Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.

Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

– A müəllim, bizsiz bu bayramın nə ləzzəti, - deyə Hümmət dilləndi. – İstəyirəm bir "Səhər havası" çalım, camaat bilsin ki, toy-bayramdır, yığışıb gəlsinlər.

Bir azdan məktəbin həyətində iynə atsan, yerə düşməzdi. Atlı cavanlar, qız- gəlinlər, ağsaqqallar axışıb gəldilər. İki yerdə toy dəstgahı düzəlmişdi. Hümmət cıdırhəngi çalır, kəndin dəliqanlıları atlarını zurnaçının qabağında oynadıb cıdıra hazırlaşırdılar. Atlar yüyəni gəmirir, dəfin ahənginə uyğun olaraq titrəyir, şaxə qalxıb yəhərin altında çırpınırdılar. Sonra da cilovun boşaldığını görüb güllə kimi keçidin altından keçib, kənd yoluna düşürdülər. O biri dəstədə isə Dursun oyun havaları çalıb qız-gəlini oynadırdı.

Bütün kənd zümzümə içində idi. Qaranlıq qarışana qədər çalıb oynadılar. Camaat gedəndən sonra Mürsəl xeyli otağa keçə bilmədi. Səs-küy kəsdiyindən qüssələndi, uşaq kimi qəribsədi. Göyün üzünə səpələnmiş ulduzlara, ağ buludları yarıb keçən aya doyunca baxdı. Hardasa bülbül oxuyurdu. Arabir kəndin kənarındakı dərədən anadil səsi gəlirdi. Hərdənbir həzin-həzin axan İncə çayının şırıltısı da eşidilirdi. Mürsəl gecə yarısına qədər eyvanda dayanaraq bu zümzüməli gecəyə tamaşa etdi. Heç yatmağa həvəsi yox idi. Otağa girib yorğandöşəyə uzanandan sonra da gözünə yuxu getmədi. Yerin içində o üz-bu üzə çevrildi. Ancaq səhərə yaxın gözünə yuxu getdi.

Ertəsi günü zurnaçılar yenə gəldilər. "Səhər havası" çaldılar. Camaat məktəbin həyətinə toplaşdı. Ancaq nə Mürsəl müəllim göründü, nə də onun qrammofonu oxudu. Uçitel təşviş içində pilləkənlə yuxarı qalxdı. Pəncərədən Mürsəl müəllimin otağına baxdı. Pəncərənin şüşəsi çilik-çilk olmuşdu. Stolun üstündəki çıraq öləziyib sönmüşdü. Mürsəl isə qızıl al qana boyanmışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 9

Cahandar ağanın yuxusu qaçmışdı. Gecə yarıdan keçməsinə baxmayaraq yerin içində çevrilir, bundan sonra necə hərəkət etməli olacağını fikrində ölçüb-biçirdi. Onun savadı yox idi. Ərəb əlifbası ilə azacıq yazı-pozudan başqa heç nə bilmirdi. Məktəblərin, oxumağın axırının haraya gedib çıxacağını o qədər də dərk etmirdi. O, dədə-baba qaydası ilə dolanmış, atın belində gəzib ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi. O başa düşürdü ki, deyəsən bundan sonra divan-dərə ilə çox oturub-durmalı olacaqlar. Əvvəllər bu tərəfləri hökumət adamlarından ayda-ildə bir dəfə hərlənən olmazdı. Amma indi bir şey olan kimi atlı kazaklar tökülüb gəlir. Belə getsə onlar buraları su yoluna çevirəcək, kəndi ayaq altına qoyacaq və hər işə qarışacaqlar. Bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar. Pristav həftədə bir gəlib bizi yığacaq, qabağına qoyub uşaq kimi danlayacaq, biz də mal təkin gözümüzü döyə-döyə baxacağıq. Yox, bu, kişilikdən deyil.Bəs nə etməli? Pristav demişkən, hökumətlə hökumətlik eləmək də baş tutan iş deyil. Deyəsən, zəmanə dəyişir. Deyəsən, divan-dərədən qaçanlar yox, onunla yaxın olanlar, ona arxalananlar qazanacaqlar. Bu dəfə birtəhər qurtardıq. Pristava söz verdik ki, bir də elə şeylər olmaz. Uşaqlar bilməyiblər, yoxsa kazaklara toxunmazdılar. O da boynumuza, minnət qoydu, "bu dəfə bağışlayıram", – dedi. Demək, bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun əyək. Görüm səni qara gələsən, ay zəmanə!..

