Страница 3 из 3 · 67%

– Pakizədən xoşun gəlir?

– Sənin xoşun gəlir?

– Nə bilim, sir-sifəti pis deyil.

– Qəşəngdir.

Salatın susdu. Birdən ağlına qəribə bir fikir gəldi. Qız vahimələndi. "Deyəsən gədəyə cadu eləyiblər. Bəlkə elə o alçalara cadu yazılmışdır? Günü qara qəsdən yolumuzun üstünə çıxdı'? Su yerinə Əşrəfə alça verdi? Allah, amandır, köpək uşağı qağamı dərdə salmasalar yaxşıdı".

Salatın qalxıb oturdu. Həyəcanından tövşüyə-tövşüyə, təlaşla dilləndi:

– Ay qağa, alçadan yedinmi?

– Lap ləzzətnən. Bəs sən yemədin?

– Yox.

– Nədi, ay dəli, niyə tövşüyürsən?

– Caduya inanırsan?

Əşrəf üstündəki yorğanı atıb oturdu. Arabanın qabaq tərəfindən ayın işığı içəri düşmüşdü. İndi o, bacısının üzünü bir balaca görürdü. Salatın qorxudan əsir, diqqətlə qardaşının üzünə baxırdı:

– Cadu nədir?

– Nə bilim, ay qağa, deyirlər Molla Sadıq cadugərdir. Arpanı dirəyə dırmaşdırır.

– Deyək ki, bunlar doğrudur, nə olsun?

– Nə bilim, ay qağa, dilim-ağzım qurusun, ağlıma gəlir ki, birdən sənə cadu eləyərlər, səni yolundan azdırarlar. Ondan sonra günümüz qara olar. Özün bilirsən ki, atamın onları görməyə gözü yoxdur. Heç belə işə razı olarmı?

– Niyə olmur, ay Salatın?

– Nə bilim, ay qağa, qorxuram. Sən Allah, onlardan uzaq ol. Alçadan da yeyibsən, heç ürəyim rahatlanmır.

– Yəni deyirsən, alçalar cadulu olar, hə?

– Gülmə.

– Durub qalanını da yeyəcəm.

– Məni ələ salma, qağamın canı üçün, sənciyəzi cadulayıblar.

– Ovsunlanmışam, bacı, Kərəm kimi yanıram, qoyma.

– Əşrəf, məni qorxutma.

Əşrəf gülə-gülə bacısını qucaqladı. Yastığın üstünə yıxıb yorğana bürüdü. Özü də onun böyrünə uzandı. Səsini ciddiləşdirdi:

– Yaxşı, elə sözlər danışma. Ağılsız ha deyiləm, hər şeyi bilirəm.

Özüm səni cinləndirirdim. Gecə keçir. Yatmaq lazımdır.

– Düz deyirsən, gəl yataq.

Onlar bir-birinin qoynuna qısıldılar. Azacıq sonra dəyənin içini məsum bir mışıltı doldurdu.


Səhərə yaxın dalbadal iki güllə açıldı. Ağaclar əks-səda verib şaqqıldadı. Bütün dərə uguldadı. Ocaqların kənarında mürgüləyənlər dik atıldılar. Düşərgə silkələnib yuxudan oyandı, qarmaqarışıq halda hərə bir tərəfə qaçdı. Hələ nə olduğunu başa düşə bilməyən arvadlar uşaqlarını tez qucaqlarına aldılar. Kişilər dərhal öz mallarını yoxladılar. Qonşular bir-birilərini səsləyib nə olduğunu soruşdular. İtlər yolun o üzündə meşənin dərinliyinə cumdular.

Cahandar ağanın oyanması ilə paltarını geyinməsi bir oldu. Çaxmağını hərləyib gülləni lüləyə verdi. Ancaq arabadan çıxmadı. Tüfəngli, çomaqlı yola doğru qaçanların qayıtmasını gözlədi. Əşrəf də hövlnak yuxudan oyandı və tüfəngini götürüb meşəyə getmək istədi. Ancaq atası onu saxladı. Bir az da keçdı. Üfüq qızardı. Bulağın alt tərəfindəki çəmənlikdən, çayın lap yaxınlığından qumrov səsi gəldi. Sonra da inilti eşidildi. Nökərlər yaralı maralı palıd ağacının dibinə gətirdilər. Əşrəf dözmədi. Sıçrayıb arabadan çıxdı.

Maralın sinəsindən qan axırdı. Heyvan qalxmaq istəsə də bacarmır, çapalayıb buynuzunu yerə döyür, taqətdən düşəndə isə ayaqlarını uzadıb vazıq-yazıq ətrafına boylanırdı. Hamı susurdu. Neçə ildən bəri eldə bəsləyib böyütdükləri maralın bu cür, gözlənilmədən hansı bir mərdimazarınsa gülləsinə qurban olması onları kədərləndirirdi.

