Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.

– Kimi istəyirsən, bala?

– Səni, Kabı dayı.

– Məni hardan tanıyırsan, oğul?

– Mən də Kəsəməndənəm, eloğluyuq. Sənə deyiləsi sözüm var.

– Sözünü burdakılara deyə bilməzdinmi?

Qapının yanında dayanmış milisioner söhbətə qarışdı:

– Çox inad uşaqdır. Səhərdən deyirik ki, Kabı dayın gec gələcək, nə sözün varsa, bizə de. Demir ki, demir.

Kəsəmənli gülümsündü və qapını açıb uşağı içəri buraxdı. Uşaq gözü qamaşmış kimi bir xeyli ətrafa boylandı, hara düşdüyünü anlaya bilmədi. Kabı kişi stul çəkib uşağı oturtdu və özü də onunla üzbəüz əyləşdi.

– Bir papiros çəksəm, inciməzsən ki?

– Mən nə karəyəm ki, Kabı dayı.

Kişi bu uşağın ədəb-ərkanına yenidən gülümsündü və papiros qabından papiros çıxardıb yandırdı. O bununla hirsini bir az da soyutmaq, qəza firqə özəyindəki söhbətdən uzaqlaşmaq istəyirdi. Fətullayevin səsi hələ də qulaqlarında idi: "Müzür ünsürləri qırmaq lazımdır". Kabı kişi papirosu sümürüb ciyərlərini tüstü ilə doldurdu, sonra da əlindəki kötüyü hirslə külqabına basıb söndürdü. Sifətinə ilıq və mülayim bir ifadə verdi.

– De görüm, bala, mənə nə sözün var?

Uşaq stulunu azca irəli çəkdi və yazı masasına doğru əyildi.

– Bizim kəndin şura sədrini, Qəzənfər kişini tanıyırdınızmı?

Kəsəmənli dik atıldı, qaşları çatıldı, kirpiklərini bir-iki dəfə çaxıb qan sağılmış gözlərini uşağın üzünə zillədi.

– Nə olub ki?

– Onu mən öldürmüşəm.

– Kim?!

– Mən!

– Sən nə danışırsan, bala, onu iki aydır öldürüblər. Öldürənlər də qalada yatır.

– Yox. Kabı dayı, o tutulanların heç bir günahı yoxdur. Onu mən öldürmüşəm.

Uşaq ayağa durdu. Şalvarının belini qurdaladı və oradan bir naqan çıxardıb masanın üstünə qoydu.

– Bax bunnan. Düz qaşının ortasından vurdum. Bu da Qəzənfərin qanli papağı, tapançası da üstündə.

– Axı, nə üstə?

Uşağın qaşqabağı töküldü. Birdən-birə sifətini elə bil qara bulud bürüdü. Deyəcəyi sözə çətinlik çəkirmiş kimi bir-iki dəfə udqundu, sonra təmkinini pozmadan qətiyyətlə dilləndi:

– Bacıma sataşmışdı. – Uşaq elə bil birdən-birə büzüşdü. Az qaldı iri yazı masasının altına girsin. Elə bil neçə aydan bəri ürəyində sir kimi saxladığı məsələni açdığına görə, tarıma çəkilmiş əsəbləri boşaldı.

İndi o yüngülləşmişdi və tutduğu işo görə cəzasını çəkməyə hazır idi.

Kabı kişi ayağa durub otaqda gəzindi, papirosu papirosun oduna yandırıb içərini tüstü-dumanla doldurdu. O, öldürülmüş şura sədrini yaxşı tanıyırdı; anasının əmcəyini kəsənin biri idi. Halal-haram qanmaz, abır-həya bilməzdi. Əli də əyri idi. Kənd camaatını zinhara gətirmişdi. Onun oturub-durduğu adamlar da çekanın nümayəndəsi demişkən, müzür ünsürlər idilər. Əslinə baxsan, Kəsəmənli onlardan can qurtarmaq üçün bir yol axtarırdı. Onun ölüm xəbərini eşidəndə bir az yüngülləşən kimi oldu və şahidlərin dediyinə inanaraq dostlarından iki nəfərini də tutub cəza verdilər. Amma indi işin gözlənilmədən bu cür açılması onu həm sevindirmiş, həm də sarsıtmışdı. Kabı kişi qəti addımlarla uşağa yaxınlaşdı, onun qoltuğundan həp götürüb insanın üstünə qoydu.

– Bu sirri bir kəsə deməmisən ki?

– Heç bacım da bilmir, anam da. Kişinin sirri özündə olar. Amma, Kabı dayı, bu məsələni sizə açmaya bilməzdim.

Kabı kişi uşağı qucaqlayıb sinəsinə sıxdı.

– Vallah kişi qırığısan, kişi. Ananın südü sənə halal olsun. Amma, ay oğul, indidən qan tökməyə vərdiş eləmə. Axırda bir gün su çanağı suda sınacaq. - Kabı kişi birdən ciddiləşdi. - Oxumaq bilirsənmi?

– Yox.

– İstəyirsənmi?

– İstəyirəm.

Kabı kişi onu yüngülcə götürüb yerə qoydu, yazı masasının arxasına keçib telefonun quyruğunu fırladı.

– Ay qız, yetimxananı ver. Allo, Məmmədov, sənsən? Sənin məktəbinə bir uşaq göndərirəm. Onu qəbul edərsən, təzə pal-paltar verərsən, yataqxanada yer düzəldərsən. Gözün həmişə üstündə olsun.

Özüm də tez-tez baş çəkəcəm.

Kabı kişi ayağa durdu. Uşaq da qalxdı. Onun çiynindəki heybəni Kəsəmənli yenicə görürmüş kimi qımışdı.

– Bu nədir?

– Çörəkdi, Kabı dayı, götürmüşdüm ki, qalada yeyərəm.

– Özgə nəyin var?

– Pendirim, bir də soğan doğranmış şorum var.

– Çıxart qoy ortalığa.

Uşaq təəccüblə Kabı kişinin üzünə baxdı. Kabı kişi gülümsündü.

– Yəqin acıbsan, mən də acmışam. Bir yerdə iştahnan çörək yeyərik.

Uşaq dərhal heybədə nə varsa, çıxarıb yazı masasının üstünə düzdü. Kəsəmənli zınqırovu cingildətdi. Qapı azacıq aralandı. Keşikçi milisioner göründü.

– Bizə iki stəkan salma çay gətir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 9

Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.

195713 мин
Üçüncü hissə, 1

Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?

195710 мин
Üçüncü hissə, 2

Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.

195710 мин
Üçüncü hissə, 3

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

195714 мин

Стихи других поэтов