmiş canlanma başladı. Ordunun süvari və piyada hissələri, nizami erməni qoşunları və erməni başipozuqları birləşərək körpüyə doğru hərəkət etdilər. Onlar səhər açılanda gözlənilmədən çayı keçib, şəhərin üsyan etmiş müsəlman hissəsini qəfildən yaxalamaq və yuxulu camaatı qılıncdan keçirmək istəyirdilər. Üsyançılar isə çayın sol sahilində səngərlər qazmış və ayıq dayanmışdılar. Üsyan başçıları, generallar, zabitlər və əsgərlər sahil boyu ehtiyatla gəzinirdilər. Şəhərin erməni hissəsində balaca bir hərəkət olan kimi qərargaha xəbər verirdilər.
Əmrah özünü qərargaha yetirdi və general Cavad bəyə xəbər verdi ki, Gəncənin 2-ci hissəsində nəsə bir hərəkət var. Yavərin dediyi bu sözləri eşidən Cahangir bəy də dərhal sıçrayıb ayağa qalxdı və onlar bir göz qırpımında həyətə çıxıb atlarına mindilər və başa düşdülər ki, bu il çayın suyu həddindən artıq daşqın olduğundan yeganə keçid ancaq körpüdən ola bilər. Dağlardan baş alıb gələn çayın qıjqoy suyu sahilləri yalayırdı.
Cavad bəy Əmraha əmr etdi zabitlərə çatdırsın ki, hazır olsunlar.
Dan yeri qızarıb günəşin ilk şəfəqləri pəncərələrdə oynarkən körpünün üstündə hücum edənlərlə üsyançılar qarşılaşdılar. Qılınclar havada oynadı. Səngərlərdən pulemyotların şaqqıltısı eşidildi. Hər iki tərəfin süvariləri döş-döşə gəldi. Aradan yarım saat keçməmiş körpünün üstü, çayın axarı insan cəsədləri ilə doldu. Aldığı yaradan, yaxud müvazinətini saxlaya bilmədiyindən körpünün məhəccərindən suya düşən atların kişnərtisi bir-birinə qarışdı. Qılınc cingiltisi və güllə səslərindən qulaq tutuldu. Körpünü ortaya qədər gələn düşmənlərin önündə Əmrah da at belində qılıncla çarpışırdı.
Onun körpünün üstünə nə vaxt gəlməsindən, qılıncını sıyırıb nə vaxt vuruşmağa başlamasından xəbəri yox idi. Gözlərini qan örtdüyündən heç nə görmürdü. Bircə onu bilirdi ki, qılıncı havada fırlanır, nəyəsə dəyir, nəyisə doğrayır.
Birdən Əmrahın önündə at belində az qala bütün körpünü tutacaq qıllı papaqlı, enli bir kürək göründü və bu kürəyin qılıncı havada parıldadı. Əmrahın atı şaxə qalxıb kişnədi. Əmrah da qılıncını hərlədi. Nə qədər çarpışdıqlarını bilmədi. Bir o yadında qaldı ki, alnında kəskin ağrı hiss etdi, üz-gözünü qan bürüdü. Onu da dərk etdi ki, son anda qılıncı nəyi isə xırçıltı ilə kəsdi, onun gözünün qabağında dayanan qıllı papaqlı sifət dığırlanıb suya düşdü, qarşısını kəsən at da, adam da yoxa çıxdı.
Gözünü açanda özünü bir ağacın dibində başı sarıqlı gördü. Bir də onu öyrəndi ki, düşmən geri oturdulmuş, körpü üsyançıların əlindədir.
Bundan sonra üsyançılarla bolşeviklərin ciddi və qanlı döyüşləri başladı. Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. Beləliklə, mayın 25-dən 30-dək qanlı çarpışmalar davam etdi və şəhər üsyançıların ixtiyarında oldu.
Bolşeviklər vəziyyətin ciddiliyini və ağırlığını görərək Bakıdan, Gürcüstan sərhədlərindən, hətta Ermənistandan öz hərbi qüvvələrini Gəncəyə çəkib gətirdilər.
Bakıdan yeni zirehli qatar və canlı qüvvə, P.V.Kurışkonun komandası altında 18-ci süvari diviziya, Gürcüstan sərhədindən qaubiçnı divizion və daha dörd zirehli qatar, Ermənistan sərhədindənsə daha bir polk – 179-cu polk gətirildi. Ən dəhşətlisi isə, Gəncəyə hücum edən mütəşəkkil rus-bolşevik ordusuna yenə də bolşevik bayrağı altında çıxış edən 3000 nəfərlik nizami daşnak hərbi birləşməsinin və onlara qatılmış ətraf və Gəncə ermənilərinin qoşulması idi.