Cahandar ağa gələndə nökərlər geri çəkildilər. Maral sahibini görən kimi son qüvvəsini toplayıb durmaq istədi. Gücsüzlüyünü hiss edib inildədi. Onun gözləri yaşaran kimi oldu. Bu gözlərdə sanki imdad istəyən bir canlının yalvarışı vardı. Cahandar ağa bulud kimi tutuldu. Başa düşdü ki, kimsə yenə ətrafında dolanır. Bu təsadüfün nəticəsi deyil. Bu düşmənçilik idi.

Arabasını köçün lap kənarında, atasından xeyli uzaqda açmış olan Şamxal da yuxudan səksəkəli oyanmışdı. Hətta atasını gec görəndə təşvişə də düşmüşdü. İndi də nəzərə çarpmadan kənarda, ağacların dalında dayanmışdı.

Onun dodaqları təpimişdi. Bığının ucunu ağzına alıb çeynəyirdi. Barmaqları əsirdi: "Bu nə idi? Kişiyə sataşan kim idi? Yoxsa onu tək görüb üstünə ayaq alırdılar? Camaat arasında hörmətdən salmaq istəyirdilər?" Şamxalın birdən-birə ürəyi kövrəldi. Az qaldı ağlasın. O ən çox hirslənəndə, lakin nə edəcəyini bilməyib acizləşəndə ağlamaq istəyirdi. İndi də belə oldu.

Maralı kimin vurduğunu müəyyən etmək çətin idi. Əgər o bir adamdan azca şübhələnsə, bu işdə əli olduğunu bilsə, dinməz-söyləməz tüfəngi üzünə qaldırıb tətiyi çəkməyə hazır idi. Şamxal işinin yalnız maralla qurtarıb gedəcəyinə arxayın deyildi. O bu saat kiminsə ağacların dalından, ya da qayaların birinin dibindən köçə atəş açacağından, bəlkə də daha böyük bir bədbəxtliyin üz verəcəyindən qorxurdu. Ona görə də kənardaca gizlənib ətrafı güdürdü. Atası ilə küsülü olsa da, onu gözündən qoymurdu. Gizlicə onun keşiyini çəkirdi. Zərnigar xanımsa arabanın içində üz-gözünü cırır, bu işin nə ilə qurtaracağını gözləyirdi.

Əhvalatın nə yerdə olduğunu bilənlər yavaş-yavaş ağacın dibinə toplandılar. Can verən marala baxıb heyfsiləndilər.

Nökərlərdən biri marala baxıb köksünü ötürdü:

– Ağa, necə olubsa gözümüzdən qaçıb suyun qırağındakı çəmənliyə gedib. Hansı köpək oğlusa elə bilib çöl maralıdır. Yoxsa əl heyvanına güllə atmazdılar.

Bayaqdan qovrula-qovrula qalıb, nə edəcəyini, camaata nə deyəcəyini müəyyənləşdirə bilməyən Cahandar ağa bu sözdən yapışmağı qərara aldı. O beləliklə hələlik izi itirmək, həqiqəti bilənə qədər susmaq istəyirdi.

Meşəyə doğru gedənlər də, kimi isə lap uzaqlara qədər qovanlar da qayıtdılar. Cahandar ağa zəhmli baxışlarını nökərlərin üzünə zillədi:

– Nə oldu, bir şey gözünüzə dəymədi?

– Yox, ağa, itlərin dalınca lap o yanlara getdik. Heç kəs yox idi. Görünür, duyuq düşüb vaxtında aradan çıxıblar.

Cahandar ağa özünü sındırmamaq üçün maralın üzünə baxmadı. Qorxdu ki, heyvanın halı onu kövrəldər. Qutusunu çıxardıb papiros eşdi.

– Sizə tapşırmamışdımmı səhərə qədər oyaq olun, yol-izdir gəlib-gedən olur?

– Vallah yatmamışdıq, həm də işıqlaşırdı.

– Kəs səsini, axmaq, sizin kimi maymaqlar olan yerdə adamın maralına da güllə atarlar, itinə də daş. Daha bəsdi, gözünüzü döyməyin.

Tez olun, arabaları qoşun.

Yarımca saat keçməmiş köç yola düşdü. Əvvəlcə malları hayladılar, sonar isə arabalar qatarlaşdı. Cahandar ağa həmişəki kimi atını çapıb qabağa düşmədi. Fikirli-fikirli arabaların yanı ilə getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

X fəsil, 3

Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.

19954 мин
Epiloq

Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə- yurdlarına qaytardı. Onlara kömək etdilər.Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.

19956 мин
Birinci hissə, 1

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.

195714 мин
Birinci hissə, 2

Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.

19576 мин

Стихи других поэтов