Üçüncü hissə, 10
Страница 1 из 3
Göytəpəlilər iki gündən sonra Çayqovuşan adlı səfalı bir yerdə düşərgə saldılar. Arabaları yoldan kənara çəkib köpüklü dağ çayının sahilindəki çəmənlikdə açdılar. İstidən təntimiş kəllər boyunduruğun altından çıxan kimi Özlərini suya verdilər. Fısıldaşa-fısıldaşa ləzzətlə çimdilər. Yol boyu arabaların sitkələyib yorduğu uşaqlar sevinə-sevinə qaçışmağa, yumru qara çay daşları ilə camışları yalamalamağa başladılar. Arvadlar arabaların kölgəsində palaz saldılar, yastıq, mütəkkə çıxartdılar. Kişilər balta götürüb yolun o üzündəki meşəyə, odun qırmağa getdilər. Molla Sadıqgil arabaları köçün o başında. Cahandar ağagil isə aşağı tərəfdə iri bir palıd ağacının altında açdılar. Ocaqlar qalandı, samovarlar çıxarıldı, kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Bəzi arabaların yanında qazan danqıldadı, yağda qızardılmış soğan iyi ətrafa yayıldı.
Əşrəf pencəyini çiyninə salıb yola doğru getdi. Cahandar ağa kölgədə mütəkkəyə dirsəklənib fikirli-fikirli oturmuşdu. Ağız-ağıza qovuşan dağların arası ilə axıb gələn çaya tamaşa edirdi. Ayaq səsi eşitdikdə dönüb oğluna baxdı:
– Hara gedirsən, a bala?
– Bulağa tərəf.
– Çox ləngimə.
Əşrəf dikdirə çıxdı. Asta addımlarla, cığırla, dərənin o başındakı bulağa doğru yollandı. Bulağın axarına yenicə çatmışdı ki, kiminsə tövşüyə-tövşüyə arxasınca gəldiyini hiss edib geri döndü. Salatın təngnəfəs halda özünü ona yetirdi:
– Mən də gedirəm.
Əşrəf çiyni səhəngli qıza baxdı. Onun əynində boz kofta vardı. Halbuki həmişə dağ yolunda qırmızı atlazdan don geyinərdi, ağ kəlağayı örtərdi. İndi isə sandıqda qat kəsmiş qara kəlağayını boynuna dolamışdı. O, bibisinin yasını saxlayırdı. Əşrəf bunu başa düşdü və heç nə demədi. Onlar yanaşı addımladılar.
Bulağın suyu göy otların arası ilə şırıldaya-şırıldaya axırdı. Yarpızların ətrindən nəfəs almaq olmurdu. Əşrəf hərdən ayaq saxlayıb onlara baxır, dərindən nəfəs alıb bu təmiz ətir qoxuyan havanı udurdu. Hardansa uçub gəlmiş bal arıları gah yarpızlara qonur, bir müddət dayanıb nə isə axtarır, sonra da vızıltı ilə havaya qalxıb bənövşə rəngli güllərin başına dolanırdı. Təbiətin bu sakit ahəngi elə bil zümzümə edir və adama layla çalırdı.
Əşrəf ayağının islanmasına fikir vermədi. Aşağı əyilib kökü suda olan yarpızları dərdi. Salatın ondan geri qalmadı.
– Ürəyin dovğa istəyirmi, ay qağa?
– Lap burnumun ucu göynəyir.
– Dağa çatan kimi özüm sənə ləzzətli bir ayran dovğası bişirəcəm.
Yarpızını da çox eləyəcəm. Oxuduğun yerdə sizə dovğa bişirirlərmi?
– Yox. Xəngəl necə?
– Yox.
– Bəs plov?
– Həftədə bir dəfə.
– Elə bu?
– Bu azdır?
– Azdı, bə nə? Heç fikir eləmə. Bu yay sənə özüm qulluq eləyəcəyəm. Gərək səni o qədər kökəldəm ki, lap motala dönəsən.
– Sonra partlayaram.
– Bıy, İraq canına, elə demə, ay qağa. – Salatın sözünə ara verdi. Bir xeyli tərəddüd içində dayandı. Sonra astadan qardaşına müraciət etdi:
– Ay qağa?
– Nədi?
