II fəsil, 2
Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.
Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.
Abdal kişi dəstəyi yerinə qoydu, bir müddət nə edəcəyini bilmirmiş kimi yazı masasının üstündəki kağızları vərəqlədi və sonra Kabının üzünə baxdı.
– De görüm, yenə nə iş qarışdırıbsan? Bununla səndən üçüncü dəfədir ki, şikayət gəlir. "Troyka"nın qərarını nə üçün təsdiq eləmirsən?
– Haqsız olduğuna görə.
Fətullayev ilan vurmuş kimi qıvrıldı və Kabı kişinin üstünə qışqırdı:
– Haqqı-ədaləti səndən başqa başa düşən yoxdur?
– Səsiyin yoğun yerinə salma. Yoxsa elə qışqıraram, qulaqların tutular. Abdal qağa, bununla mən dil tapa bilmirəm. Bəlkə özünüz bunu başa salasınız kı, hamı müzür ünsür deyil. Kimi görürsə, onu düşmən hesab edir. Haqqında sorğu-sual aparır. Kimini dama saldırır, kimini döydürür. Belə getsə, kənddə- kəsəkdə bir başıpapaqlı qalmayacaq. Hərə canını götürüb bir yana qaçacaq. Onsuz da qaçaq-quçağın sayt çoxalıb.
– Onları sən çoxaltmısan. Sənsən onların başına sığal çəkən. Biri qohumundur, biri tanışındır, o biri də dostun. Mən isə sinfi düşmənlərnən vuruşuram.
– Ağına-bozuna baxmadan da hamısına güllələnmə kəsirsən, eləmi? Firudin bəy Köçərlini neylədin?
– Lazımi cəzasına çatdırdım.
– Axı, o, neynəmişdi? Qəzamızda seminariya açmış, görkəmli müəllimləri başına yığmış, uşaqları kəndlərdən yığıb oxumağa gətirmişdi. Nə idi onun günahı?
– Bəs onun Musavat partiyasının üzvü olmasını niyə demirsən?
Pristav Xan-Xoyskinin faytonunda gəzməyini niyə yadına salmırsan?
Belə bir adam bizim cəmiyyətdə yaşaya bilməzdi. "Troyka"nın qərarını çıxartdım, göndərdim Gəncəyə. Orada cəzasını verdilər.
Söhbətin qızışdığını görən Abdal kişi əsəbiləşdi və əlini masaya çırpıb onların üstünə acıqlandı.
– Nə qələt eləmisiniz, eləmisiniz. Köhnə sandıq içi tökməyin.
– Üzünü Fətullayevə tutub kin dolu bir qəzəblə sözünə davam etdi.
– Firudin bəy kimi bir kişini günahsız qurban verdiyin yetmir, iftixarla danışırsan da. Bir gün bunun haqq-hesabını səndən də, məndən də alacaqlar. Anladın, yoxsa izah edim.
– Mən heç nədən qorxmuram və gördüyüm işə cavab verməyə hazıram. Abdal kişinin boyun damarları şişdi. Hirsini boğmaq üçün bir stəkan su içdi. Sonra cibindən səliqə ilə bükülmüş dəsmal çıxardıb dodaqlarının, bığının yaşını sildi. Firudin bəy yadına düşəndə o da odsuz-ocaqsız yanırdı. Belə bir kişini qoruya bilmədiyi üçün özünü danlamaqdan yorulmurdu.
Aralıqdakı sükutdan sonra Abdal kişi üzünü Kəsəmənliyə tutdu.
– De görüm, indi nəyin üstündə mübahisə edirsiniz?
Kəsəmənli qovluğu açdı və 'Troyka"nın ona göndərdiyi qərarı qəza firqə özək katibinin qarşısına qoydu. Abdal kişi astaca kağızı oxudu və sonra üzünü Kəsəmənliyə çevirdi:
– Bu nədi?
– "Troyka"nın təsdiqə verdiyi qərar.
Abdal kişi bu dəfə üzünü Fətullayevə tutdu:
– Nə cəza təklif edirsiniz?
– Güllələmək.
– Burda on beş nəfərin adı var, hamısına?
– Bəli, hamısına. Onlar müzür ünsürlərdir. Cəmiyyətimizi belələrindən təmizləməsək, irəli gedə bilmərik.
Abdal kişinin elə bil nəfəsi boğuldu. Köynəyinin boyun düymələrini boşaltdı. Qələmi əlinə götürüb qərarı sakitcə oxumağa başladı.
– İndi de görüm, bu müzür ünsürlər nə iş görüblər?
Fətullayev stulunu bır az da yaxına çəkdi. Onun gözündə yatmış ilanlar oyanıb qaynaşdılar. Kişinin sifətini elə bil sevinc alovları bürüdü. Əlini siyahıdakı birinci familin üstünə qoydu.
– Bax bu, çobandı. Qaçaqlara çörək aparıb, bu da aşıqdı, qaçaqlara saz çalıb.
Kabı kişi kağızı kənara itələyib ayağa durdu.
– Bilirsən nə var, Fətullayev, elə şey var ki, onun üstündə adamı danlayarlar, elə şey də var ki, onun üstündə adamı damlayarlar. Sən isə güllələməkdən başqa bir şey bilmirsən. Heç adamı da çörək üstündə güllələyərlər. Heç saz çalmaq üstdə də adamı güllələyərlər? Sən və sənin "Troyka" yoldaşların heç bu haqda fikirləşibsiz?
– Burda fikirləşməli bir şey yoxdur. Sinfi düşmənə kömək edən müzür ünsürlər qırılmalıdı, vəssalam.
Artıq Abdal kişi dözə bilmədi. Hirslə ayağa durdu.
– Mənimlə çənə-boğaz döymə. Səni bura göndəriblər ki, bizim işlərimizə kömək edəsən, göndərməyiblər ki, harda başıpapaqlı gördün güllələyəsən. Elə buna görədi ki, qaçaq-quldurun əlindən tərpənmək olmur. Camaatı hürküdüb yerindən-yurdundan oynatmısınız. Çıxın gedin. Yoxsa sizi müzür element kimi "geponun" podvalına saldırram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-ii-fesil-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.
IV fəsil, 5Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.
IV fəsil, 6Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.
V fəsil, 1Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".
Стихи других поэтов
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Aşığın dərdiMən səni görmüşəm on beş ıl əvvəl,Dilində bir qoşma, bir dərdli qəzəl,
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül