Cahandar ağanın yuxusu qaçmışdı. Gecə yarıdan keçməsinə baxmayaraq yerin içində çevrilir, bundan sonra necə hərəkət etməli olacağını fikrində ölçüb-biçirdi. Onun savadı yox idi. Ərəb əlifbası ilə azacıq yazı-pozudan başqa heç nə bilmirdi. Məktəblərin, oxumağın axırının haraya gedib çıxacağını o qədər də dərk etmirdi. O, dədə-baba qaydası ilə dolanmış, atın belində gəzib ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi. O başa düşürdü ki, deyəsən bundan sonra divan-dərə ilə çox oturub-durmalı olacaqlar. Əvvəllər bu tərəfləri hökumət adamlarından ayda-ildə bir dəfə hərlənən olmazdı. Amma indi bir şey olan kimi atlı kazaklar tökülüb gəlir. Belə getsə onlar buraları su yoluna çevirəcək, kəndi ayaq altına qoyacaq və hər işə qarışacaqlar. Bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar. Pristav həftədə bir gəlib bizi yığacaq, qabağına qoyub uşaq kimi danlayacaq, biz də mal təkin gözümüzü döyə-döyə baxacağıq. Yox, bu, kişilikdən deyil.

Bəs nə etməli? Pristav demişkən, hökumətlə hökumətlik eləmək də baş tutan iş deyil. Deyəsən, zəmanə dəyişir. Deyəsən, divan-dərədən qaçanlar yox, onunla yaxın olanlar, ona arxalananlar qazanacaqlar. Bu dəfə birtəhər qurtardıq. Pristava söz verdik ki, bir də elə şeylər olmaz. Uşaqlar bilməyiblər, yoxsa kazaklara toxunmazdılar. O da boynumuza, minnət qoydu, "bu dəfə bağışlayıram", – dedi. Demək, bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun əyək. Görüm səni qara gələsən, ay zəmanə!..

Cahandar ağa yanı üstə çevrildi. Yorğanı yuxarı çəkdi. "Obaşdan köc yola düşəcək, bir az yatmaq lazımdır", – deyə düşündü. Yastığının ortasını çökəldib başının altına qoydu. Gözlərini yumdu. Ancaq yenə yata bilmədi. "Əhməd kimdir? Qəribin biri, Allah bilir, bəlkə heç əlinə tüfəng alıb bir güllə də atmayıb. Ancaq necə də diri-diri danışırdı. Heç nedən qorxmurdu. Deyəsən, Əşrəfin özü də dəyişib. Deyəsən, at çapıb, tüfəng oynatmağın vaxtı keçir, axı?!" Kişi dəhşətə gəldi. Yerinə qor dolmuş kimi bədəni alışdı. Beyni güyüldədi. Dərindən köksünü ötürdü. "Ay gidi dünya, gör axırın hara gəlib çıxdı!"

Cahandar ağa durub oturdu. Papiros eşdi. Yastığa dirsəklənərək acgözlüklə sümürməyə başladı.

O bu qarışıq fikirləri özündən qovlamaq üçün köç haqqında düşündü. Əşrəflə Salatının onunla gedəcəyini xatırladı. Oğlu Şamxalın da yaylağa köçəcəyini yadına salıb sevindi. Hamı dağa qalxacaqdı. Bəs... birdən-birə Şahnigar gəlib gözünün qabağında dayandı. Kişinin bədənini tər basdı. Papirosu tez-tez sümürüb kötüyünü atdı va yorğanı başına bürüdü. Orada xeyli çevrildi, yalnız səhərə yaxın gözünə çimir getdi. Bacısı yuxuda da ondan əl çəkmədi...

Şahnigar qapını açıb astanada dayandı. Boynunu büküb məlul-məlul qardaşının üzünə baxdı. "Qabağında ölüm, ay qardaş, nə yaman fikirlisən", – dedi. Sonra astaca, sanki kimisə oyadacağından qorxurmuş kimi, barmaqlarının ucunda içəri girdi. Gəlib taxtın aşağı tərəfində dayandı. Yazıq-yazıq dilləndi: "Dağa havaxt köçürsünüz, dərdin alım? Bə məni aranda qoyursunuz? Demirsənmi bacım aranda istidən bişər? Yoxsa elə bilirsən qara torpaq sərin olur?"