19579 мин
Üçüncü hissə, 10

Göytəpəlilər iki gündən sonra Çayqovuşan adlı səfalı bir yerdə düşərgə saldılar. Arabaları yoldan kənara çəkib köpüklü dağ çayının sahilindəki çəmənlikdə açdılar. İstidən təntimiş kəllər boyunduruğun altından çıxan kimi Özlərini suya verdilər. Fısıldaşa-fısıldaşa ləzzətlə çimdilər. Yol boyu arabaların sitkələyib yorduğu uşaqlar sevinə-sevinə qaçışmağa, yumru qara çay daşları ilə camışları yalamalamağa başladılar. Arvadlar arabaların kölgəsində palaz saldılar, yastıq, mütəkkə çıxartdılar. Kişilər balta götürüb yolun o üzündəki meşəyə, odun qırmağa getdilər. Molla Sadıqgil arabaları köçün o başında. Cahandar ağagil isə aşağı tərəfdə iri bir palıd ağacının altında açdılar. Ocaqlar qalandı, samovarlar çıxarıldı, kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Bəzi arabaların yanında qazan danqıldadı, yağda qızardılmış soğan iyi ətrafa yayıldı.Əşrəf pencəyini çiyninə salıb yola doğru getdi. Cahandar ağa kölgədə mütəkkəyə dirsəklənib fikirli-fikirli oturmuşdu. Ağız-ağıza qovuşan dağların arası ilə axıb gələn çaya tamaşa edirdi. Ayaq səsi eşitdikdə dönüb oğluna baxdı:

195718 мин
Üçüncü hissə, 11

Əhməd "Zayej"in qabağında təkcə oturmuşdu. Tez-tez tərini silir və zəhlətökən bir səslə cikkildəşən boz sərçələrə baxırdı. Onlar gah divarın daşları arasındakı ovuqlara girir, gah da eyvanın məhəccərinə qonur, gah da bir-birini didə-didə çəpərə doluşurdular. Onların zil səsi adamın beynini deşirdi. Nədənsə Əhməd isti yay günlərində sərçələrin cikkiltisinə qulaq asanda qüssələnirdi. O hamı tərəfindən unudulmuş bir adam kimi yalqızlıq hiss edirdi.Sərçələr hay-küylə havaya qalxdılar. Onların səsi eşidilməz oldu. Əhmədin qulaqları cingildədi. O darıxdı. Ayağa durub xır yoluna boylandı. Uşaqlar onun yanına gəlməli, dünən öyrəndiklərini bu gün təkrar edib yoxlamalı idilər, vaxta az qalırdı. El dağdan qayıdanda Əhməd onları Qoriyə, seminariyaya imtahana aparmalı idi. "Yazıqlar yəqin yenə istinin əlindən özlərini Kürə veriblər, axşama qədər sudan çıxmayacaqlar", – deyə düşündü. Onun da ürəyindən çimmək keçdi. Eyvana getdi. Elə bu vaxt bir şey tappıltı ilə onun qabağına düşdü. Əhməd diksinib geri çəkildi. Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı və dərhal quyruğu üstə qalxıb fısıldadı. Əhməd onun soyuq üzünü, açıq ağzını, tez-tez çıxardığı qara dilini və qarmaq dişlərini aydınca gördü. O bircə an da geciksə ilan üstünə atılacaqdı. Əhməd ona imkan vermə. Divarın dibindəki yabanı götürüb, başını əzdi. Bir xeyli ilanın qıvrılan quyruğuna baxdı. "Ulduz görməsə ölməyəcək", – deyə düşündü. Yaba ilə götürüb çəpərin üstünə atdı. İlanın qarnının altı parıldadı.

195713 мин
Üçüncü hissə, 12

Əşrəf pencəyini çiynindən götürüb geydi. Kitabı yan cibinə qoydu. Ağacların kölgəsindən kənarda, güneydəki qalın yarpaqların arasında qızaran çiyələkləri dərmək üçün dizi üstə çökdü. Çiyələklərin ətri dərhal onu vurdu. Əşrəf hər şeyi unutdu. Xallı kəpənək dalınca qaçan uşaq kimi yarpaqları aralayıb qırmızı çiyələkləri dərə-dərə meşənin dərinliyinə doğru irəlilədi. Onun başı qarışdı. Meşədə nə qədər qaldığını bilmədi.Qarşıdan səs gəldi. Cingiltili qız gülüşləri onu ayağa qalxmağa məcbur etdi. Əşrəf talaya yaxınlaşdığını başa düşdü. Budaqları aralayıb çəmənliyə baxdı.

195713 мин

Стихи других поэтов