Bütün qüvvələr Gəncədəki 20-ci diviziyanın komandiri Velikanova tabe edildi. Düşmən şəhərin ətrafla əlaqəsini kəsmək üçün Xaçbulaq yolundakı Balçılı kəndinin həndəvərindəki yeganə keçidi Kurışkonun 18-ci süvari diviziyasının köməyi ilə qanlı döyüşlərdən sonra tutdu. Və mayın 29-da şəhərə növbəti hücum başladı. Günortadan sonra şimaldan və şimal-qərb səmtindən hücum edən 178 və 179-cu atıcı polklar şəhərin ucqar küçələrinə daxil oldular və qanlı küçə döyüşləri başladı. Lakin az sonra həmin polklar gəncəlilərin qabağında duruş gətirməyib geriyə - öz əvvəlki mövqelərinə çəkildilər. Onlar belə müqavimətlə üzləşəcəklərini güzləmirdilər. Şəhərin erməni hissəsindən hücum edən birləşmələrin də burnu ovuldu. Üsyançılar onları suları seldən qabarmış, qıjıltı ilə axan Gəncə çayını keçməyə qoymadılar. Kurışkonun cənub və cənub-qərbdən şəhərə soxulmağa can atan süvari birləşmələri də böyük itkilər verərək geriyə sürükdü. İki günlük hücumun boşa çıxmasını görən, əsgərlərinin sayı Gəncə əhalisi qədər olan və yüksək döyüş texnikası ilə təchiz olunmuş rus-bolşevik işğalçıları Voytsexovskinin komandası altında yenə də Gürcüstan sərhədlərindən tərkibində 175 və 176-cı atıcı polklar olmaqla daha bir briqadanı, bir yüngül artilleriya divizionunu və Bakıdan zirehli avtomobil divizionu ilə nizami erməni dağ batareyasını da təcili Gəncəyə gətirdilər. Düşmən son hücuma hazırdı. Onun beş piyada polku, 6 süvari polku, 7 xüsusi birləşməsi, 2 zirehli avtodivizionu, 8 zirehli qatarı, 57 ağır topu və nizami erməni birləşmələrindən başqa üç mindən çox erməni başıpozuğu vardı.
Bolşeviklərin növbəti hücumu mayın 31-də səhər tezdən başlandı. Onlar iki eşelonla, güclü top atəşinin köməkliyi ilə, dar küçə və dalanlara girməkdən çəkinərək, geniş küçələrdə döyüş texnikasından istifadə etməklə irəliləməyə çalışdılar. Dörd tərəfdən hücuma keçsələr də, bolşeviklər ağır itkilər verir və bu həmlələri də gözlədikləri nəticəni vermirdi. Və belə bir vaxtda Bakıdan xüsusi tapşırıqla Gəncəyə gələn Azərbaycan Kommunist Partiyasının fövqəladə komissarları Həmid Sultanov vo Sultan Məcid Əfəndiyev 3-cü briqadanın komandiri Şirmaxerin dəstəsi və bir neçə yerli bolşevikin köməyi ilə azsaylı gözətçiləri tərk-silah edərək Gəncə qalasında saxlanılan 2000 rus soldatını, komandirləri və qərargah işçilərini azad etdilər. Onlar da yaxınlıqdakı silah anbarında silahlanıb şəhərin müdafiəçilərinə arxadan zərbə endirərək küçə döyüşlərinə girişdilər. Bunu gözləməyən üsyançılar təşvişə düşdülər. Xainlik öz işini gördü. Üsyançıların ölüm-dirim mübarizəsi aparmalarına baxmayaraq düşmən hər tərəfdən şəhərə doluşurdu. Atışma həyətlərdə, damlarda, evlərdə gedirdi. Mayın 31-də şər qarışanda adda-budda yerlərdə alışma getsə də, Gəncə artıq düşmən tapdağında idi...
...Çapıq Əmrah bütün bunları yadına saldıqda üşürgələndi. Büzüşərək buxarıya yaxınlaşdı və əlindəki odunları ocağa atdı. Buxarı qorlanıb alovlandı. Şəhər alındıqdan sonra üç gün aparılan talanı, Qoşqar çayını keçmək istərkən suya qərq olanları gözünün qabağına gətirdi. Selləmə yağış altında aşıb-daşan Gəncə çayında gördüyü bir mənzərə indi də onu dəhşətə gətirdi. Çay sahildəki ağaclardan birini kökündən qoparıb suya salmışdı. Ağacın düşdüyü yerdə su lillənib burulğana çevrilmişdi. Bu burulğanda iki meyit fırlanırdı. Biri qarayanız, biri sarışın. Onlar bir-birinin çiynindən möhkəm yapışmışdılar. Əmrah xeyli onlara baxdı və ayırd edə bilmədi ki, bunlar son anda bir-birlərini boğub suya batırmaq istəmişlər, yoxsa bir-birlərinə köməyə çalışmışlar. İndi də bir-birlərini buraxmırdılar. Burulğan isə onları gah suyun dibinə çəkir, gah da üzə çıxardıb fırladırdı.
O, yenə odun götürüb ocağa atdı və birdən pəncərədən kəndin yollarında və məktəbin həyətində ora-bura qaçışan, qucaqlarında ot daşıyan zülləpapaq əsgərləri gördü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-vii-fesil-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəncə çayı selləmə gəldiyindən onun qıjıltısı şəhəri başına götürmüşdü. Bu qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa vaxtlar şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi şəhərin ucqar küçələrində belə eşidilirdi. İndi isə beş addımlıqdan heç nə eşitmək mümkün deyildi.XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya doluşmnş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara söykənib mürgüləyənlər də var idi.
VII fəsil, 3Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
VIII fəsil, 1Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.
VIII fəsil, 2Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
Стихи других поэтов
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Dağlardan dağlara danışın...Dağlardan dağlara danışın ancaq,Düzənlik nə bilir dağ deyilən nə...
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.