Cahandar ağa dillənə bilmədi. Daş kimi dayanıb bacısını üzünə baxdı. Birdən Şahnigarın gözlərində həyəcan göründü. Arvad diqqətlə qardaşını süzdü. Onun səsi titrədi. "Ömrüm, günüm, nə yaman sınıxmısan? Niyə belə qaşqabaqlısan? Allah mənciyəzi yerə soxsun, səni də dərdə saldım. Deyəsən, yuxusuz qalıbsan, rəngin-rufun qaçıb-gözün də yaman qızarıb. Bilirəm, Şamxal düz iş tutmadı. Amma acığına gəlməsin, ay qardaş səndə də bir az taqsır oldu. Adam da öz doğma balasını yad qızından ötəri ayağının altına salıb çığnayardımı? Arvad-uşağını evindən didərgin salardımı? Vallah, Zərnigarda günah yoxdur. Onun yerinə kim olsa, elə lap mən özüm də olsam, evə dava-dalaş salardım. Adamın üstünə günü gəlməyi sənə asanmı gəlir, ay qardaş? Axı sən onunla neçə ildir bir yastığa baş qoyurdun! Sən onun gözünün ilk ovu, qəlbinin ilk çiçəyi idin. İndi nə eləmək olar? Olan olub, keçən keçib. Ancaq özünü üzmə, ay qardaş. Allah sənə insaf versin, acığın tutub gözün qızışanda heç irəlini-gerini fikirləşmirsən? Yoxsa mənim sözlərimdən inciyirsən? İncimə, mən sənin heç ayağına da daş dəyməsini istəmirəm. Bacın ölsün, ay qardaş, üzüm ayaqlarıyın altına, özünü üzmə. Bilirəm məndən də yanıqlısan. Elə hey fikirləşirsən ki, görəsən Şahnigarın taqsırı varmı, müridlərdən əl-ayağı dəyən olubmu? Mənim namusumu ləkələməyiblər ki? O bircə canına and olsun ki, mən gül kimi tərtəmizəm, ay qardaş, heç elə şey olarmı? Heç sənin kimi bir kişinin bacısı da pis yola düşərmi? Özünü üzmə, dərdin alım, məndə heç nə yoxdur. Sən xasiyyətimi bilmirdinmi, elə uşaqlıqdan deyib-gülməyi sevmirdimmi? Başım batsın, bir az lateyr danışmağı, şit-şit zarafat etməyi tərgidə bilmirdim. Nə eləyim, Allah verən xasiyyət idi. Bir də görüm tanrının gözü tökülsün, pis-yaxşı bir kişiyə ərə getmişdim. Onu vaxtsız əlimdən almasaydı, bəlkə də bu işlər başıma gəlməzdi. Yoxsa sözlərimdən incidin, ay qardaş, niyə qaşqabağını turşaltdın? Mən sənin dərdini artırmağa gəlməmişəm. İstəyirəm hər şeyi bilib bir az yüngülləşəsən. Yoxsa peşmançılıq çəkirsən, mənim ölümümə dözmürsən'? Heç elə şeyi ağlına da gətirmə, ay qardaş, mənim səndən başqa kimim var? Heç səndən inciyərəmmi? Lap xəncərlə tikə-tikə doğrasan da uf deməzdim, o handa da güllə ola. Dərdin alım, elə şey nədir ki, ondan ötəri fikir eləyirsən, bir bacı bir qardaşa qurbandır. Mənim min canım olsaydı, təzədən sənə qurban deyərdim. Ürəyinə heç nə gəlməsin, ay qardaş, mən səndən zərrə qədər də inciməmişəm, ancaq gərək bir az səbr eləyəydin. Amma yaman insafsızsan. Qanqallar dizimə dolanda, mən ufuldayıb ağlayanda, atını saxlayıb bircə kərə halımı da soruşmadın".

Cahandar ağa dözmədi. Üzünü əlləri ilə qapayıb ağzı üstə döşəndi. Birdən saçında bir əlin gəzdiyini hiss etdi.

– Dərdin ürəyimə, niyə ağlayırsan?

Cahandar ağa dinmədi. Hıçqırığını boğmağa çalışdığından çiyinləri qalxıb-endi.