– Bir söz soruşsam inciməzsən ki?
– De görüm.
– Orada paltarlarımzı özünüz yuyursunuz?
– Niyə özümüz yuyuruq? Məktəbdə paltaryuyanlar var.
– Demək, hər şeyinizi hazır verirlər?
– Hamısını.
– Sandıqda saxladığın paltarları da məktəbdən veriblər?
– Hə.
– Ay qağa, onu bə niyə geyinmirsən? Xəlvətcə sandığı açıb baxmışam. Elə yaxşıdır ki, düymələri par-par parıldayır. Kəmərin üstündə yazı da var. Mən səni heç o paltarda görməmişəm.
– Kişi qoymur.
Əşrəf qabağa düşmüşdü. Salatın qardaşının dalınca irəliləyirdi. O, gözünü Əşrəfin kürəyinə zilləmişdi. Bir anlığa onu seminariya paltarında təsəvvüründə canlandırmağa çalışırdı. Qardaşı “kişi qoymur” -dedikdə xeyli təəccüb etdi. Niyə qoymur, pis paltar deyil ki? – deyə xəyalından keçirdi. Ancaq aşkarda bir şey deyə bilmədi, başa düşdü ki, doğrudan da qardaşı kənddə məktəb libasını geyinməyəcəkdir. Ancaq o, Əşrəfi kimin paltarda görmək, ona necə yaraşdığını bilmək arzusu ilə alışıb-yanırdı. Elə bu məqsədlə də xeyli susduqdan sonra təzədən dilləndi:
– Ay qağa, bilirsən nə eləyək? Dağa çatan kimi həmin paltarlarını geyin, mən baxım. Gözləriyin ağrısını alım, yaxşımı?
– Yaxşı, daha bundan ötəri niyə yalvarırsan?
– Ay qağa, bir söz də soruşmaq istəyirəm.
Əşrəf geri döndü. Sevincdən və dağların sərin, təmiz havasından yanaqları qızaran bacısına, onun fərəhdən alovlanıb-yanan gözlərinə baxdı:
– De görüm, nə soruşmaq istəyirsən, ay şeytan?
– Siznən qız da oxuyurmu?
– Yox, qızların ayrıca məktəbi var. – Əşrəf bacısının qolundan tutdu. Özü kənara çıxıb onu cığıra saldı. Yanaşı getməyə başladılar. Bir xeyli heç biri dinmədi. Salatın susub onun nə deyəcəyini gözlədi. Əşrəf isə ürəyindəkiləri ona necə izah etməyi fikirləşdi. O, Qori müəllimlər seminariyasından, direktor Semyonovun, Çerayayevskinin, Kipianinin verdiyi dərslərdən, onların könüllü olaraq qızlar üçün gimnaziya açdıqlarından, orada pulsuz dərs demələrindən bacısına nağıl etmək istədi. Hərdənbir hər iki məktəb tələbələrinin birlikdə müsamirələr təşkil etmələrindən, qızların oğlanlarla bərabər səhnəyə çıxıb şer oxumasından, kiçik səhnəciklər göstərdiklərindən bacısına danışmaq istədi. Ancaq bunların Salatına çox qəribə təsir bağışlayacağını düşünüb, bu söhbəti başqa vaxta saxlamağı qərara aldı. – Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar.
– Ay qağa, heç elə şey olar?
– Niyə olmur?
Salatın dinmədi. Əşrəf sezdirmədən bacısının haraya isə zillənmiş fikirli gözlərinə baxdı. Bu gözlərdə əfsanəvi nağıllarda söylənən sehrli, eyni zamanda olduqca cazibədar bir aləmə qovuşmaq həsrəti ilə qovrulub-yanan, lakin bu mümkün olmadığını dərk edib məyuslaşan bir adamın keçdiyi halı müşahidə etdi. Qız xəyalən çox uzaqlara getmişdi. O özü də hiss etmədən yuxulu uşaq kimi gah gülümsünür, gah da qaşlarını çatıb ciddiləşirdi. Əşrəf onu şirin xəyallardan ayırmaq istəmədi. Salatın birdən köksünü ötürdü: – Görəsən, mən də oxuya bilərəmmi?
– Niyə bilmirsən?