– Elə eləmə, yoxsa özümü öldürərəm. Di yaxşı, bəsdi, məni də ağlamaq tutur.

Cahandar ağa başını yuxarı qaldırdı. Qızarmış gözlərini bacısının, üzünə zillədi:

– Keç günahımdan, Şahnigar, məni halal elə.

Şahnigar duruxdu. Cahandar ağa onun buz kimi soyuq, şüşə kimi cansız, heç nə ifadə etməyən gözlərini gördü. Arvad elə bil birdən-birə dəyişdi. Onun baxışlarında anlaşılmaz bir ifadə yarandı və daş kimi donub qaldı. Cahandar ağa bunun qəzəbini, yalvarışnı, inciklikmi, məzəmmətmi, ya da süstləşdiyindən heç bir məna verməyən bir baxışmı olduğunu anlaya bilmədi. Əlini uzadıb bacısını qucaqlamaq istədi. Ancaq Şahnigar duman içində geri, qapıya doğru çəkildi və narazılıqla başını buladı:

– Yox, yox, dərdin alım, adam ölü ilə öpüşməz...

Kişinin nəfəsi darıxdı. Yorğanı üstündən nə vaxt atdığını, "Şahnigar, getmə, dayan, sənə sözüm var", – deyə nə vaxt qışqırdığını bilmədi. Gözünü açanda Mələyin təşvişlə ona baxdığını gördü.

– A kişi, sənə nə olub, özünə toxtaqlıq ver.

Cahandar ağa keyikmiş kimi ətrafına xeyli boylandı. Sonra qorxa-qorxa qapıya baxdı, ona elə gəldi ki, orada kimsə dayanıb nəfəs alır. Mələk çırağın fitilini azca qaldırdı. Otaq işıqlandı. Cahandar ağa bundan sonra bir az özünə gəlib toxtadı. Üzünü arvadına tutub acıqlandı.

– İşığı niyə çoxaltdın?

– Nə bilim, yaman sayıqlayırdın.

– Sarsaq-sarsaq danışma, yıxıl yat.

Mələk dinmədi. Cahandar ağa təzədən papiros eşdi, gözünü tavana zilləyib susdu.

Kəndin ucqarında xoruz banladı. Onun yoğun və kallaşmış səsi mürgüyə gedən Göytəpənin bütün xoruzlarını oyatdı. Həyətlərdə qanad şaqqıldadı.

Cahandar ağa pəncərənin taxtasını azacıq araladı. İşıqlaşırdı.

O, yorğanı üstündən atıb yavaşca durdu, asta-asta paltarını geyindi. Üzünə bir-iki ovuc su vurdu, həyətə çıxdı.

Arabaları qoşmuşdular. Atlar yəhərlənmişdi.

Cahandar ağa otaqları dolandı, talvarın altına baxdı, sonra samanlığın üstünə çıxıb Kür tərəfdən əsən səhər küləyi yorğunluğunu, yuxusuzluğunu bir az dağıtdı. Kişi Kürün qıjıltısına qulaq asdı...

Bütün kənd ayağa qalxmışdı. Qapı-bacalarda hərlənən qadınların səsi, uşaq ağlaşmasi bir-birinə qarışmışdı. Arabir kişilərin acıqlı səsi eşidilirdi.

Cahandar ağa özü atın belinə qalxdı. Tərpənmək vaxtı olduğunu bildirdi.

Sığırçılar malları haylayıb xır yoluna çıxartdılar. Camışlar, inəklər hürküdülmüş kimi ora-bura qaçışıb mələşdilər. İlxı yerindən tərpəndi. Kəndə hay düşdü.

Arabalar yola çıxandan sonra Cahandar ağa özü hər şeyi bir də yoxladı. Qapıların qıfılını, sönmüş ocaq yerini nəzərdən keçirdi. Üzünü onun yanında kölgə kimi dolaşan Tapdığa tutdu:

– Mən sənə ümidliyəm, buraları sənə tapşırıram.

– Arxayın ol, ağa.

Cahandar ağa atını arabaların dalınca çapdı. Bütün kənd təkər üstündə yolda dayanmışdı. Arabalar məhəllə-məhəllə qatarlaşmışdı. Arvadlar dəyələrin içində yer salıb uşaqlarını rahatlayırdılar. Arabalarını xır yoluna çıxardanlar təkərləri, boyunduruğu, samilan yoxlayırdılar, kəllərin, öküzlərin necə qoşulduğunu nəzərdən keçirirdilər. Dan yeri işıqlansa da, ay hələ batmamışdı. Arabaların kölgəsi uzanıb yolun alt tərəfinə sərilirdi.

Cahandar ağanın köçü dəstənin önündə idi. Onun arxasınca qohum-əqrəbaları düzülmüşdü.

Əşrəf lap qabaqkı arabanın boynunda oturmuşdu. Salatın da onun yanında idi. Hər ikisinin yuxusu qaçmışdı. Onlar danışmırdılar.

Salatın bərk yorulmuşdu. Köçməzdən iki gün əvvəl anası onu atasının yanına göndərmişdi. Salatın həm Şamxalgilin yerini dar eləməmək, həm də Əşrəfi tək qoymamaq üçün anasının sözündən çıxmamışdı. Cahandar ağa da onlara ayrıca araba qoşdurmuşdu. Salatın özü qolunu çirməyib farmaşları, un çuvallarını, yorğan-döşəyi arabalara dolduranlara kömək etmişdi. Hər şeyi sahmana saldıqdan sonra arabanın içini gəbə ilə döşəmiş, arxa tərəfi isə kilimlə örtmüşdü. Yolda rahat yatmaq üçün əldə yastıq və mütəkkə saxlamışdı. Arabanın içi geniş və yumşaq idi.

İşıqlaşırdı. Quşlar oyanıb oxuyur, otların arasından pırıltı ilə qalxıb yolun ortasına qonur, sonra qanad çalıb yenə uçurdular. Onları səhərin ala-toranında torpaqdan güclə seçmək olurdu. Hamı susmuşdu. Görünür, neçə gündən bəri köçə hazırlaşıb əldən düşmüş arvadlar arabanın içinə uzanan kimi yuxuya getmişdilər. Uşaqları da araba beşik kimi sitkələyib yatırtmışdı.

Üfüq şərq tərəfdə əvvəl maviyə çaldı, sonra süd kimi ağardı, nəhayət, çəhrayı rəngə boyandı. Bu solğun qızartı getdikcə gücləndi, şəffaflaşdı və səmanın böyük bir parçası başdan-başa alovlanan kimi oldu. Kür tərəfdən olduqca sərin, lakin adamın bədənini üşürgələndirən səhər küləyi gəlib keçdi. Bu külək elə bil günəş çıxmamışdan əvvəl gecənin son qalıqlarını qabağına qatıb uzaqlara qovdu.

Əşrəf gözünü üfüqə zillədi. Salatın onun böyrünə qısılıb, yenicə çıxan və hələlik ancaq qovsvari balaca bir hissəsi görünən günəşə baxdı:

– Ay qağa, elə bil yer, göy alışıb-yanır, nə gözəldir!

Əşrəf dinmədi. Salatın əllərini onun çiyninə qoydu, sonra da başını söykədi. Bir xeyli beləcə dayanıb üfüqə baxdılar.

Axırıncı arabalar kənddən aralanıb xır yoluna çıxdı. Çubuqlar, qamçılar havada şaqqıldadı. Kəllər güc verib ağır arabaları yerindən tərpətdi. Təkərlər xır yolunun xırdaca daşlarını əzib qıcırdadı. Cərgə seyrəlib daha da uzandı. Köç kənddən aralandı. Dağa köçə bilməyib aranda qalanların itləri xır yolu ilə uzaqlaşıb gözdən itən arabaların dalınca acı-acı ulaşdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

7

Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına divardakı şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış qəzetlərə, kilabçalara baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş və bir-iki dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qəzetləri çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir-birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu idarədəki qəzet və kitabları nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. Özünü saxlaya bilməyib soruşdu:– A Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü açandan səni belə görmüşəm.

195413 мин
8

İmranı pis qarşılamadilar. Doqqazda görünən kimi Şahnaz eyvandan düşüb kəlağayısının ucları yellənə-yellənə onun qabağına gəldi. Gülə-gülə salamlaşdı və kənara çəkilib İmrana yol verdi.– İt bağlıdır, qorxma...

195416 мин
9

Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.

19546 мин
10

Eyvanın dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçıq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"

19548 мин

Стихи других поэтов