Qız bu sözləri ürəyində söylədiyini zənn edirdi. Ancaq Əşrəfin səsini eşidəndə diksindi va başa düşdü ki, qardaşı onun dediklərini eşitmişdir. O dayanıb Əşrəfin üzünə baxdı:
– Bacararammı?
– Niyə bacarmırsan?
– Sənin, bir də özümün adını yaza bilsəydim, dünyada heç dərdim olmazdı.
– Burda nə var, ay dəli, yaylağa çatan kimi sənə bütün hərfləri öyrədəcəyəm. Arana köçənə qədər təkcə bizim adımızı yox, ürəyindən keçənlərin hamısını yazmağı bacaracaqsan. Amma bir şərtim var. Gərək əvəzində hər gün mənə ləzzətli xörək bişirəsən.
– Belə mənim gözüm üstə.
Bacı-qardaş qol-qola verib bulağa yaxınlaşdılar. Elə bu vaxt qarşıdakı döngədən, meşə tərəfdən iki qız çıxdı. Əşrəf onun birini dərhal tanıdı. Deyəsən, qız da onu gördü. Tez kəlağayısını irəli çəkdi. Bası aşağı saldı. Sakitcə onların yanından ötmək istədi. Ancaq Əşrəf:
– Pakizə, – deyə onu çağırdı.
Qız ayaq saxladı. Əşrəfin sonra nə deyəcəyini gözlədi. Salatının isə təəccübdən qaşları çatıldı.
– Bir dolça su ver.
Pakizə qıpqırmızı oldu. Gözünü qaldırıb Əşrəfə, sonra da Salatına baxdı. Onlardan bir az aralı dayanıb gözləyən qız qaş-göz oynatdı. Him-cimlə başa salmağa çalışdı ki, dayanma, ancaq Pakizə yerindən tərpənmədi. Salatının hirsindən dişləri kilidləndi.
– A qağa, xalqı yolundan saxlama, onsuz da bulağa çatmışıq.
– Yox, mən Pakizənin səhəngindəki sudan içmək istəyirəm.
Pakizənin dodağı azca qaçdı. Dişləri parıldadı. Kəlağayısı sürüşdü.
Onun ağ boynu, qulağındakı qızıl sırğası göründü, sinəsinin üstünə qədər sallanan iki qatar mərcan Əşrəfin diqqətini cəlb etdi. Qızın nəzərə güclə çarpacaq qədər zərif olan buxağı sifətini daha da gözəlləşdirirdi.
– Dolça hanı?
Əşrəf onun səsinin titrədiyini duydu. Salatının əlindən dolçanı aldı. Pakizə qolunu çiynindəki səhəngin qulpuna keçirmişdi. O azacıq aşağı əyildi, tıxacı çıxartdı. Xırda, qırmızı alçalar taqqıltı ilə bir-bir dolçaya töküldü, bir xeyli də ətrafa səpələndi. Pakizə qonur gözlərini süzüb Əşrəfin üzünə baxdı. Dodaqları astadan tərpəndi. Az qala pıçıltı ilə dilləndi:
– Bəsdirmi?
– Bəsdi, bəsdi, sonra özünə qalmaz.
– Səhəng doludur.
Salatın Pakizənin hərəkətlərinə heyrətlə baxsa da, səhəngdən su yerinə alça töküləndə təəccüblə dilləndi:
– A – az, ətin tökülməsin, bu nədir?
– Bulağın üstündən o yanda bir ağac var, üstü doludur, istəyirsiniz siz də gedin, dərin.
Pakizə camaat bilməsin deyin, qəsdən səhəngə su əvəzinə alça doldurduqlarını və gizlicə aradan çıxmaq istədiklərini izah etmədi. Sakitcə səhəngin ağzını tıxadı. Gülə-gülə Salatının üzünə baxdı. Geri dönub cığıra düşməzdən əvvəl, ani sezilməyəcək dərəcədə sürətli bir çevikliklə gözünün ucu ilə Əşrəfi süzdü. Əşrəfə elə gəldi ki, qız ayaq saxlayıb daha nə isə demək istəyir. Özü də hiss etmədən cəsarətləndi; " Məndən inciməyibsən ki?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.
EpiloqDünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə- yurdlarına qaytardı. Onlara kömək etdilər.Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.
Birinci hissə, 1Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.
Birinci hissə, 2Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.